Dünya

İsrail ultramillətçilərin əlindədir - Netanyahu küncə sıxılıb, yoxsa planı var?

1 Dekabr, 2022
852

Açıq mənbələrdən götürülüb

Binyamin Netenyahunun seçki təşviqatı

İsraildə koalisyon hökumətin formalaşması prosesi gedir. Binyamin Netanyahu hakimiyyətdə qalmaq üçün ərəblərə qarşı sərt münasibətləri və qalmaqallı homofob fikirlərilə məşhur olan ultramillətçilərlə sövdələşməyə hazırdır. Əgər gözlənilməz bir şey olmasa, ölkə tarixi boyu ən ultrasağçı hökumətə malik olacaq.

Toplum TV İsraildəki hazırki siyasi vəziyyətlə bağlı BBC-də dərc olunmuş məqaləni oxucularına təqdim edir.

İsrailin dünyəvi gələcəyi, Yaxın Şərqdə sabitlik və ABŞ ilə münasibətlər təhlükə altındadır.

Ənənəvi olaraq sağlar və sağ mərkəzçilərin İsrailin xarici təhlükəsizliyini daha yaxşı təmin etməsi barədə fikir formalaşıb.   

Yəqin ki, israillilərin seçimini müəyyənləşdirən amillər sırasında Ağ evdə yəhudi dövlətini respublikaçılar kimi birmənalı dəstəkləməyən demokratların oturması, İran və Rusiyanın bu yaxınlarda sezilən hərbi ittifaqı və bunun İsrail üçün fəsadları, xarici təhlükəsizlik mülahizələri olub.

https://toplum.tv/dunya/olena-zelenska-rusiyaya-erazi-guzestleri-muharibede-helak-olanlara-xeyanet-demek-olacaq

Amma indi başında Binyamin Netanyahu durduğu “Likud” Partiyasının partnyoru rolunda bir zamanlar olduğu kimi sağ mərkəzçilər deyil, hətta son zamanlar olduğu kimi  ultrasağçılar deyil, ultramillətçilər olacaq.

Gəlin ölkənin necə belə bir vəziyyətə düşdüyünü, onu və bütün regionu nə gözlədiyini araşdıraq.

İndi nə baş verir?

Son seçkilərdə qalib gələn Binyamin Netanyahu noyabrın 13-də İsrail Prezidenti İshaq Hersoqdan hökumət qurmaq mandatını aldı.

Netanyahunun dekabrın 13-ə qədər vaxtı var. Əgər öhdəsindən gəlməsə, ona əlavə 14 gün veriləcək. Təkrar uğursuzluq baş verərsə, koalisiya qurmaq mandatı partiya rəhbərliyində təmsil olunan kiməsə keçəcək və o zaman Netanyahu baş nazir kreslosunu tuta bilməyəcək.  

Amma bu, mümkün olanlar arasında ən inanılmaz variantdır. Əksinə, hökumətin öz işinə daha tez başlayacağı gözlənilir, çünki partiyalar arasında əsas razılaşmalar hələ seçkidən qabaq əldə olunub.

İsrailin yeni hökumətinin necə görünəcəyi barədə danışmaq hələ tezdir, amma bütün əlamətlərə görə, “Likud”un müttəfiqləri ŞAS və  “Yahadut HaTora” kimi iki ultraortodoksal partiya və “Dini sionizm” adlı ultramillətçi blok olacaq.

Onlar Knessetdəki 120 yerin 64-nü qazanıblar. Bu, əzici deyil, amma kifayət qədər sabit parlament çoxluğudur, xüsusən də bəzən üstünlüyün cəmi bir səs olduğu son çağırışlar fonunda.

İsrail siyasətinin yeni simaları

Yeni hökumətin potensial üzvləri arasında iki personaj xüsusilə diqqət çəkir – “Dini sionizm” blokunun lideri Betsalel Smotriç və bloka daxil olan “Otsma Yehudit” partiyasının rəhbəri İtamar Ben-Qvir.

İtamar Ben-Qvir və Betsalel Smotriç - AFP

Smotriç doğum evlərində yəhudi və ərəb qadınların ayrı yerləşdirilməsi, ərəblərə ev satmağın qadağan olunması kimi qalmaqallı təklifləri və homofob fikirləri ilə tanınıb.

O, 2005-ci ildə Qəzzadakı yəhudi məskənlərinin təxliyəsinə qarşı etiraz aksiyaları təşkil etdiyinə görə həbs olunub və zindanda üç həftə keçirib.

2006-cı ildə isə İsrail LQBT icması əleyhinə təşkil olunan “Vəhşilər paradı”na dəstək verib. Sonralar isə bundan heyfsləndiyini publik bildirib.

İtamar Ben-Qvir vəkildir. Onun əsas praktikası – ölkə məhkəmələrində yəhudi radikalları müdafiə etməkdir.

O, ictimaiyyətə 1995-ci ildə tanınıb: baş nazir İshaq Rabin məşhur Oslo razılaşmasını – İsrail və Fələstin Azadlıq Təşkilatı arasında ilk ikitərəfli razılaşma -  imzalayandan sonra bir qrup həmfikiri ilə Rabinin “kadillak”ından emblemi oğurlamışdı.

“Bizim əlimiz onun maşınına çatdı, özünə də çatacaq” – o zaman gənc olan ultrasağçı fəal demişdi. İki həftə sonra İshaq Rabin başqa bir ultrasağçı radikal tərəfindən öldürüldü.

Bugünkü artıq yetkin siyasətçi Ben-Qvir İsrailə loyal olmayan ərəblərin deportasiyasına çağırır.

Onlar nə istəyirlər və təhlükə nədir?

Binyamin Netanyahu hökumətində Ben-Qvir ictimai təhlükəsizlik naziri portfelinə iddia edirdi və noyabrın 25-də məlum olub ki, arzusuna çatıb. Nazirlik polisi, penitensiar sistemi və fövqəladə xidmətləri kurasiya edir.

“Sizin partiyanın imici çoxlarında qorxu doğurur, məsələn, bizim ölkəmizdəki və regiondakı ərəblərə münasibətiniz. Dünya liderləri mənə suallar verirlər”, - noyabrın 10-da baş tutan audensiya zamanı prezident İshaq Hersoq açıq şəkildə Ben-Qvirə deyib.

İsrail hakimiyyətini və ictimaiyyətini Şərqi Qüdsdə yerləşən və  Fələstin-İsrail konfliktində ən mübahisəli məsələlərdən biri olan Məbəd dağı ətrafında həssas vəziyyət xüsusilə narahat edir.

Məbəd dağı yəhudilər üçün ən müqəddəs, orada yerləşən əl-Əqsa məscidi isə İslamda üçüncü müqəddəs məkandır. Hazırda yəhudilər üçün buraya giriş ciddi məhduddur, dini ayinlərinin keçirilməsi isə tamamilə qadağandır.

İsraillilər və fələstinlilər arasında son illər ən kütləvi və sərt toqquşmalar məhz Məbəd dağı zəminində baş verib.

İtamar Ben-Qvir deyir ki, hüquq bərabərliyinə inanır və yəhudilərə öz ziyarətgahlarına baş çəkməyi qadağan etmək üçün səbəb görmür.

Polis üzərində nəzarətlə yanaşı, belə mövqe istər ölkə daxilində, istərsə də beynəlxalq arenada fəlakətli nəticələrə səbəb ola bilər.

“Ben-Qviri ictimai təhlükəsizlik naziri təyin etməklə Ku-Kluks-Klan rəhbərini Birləşmiş Ştatların baş prokuroru təyin etmək eyni şeydir”, - ABŞ yəhudi icmasının ən nüfuzlu üzvlərindən biri olan ravvin Rik Ceykobs bugünlərdə belə deyib.

Betsalel Smotriç isə loyallığı müqabilində özü üçün müdafiə naziri kreslosunu istəyir.

Smotriç Fələstin dövlətinin yaradılmasının əleyhinə çıxır, Fələstin ərazilərində yəhudi məskənlərinin genişləndirilməsinin, hətta İordan çayının qərb sahilinin ilhaqının tərəfdarıdır.

Smotriçin görüşləri Vaşinqtonda İsraildən gözlənilənlərlə tərs mütənasibdir və Binyamin Netanyahu sona qədər alış-veriş edəcək. O, hələ seçkilərdən əvvəl xəbərdarlıq edirdi ki, üç həlledici nazir postu – maliyyə, müdafiə və xarici işlər – Likudda qalacaq.

Amma Knessetdə 14 yerə malik “Dini sionizm” olmadan koalisiya alınmayacaq, Smotriç də bunu anlayır və heç olmasa, maliyyə naziri postu üçün mübarizə aparacaq.

“Dini sionizm”dən parlamentin deputatı Orit Strok deyir ki, blok Qərb sahilində yəhudi məskənlərinin artırılmasına nəzarəti ehtiva etməyən heç bir təklifi qəbul etməyəcək.

Yeni partnyorlar haqqında “Likud”da nə düşünürlər?

Likud daxilində əhval yetərincə tutqundur. Çoxları əmindir ki, ultrasağçıların liderləri portfel sevdasından vaz keçməyəcəklər. Hətta məsələ bu və ya digər şəkildə həll ediləndən sonra da onlar sonrakı siyasəti diktə edəcəklər.

“Mən Smotriçi tanıyıram. Bu, koalisiya danışıqları ilə bitməyəcək. Bu hökumət istənilən qanun layihəsi ilə bağlı problem yaşayacaq, nazirlər və deputatlar öz istəklərini tələb edəcəklər”, - “Likud”dan deputat David Bitan elə deyir.

Onun sözlərinə görə, Netenyahunun partiyası seçimə malik deyil: “Biz hər şeyi veririk və heç nə almırıq. “Likud” uduzur”.

İsraillilər nə gözləsinlər?

Netanyahuya ultrasağçılar tərəfdən ilk qaranquş  ictimai yerlərdə cinsə əsasən, seqreqasiyanı bəyənmək təklifi şəklində gəlib. Məsələn, dövlət məktəblərində və universitetlərində oğlan və qızlar üçün ayrı siniflər açmaq təklif olunur. Ortodokslar həm də teatr, konsert və kino zallarında sektorlar üzrə bölünmənin tərəfdarıdırlar.

Bir neçə gün əvvəl ravvinlər inanclı, amma orduda xidmət edən əsgərləri (ultraortodokslar hərbi xidmət keçmirlər) qızlar olan hərbi hissələrdə xidmətdən imtina etməyə çağırıblar.

Hərbçilərin sözlərinə görə, belə baxışların orduya nüfuz etməsi hərbi strukturların peşəkar və ahəngdar fəaliyyətindən asılı olan ölkə üçün təhlükəlidir.

Bundan əlavə, dini partiyalar LQBT icmasının hüquq və azadlıqlarını təmin edən qanunların ləğvi niyyətində olmalarını gizlətmirlər.

Baş nazir postunu tərk edən Yair Lapid ultrasağçıların təklifini “Bura İran deyil” şəklində şərh etmişdi.

İsrailin xarici siyasətini “Likud” üzvləri və özünün köhnə əlaqələrinə söykənən Netenyahu şəxsən yürüdəcək, amma qonşularla və Qərblə münasibətlər çətin ki, əvvəlki kimi qalsın.

Donald Tramp administrasiyasının səyləri nəticəsində İsrail ərəb dünyasından xeyli qonşuları ilə münasibətləri sahmana salaraq regional izqoy rolunu İrana verib. Amma fələstinlilərə yönəlik siyasətin sərtləşdirilməsi və “iki xalq üçün iki dövlət” konsepsiyasından imtina - Smotriç və Ben-Qvir bunda israr edəcəklər – İsrailin qazandığı mövqeləri itirməsinə səbəb olacaq.

https://toplum.tv/dunya/si-tsinpinin-tekbasina-hakimiyyeti-cine-ne-ved-edir

Hətta İsrailin köhnə dostları olan Misir və İordaniya dəfələrlə xəbərdarlıq ediblər ki, Qərb sahili ilhaq olunarsa, sülh müqavilələrindən imtina etməyə hazırdırlar.

Ən çətin vəziyyətdə ABŞ qalacaq. Vaşinqton nəinki öz partnyorunun regional siyasətində mümkün sərtləşməyə, həm də LQBT icmasının və ümumən dünyəvi cəmiyyətin gözlənilən məhdudlaşdırılmasına Amerika yəhudi lobbisinin təzyiqi altında reaksiya verməli olacaq.

Bəzi məlumatlara görə, ABŞ da daxil, bəzi Qərb ölkələrinin hakimiyyətləri artıq Netanyahuya xəbər göndəriblər ki, əgər Ben-Qvir və Smotriç İsrail siyasətində ön plana çıxsalar, onlarla kontaktları çox məhdud olacaq.

BBC-nin Qüdsdəki və Vaşinqtondakı mənbələrinin məlumatına əsasən, Ağ ev xarici işlər naziri postunda İsrailin ABŞ-dakı keçmiş səfiri (2013-2021) Ron Dermeri görmək istərdi.

Netanyahu istintaq altındadır, daha sonra nə olacaq?

İsrailin baş naziri postunda rekord qıran (15 il, onun 12 ili fasiləsiz) Binyamin Netanyahu hələ də dələduzluqda, korrupsiyada və vəzifədən sui-istifadədə günahlandırılır. O, 2017-ci ildən istintaq altındadır, rəsmi ittihamlar isə 2019-cu ildə irəli sürlüb.

O, hər şeyi inkar edir, amma məhkəmə korrupsiyada günahkar bilsə, onu 10 ilə qədər həbs cəzası gözləyir. Digər maddələrə görə maksimum cəza 3 ildir.

Netenyahunun iki yolu var: ya ortaya öz günahsızlığını sübut edən möhkəm dəlillər qoymalıdır ki, bunu da neçə il ərzində etməyib, ya da Ali Məhkəmənin qərarının parlament tərəfindən ləğvi barədə qanunu keçirməlidir. Bu, ona cinayət təqibindən həmişəlik immunitet qazandıracaq.

Əslində, belə qanunun qəbulu və Fələstin dövlətinin yaradılması ideyasına dözümsüzlük Netanyahunu yeni partnyorları ilə birləşdirən yeganə maraqlardır. Onların gündəliyindəki başqa heç nə dünyəvi Netenyahuya yaxın deyil.

Bir çox analitiklər istisna etmirlər ki, elə ki, ortodokslar – onlar da öz təşəbbüslərinin Ali Məhkəmə tərəfindən bloklanmasına mane olmaqda maraqlıdırlar - müvafiq qanunu keçirməyə kömək etdi, Netanyahu onlardan qurtulmağın və İsraili əvvəlki relslərinə qaytarmağın yolunu tapacaq.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Bayden Ukraynaya F-16 qırıcılarının verilməyəcəyini deyib

Toplum TV
31 Yanvar 2023

Forbes

ABŞ Prezidenti Co Bayden bildirib ki, Vaşinqton Kiyevə F-16 qırıcıları verməyəcək. Toplum TV CNN-ə istinadən xəbər verir ki, brifinq zamanı jurnalistlərin Ukraynaya təyyarələrin verilməsi ideyasını dəstəkləyib-dəstələmədiyini soruşduqda Bayden “Xeyr” cavabını verib. Bundan sonra ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi Baydenin bəyanatını şərh edib. O, bildirib ki, Vaşinqton artıq Kiyevi kifayət qədər silahla təmin edib. https://toplum.tv/dunya/pqerb-ukraynaya-tanklar-goumlnderir-amma-indi-basqa-problem-varp Kiyevə qırıcı təyyarələrin tədarükü məsələsi ötən həftə Qərb istehsalı olan tankların Ukraynaya göndərilməsi təsdiqləndikdən sonra müzakirə olunmağa başlayıb. Ukrayna ordusu 180-ə yaxın qırıcı təyyarəyə ehtiyac olduğunu bildirib. Hollandiya və Polşa Ukraynanı öz F-16 qırıcıları ilə təmin etməyə hazır olduqlarından bildiriblər. Yanvarın 30-da Polşanın...
Dünya

Çin ABŞ-dan Ukraynaya silah tədarükünü dayandırmağı tələb edir

Toplum TV
30 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı Ukrayna böhranının təşəbbüskarı adlandırıb və silah tədarükünü dayandırmağa çağırıb. Toplum TV "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə XİN-in nümayəndəsi Mao Ninq açıqlama verib. "ABŞ Ukrayna böhranının əsas təşəbbüskarı və hərəkətverici qüvvəsidir. Onlar Ukraynanı davamlı olaraq ağır və hücum xarakterli silahlarla təchiz etməklə münaqişəni uzadır və onu daha da gərginləşdirirlər. Əgər ABŞ həqiqətən də böhranın tezliklə bitməsini istəyirsə, Ukrayna xalqının təhlükəsizliyini həqiqətən düşünürsə, o zaman silah göndərməyi dayandırmalı və müharibədən qazanc əldə etməyi sonlandırmalıdır”, - deyə o bildirib.  https://toplum.tv/dunya/pqerb-ukraynaya-tanklar-goumlnderir-amma-indi-basqa-problem-varp Bundan əvvəl Vaşinqton administrasiyası Ukraynaya "Abrams" tanklarını göndərmək qərarına gəlib. Qeyd olunur ki, hərbi texnikanın...

Seçilmiş Videolar

Toplum TV loqo