Dünya

50 il sonra. Vyetnam müharibəsi haqqında 8 məşhur film

16 Fevral, 2023
1452

Açıq mənbələrdən götürülüb

"Hamburger Yüksəkliyi" filmindən kadr

50 il əvvəl, 1973-cü ilin əvvəllərində ABŞ Vyetnam müharibəsində iştirakını rəsmən dayandırdı.

Səkkiz ilə yaxın davam edən müharibə Amerikanı dəyişdirdi. O, ABŞ tarixində ilk “sevilməyən”, amerikalıların kütləvi əleyhinə çıxdıqları müharibə oldu.

Kinematoqraf da kənarda qalmadı: 1970-1980-ci illərdə Vyetnam müharibəsi və onun Amerika üçün fəsadları haqqında çoxlu film çəkildi.  BBC onların bəzi ən məşhurları haqqında material hazırlayıb.

Toplum TV materialı azərbaycan dilində oxucularına təqdim edir.

“Taksi sürücüsü” (Taxi Driver), 1976-cı il

Film Trevis Bikl adlı kəmağıl və uğursuz gənc haqqındadır. O, tərxis olunduqdan sonra dinc həyatda özünə yer tapa bilmir, yuxusuzluqdan, tənhalıqdan və alkoqolizmdən əziyyət çəkir, vaxtının xeyli hissəsini pornofilmlər göstərilən salonlarda keçirir, nəhayət, silah alır, tanış fahişəxanaya gedərək qadın alverçisini və müştərilərini öldürməyə – öz qənaətincə, Nyu Yorku günahdan təmizləməyə - gedir.

Taksi sürücüsü filmi 

Martin Skorsezenin Kann festivalında Qızıl Palma Budağı mükafatına layiq görülən bu filmində müharibə o qədər gizlindədir ki, yalnız çox diqqətlə baxanda görmək olur. Məsələn, Trevisin gödəkçəsindəki “King Kong Company” emblemi kimi – qəhrəmanın xidmət etdiyi dəniz piyadaları bölüyü belə adlanırdı.

Buna baxmayaraq, “Taksi sürücüsü”nü Vyetnam müharibəsi haqqında simvol filmlərə aid edirlər. Axı burada Vyetnam müharibəsindən qayıdan minlərlə eyni dərəcədə tənha və psixikası korlanmış adamların narahatlıqları göstərilib.

https://toplum.tv/dunya/prusiyanin-ne-qeder-rezervi-var-ve-ne-vaxta-qeder-kifayet-edecekp

“Maral ovçusu” (The Deer Hunter), 1978-ci il

Rejissor Maykl Çiminonun “Maral ovçusu” Amerika əyalətindəki rus mühacirləri icmasında yaşayan üç gəncdən bəhs edir.

Onlar poladəritmə zavodunda işləyirlər, dolğun həyatları var: rus pravoslav kilsəsində nikah mərasimində iştirak etməlidirlər, “Korobuşka” və “Katyuşa” sədaları altında rəqs edəcəklər. Bütün bunlar döyüşmək üçün Vyetnama yollanmazdan əvvəl baş verir.

“Maral ovçusu”

Vyetnamda hər üçü vyetkonqlulara əsir düşür və “rus ruleti” oynamağa məcbur edilirlər. Onlar bu oyuna aludə olacaqlar və dəfələrlə, o cümlədən, bir-biriləri ilə oynayacaqlar. Bir dəfə birinin bəxti gətirməyəcək və güllə yeyəcək.

“Maral oçvusu” Vyetnam haqqında ən mübahisəli filmlərdən biridir, ümumiyyətlə, kino tarixində ən mübahisəli filmlərdən biridir. O, irəli sürüldüyü 9 “Oskar” nominasiyanın beşində qalib gəlib və kinotənqidçiləri indiyəcən onu müxtəlif siyahılara daxil edirlər.

Amma bir çoxları bu filmin şişirdildiyini düşünürlər: giriş çox uzun çəkir, filmdəki vyetnamlılar çox qəddar və insanlıqdan uzaqdırlar, üstəlik, real həyatda heç zaman əsirləri “rus ruleti” oynamağa məcbur etməyiblər.

SSRİ-də isə, ümumiyyətlə, filmin qəhrəmanlarının rus olmasından incik düşmüşdülər və nümayiş üçün almadılar. “Maral ovçusu” Rusiya prokatında yalnız 2019-cu ildə peyda oldu.

“Apokalipsis indi” (Apocalypse Now), 1979-cu il

Fransis Ford Koppolanın qəddarlıq və absurdun böyük poeması olan filmi müəllif variantında beş saatdan çox çəkirdi, amma sonra üç saata qədər qısaldıldı.

Onun qəhrəmanı, kapitan Benjamin Uillard (Martin Şin) və komandası Mekonq çayı ilə üzüyuxarı Komboca cəngəlliklərinə tərəf üzürlər. Onlar ABŞ ordusunun keçmiş zabiti, fərarilik edən, dəli olan və uzaq qəbilənin başçısına çevrilən Uolter Kurtsu (Marlon Brando) tapıb öldürməlidirlər.

Apokalipsis indi

Filmin əsas motivi getdikcə artan dəlilikdir. O, hələ helikopter bölüyünün bazasında – Uillardın dəstəsinin yola düşdüyü nöqtədən başlayır. Dəstənin rəhbəri qəfildən dəniz sahilindəki kəndi məhv etmək qərarına gəlir və bu zaman şəxsi heyətin itkilərini nəzərə almır, dinc əhaliyə rəhm etmir. Sadəcə ona görə ki, könlünə həmin yerdə serfinqlə məşğul olmaq düşüb.

“Valkiriyaların uçuşu” musiqisinin sədaları altında helikopterlərin meşəni və evləri napalmla yandırması bu filmin ən məşhur səhnəsidir. Həmin səhnədə komandirin dediyi “Səhərlər napalm qoxusunu sevirəm” fikri də qanadlı ifadəyə çevrildi.

Qəhrəmanlar çay boyu yuxarıya qalxdıqca düşdükləri vəziyyət daha da absurdlaşır. Axırda, nəhayət, Kurtsu tapanda isə tam mistika başlayır.

“İlk qan” (First Blood), 1982-ci il

Silvester Stallonenin qəhrəmanı Con Rembo franşizanın öldürücü effekti sayəsində yaddaşlarda, az qala, karikatur personaj kimi qalıb: onun üçün fərqi yoxdur kimi kütləvi şəkildə qırır – vyetkonqluları, talibləri, yoxsa Meksika narkokartelinin üzvlərini.

Amma Rembonun ekranda ilk dəfə göründüyü “İlk qan” superqəhrəman haqqında primitiv döyüş filmi deyil.  Bu film daha dərin və daha mürəkkəbdir – o, əsgərin döyüş meydanını tərk etdiyi halda belə döyüş meydanının əsgəri tərk etməməsi haqqındadır.

"İlk qan"

Hadisələr Vyetnamda deyil, Amerikanın əyalət şəhərində baş verir. Müharibə veteranı Con Rembo öz cəbhə yoldaşını tapmaq üçün buraya gəlir. Amma onu tapmadığından yad yerdə tamamilə tək qalır – maşınsız, dostsuz və perspektivsiz.

Rembonun hamıya qarşı döyüşü zabitin əmrlərinə tabe olmadığına görə döyüldüyü polis məntəqəsində başlayır. Öz qanını görəndə qəzəb püskürtüsü baş verir: əsirlikdə keçirdiyi dövr yadına düşür.

Süjet qırğınla nəticələnir - əvvəlcə şöbədə, sonra meşədə. “İlk qan onların boynundadır” – bütün bunları törətmə səbəbini qəhrəman belə izah edir.

Nəfəskəsici süjetdir, amma hansı xırda səbəbdən (Rembo onu sərgərdan hesab edən şeriflə mübahisəyə görə şöbəyə düşür) başladığı haqqında düşünəndə anlayırsan ki, veteran bütün bu müddət ərzində müharibəni içində gəzdirib, çölə çıxması üçün fürsət lazım idi.

“Quşcığaz” (Birdy), 1984-ci il

Amerika ucqarından iki gəncin – Vyetnam müharibəsindən keçən Quşcığaz və Elin dostluq əhvalatıdır. Müharibənin özü kadr arxasında qalır – rejissor Alan Parkerin filmində onların savaşdan öncəki və sonrakı həyatı göstərilir.

Müharibəyə qədər onlar qayğısız şəkildə qızlarla gəzirlər və uçuş aparatı icad edirlər. Müharibədən sonra isə Quşcığazın ağlı qaçır, özünün quş olduğunu düşünür, El isə psixiatrik xəstəxanada dostuna baş çəkir və həyata qaytarmağa çalışır.

“Quşcığaz” filmi

Elin də psixikası zədələnib, Vyetnamdan sonra qapalı məkanlardan qorxur. Üstəlik, özünün və dostunun həyatını şikəst edən müharibənin mənasızlığını dərk etməsindən doğan acı hiss onu tərk etmir: onların taleyi başqalarının anlamsız oyununda qurban verilib.

Filmin ən təsirli səhnələrindən biri Elin müharibədə öz iştirakını uşaqlıqda baş verən bir hadisə ilə - yaramaz birinin onu və Quşcığazı kirli biznesə cəlb etmək cəhdi ilə qəfil müqayisəsidir.

https://toplum.tv/dunya/pabs-rusiya-mexfi-danisiqlari-yayilibp

“Gülməlidir. Başqa müharibədə biz qəhrəman idik. Biz qəhrəman rolunu oynayarkən nəyə qoşulduğumuzu anlamırdıq. Həmişə belə olmuşuq. Filadelfiyadakı bir əbləh hökumətdən əvvəl bizi axmaq yerinə qoyurdu. Soqesa və itlərlə bağlı əhvalatı xatırlayırsan?”, - Quşcığazdan soruşur.

Sahibsiz itləri tutan və onları sallaqxanaya verən Soqesanın nə işlə məşğul olduğunu anlayan kimi ondan qaçmışdılar. Müharibədən qaçmağı bacarmırlar.

“Hamburger yüksəkliyi” (Hamburger Hill), 1987-ci il

Con İrvinin filmi real əhvalat – ABŞ ordusunun bir taqımının 1969-cu ilin mayında Hamburger Hill deyilən (“Ət maşını” təpəsi” kimi də tərcümə oluna bilər) 937-ci yüksəkliyi alması – əsasında çəkilib.

Bu filmi Vyetnam müharibəsi haqqında ən realist filmlərdən biri hesab edirlər. Baxmaq yetərincə ağırdır, çünki başlamasından yarım saat sonra qanlı döyüş səhnələri göstərilir, əsgərlər minada partlayırlar, artilleriya atəşi altına düşürlər, düşmənin möhkəmləndiyi nöqtəni almaq üçün uğursuz cəhdlər göstərəkən ayaqlarını və qollarını itirirlər.

“Hamburger yüksəkliyi” filmi

Döyüşlərarası fasilələrdə qızlar haqqında zarafat edirlər, evdən gələn məktubları oxuyurlar (audiokasetlərdə qulaq asırlar), Amerikanın problemlərini, eləcə də müharibə əleyhinə etirazları müzakirə edirlər. Və bir-birilərinin ardınca ölməkdə davam edirlər.

Nəhayət, 10 gün sonra yüksəklik alınır, yamaclardan yaralılar aparılır, taqımın əsgərləri həmin təpənin zirvəsində otururlar. Komandir isə uzağa baxır və yanaqlarından göz yaşı axır. Film burada sona çatır.

“Elə bu?” – bu yerdə tamaşaçı təəccüblənməlidir.

Bir an sonra final titrləri peyda olur, orada yazılır ki, film indi iştirakçıların özündən başqa heç kəsin adını xatırlamadığı yüksəkliklər və cığırlar uğrunda döyüşən əsgərlərə həsr olunur. “İnsanlar bu müharibəni sarsaq adlandırmağa cəsarət edən zaman, ondan geri qayıtmamış qəhrəmanları xoş sözlə yad etməyi unutmayın”.

“Sabahın xeyir, Vyetnam” (Good Morning, Vietnam), 1987-ci il

Film radioaparıcı Edrian Kronauer haqqındadır. O, Vyetnamdakı Amerika hərbçilərini hər gün səhər şousu ilə və ucadan “Saba-hın xe-yir, Vyet-naam” çığırtısı ilə salamlayırdı.

Deyib-gülən birisinin cəbhəyə düşərək ölkəsinin başqa xalqı öldürməsini görməsi və şəxsi heyətin itkiləri barədə öz xalqına yalan danışması haqqında sadəlövh komediya.

“Sabahın xeyir, Vyetnam” filmi

Onun Fan Duk To adlı yerli sakinlə dostluğu isə faciəyə çevrilir: yeni dostu vyetkonqlu çıxır və onun etibarından istifadə edərək Amerika hərbçilərinin toplaşdığı barda partlayış törədir.

Kronauer dostunu xəyanətdə və iki yaxşı oğlanın ölümündə ittiham edəndə, Fan Duk To cavab verir ki, belə baxanda, siz Vyetnama gəlmisiniz – mənim xalqımı və ailəmi öldürmək üçün.

Hərçənd, yaxşı oğlan Kronauer Amerika ordusunun hərəkətlərinə görə xəcalət çəkmir və dostunun ailəsinin ölümündən, Vyetnam xalqının faciəsindən daha çox özünün korlanan şəxsi işinə görə kədərlənir.

“Bütöv metal üzlük” (Full Metal Jacket), 1987-ci il

Böyük Stenli Kubrikin sonuncudan əvvəlki işi ilk növbədə əsgərlərin təlim düşərgəsində məşq səhnələri ilə yadda qalır. Burada onlardan professional qatillər hazırlayırlar.

Qəddar serjant Hartman yeni əsgərlərə qan uddurur, xüsusən də “sevimli”lərindən əl çəkmir. Belə sevimlilərdən biri Vyetnama yola düşməzdən əvvəlki gecə Hartmanı öldürür və intihar edir. Bölük isə cəbhəyə gedir və orada həlak olur.

“Bütöv metal üzlük” filmi

Bu filmin yaranma hekayəsinin maraqlı bir cəhəti var. Serjant Hartman rolunun ifaçısı Ronald Li Ermi Vyetnam müharibəsinin həqiqi veteranıdır və çəkilişlərə məsləhətçi kimi cəlb olunmuşdu.

Amma Kubrik onun əsgərləri alçatlmaq üsullarını necə yaxşı izah etdiyini görəndə serjant Hartman rolunu özünün oynamasını təklif etdi. Hərçənd, müqaviləyə görə bu rolu aktyor Tim Kolseri oynamalı idi.

Erminin öz roluna girməsi üçün çox vaxt lazım gəlmədi – həqiqi əsgərlərlə etdiyini indi aktyorlarla edirdi.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo