Dünya

Müharibədə ən çox itki verən tuvalılar: "Putin Çingizxan, Şoyqu Sabutay"dır 

16 Sentyabr, 2022
1402

Açıq mənbələrdən götürülüb

Rusiya vətəndaşları arasında tuvalılar Ukrayna müharibəsinə ən çox həlak olan millətin nümyəndələridir. Tuvalıların bir çox Vladimir Putini Çingizxan, Sergey Şoyqunu isə  Sabutay hesab edirlər. "Meduza.io" saytı Tuvadan reportaj hazırlayıb. Materialı azərbaycan dilində oxuculara təqdim edirik. 
 
Tuva Rusiyanın ən təcrid olunmuş regionlarından biridir: onun paytaxtı Kızıla qatarla getmək mümkün deyil, yalnız təyyarə və yeganə avtomobil yolu ilə.  
 
Ukrayna müharibəsində rəsmən təsdiq olunan ölüm hallarına görə Rusiya Federasiyasının bütün subyektləri arasında Tuva hər 100 min nəfərə düşən itki sayına görə liderdir. 
 
Mütləq rəqəmlərdə isə Dağıstan və Buryatiya öndədir.  
 
İqtisadi cəhətdən geridə qalan bu regionların əhalisinin çoxu üçün müqavilə əsasında hərbi xidmət yoxsulluqdan qurtulmaq yoludur.  
 
“Meduza”nın xahişi əsasında Vladimir Sevrinovski respublikaya gedərək yerli əhali ilə söhbət edib. 
 
Digər milli respublikalardan daha gec, 1944-cü ildə SSRİ-yə birləşən Tuva indiyə qədər Rusiyanın ən təcrid olunmuş regionlarından biridir. Kızılda stansiya var, amma dəmiryolu yoxdur: Krasnoyarsk diyarına qədər xəttin çəkilişi Baş nazir Vladimir Putinin 2011-ci ildə açılış mərasimində simvolik mismarı təntənəli surətdə çalmasından az sonra dayandırılıb. 

https://toplum.tv/dunya/rusiya-qoyulan-sanksiyalarin-dogrudanmi-tesiri-yoxdur
 
Tuvada yerli camaat yalnız avtomobil yolu ilə əlaqə saxlaya bildikləri Rusiyanın qalan hissəsinə “Sayanın o tərəfi” deyir.  
 
Qonşu milli respublikalardan fərqli olaraq ruslar burada azlıqdadırlar. 
 
2010-cu il siyahıyaalmasına görə cəmi 16% (müqayisə üçün Xakasiyada 80%, Buryatiyada 66%).  
 
SSRİ-nin dağılmasından sonra buradakı rusların sayı kəskin azalıb və azalmaqda davam edir.  
 
Tuva Şimali Qafqaz respublikaları ilə bir sıra oxşar cəhətlərə malikdir: yazılmamış qanunların hökmü, klançılıq, güləş sevgisi. Digər mühüm oxşar cəhət yoxsulluqdur.  
 
Tuva yoxsulluq həddindən aşağıda yaşayanların faizinə görə, Rusiyada birinci yeri tutur: 34,1%. Özü də 6,8% ifrat yoxsulluq həddindən aşağıda yaşayır (regionların gəlir reytinqində Tuva sonuncu, 85-ci yeri tutur).  
 
“Rosstat”ın məlumatlarına görə, 2021-ci ildə Tuvada adambaşına düşən aylıq gəlir 20 041 rubl olub: bu Rusiyanın bütün subyektləri arasında axırdan əvvəlki yerdir (son yeri İnquşetiya tutur).  
 
Son yarımildə Tuvanı Qafqazla daha bir “rekord” bağlayır – Rusiya-Ukrayna müharibəsində ölən əsgərlərin sayı.  
 
“Mediazona”nın sentyabrın 9-a olan məlumatlarına görə, müəyyən olunmuş 6219 ölümün 94-ü bu respublikanın payına düşür. Mütləq rəqəmlərdə Dağıstandakı 292 ölümdən azdır, amma Tuvada təxminən 10 dəfə az əhali yaşayır. Buna görə də adambaşına hesablananda ölən tuvalılar dağıstanlılardan 3,5 dəfə çoxdur.  
 
Əhalinin hər yüz min nəfərindən 29 nəfəri həlak olub – itkin düşənlər və açıq mənbələrə düşməyənlər nəzərə alınmadan bu, Rusiya regionları arasında ən yüksək göstəricidir.  
 
"Putin-Çingizxan və Şoyqu-Sabutay..." 
 
2015-ci ildə respublikada poliqon, hərbi şəhərcik saldılar və qeyri-rəsmi şəkildə “Qara bəbir” adı ilə tanınan 55-ci əlahiddə motoatıcı briqada yaratdılar. Buddist lamanı komandirin köməkçisi təyin etdilər.  
 
“Bu, ən anlaqlı sosial lift idi, bizim region üçün 45-60 min rubl maaş xeyli puldur. Axı kimsə gerçək müharibənin olacağını ağlına gətirmirdi”, - Liberal-Demokrat partiyasından Ali Xuralın (Tuva parlamentinin) keçmiş deputatı Eres Kara-Sal deyir.  
 
Respublika hakimiyyəti briqadanı yeni iş yerlərinin yaranması vasitəsi kimi təbliğ edirdi.  
 
“Deyirdilər ki, Şoyqu, bizim adlı-sanlı yerlimiz bizə kömək edir", - Kara-Sal danışır - Tuvadan adam arasına çıxan yeganə şəxs: "Əksəriyyət sevinirdi”.  

Açıq mənbələrdən götürülüb

Sergey Şoyqu ilə indi də çoxlu tuvalılar fəxr edir. Kızılın mərkəzində bir çox obyektləri onun portretləri bəzəyir.  
 
Yeniseyin sahilindəki uzun zolağa isə sovet Kommunist Partiyasının vilayət komitəsinin katibi olmuş atası Kujuqet Şoyqunun adı verilib (bu, 2011-ci ildə, Dmitri Medvedev prezident, Sergey Şoyqu isə fövqəladə hallar naziri olanda baş verib). 
 
Tuvalıların döyüş ruhunu daha nüfuzlu sərkərdələrin köməyi ilə də qaldırırlar.  
 
“Meduza”nın müxbiri 2021-ci ildə tuvalılardan dəfələrlə eşitmişdi ki, guya Putin Çingizxanın, Şoyqu isə onun yaxın silahdaşı Sabutayın reinkarnasiyasıdır (sonuncunu respublika sakinləri özri öz yerliləri hesab edirlər).  
 
Keçmiş etnoqraf, siyasi texnoloq Boris Mışlyavtsev “Meduza”nın müxbiri ilə söhbətində (Ukrayna müharibəsindən 8 ay əvvəl, 2021-ci ilin iyununda) iddia edirdi ki, Putin-Çingizxan obrazını seçki kampaniyası dövründə “Vahid Rusiya”nın qərargahında işləyərkən məhz o düşünüb: “İdeya əvvəlcə zarafatyana idi, amma yerli ideoloq Biçeldeyin xoşuna gəldi. O, bunu yaradıcı şəkildə tamamladı və tətbiq etdi. Maraqlıdır, haranı zəbt etmək istəyirlər? Ukrayna Çingizxan üçün sanki balacadır”. 
 
“Uşaqlar gedirlər və ölürlər. Bu kədərlidir” 
 
2022-ci ilin baharında Tuva hökumətinin rəsmi portalı, demək olar, hər gün respublikadan olan hərbçilərin Ukraynada həlak olması xəbərlərini paylaşırdı. Eyni zamanda regionda “vətənpərvər fleşmoblar” keçirilirdi.  
 
Aprelin 6-da Kızılın mərkəzi meydanında respublika rəhbəri, nəfəsli orkestr və sinələrində Z hərfi olan uşaqlar 34 könüllüdən ibarət qrupu təntənəli surətdə müharibəyə yola saldılar.  
 
Mayın 9-da hərbçilərin qadın ailə üzvləri “Əsgər anasından yüksək ad yoxdur” mahnısını ifa etdilər: bir bənd rusca, bir bənd tuvaca.  
 
Avqustdan etibarən hökumət saytında ölənlərin qohumlarına başsağlığı verilmir, onun yerini bitərəf bayramlar, mədəni və idman tədbirləri tutub. Tuvada başqa xəbər mənbələri yoxdur: burada azad mətbuat Moskvadan və digər regionlardan daha tez yoxa çıxıb.  
 
67 yaşlı Nadejda Antufyeva həlak olan yerliləri haqqında sistemli məlumat toplayan yeganə adamdır. O, hər bir adam və onun yaxınları haqqında qısa məlumat toplayır.  
 
Məsələn: Çadan şəhərinin administrasiyası sığorta pulunu ödəmək üçün hərbçi Aziat Kuuların arvadı Aygülü axtarır, qadının ata adı və soyadı məlum deyil. Və yaxud: rosqvardiyaçı, cüdo üzrə respublika çempionu Vladimir Şabalini anası ilə birlikdə dəfn ediblər, qadın oğlunun ölüm xəbərinə dözməyib.  
 
“Entuziazmın sönməməsi üçün ölən tuvalıların sayını açıqlamırlar. Sevindirici bir şey çəkmək daha əlverişlidir – məxsusi tikilmiş qəşəng formada, amma kədərli gözləri olan birisini, onu respublikada gəzdirirlər və onunla şəkil çəkdirirlər. Mənə elə gəlir ki, bu, onun üçün həm kədərlidir, həm də ağır”. 
 
Nadejdanın nəzərdə tutduğu adam Mergen Donqakdır, Sergey Şoyqudan sonra Rusiya Qəhrəmanı adına layiq görülən ikinci adam. O, respublikada “xüsusi əməliyyat”ın əsas reklam siması olub. Rəsmi versiyaya görə, Donqak Ukraynada “Yaralanan taqım komandirini atəş altından çıxarıb, komandirliyi üzərinə götürərək düşməni qaçmağa məcbur edib”. 

https://toplum.tv/dunya/camasirxana-yeni-qazaxistan-haqqinda

Yolların kənarında Donqakın müxtəlif şəkilləri olan bilbordlar qurulub. “Xüsusi əməliyyat”ı xatırladan başqa heç nə yoxdur. Hətta simvolika da yoxa çıxıb, yalnız hərdən təcili yardım maşınlarının üzərində Z hərfi gözə dəyir. 
 
Respublikada indiyəcən “müharibə əleyhinə” etirazlara görə bircə cinayət işi belə açılmayıb (yeri gəlmişkən, Buryatiya və Dağıstanda da). “Meduza”nın müxbiri ilə söhbətlərində yerli sakinlər bunun klançılıqla əlaqəli olduğunu ehtimal edirlər: tuvalıların çoxunun hakimiyyətdə qohumu var, onlar bir yandan etirazçı əhvalla mübarizə aparmalıdırlar, amma ehtiyac olanda müdafiə də edə bilərlər. 
 
Ukrayna cəbhəsinə yeni könüllüləri daha təntənəsiz yola salırlar. Turan şəhərinin diyarşünaslıq muzeyinin direktoru Tatyana Vereşaqina “Meduza”nın müxbirinə danışır: “Mən aeroportun yanında gəzişərək avtobus gözləyirdim. Görürəm ki, 40 kişi gedir. Onları aeroporta salmadılar, birbaşa uşuş zolağına apardılar”. Yola salanlar arasında olan ər-arvad Vereşaqinə deyirlər: “Biz kürəkənimizi yola saldıq. Könüllülər idilər”.  
 
“Mən özüm bu adamları tanımadığım halda ağlayırdım. Anlayırdım ki, hamı qayıtmayacaq. Yola salanlarla müqayisədə əsəblərim zəif imiş. Muzeydəki texniki işçiyə danışdım. O da: “Biz belə xalqıq. Möhkəm”, - cavabını verdi". 
 
“Onun yad ölkədə nə işi vardı?” 
 
“Bizim kənddə mən beş il mağazada işləmişəm. Bir oğlan hər gün gəlib çörək, şokolad alırdı. İndi internetdə onun şəklini gördüm, “xüsusi əməliyyat” zamanı həlak olub. On doqquz yaşında. Onun yad ölkədə nə işi vardı?”, - soyadının yazılmamasını xahiş edən Ayan adlı bloger “Meduza”ya danışır.  
 
Ayan Kızılda gəzə-gəzə “Meduza”nın müxbiri ilə söhbət edir, başqaları ona tərəf boylananda da səsini qısmır. Bəziləri onunla salamlaşır: Ayan şəhərdə tanınan fəaldır. Savadlı tuvalıların çoxundan fərqli, Ayan respublikadan getməyib, burada qalaraq bir şeyləri dəyişmək istəyir.

 

Açıq mənbələrdən götürülüb


 
“[Rusiyanın Ukraynaya hücumu ilə bağlı] insanların öz fikri yox idi, elə birinci sırınan fikri mənimsəmişdilər. “Denasifikasiya”, “qabaqlayıcı zərbə” kimi Putin formulalarını. Onları inandırmaq çətindir. İnsanlar inanmaq istədiklərinə inanırlar. Orada faşistlər var, onları öldürmək lazımdır, öz uşaqları haqq işi uğrunda həlak olub”, - Ayan deyir.  
 
O hesab edir ki, yerlilərində “müdafiə mexanizmləri” işə düşüb: faktlar nə qədər təkzibolunmaz olsalar belə, insanlar həqiqətin gözünə baxmaq və övladlarının heç kəsə lazım olmayan müharibədə həlak olmasını etiraf etmək istəmirlər.  
 
Ayan deyir ki, Tuva əhalisi əvvəlcə sürətli və qansız “xüsusi əməliyyat” gözləyirdi, indi isə “yavaş-yavaş şübhələnməyə başlayırlar”.  
 
O, iddia edir ki, müharibə ilə bağlı az qala bütün ailələrdə ixtilaf var.  
 
“Dəfələrlə eşitmişəm ki, qohumlar gənci müharibəyə getmək fikrindən daşındrmağa çalışırlar. Arvadlar isə deyirlər ki, bizim borclarımız, kreditlərimiz var, get müharibəyə, pul qazan”.  
 
O hesab edir ki, əgər respublikada ucdantutma yoxsulluq olmasaydı, ayda 200 min rubla görə xeyli daha az tuvalı öz həyatı ilə risk edərdi.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Böyük Yeddilik ölkələri Qəzzada atəşkəsin uzadılmasını istəyir

Toplum TV
29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

Böyük Yeddiliyə (G7) daxil olan ölkələrin xarici işlər nazirləri Qəzzada atəşkəsin uzadılmasını və bütün girovların dərhal azad edilməsini istəyib. Toplum TV BBC-yə istinadən xəbər verir ki, noyabrın 28-də Vaşinqtonda keçirilən görüşdə bununla bağlı birgə bəyanat qəbul edilib.  Sənədin qəbulundan əvvəl G7 ölkələrinin xarici işlər nazirləri İsrailin özünümüdafiə hüququnu tanıdıqlarını xüsusi qeyd ediblər. Həmçinin bəyanatda daimi atəşkəs çağırışı yoxdur. https://toplum.tv/dunya/pazerbaycan-israille-bagli-qetnamaye-qarsi-ccedilixibp “Biz yardım tədarükünü artırmaq və bütün girovların azad edilməsini təmin etmək üçün bu fasilənin daha da uzadılmasını və gələcək fasilələri dəstəkləyirik”, - sənəddə deyilir. Həmçinin vurğulanır ki, mülki əhaliyə ərzaq, su, yanacaq və dərman tədarükü də daxil olmaqla humanitar yardım göstərmək...
Dünya

Azərbaycan İsrailə qarşı qətnamayə səs verib

Toplum TV
29 Noyabr 2023

Un.org

BMT Baş Assambleyası İsraili Qolan Təpələrini tərk etməyə çağıran qətnamə qəbul edib. Toplum Tv "RIA Novosti"-yə istinadən xəbər verir ki,  BMT üzvləri sənəddə “İsrailin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələrinə zidd olaraq 1967-ci ildən işğal altında olan Suriyanın Qolan Təpələrindən geri çəkilməməsindən dərin narahatlığını” bildiriblər.  https://toplum.tv/dunya/pelon-mask-anti-semitizm-ittihamlarindan-sonra-israile-sefer-edibp Azərbaycan daxil olmaqla 91 ölkə qətnaməni dəstəkləyib, 8 ölkə qətnamənin əleyhinə səs verib, 62 ölkə isə bitərəf qalıb. Qolan təpələri Yaxın Şərqdə mübahisəli ərazidir. Onun böyük hissəsi İsrailin, şərq hissəsi isə Suriyanın nəzarətindədir. İsrail Qolan təpələrini 1967-ci ildə 6 günlük müharibə zamanı ələ keçirib. Daha sonra, 1973-cü ildə Suriya təpələrə nəzarəti bərpa...

Seçilmiş Videolar

Toplum TV loqo