Dünya

Ermənistanda hakimiyyət çevrilişi ola bilərmi? – Müxalifət fasiləsiz aksiyalara başlayıb

Vüsalə Mikayıl
5 May, 2022
159

Reuters

Ermənistanın paytaxtı Yerevan şəhərində müxalifətin mayın 2-dən elan etdiyi vətəndaş itaətsizliyi aksiyaları davam edir.

İştirakçıların səsləndirdiyi şüarlar arasında “Nikolsuz Ermənistan” tələbləri də yer alır.

“News.am” yazır ki, mayın 4-də səhər saatlarında, Yerevandakı Kiyev körpüsü betonqarışdırıcılarla bağlanıb. Məlumata görə, Baqramyan prospekti və Orbeli küçəsi də bağlanıb.

Son aksiyalarda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən 244 etirazçı polis tərəfindən saxlanılmışdı. Ermənistan müxalifəti gecə-gündüz etiraz aksiyası keçirmək üçün Fransa meydanında çadırlar qurub. Yolları kəsmək üçün zibil qablarından, oturacaqlardan istifadə ediblər.

Ermənistanda aksiya - Reuters

Müxalifət N.Paşinyanı Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycana güzəştlərə getməkdə günahlandırır.

“Ayastan” blokundan İşxan Saqatelyan  mübarizəni dayandırmayacaqlarını, hər şeyin xalqın tələbinə uyğun getdiyini bildirib.

“Bu bir neçə günü biz əziyyət çəkəcək, məhrumiyyətlərə qatlaşacaq, yıxılıb duracaq, polis bölmələrinə aparılacağıq. Ancaq bu çox çəkməyəcək. Bundan sonra Ermənistanda həmrəylik, ədalət, azadlıq və birlik olacaq”, – Saqatelyan vurğulayıb.

Müxalifətin Paşinyan hakimiyyətini devirməyə real gücü varmı?

Topçubaşov Mərkəzinin həmtəsisçisi Rusif Hüseynov deyir ki, bu, 2020-ci il müharibəsindən sonra Paşinyan hakimiyyətinin üzləşdiyi üçüncü ciddi sınaqdır. Ekspert əvvəlki iki sınağın müharibə bitdikdən dərhal sonra və ötən ilin may ayında baş verən növbədənkənar seçkilər zamanı olduğunu qeyd edir:

“İndi Azərbaycanla sülh müqaviləsi barədə çıxışlardan sonra Ermənistanda yenidən oxşar təlatümlər yaşanır. Paşinyanın bu dövrdən fiziki və siyasi cəhətdən sağ çıxması Ermənistanın, ümumilikdə isə Qafqazın taleyini müəyyənləşdirəcək. Çünki artıq Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan və Qarabağ məsələləri ilə bağlı mövqeyi az-çox bəllidir”.

Rusif Hüseynov - İctimai Tv

R.Hüseynov hazırda müxalifətin güclü eloktratının olmadığını və onun hələlik Paşinyana real alternativ kimi çıxış etmədiyini bildirir: “Digər tərəfdən 2018-ci ildə baş verən məxməri inqilab vaxtı bütün ölkə ayağa qalxmışdı. Hazırda meydanda böyük insan kütləsi yoxdur. Amma digər tərəfdən radikal qüvvələr paytaxtda hakimiyyət binalarını ələ keçirsə, bu, müəyyən dəyişikliyə səbəb ola bilər”.

Ermənistanın hazırki hakimiyyəti isə aksiyalardan narahat olmadığını sərgiləməyə çalışır. Hakim fraksiyadan deputat Vaaqn Aleksanyan “Azatutyun”a deyib ki, onları küçədəki vəziyyət narahat etmir və Paşinyanın istefası məsələsi gündəlikdə deyil.

“2018-ci ildə ümummili hərəkat vardı. İndi isə o vaxt yüz minlərlə, hətta milyonadək insanın etdiyini 4-5 min nəfərlə təkrar etmək mümkün deyil. İndi onlar öz az sayları ilə vətəndaşların əsəblərinə təsir göstərmək, əsəbi ab-hava yaratmaq istəyirlər. Düşünmürəm ki, bunda narahat olmalı nəsə var”.

Siyasi şərhçi Şahin Hacıyevə görə, hadisələrin kökündə əvvəlki Koçaryan-Sarkisyan komandasının hakimiyyət davası dayanır. Müxalifətin Paşinyan hakimiyyətini yıxmaq üçün hər bir mənfi faktordan istifadə etdiyini vurğulayır:

“Ən demokratik hakimiyyət belə Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını elan edib erməni cəmiyyətinə bunu qəbul etdirə bilməz. Paşinyan onu üstüörtülü desə də, açıq deyə bilmir. Bu faktordan da müxalifət istifadə edib onu “satqın” adlandırır. Amma ki, iştirakçıların sayını nəzərə alsaq, hələ ki, hakimiyyəti devirmək iqtidarında deyillər. Güman ki, yaxın vaxtlarda toqquşmalar olacaq və müxalifət liderləri həbs ediləcək, mitinqlər dağıdılacaq”.

Şahin Hacıyev - sosial media

Ekspert nə qədər ki, güc qurumları və ordu müxalifətin tərəfinə keçməyib hakimiyyət dəyişikliyinin baş verməyəcəyini deyir.

Kremlin hadisələrə təsiri varmı?

Aksiyaların genişləndiyi bir vaxtda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtona səfəri baş tutub. ABŞ dövlət katibi Entoni Blinken erməni nazirlə görüş zamanı Azərbaycanla dialoqu alqışladığını bildirib.

Ş.Hacıyev deyir ki, Paşinyan qərbyönümlü lider olduğu üçün Rusiya Ermənistanda hakimiyyətin dəyişməsində maraqlıdır.

“Yerevanın son günlər ABŞ və Avropa İttifaqı ilə yaxınlaşması Rusiyanın xoşuna gəlmir. Təsadüfi də deyil ki, mitinqlər məhz indi - bu əlaqələrin gücləndiyi anda başlayıb”,- siyasi şərhçi əlavə edir.

R.Hüseynov hadisələrdə Kremlin əlinin olub-olmadığını deməyin çətin olduğunu bildirir: “Çünki Rusiyanın başı indi Ukraynada müharibəyə qarışıb. Bu, təbii proseslər də ola bilər”.

Hadisələr sülh danışıqlarını gündəlikdən çıxara bilərmi?

Ş.Hacıyev Paşinyan hökuməti devrilsə, erməni cəmiyyətinin zəifləyəcəyi qənaətindədir. Ekspertə görə, müxalifət hakimiyyətə gəldiyi təqdirdə daha kəskin mövqe tutub Azərbaycanın Qarabağı götürməsinə mane olacaq: “Amma bu, konfliktin güclənməsinə, müharibənin yenidən başlanmasına gətirib çıxara bilər. Bu baş versə, Azərbaycan Qarabağı tamamilə nəzarəti altına ala biləcək”.

R.Hüseynov isə 90-cı illərin sonunda da Levon Ter Petrosyan Azərbaycanla uzlaşmaq istəyəndə Ermənistan parlamentində terror aktı baş verdiyini və münaqişənin növbəti 20 il geri düşdüyünü söyləyir.

Yerevandan gələn xəbərlər isə Ermənistanda vəziyyətin daha da gərginləşdiyini göstərir. Dünən minlərlə etirazçının Paşinyanın istefası tələbi ilə Ermənistan parlamentinin binasına doğru hərəkət edib. Ermənistan Milli Təhlükəsizlik Nazirliyi Parlamentin ələ keçirilə biləcəyi barədə xəbərdarlıq edib. Polis etirazçıların parlamentə daxil olmasının qarşısını almaq üçün canlı sədd qurub.

Deputat Aydın Mirzəzadə hazırki hadisələrin Ermənistan-Azərbaycan münasibətlərinə və keçmiş Dağlıq Qarabağ münaqişəsinə heç bir təsirinin olmayacağını bildirir:

“Hazırki hakim komanda özü Qarabağ məsələsində radikal mövqe tuturdu. Onların Azərbaycanla sülh müqaviləsi imzalama niyyəti məcburiyyətdən irəli gəlir. Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir. Hakimiyyət dəyişikliyinin baş verməsi ilk növbədə özlərinə ziyandır. Sülh müqaviləsini ləngitsə də, tamamilə gündəlikdən çıxara bilməz. Sülh müqaviləsi Ermənistanın özünə lazımdır. Azərbaycan dövlətçilik məsələlərini Yerevan olmadan da həll edir”.

Aydın Mirzəzadə - açıq mənbədən götürülüb

Millət vəkili Azərbaycanın Ermənistan tərəfdən gözlənilən istənilən təxribatın qarşısını almağa qadir olduğunu söyləyir.

Azərbaycanla Ermənistan arasında münaqişə sonrası sülh quruculuğu prosesi hələlik baş tutmayıb. Apreldə iki ölkə lideri Brüssel görüşündə sülh danışıqlarına hazır olduqlarını elan etmişdilər.

Dünya

Böyük Britaniya Rusiyanın 3 aviaşirkətinə sanksiya tətbiq edib

19 May 2022

açıq mənbədən götürülüb

Britaniya Rusiyanın “Aeroflot”, “Rossiya” və “Ural Airlines” aviaşirkətlərinə qarşı sanksiyalar tətbiq edib.  Bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib. Məlumatda bildirilir ki, bu aviaşirkətlər artıq Britaniya hava limanlarında istifadə olunmamış yerlərini sata bilməyəcəklər və bu, Rusiyanın 50 milyon funt sterlinq (62,3 milyon dollar) mənfəət əldə etməsinə mane olacaq. “Nə qədər ki, Putin Ukraynaya qarşı barbar hücumunu davam etdirəcək, biz də Rusiya iqtisadiyyatına zərbə vurmağa davam edəcəyik. Artıq hava məkanımızı Rusiya aviaşirkətlərinin üzünə bağlamışıq. Bu gün biz onların hava limanlarımızda sərfəli yerlərini nağdlaşdırmasının qarşısını almaq üçün hər şeyi edirik. Hər bir iqtisadi sanksiya bizim Putinə aydın mövqeyimizi gücləndirir: Ukrayna qalib...
Dünya

ABŞ və Çinin qlobal borcu rekord 305 trilyon dollara çatıb

19 May 2022

"Shutterstock"

ABŞ və Çin özlərinin qlobal borclarını rekord 305 trilyon dollara çatdırıblar. Beynəlxalq maliyyə institutunun (İİF) göstəriciləri isə borcun ümumi istehsala nisbətinin azaldığını göstərir. Cari ilin birinci rübü ərzində Çinin borcu 2,5 trilyon dollar çoxalıb. ABŞ-ın borcuna isə 1,5 trilyon əlavə olunub. Bunun müqabilində dalbadal üçüncü rübdür ki, Avrozonada ümumi borcun azaldığı müşahidə olunur. Dünya borcunun ümumi daxilə məhsula nisbəti 348 faizə düşüb. Bu da bir il əvvəl qeydə alınan borcdan təxminən 15% aşağıdır. Bu zaman Avropa Birliyi ölkələrində vəziyyətin xüsusilə yaxşılaşması nəzərə çarpır. İİF-in məlumatlarına görə, Vyetnam, Tailand və Cənubi Koreya bu sahədə daha yüksək göstəricilərə malikdirlər. “Bu il artımın...

Seçilmiş Videolar

Toplum TV loqo