Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Son 6 ayda Ukraynanın müxtəlif şəhərləri bombardıman edilib, bəziləri ümumiyyətlə yer üzündən silinib.
Beynəlxalq Cinayət Məhkəməsi hesab edir ki, Rusiya ordusu Ukraynanın müxtəlif şəhərlərində, xüsusən Buçada kütləvi qətliamlar törədib, müharibə cinayətlərinə yol verib.
Tarixçi və pravoslav keşişi Yakov Krotov "Azadlıq" radiosunda Rusiyanın Ukraynadakı "Seleksiya cinayətləri"ndən bəhs edən yazı ilə çıxış edib.
“Toplum TV” məqaləni dilimizə çevirərək təqdim edir:
Məhv etmək cinayəti var, seleksiya cinayəti var. Seleksiyanın ən sadə (amma bəsit yox) nümunəsi: Auşvits düşərgəsinə yeni gələn qurbanların müharibə üçün işləməyə qadir olanlara və dərhal qazla boğulmalı olanlara, yandırılmalarının dövlət iqtisadiyyatına zərəri olmayanlara ayrılmasıdır.
Bunu “sortlaşdırma”, “bölgü” adlandırmaq olardı, amma almanlar məhz seleksiya deyiblər, qoy “seleksiya” qalsın. Məhv etmək cinayəti səthidir. İnsanın bədəni ilə birlikdə canı, ruhu da yox olur: hər halda ruhun ölməzliyinə və dirilməsinə inanmayan kənar müşahidəçinin nöqteyi-nəzərindən...
Seleksiya fiziki cinayət deyil. Səthi deyil, dərindir. İlk növbədə şüurlu, ideoloji, planlaşdırılmış seleksiya cinayətdir. Belə seleksiya hər bir müharibədə baş verir, Rusiyanın Ukraynaya indiki müdaxiləsi zamanı da baş verir.
Kreml seleksiya cinayətini Çeçenistanda artıq törətmişdi və törətməkdə davam edir: müstəqillikdən imtina etməyə razı olmayan çeçeni öldürmək və Rusiyanın oyuncağı olmağa razı çeçeni mükafatlandırmaq.
Əlbəttə, “mükafatlandırmaq” spektrin bir, “öldürmək” digər ucudur, ortada müxtəlif şeylər var, müxtəlif ölçüdə qamçılar və müxtəlif qoxulu "kökə"lər.
İndi seleksiya cinayəti Ukraynada törədilir. O, müdaxilədən xeyli əvvəl, Ukraynanın azadlıq əldə etməsindən dərhal sonra başlayıb (maraqlı müşahidə: Ukraynanın düşmənləri heç vaxt deməyəcəklər ki, ukraynalılar müstəqillik uğrunda vuruşurlar, onlar kinayə ilə “nezalejnost” deyəcəklər, eyham edəcəklər ki, ukraynalılar üçün azadlıq prinsipcə mümkün deyil, eyni zamanda “lazımsız mal” (zalejalıy tovar) ifadəsinə allüziya ilə Ukraynanı alçaldırlar.
İşğalçılar üçün bütün məzlumlar lazımsız maldır, heç kəs almaq istəmir, biz isə ürəyimizin yumşaqlığından birtəhər istifadə edirik, qoy sevinsinlər ki, kiməsə lazımdırlar. Əvvəlcə öz ölkələrinin növbəti işğalını hazırlayan ukraynalıları seleksiya etdilər. Onları mükafatlandırırdılar, amma imtina edənləri öldürmürdülər, çünki hələ natamam seleksiya idi, qaralama.
https://toplum.tv/dunya/rusiyaya-muharibe-ne-ucun-lazimdir
Müharibə seleksiyanı qanlı edib: sən ya ölüsən, ya da bizimki. Bu, hələ Vladimir Ulyanov tərəfindən yaxşı köklənmiş mexanizmdir. İndiki Rusiya rəhbəri ukraynalıların nazı ilə oynadığına görə Lenini qınayır, amma rəhbər həmişəki kimi artistlik edir. O, çox gözəl bilir ki, məhz totalitarizmin banisi Ukraynanı yenidən fəth edərək çarların və imperatorların hünərini təkrarlayıb. Həmin fəth kağız üzərində necə sənədləşdirilb, azacıq əhəmiyyəti yoxdur, totalitarizmdə istənilən sözlərin əhəmiyyəti olmadığı kimi.
Müharibə növbəti dəfə Rusiyanın özündə seleksiyanı gücləndirdi. Bu seleksiya 1917-ci ilin 25 oktyabrından üzübəri bir gün də olsun dayanmayıb. Qamçı və kökə, kökə və qamçı.
Doğum evindən və uşaq bağçasından dəfn xidməti idarəsinə və krematoriyaya qədər seleksiya gedir: birinə güzəştlər və imtiyazlar, digərinə isə barmaq silkələmə, dirsəklə vurmaq və boğazından yapışmaq. Yüksəltməmək, icazə verməmək, işdən çıxarmaq, cərimələmək, tutmaq və qətl də daxil olmaqla sonrası...
Seleksiya dayanmır, çünki insan Hans Kristian Andersenin pritçasında kimi noxud deyil. Tez-tez deyirlər ki, çar despotizmi və sovet totalitarizmi seleksiya aparıblar, köləlik qanında olan “yeni insan növü yetişdiriblər”.
Bu, doğru deyil, bu, lısenkoçuluqdur, bu, seleksiya ilə məşğul olan, diskret vərəsəliyi qanununu kəşf edən, amma bir xaçpərəst kimi insan ruhunun azadlığına inanan Qreqor Mendelin xatirəsinə həqarətdir.
İnsanın hər hansı günahları (“ilkin günah”) miras almasından asılı olmayaraq, o, müqəddəsliyə qadir insan olaraq qalır. Buna görə də hər Yəhudaya yeni otuz gümüş ödəmək lazım gəlir. Başağrısıdır, böyük xərcdir (axı söhbət yüzmilyonlarla adamdan gedir), amma totalitarizmin yorucu gündəlik seleksiyadan başqa yolu yoxdur.
Totalitarizm də bu yolla gedir. Abstrakt “totalitarizm” yox, bağçada uşaqlara mərhəmət və həqiqət bilmədən hakimiyyətin düşmənlərinə nifrət etməyi, hakimiyyətə etimadla yanaşmağı, hakimiyyətə kömək göstərməyi öyrədən tərbiyəçilərə qədər əlaltılarının nəhəng piramidasının başında duran konkret vladimirlər, leonidlər, borislər, mixaillər.
İnsanda insani və heyvanini ayırmağa, məhz heyvanini, yırtıcılığı mükafatlandıran cəhənnəm məşğuliyyəti bir saniyə olsun belə dayanmır.
Səthi müşahidəçi beyin yuyulmasında, insanlıqdan uzaqlaşdırılmada yalnız televizoru, interneti və bunun kimi şeyləri günahlandırır. Amma təbliğat artıq yekun işdir, insanın bu təbliğata inanması üçün uzun və yorucu iş lazımdır. Bu işdə ayrı-ayrı təbliğatçılar və təşviqatçılar deyil, totalitar ölkənin bütün əhalisi dolayı yolla iştirak edir.
İnsanlar bir-birini əhliləşdirirlər. Hərədən bir sap və xalq üçün sakitləşdirici köynək hazırdır. Burada müəllim ukraynalı nasistlərin cinayətləri haqqında məruzə hazırlamağı tapşıracaq, orada ana uşağa bir şapalaq ilişdirəcək, hər hansı ideologiyasız, elə-belə, necə ki, alman mühafizəçilər yəhudiləri elə-belə qundaqla vururdular. Əlbəttə, hər kəs müxtəlif töhfələr verir, kimsə sap, kimsə bütöv kəndir, amma tor elə iplərin müxtəlifliyinə görə möhkəm alınır, bu iplər toxunurlar, toxunurlar və qopmurlar, əvəzində insan qəlbi parçalanır.
İsa Məsih də özünə xas olan sərt şəkildə elə bunu deyirdi: “Bədəninizi öldürən, amma ruhunuzu öldürə bilməyənlərdən qorxmayın”.
Məsih ruhu daimi əzablara məhkum edə biləcək Tanrıdan qorxmağa çağırırdı, amma bu, Tanrıya inananlar üçündür, Rusiya da isə sənin ruhunu ala biləcək hakimiyyətdən qorxurlar, daha çox isə həmin ruhu təhlükəsizliyə, sabitliyə və kökə təminatına dəyişməyə hazır olan özlərindən qorxurlar.
Əgər Rusiya kimi totalitar ölkədə yaşayırsansa, seleksiya qurbanı olmamaq mümkün deyil. Amma kimin qurbanı? Köləliyin qurbanı ola bilərsən, yalan, kollektivçilik, militarizm səni uda bilər. Hiylə və hiyləgərin qurbanı. Bu, çətin deyil, köməkçi çoxdur, torda yaşamağı və milçək olduğunu anlamamağı sənə öyrədərlər. Burada güc yalnız milçəkdən hörümçəyə çevrilmək üçün lazımdır, o zaman mükafatlandırma xeyli bol olacaq.
Azadlığın qurbanı olmaq mümkündür. Burada səy lazım gəlir, burada əsl güc sınaqdan keçir – özün olmaq, vızıldayan milçək yox, dik gəzən insan olmaq qüdrəti. Gündəlik seleksiya kimi səy də gündəlikdir, amma elə də qeyri-adi səy deyil, insanın özünün olduğundan qeyri-adi deyil.
Hə, meymundan fərqli olaraq insan qeyri-adidir, amma insan var axı, heç kəs milçək, kölə, Kreml despotu və despotizmin süpügəçisi kimi doğulmayıb. Bu qeyri-adilik yük deyil, ilham mənbəyidir, ayaqda daş deyil, qanaddır. Bu, müharibənin ortasında sülhün, yalanın arasında həqiqətin, ölümün əhatəsində həyatın qeyri-adiliyidir, bu qeyri-adilik yalnız əsgərlər üçün yer olan səngər və blindaj deyil, hər kəs və hamı üçün yer olan nəhəng düzənlikdir.
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb