50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
GETTY IMAGES
Yarım əsr əvvəl ərəb ölkələri İsrailə qarşı müharibəyə başladılar, ABŞ isə gənc yəhudi dövlətini müdafiə etdi və Məşhər günü savaşında həyatda qalmaqda yardımçı oldu. Ərəblər buna cavab olaraq, Qərbə qarşı neft embarqosu tətbiq etdilər. Bu embarqo dünya iqtisadiyyatını, enerji siyasətini və Yaxın Şərqdə qüvvələr bölgüsünü həmişəlik dəyişdi. Düz 50 il sonra tarix təkrar olunur: İsrail hücuma məruz qalır, ABŞ köməyə gəlir, ərəb ölkələri hiddətlənir. Bu dəfə də embarqo ola bilərmi?
Əgər Yaxın Şərqin və Şimali Afrikanın neft-qaz şeyxləri hasilatı azaltmağı və “qeyri-dost ölkələr”ə tədarükü məhdudlaşdırmağı razılaşdırsalar, dünya iqtisadiyyatı dərin böhran təhlükəsi ilə üzləşər. O, zatən postkovid inflyasiyası, Qərbin Çinlə ticarət savaşı, Rusiyanın Ukraynaya qarşı hərbi və Avropaya qarşı qaz təcavüzünün nəticələri ilə taqətdən düşüb.
OPEC-in ərəb ölkələri və onlara qoşulan Rusiya Qərbə qarşı neft silahından yenə istifadə etməyə hazırdırlarmı? Əgər hazırdırlarsa, Qərb belə ssenariyə hazırdırmı?
Mümkün embarqo haqqında nə deyirlər
“Yaxın Şərqdə o dövrdəki və indiki böhranlar arasında paralellər var, amma ciddi fərqlər də var: dünya energetikası 1970-ci illərdən güclü şəkildə dəyişib və göz önündə dəyişməkdə davam edir”, - Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol deyir.
“Dünya 50 il əvvəlkindən daha hazırlıqlıdır. Biz nə edəcəyimizi və hara qaçacağımızı dəqiq bilirik”, - məhz həmin ərəb embarqosundan sonra inkişaf etmiş Qərb ölkələri tərəfindən yaradılan IEA-nın başçısı deyir.
İsrail əleyhdarları və Fələstin tərəfdarları embarqo haqda hələ heç nə demirlər. Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih 7 noyabrda keçirilən konfransda bu barədə suala gülərək belə cavab verib: “Bugünkü gün belə variantı nəzərdən keçirmirik. Səudiyyə Ərəbistanı danışıqlar yolu ilə sülhə nail olmağa çalışır”.
Ötən şənbə, noyabrın 11-də Ər-Riyadda keçirilən Ərəb dövlətləri liqasının və İslam konfransı təşkilatının sammitində də ABŞ və İsrailə təzyiqlər haqqında çox danışılsa da, enerji sanksiyalarını kimsə xatırlatmayıb.
ABŞ və İsrailin qəvi düşməni, İranin ali rəhbəri ayətullah Əli Xameneyinin heç olmasa İsrailə tədarükü məhdudlaşdırmaq təklifi belə dəstək tapmayıb.
İsrail dünya miqyasında bir damcı idxal edir – gündə 300 min barrel, o cümlədən Azərbaycan və Qazaxıstandan. OPEC məmurları ayətullahın təklifinə təşkilatın neft təchizatını siyasiləşdirmək niyyətində olmadığını bildirməklə cavab veriblər.
OPEC+ ölkələri hakimiyyətlərinin nə düşündüyünü kartelin 26 noyabrdakı növbəti görüşü zamanı biləcəyik.
Embarqo əvvəllər necə tətbiq olunub
Ərəb ölkələri və İran mübahisəli Fələstin torpaqlarında 1950-ci illərdən bəri hər hərbi və humanitar böhran zamanı “neft silahı”ndan istifadəni müzakirə ediblər.
Onlar iki dəfə embarqoya əl atıblar. 1967-ci ilin Altıgünük müharibəsi zamanı effektsiz və 1973-cü ilin Məşhər günü savaşı zamanı çox effektli.
Həm Qərb, həm ərəb ölkələri o hadisələrdən nəticə çıxarıblar. Ona görə də indi kimsə embarqodan danışmır və kimsə onu gözləmir.
Doğrudur, 50 il qabaq İsrail eynilə indiki kimi kimsənin ona hücum edəcəyini gözləmirdi. Eynilə ABŞ da neft embarqosunu az ehtimallı sayırdı. Amma ikisi də baş verdi.
İsrailə hücumdan 10 gün sonra ərəb ölkələri ABŞ-a, Niderlanda və bir sıra başqa qərb ölkələrinə neft satmaqdan imtina etdilər. Bundan əlavə, Fars körfəzinin şeyxləri və İran şahı neftin qiymətini 70 dollara qaldırmağı razılaşdırdılar.
Embarqo və hasilatı azaltmaq qərarı neft qiymətlərinin beş dəfə artmasına səbəb oldu. O dövrdə neft əsas enerjidaşıyıcısı idi və qiymət sıçrayışı dünya iqtisadiyyatında böhrana səbəb oldu. Avropa, ABŞ və Yaponiyada müharibədən sonrakı iqtisadi möcüzənin sonu gəldi.
1973-cü ildən 1975-ci ilə qədər ABŞ iqtisadiyyatı 6% azaldı, işsizik isə ikiqat artaraq 9 faizə çatdı. Yaponiyada İkinci dünya müharibəsindən sonra ilk dəfə ÜDM azaldı. Amma özlərinin neft hasilatı olmayan inkişaf etməkdə olan ölkələr – Çin və Hindistan da daxil – daha çox zərər gördülər.
İnkişaf etmiş ölkələr yalnız 1976-cı ildə artıma qayıtdılar, amma yüksək inflyasiya hələ uzun illər onları təqib etdi. Bunun səbəbi təkcə ərəb embarqosu deyildi – müharibədən sonrakı iqtisadi artımın azalması və qiymət artımı bir neçə il daha əvvəl başlamışdı. Ancaq embarqo katalizator rolunu oynadı və yığılan problemlər qlobal böhrana çevrildi.
Embarqo qısamüddətli oldu. Onu düz beş ay sonra, 1974-cü il martın 18-də qaldırdılar. İki səbəbdən.
Birincisi, ərəblər istəmirdilər ki, böhran neftə tələbatı tam öldürəcək qədər dərinləşsin. ABŞ və Avropa yeni reallığa tədricən alışmağa başladılar və nəticədə Yaxın Şərq neftinin permanent defisiti şəraitində yaşamağı öyrəndilər. OPEC ölkələri isə Qərbin neft şirkətlərinin hegemonluğundan sonra neft bazarında əsas qüvvə kimi yenicə təsdiqlənmişdilər. Yüksək qiymətlər dünyasında yaşamaq xoşlarına gəlirdi və alıcıların müflisləşməsi onların planlarına daxil deyildi.
İkincisi, embarqo əsas məqsədinə çatmadı. ABŞ və müttəfiqləri İsraili dəstəkləməkdən vaz keçmədilər. Bundan əlavə, amerikalılar embarqo qılıncı altında Misir və Suriya ilə İsrail arasında barışığın təminatçısı olmaqdan qəti boyun qaçırdılar. Embarqo götürülən kimi mütərəddid barışıq yarandı. O vaxtdan ərəb ölkələri toplu halda İsrailə hücum etməyiblər.
Embarqo ehtimalı indi niyə azdır
O dövrlə müqayisədə indi Yaxın Şərqlə Qərb arasında neft müharibəsi ehtimalını ciddi azaldan bir neçə önəmli səbəblər var. Bunlar aşağıdakılardır.
Ümumən dünya neftdən daha az asılıdır. Daha dəqiqi, BVF-nun hesablamalarına görə, indi ilə müqayisədə 1973-cü ildə analoji maddi nemətlərin istehsalı üçün dünya iqtisadiyyatına 3,5 dəfə çox neft lazım idi.
IEA məlumatlarına görə, 1973-cü ildə dünyadakı elektrik enerjisinin yarısı neft və neft məhsullarından alınırdı. İndi isə üçdə biri.
Embarqoya qədər hamı neftə istinad edirdi. Sonra isə kömürə, qaza, atom enerjisinə.
Qərb özü neft çıxarmağa başladı və OPEC-ə alternativlər tapdı.
Embarqo enerji resusrlarının idxalından, xüsusən də qeyri-sabit regiondan ixdalından asılılığın zərərini ortaya qoydu. Avropa Şimal dənizində öz hasilatını tələsik artırdı. ABŞ Alyaskadan neft borusu çəkdi. Qərb şirkətləri Yaxın Şərqdən kənardakı neft hasilatına investisiyaları artırdı.
ABŞ-ın zəngin neft sərvətləri haqda filmlərlə böyümüş amerikalılar embarqodan xüsusilə şok keçirdilər.
“1973-cü ildə ABŞ ən böyük neft idxalçısı idi. İndi ən böyük hasilatçıdır və iri ixracçıdır”, - neft sənayesinin əsas tarixçisi, “Hasilat: Neft, pul və hakimiyyət uğrunda mübarizənin dünya tarixi” adlı bestsellerin müəllifi Deniel Yergin baş verən dəyişikliyi belə izah edir.
O zaman canlanma idi, indi durğunluq
1967-1973-cü illərdə Yaponiya və Avropanın iqtisadiyyatı müharibədən sonrakı dövr üçün görünməmiş iqtisadi canlanma yaşayırdı. ABŞ-da da enerjiyə tələbat rekord templərlə artırdı. Ölkənin neft sənayesi əvvəlki güc ehtiyatını itirmişdi – bütün mədənlərdə hasilat 100% idi. Təklif yalnız Yaxın Şərqin hesabına artırdı, bu da OPEC üçün Qərbə qarşı təzyiq vasitəsi yaradırdı.
İndi dünya iqtisadiyyatı sönük artır. İnkişaf etmiş ölkələrin keçən ilki 2,6 faizlik artımı BVF-nun proqnozuna görə, bu il və növbəti illərdə 1,5 faizə qədər azalacaq.
O zaman ABŞ-da siyasi böhran vardı, indi yoxdur
Bəli, Konqres İsrail və Ukraynaya yardım ətrafında, cari xərclərin maliyyələşməsi haqda və borc tavanı barədə sonu görünməyən mübahisələr aparır. Bəli, növbəti ildə seçkilər olacaq və proqnozlaşdırılmayan Donalr Tramp yenidən prezident ola bilər. Amma bütün bunlar Amerikanın 1973-1974-cü illərdə yaşadıqları ilə müqayisə oluna bilməz.
Ali hakimiyyət “Uotorgeyt”lə iflic olmuşdu. Riçard Nikson prezidentliyi bahasına başa gələcək qalmaqalla məşğul idi. Ərəblərlə, yəhudilərlə və Kremllə Henri Kissincer, demək olar, muxtar şəkildə əlləşirdi.
“Bundan aldığımız dərs, düşünürəm ki, belədir: Vaşinqtonda qarışıqlıq olanda dünya daha çox təhlükəli olur”, - Deniel Yergin deyir.
Hər kəs özü üçün yox, hamı birlikdə
Qərbin həmin böhrandan çıxardığı daha bir dərs: yalnız birlikdə öhdəsindən gəlmək olar.
Ərəb ölkələri embarqonu hamıya şamil etmədilər. Məsələn, Böyük Britaniya “dost ölkə” siyahısına düşdü. Amma daxili siyasi böhrana baxmayaraq, hətta bitaniyalılar da sonda idxalı azaltmalı oldular.
OPEC-in ixracı azaltması şəraitində Qərb ölkələri razılaşdılar ki, onların neft şirkətləri təchizatı elə bölüşdürəcəklər ki, müttəfiqlərdən kimsə ərəb şeyxlərinin istəyi üzündən daha pis vəziyyətdə qalmasın.
O zaman yaranan böhranla birgə mübarizə texnologiyası Avropa tərəfindən bu yaxınlarda da uğurla tətbiq olundu. Bütün AB ölkələri – hətta Kreml tərəfindən qazı bağlanılmayanlar da – qaz istehlakını 15% azaltdılar.
Nəticədə, Putinin hələ Ukraynaya təcavüzdən ilyarım əvvəl başladığı qaz savaşının artıq üçüncü qışında Avropa qalib gəlir.
İnformasiya yoxluğu = vahimə
Yarım əsr əvvəlki böhranın daha bir övladı – Beynəlxalq enerji agentliyi (IEA) Qərb ölkələri arasında antiböhran tədbirlərinin koordinasiyasında həlledici rol oynayır.
Qərb 1973-cü ildə hadisələrin gözlənilməz inkişafına hazır deyildi. Ehtiyatlar yox idi, neft təklifinin kəskin azalması halı üçün hazır ssenarilər yox idi. Hətta müttəfiqlərin enerji siyasətini koordinasiya etmək üçün vahid tələb-təklif dəyərləndirilməsi də yox idi.
IEA məhz bu boşluğu doldurmaq üçün yaradılıb. Doğrudur, agentlik tez-tez yanlış proqnozlar verir. Amma Avropada son enerji böhranı göstərdi ki, proqnozun pisi heç olmamasından yaxşıdır.
İndi məmurlar, biznesmenlər və maliyyəçilər qiymətlərin, tələb və təklif balansının yaxın gələcəkdə necə olacağını 1973-cü ildəkindən daha yaxşı təsəvvür edirlər.
“O zaman heç bir informasiya kanalı yox idi. Qiymətin necə olmalı olduğunu heç kim bilmirdi. Nəticədə, vahimə içində ala bildikləri hər şeyi istənilən qiymətə aldılar. Embarqo dünya istehlakının yalnız 9 faizini və ya bazarda satılan neftin 14 faizini əhatə etdi. Amma fəsadlar tamamilə başqa miqyasda oldu”, - Deniel Yergin xatırlayır.
İndi bütün kanallar yoluna qoyulub və fəaliyyətdədir, ehtiyatlar və istehsal haqqında məlumatlar, az qala, real zaman rejimində daxil olur. Amma bu reallığın əks tərəfi də var.
1973-cü ildən fərqli olaraq, indi qiymətin qalxması üçün ərəb ölkələrinin kuluarda belə pıçıldaşması kifayətdir. Şeyxlər bunun açıq və ciddi müzakirəsinə başlasalar, dünya qiymətlərinin üzərinə 100 faizlik embarqo ehtimalı gələcək.
“Neft silahı” qiymətlərə getdikcə daha az təsir edir
Neftin qiymətinin artmasından dəyən zərər indi xeyli aşağıdır, çünki 1973-cü ildə bazarlar, mərkəzi banklar və iqtisadiyyat əsasən yeni reallığa uyğunlaşmaq və inflyasiya hərarətini – müasir iqtisadiyyatın xəstəliyinin əsas simptomu – endirmək istiqamətin qurulmuşdu.
Əgər 1973-1974-cü illərdə qiymət artımı, məsələn, Britaniyada şaxtaçıların tətilinə və hökumətin dəyişməsinə səbəb oldusa, indi həmkarlar ittifaqları keçmiş qüdrətlərini itiriblər və yüksək inflyasiya zamanı işçilərə qiymət artımına müvafiq maaş artımına nail olmaq daha çətindir.
Buna görə də benzin və ya qaz qiymətinin artımı şirkətlərin və ya dövlətin dərhal əmək haqqı xərclərinin artmasına səbəb olmur, inflyasiya da 1970-ci illərdə olduğu qədər sürət toplamır. Üstəlik, mərkəzi banklar indi pul-kredit siyasətini müəyyənləşdirən zaman o vaxtkı kimi məşğulluğa deyil, qiymətlərə daha çox diqqət ayırırlar.
Səudiyyə Ərəbistanı
Yaxın Şərqin əsas neft ixracçısının iştirakı olmadan istənilən embarqo iflasa məhkumdur. Səudiyyə Ərəbistanı 1973-cü ildə könülsüz də olsa, embarqonu dəstəklədi. İndi vəziyyət tamamilə başqadır.
“İsrailə hücum edən Misir və Suriya ilə səudiyyəlilərin o zaman sıx əlaqələri vardı. İndi isə “Müsəlman qardaşlar”ın törəməsi olan və İranın qanadı altına sığınan HƏMAS ilə həmrəyliyin işartısı da yoxdur”, - “Foreign Affairs” üçün məqaləsində Texas A&M universitetinin professooru Qreqori Qauz yazır.
Özü də Səudiyyə Ərəbistanı qiyməti saxlamaq üçün Rusiya ilə birlikdə artıq bir dəfə hasilatı azaldıb.
“Hasilatın bundan sonrakı azalması ona heç nə qazandırmayacaq, çünki heç bir əlavə təzyiq aləti yaratmayacaq. Əvəzində təkcə ABŞ-da deyil, Çindəki istehlakçıları da onun əleyhinə çevirəcək”, - Qauz öz məqaləsində yazır və əlavə edir ki, dünyanın iki ən böyük hərbi və iqtisadi gücü ilə küsüşmək Səudiyyə Ərəbistanının faktiki hakimi şahzadə Məhəmməd bin Salmanın planlarında daxil deyil.
Ərəb neft embarqosu dünya enerji inqilabının alovunu yandıran qığılcım oldu. Dünya neftə qənaət etməyə və onun alternativini axtarmağa başladı. Yaxın Şərqdə yeni böhran Qərbi bərpa edilən enerjiyə doğru yolun yarısında haqlayıb.
“1970-ci illərdə bir çox ölkələr durduqları yerdən start götürməli oldular. Neft şoku enerji qənaətinə və atom enerjisinə qüvvətli impuls verdi. Amma buna vaxt lazım oldu, külək və günəş enerjisi də hələ rüşeym halında idi, - IEA rəhbəri Fatih Birol deyir. – Bu gün isə günəş batareyaları da, külək turbinləri də, elektromobillər də hazır və əlçatan gerçəklikdir. Yeni böhranlarla mübarizə üçün bizim uzunmüddətli qərarlarımız var”.
Mənbə: BBC
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
drive.com
Açıq mənbələrdən götürülüb