Çində doğuşun azaldılması siyasətinə dəyişiklik etmək barədə qərar verilib. Əhalinin qocalması və işçi qüvvəsinin azalması ilə mübarizə çərçivəsində ölkə vətəndaşlarından dünyaya daha çox uşaq gətirmək tələb olunacaq.
Bu barədə noyabrın 24-də "China Daily" nəşri məlumat verib.
"Universal ikinci uşaq siyasəti heç bir halda ailə planlaşdırması siyasətinin sonu olmayacaq. Doğuşun, işçi qüvvəsinin və əhalinin strukturunun keyfiyyətinin artımına yönələn daha inklüziv demoqrafik siyasət tətbiq olunacaq”, - bu sözləri Çin Demoqrafiya Assosiasiyasının vitse-prezidenti Yuan Sin deyib.
O, həmçinin qeyd edib ki, son onilliklərdə demoqrafiya sahəsindəki siyasət doğuşun azalmasını həvəsləndirməyə yönəlib. Sosial və iqtisadi sahələrdəki müvafiq tədbirlər də bunu nəzərdə tuturdu. İndiki dövrdə mütəxəssislər həmin siyasətin yumşaldılmasını istəyirlər. Məsələn, çinli ailələrə üç uşaq dünyaya gətirmək icazəsinin verilməsi, ya da doğuşun məhdudlaşdırılması siyasətinin ləğv edilməsi müzakirə olunur.
Yuan Sinin sözlərinə görə, yeni qaydaları regionlardakı vəziyyətə uyğun tətbiq etmək lazımdır: "Biz ölkənin qərbindəki bəzi kasıb rayonlarda insanların hələ də çoxuşaqlılığa meylli olduqlarını müəyyən etmişik. Buna görə də ailənin planlaşdırılması siyasətinin yumşaldılması onlara daha çox uşaq dünyaya gətiməyə imkan yaradacaq, bu isə yoxsulluqdan qurtulmağı çətinləşdirəcək”.
Bu ilin yanvar ayında Çində doğuşun rekord sayda azaldığı bildirilirdi. Bundan başqa, əmək qabiliyyətli 16-59 yaş qrupundakı insanların da sayı azalır: ötən il bu qrupda 890 min nəfər azalma qeydə alınıb. Təşviş doğuran məqamlardan biri də ölkə əhalisinin sürətlə qocalmasıdır.