REUTERS
11 sentyabr
11 sentyabr terrorundan 22 il ötür
2996 nəfərin həlak olduğu 11 sentyabr hücumu ABŞ ərazisində ən böyük terror aktı olaraq qalmaqdadır və onun nəticələri bu gün də hiss edilir.
Məhz ondan sonra ABŞ “terrorla müharibə”yə başladı, bunun gedişində Əfqanıstan və İraqa girdi.
Amerikalıların bütöv bir nəsli həmin gün hücum haqqında eşidəndə harada olduqlarını və nə etdiklərini indi də yadda saxlayıblar.
Həmin gün 149 dəqiqə ərzində dünyanı dəyişən hadisələr belə cərəyan etdi.
07:59
“American Airlines” şirkətinin 11 saylı reysi (AA11) Bostonun Loqan hava limanından Los Ancelesə uçur. Göyərtədə birinci və ikinci pilotlar, doqquz stüard var.
81 sərnişinin içində misirli Məhəmməd Attanın başçılıq etdiyi beş nəfərlik qrup var.
Hücum planı reallaşmağa başlayır.
Onu beş il əvvəl “əl-Qaidə”nin Əfqanıstandakı bazasında hazırlayıblar.
İdeya pakistanlı yaraqlı Xalid Şeyx Məhəmmədə məxsusdur. Təyyarəni ələ keçirmək və onu idarəolunan raket kimi istifadə edə bilmək üçün islamçıları pilotluq bacarığına yiyələndirmək ideyası onun ağlına gəlib.
Planı “əl-Qaidə”nin lideri, artıq ABŞ xüsusi xidmətlərinin diqqətini cəlb edən və gələcəkdə dünyada ən çox axtarılan adam olacaq səudiyyəli milyonçu Üsamə bin Laden bəyənir.
08:14
Bostondakı həmin hava limanının digər terminalından “United Airlines” şirkətinin 175 saylı reysi (UA175) Los Ancelesə uçur. Göyərtədə 9 heyət üzvü və 56 sərnişin var. Onlardan beşi təyyarəni ələ keçirmək niyyətindədirlər.
Elə həmin vaxt AA11 reysində terrorçular pilot kabinəsinə keçirlər və birinci təyyarəni öz nəzarətlərinə alırlar.
Əvvəlcə, çox güman, birinci dərəcəli salonda uçan terrorçular iki stüardı bıçaqla yaralayırlar. Daha sonra aralarında təyyarə idarə edə bilən yeganə şəxs olan Atta bisnes salondakı yerindən qalxaraq başqa bir terrorçunun müşayiəti ilə pilot kabinəsinə daxil olur. Daha birisi isə Daniel Levin adlı sərnişini öldürür.
İsrail ordusunda dörd il xidmət edən Levin düz Attanın arxasında əyləşmişdi. Onun terrorçulara mane olmaq istərkən öldürüldüyü təxmin olunur.
Qaçırılacaq digər təyyarələrdə olduğu kimi, heyətin digər üzvləri və sərnişinlər salonun arxa tərəfinə çəkilməyə məcbur edilirlər. Yaraqlılarda qaz balonları var və onlar sərnişinləri bomba ilə qorxudurlar, hərçənd, hesab olunur ki, bombaları olmayıb.
Stüardessa Betti Onq “American Airlines” şirkəti ilə əlaqə saxlaya bilir və təyyarənin, qaçırılma ehtimalı barədə onları xəbərdar edir.
08:20
“American Airlines” şirkətinə məxsus 77 saylı reys (AA77) Vaşinqtonun Dalles beynəlxalq hava limanından havaya qalxır. Göyərtədə 6 heyət üzvü və 5 yaraqlı da daxil olmaqla 58 sərnişin ver.
Təyinat nöqtəsi – yenə Los Ancelesdir.
Bu, təsadüf deyil: ələ keçirilən dörd reys ABŞ-ın şərq sahilindən qərb sahilinə uçmalıdırlar, bu zaman onların çənlərinə onminlərlə litr (43 minə qədər) yanacaq doldurulub.
Təyyarələr qaçıranların əlində idarəolunan raketlərə çevilirlər.
08:24
Atta sərnişinlərlə əlaqə yaratmaq istəyir, amma səhv düyməyə basır və qaçırılma haqqında xəbəri Bostondakı aviadispetçerlərə ötürür.
O deyir ki, bir yox, bir neçə təyyarə qaçırılıb.
Çaşıb qalan aviadispetçer nə baş verdiyini anlamağa çalışır, amma Attadan ikinci mesaj şübhəyə yer saxlamır: AA11 qaçırılıb.
Terrorçular hər bir təyyarəni və onun kursunu, sürətini, hündürlüyünü müəyyənləşdirməkdə aviadispetçerlərə kömək edən cihazı – transponderi söndürürlər.
Bu, təyyarənin axtarışını çətinləşdirir.
Təyyarənin qaçırılması xəbəri hava nəqliyyatını idarə edən dövlət agentliyinin - Federal mülki aviasiya idarəsinin (FAA) instansiyalarını dolaşmağa başlayır.
Attanın “Bir neçə təyyarə bizim əlimizdədir” sözlərinin tam mənasını FAA və aviaşirkətlərin rəsmi şəxsləri anlayana qədər yarım saatdan çox vaxt keçir.
Bu arada bütün ölkədə aviareyslər heç nə olmamış kimi havaya qalxırlar. Onların arasında həmin gün ələ keçiriləcək dördüncü – sonuncu təyyarə də var.
08:42
“United Airlines” şirkətinin 93 saylı reysi (UA93) Nyu Cersi ştatı, Nyuark beynəlxalq hava limanından qalxır və San Fransiskoya istuqamət alır.
O, 08:00-da uçmalı idi, amma ləngidi. Bu təyyarə terrorçuların nəzərdə tutduğu hədəfə çatmayacaq və hesab olunur ki, bunda ləngimə də rol oynayıb.
Amma daha bir həlledici amil var. Təyyarə 7 heyət üzvü və dördü terrorçu olan 37 sərnişinlə yola düşür. Başqa təyyarələrdə isə onlar 5 nəfər idilər.
UA93 havaya qalxan dəqiqələrdə ikinci təyyarə - UA175 ələ keçirilir.
08:44
AA11 ələ keçirildikdən yarım saat sonra Nyu York üzərində peyda olur.
Səma buludsuzdur, yaxınlıqda başqa təyyarə yoxdur: dispetçerlər hesab edirlər ki, təyyarə Kennedi adına beynəlxalq hava limanına uçur və başqa təyyarələrdən ona yol verməsini xahiş edirlər.
Riskə baxmayaraq, stüardessa Medlin Suini təyyarənin quyruq hissəsində yerləşən telefon vasitəsilə “American Airlines”in meneceri Maykl Vudvorda bütün baş verənləri danışır.
AA11 aşağı enməyə başlayır, amma Kenedi hava limanına yönəlmir. “Nə isə normal deyil, Mayk...Biz sürətlə enirik”, - Suini deyir.
Vurvord onun pəncərədən nə gördüyünü soruşanda cavab verir: “Su görürəm. Binalar görürəm... Biz aşağıdan uçuruq. Biz çox, çox aşağıdan uçuruq. Biz həddən artıq aşağıdan uçuruq”.
Bir neçə saniyə sonra: “Aman Tanrım, biz çox aşağıdan uçuruq!”
Əlaqə kəsilir.
08:46
AA11 reysi Ümumdünya ticarət mərkəzinin əkiz qüllələrindən biri olan Şimal qülləsinə, 30 ilə yaxın müddətdə Nyu Yorkun siluetinin ayrılmaz hissəsi olan 110 mərtəbəli binaya çırpılır.
Heç kəs heç nə anlamır.
Konstans Labetti birinci təyyarənin yaxınlaşdığını görəndə Cənub qülləsinin 99-cu mərtəbəsində idi.
“Mən donub qaldım. Hərəkət etmirdim, - Labetti deyir. – Təyyarənin getdikcə yaxına uçmasını görürdüm Onun quyruğundakı “AA” hərflərini və kabinənin şüşələrini görürdüm. O qədər yaxında idim”.
Zərbə 93-99-cu mərtəbələri tutur və dərhal yüzlərlə adamı öldürür.
Zərbə nəticəsində 92-ci mərtəbədən başlayaraq yuxarıya gedən bütün pilləkənlər yararsız hala düşür. Yüzlərlə adam tələdə qalır.
Qəza zamanı təyyarənin yanacağı alov kürəsi şəklində partlayır, dalğa yerin altındakı dördüncü mərtəbəyə qədər çatır. Bəzi yerlərdə hərarət 1000°C qədər yüksəlir, qatı qara tüstü təkcə Şimal qülləsinin deyil, Cənub qülləsinin də yuxarı mərtəbələrini bürüyür.
Cənub qülləsində daxili rabitə sistemi hamıya yerlərində qalmağı tapşırır, amma Labettinin “Aon Corporation”da rəhbəri Ron Fatsio hamıya binanı dərhal tərk etməyi əmr edir.
Bu qərar onlarla adamın həyatını xilas edir.
08:47
Prezident Corc Buş Florida ştatı, Sarasota şəhərində Emma Buker adına ibtidai məktəbin sinfinə daxil olmağa hazırlaşır. “İkimühərrikli pərli kiçik təyyarə”nin əkiz qüllələrdən birinə çırpıldığını ona xəbər verirlər.
Buşa əlavə heç bir informasiya olmadığını deyirlər və o, sinfə daxil olaraq uşaqlarla söhbətə başlayır.
Birinci təyyarənin qaçırılması FAA-nın bilməsindən 20 dəqiqə keçsə də, Vaşinqtonda başqa bir qurumun bu haqda bilməsi barədə heç bir məlumat yoxdur.
Ağ ev də bu haqda heç nə bilmir.
Vitse-prezident Dik Çeyni xəbəri televiziyadan eşidir və onun reaksiyası bütün dünyadakı milyonlarla adamın reaksiyası ilə eyni olur: “Lənət şeytana, təyyarə Ümumdünya ticarət mərkəzinə necə çırpıla bilər?”
Təxminən bu vaxt terrorçular üçüncü təyyarəni – AA77-ni ələ keçirirlər.
08:56
Zərbədən 10 dəqiqə sonra Şimal qülləsinin yuxarı mərtəbələrində alovdan və tüstüdən gizlənmək üçün çox az yer qalır.
Bəziləri açıq pəncərələrdən yıxılır – ya da tullanırlar və 300 metrlik hündürlükdən yerə çırpılırlar.
Faciə yeni şəkil alır.
09:01
FAA Nyu York hava nəqliyyatının idarə edilməsi mərkəzində tam xaos hökm sürür. İkinci təyyarə, UA175 transponderi söndürməməsinə və kursundan xeyli kənara çıxmasına baxmayaraq maneəsiz şəhərin üzərinə uçur.
Mümkün yeni ələ keçirilmə barədə informasiya FAA-ya yetişəndə nə isə etmək üçün artıq çox gecdir.
09:03
UA175 Ümumdünya ticarət mərkəzini Cənub qülləsinə çırpılaraq 77-85-ci mərtəbələr arasından içəri girir.
Birinci zərbədən cəmi 17 dəqiqə keçib.
Nyu York tarixində ən böyük miqyaslı xilasetmə əməliyyatı başlayır.
Təyyarə Cənub qülləsinə çırpılanda Konstans Labetti hələ pilləkənləri düşür.
“Elə təəssürat yarandı, sanki, kimsə binanı qaldırdı, möhkəm silkələdi və yerinə qoydu. Mən məhəccərdən möhkəm tuta bildim və ona görə yıxılmadım, amma çoxları pilləkənlə aşağı diyirləndilər”, - o, 11 sentyabr hadisələri haqqında rəsmi ifadəsində deyir.
Labetti aşağı düşə-düşə fikirləşir ki, Şimal qülləsi onların binasının üzərinə aşıb.
Amma teleekran qarşısında milyonlarla insan ikinci təyyarənin Cənub qülləsinə çırpıldığını görüb.
Artıq bədbəxt hadisədən söhbət gedə bilməz.
Cənub qülləsində pilləkənlərdən biri salamatdır, amma onunla düşmək asan deyil. Alov, tüstü, qaranlıq və aviasiya yanacağının kəskin iyi təxliyəni çətinləşdirir.
Daha bir problem mövcuddur: təcili yardım xidmətləri daxil olan zənglərə cavab verməyə macal tapmır və insanlara xilasedicilər gələnə qədər olduqları yerdə - fərqi yoxdur, zərbə yerindən yuxarıda, yoxsa aşağıdadırlar, müstəqil təxliyə ola bilirlər, ya yox, - qalmağı məsləhət görürlər.
Rəqəmlər fərqlənir, amma görünür, zərbə yerindən və daha yuxarıdan çıxa bilən insanların sayı 20-dən çox deyil.
09:05
Buş hələ də məktəblilər qarşısındadır. Ağ ev administasiyasının başçısı Endrü Kard ikinci təyyarənin ikinci qülləyə çırpılması xəbərini onun qulağına pıçıldayır.
Prezident öz yerində qalır, yüngülcə başını tərpədir və dodaqlarını sıxır.
“Böhran zamanı təlaşa qapılmamaq mühümdür. Ona görə mən də sinfi tərk etmək üçün münasib vaxt gözlədim. Dramatik hərəkətlər etmək, stuldan atılmaq və uşaqlarla dolu sinfi qorxutmaq istəmirdim. Bu üzdən gözləməli oldum”, - Buş sonralar “11 sentyabr: prezident qərargahında” sənədli filmində BBC-yə dedi.
09:24
İkinci təyyarənin çırpılmasından sonra “American Airlines” və “United Airlines” öz təyyarələrinə havaya qalxmağı qadağan etmək qərarına gəlirlər.
“United Airlines”in 40 ildən çox stajı olan dispetçeri Ed Ballincer daha irəli gedərək işlədiyi bütün reyslərə xəbərdarlıq edir.
Belələrindən biri UA93 reysidir. Bir neçə dəqiqədən sonra o da qaçırılacaq.
“Kabinəyə istənilən müdaxilədən qorunun. İki təyyarə Ümumdünya ticarət mərkəzinə çırpılıb”, - Ballincer pilotları xəbərdar edir.
UA-93 pilotu Ceyson Dal çaşıb qalaraq soruşur: “Ed, son xəbərinizi təsdiq edin, lütfən, Ceyson”.
Cavab çox gec gəlir.
Ballincer daha aydın mesaj göndərmədiyi üçün bu gün də təəssüflənir.
09:28
UA93 reysi qəza siqnalı göndərir. Möhkəm çaxnaşma fonunda kapitanın, yoxsa ikinci pilotun səsi eşidilir.
Ohayo ştatı, Klivlenddə dispetçerlər qəza siqnalını alırlar, amma heç nə edə bilmirlər – təyyarə ələ keçirilir.
Digər üç təyyarə ilə müqayisədə UA93-ün qaçırılması xeyli gec, uçuşdan 46 dəqiqə sonra baş verir. Bu əlavə vaxt və 42 dəqiqə ləngimə reysin taleyini həll edir.
Livan vətəndaşı Ziyad Cərrahın başçılıq etdiyi yaraqlılar öz taktikalarını təkrar edirlər: sərnişinləri bomba ilə qorxudaraq arxaya göndərirlər və təyyarəni hava limanına qaytaracaqlarını deyirlər.
Arxaya sığınan insanlar təyyarənin telefonlarından və mobil telefonlardan yaxınlarına zəng etməyə başlayırlar.
UA93-dən ümumən 37 zəng olur.
Beləcə, sərnişinlər Nyu Yorkdakı hücumları bilirlər və əgər hərəkətə keçməzlərsə, onları gözləyən aqibətdən agah olurlar.
09:34
Vaşinqtonda Ədliyyə nazirliyindəki rəsmi şəxslər artıq üçüncü təyyarənin qaçırılmasından xəbərdardırlar.
Baş solisitor Teodor Olson bu xəbəri AA77 ilə uçan arvadı Barbaradan eşidir.
FAA yarm saat ərzində təyyarənin yerini müəyyənləşdirməyə çalışır, amma onun da transponderi söndürülüb.
Məmurlar bunu hərbçilərə xəbər verməyi qərara alırlar.
“Biz AA77-ni də itirmişik”, - FAA mərkəzi ABŞ-ın hava məkanının müdafiəsinə cavabdeh olan Şimali Amerika hərbi-kosmik müdafiə komandanlığına (NORAD) xəbər verir.
Vaşinqton Ronald Reyqan hava limanında rəsmi şəxslər müəyyən olunmamış təyyarənin Ağ evə tərəf uçduğunu ABŞ Məxfi xidmətinə bildirirlər.
Ölkənin vitse-prezidentini yeraltı bunkerə salırlar.
Amma təyyarə 330 dərəcə dövr edir.
O, daha Ağ evə, ya da Kapitoliyə yox, cəmi 8 kilometrlik məsafədə olan Pentaqona tərəf 850 km/saat sürətlə uçur.
09:37
AA77 Pentaqonun qərb qanadına çırpılır. Alov kürəsi 60 metr hündürlüyə qalxır.
Təyyarədə 64 nəfər və binada 125 nəfər partlayışın qurbanı olur. Onlarla adam ciddi xəsarət alır.
Xəbər kanalları bütün diqqəti əkiz qüllələrdə cərəyan edən dramatik hadisələrə yönəldiblər, Pentaqon fəlakəti arxa plana keçir.
Amma prezident Buş bunu başqa cür yaşayır. Onun sözlərinə görə, məhz həmin vaxt ölkənin müharibə vəziyyətində olduğunu dərk edir.
“Birinci təyyarə qəza ola bilərdi. İkincisi aşkar hücum idi. Üçüncüsü müharibə elanı idi”, - Buş sonralar bu barədə deyəcək.
09:42
Pentaqona hücumdan sonra FAA görünməmiş qərar qəbul edir və bütün kommersiya reyslərinə ən yaxın hava limanında enməyi əmr edir.
4,5 min təyyarə yerə enir. Amma bir təyyarə hələ havadadır: qaçırılmış və transponderi söndürülmüş UA93.
09:57
UA93 sərnişinləri və heyət üzvləri anlayırlar ki, terrorçuları durdurmaq üçün bir şey etməyə çalışmasalar, ölümə məhkumdurlar.
Keçmiş stüardessa Elis Houqland AA93-də olan oğlu Mark Binqhemə iki səsli mesaj göndərir.
“Mark, anadır. Sizin təyyarəni terrorçular qaçırıblar. Çox güman, onlar yerdə nəyisə partlatmaq istəyirlər. Onların öhdəsindən gəlmək üçün əlindən gələni et”, - birinci xəbərdə deyilir.
Elis ikinci xəbərdə daha tələsik tonla danışır: “Bir reys San Fransiskoya gedir. Ola bilər sizin reysdir. Ona görə də bir neçə adam topla və onu nəzarətə almaq üçün mümkün olanı et. Mən səni sevirəm, əzizim. Uğurlar. Hələlik”.
Təyyarədən ötürülən informasiyaya görə sərnişinlər və heyət üzvləri səsvermə keçirirlər və qərara gəlirlər ki, ən yaxşı strategiya terrorçularla mübarizədir.
09:58
Cənub qülləsi uçur.
Çöküş cəmi 11 saniyə çəkir.
Binadakıların hamısı həlak olur. Ümumdünya ticarət mərkəzi kompleksinin içində yerləşən Mariott otelində və küçədə qurbanlar var.
Konstans Labetti uçqundan bir an əvvəl binadan çıxır. O, ertəsi gün öyrənir ki, əməkdaşlara təxliyə olmağı əmr edən Fatsio özü binadan çıxa bilməyib.
10:03
UA93 reysində terrorçuları təyyarəyə nəzarətdən məhrum etməyə çalışan sərnişinlər 6 dəqiqə ərzində pilot kabinəsinə girməyə çalışırlar.
“Qara qutu” möhkəm zərbələrin, çığırtıların, sınan şüşələrin və qab-qacağın səsini qeydə alır – sərnişinlər güclə qapını açmağa çalışırlar.
Sükan arxasında olan Ziyad Cərrah sərnişinlərin müvazinətlərini itirməsi üçün təyyarəni sağa, sola endirir. Digər terrorçu qapını bloklayır.
Cərrah deyir: “Vəssalam? Yekunlaşdırırıq?” Digər yaraqlı cavab verir: “Yox. Hələ yox. Hamı yığışanda yekunlaşdırarıq”.
Təyyarə öz hədəfindən – Kolumbiya dairəsi, Vaşinqtondan hələ 20 dəqiqəlik uçuş məsafəsindədir.
Cərrah bir daha təyyarəni yerə çırpmağı təklif edir. Bu dəfə ona müsbət cavab verirlər.
UA93 burnu üstdə aşağı şığıyır. Terrorçulardan biri “Allahu əkbər” qışqırır.
Təyyarə 950 km/saat sürətlə Pensilvaniya ştatı, Şanksvildə boş sahəyə çırpılır.
Sağ qalan yoxdur.
UA93 reysinin öz hədəfinə - Ağ evə və ya Kapitoliyə çatmasının qarşısını almaq üçün hərbçilərə təyyarənin vurulmasını əmr edən Ağ evdə hələ bir neçə dəqiqə təyyarənin vurulub-vurulmadığını bilmirlər.
10:28
AA11-in Şimal qülləsinə çırpılmasından 100 dəqiqədən bir qədər çox vaxt keçib. Bina Cənub qülləsindən iki dəfə çox müqavimət göstərir, amma sonda 9 saniyə ərzində çökür.
Həlak olanların sayına görə (19 terrorçu sayılmadan 2977 nəfər) 11 sentyabr hücumu ABŞ ərazisində ən ölümcül terror aksiyasıdır.
Bu, həm də ABŞ tarixində xilasedicilər üçün ən ölümcül gündür. Təkcə Nyu Yorkda 343 nəfər yanğınsöndürən həlak oldu.
Bundan əlavə, ABŞ xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin məlumatına görə, 400 minə yaxın insan emosional da daxil olmaqla müxtəlif xəsarətlər aldılar, toksinlər təsirinə məruz qaldılar ki, bu da xroniki xəstəliklərə və hətta ölümlərə səbəb oldu.
11 sentyabrın fəsadları bu gün də hiss olunur.
ABŞ Üsamə bin Ladenin izi ilə Əfqanıstana girdi.
Prezident Buşun “terrorizmlə müharibə” doktrinası 2003-cü ildə İraqa müdaxiləyə səbəb oldu.
11 sentyabrın 20-ci ildönümünə bir neçə həftə qalarkən ABŞ-ın Əfqanıstandan çıxması daha böyük zorakılıq və iğişaşlarla məyus etdi.
Taliban yenə hakimiyyətə qayıtdı.
Terrorla mübarizə tarixi hələ yekunlaşmayıb.
Mənbə: BBC
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Ermənistan XİN: Qarabağ erməniləri Azərbaycanın nəzarəti altında yaşaya bilər
armedia.am
en.kremlin.ru
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır