Dünya

ABŞ-da prezidentlik yarışı: Desantis Trampa qalib gələ biləcəkmi?

5 İyun, 2023
640

NPR

Desantis - Tramp

Quantanamodan qubernator kreslosuna

Ron Desantisin əcdadları ABŞ-a XX əsrin birinci yarısında köçən italiyalı  mühacirlərdir. Onun valideynləri Ohayoda universitetdə oxuyarkən tanış olublar və tezliklə Floridaya köçüblər. Desantis Yel və Harvard kimi Amerikanın ən nüfuzlu universitetlərində əvvəlcə tarixi, sonra hüququ öyrənib.

O, 2004-cü ildə donanmada hərbi xidmətə başlayıb. Burada onu hərbi prokurorlar korpusuna daxil ediblər və iki ildən sonra Kuba adasındakı Quantanamoya göndəriblər. Desantis orada məhbusların şikayətlərini araşdırmalı idi. Sonralar dustaqların bəziləri onun bir çox şikayətlərə etinasız yanaşmasını və aclıq edənlərin zorla yedizdirilməsinə mane olmadığını söyləyirdilər. Onun həbsxanada yarımillik xidməti ərzində ən azı üç məhbus həlak olub. Sonra “Dəniz pişkləri” xüsusi təyinatlılarının hüquqşünası oldu və İraqa göndərildi. 2010-cu ildə istefaya çıxdı.

Ron iki ildən sonra Nümayəndələr palatasına seçildi. Burada mühafizəkar və libertarian baxışların birləşdirdiyi respublikaçı deputatların “Freedom caucus” fraksiyasının banilərindən biri oldu. 2018-ci ildə isə Donald Trampın dəstəyi ilə Florida qubernatoru seçkilərində 0,4% üstünlüklə qalib gəldi.

https://toplum.tv/dunya/pboston-faciesi-qafqazli-qardaslari-terror-toumlretmeye-ne-vadar-etdip

Yeni qubernator effektli iqtisadi islahatlar keçirdi: vergiləri və büdcə xərclərini azaltdı, ştat ümumi regional məhsul (ÜRM) və əhali axınına görə liderlərdən biri oldu. Dörd ildən sonra 20% kimi rekord üstünlüklə qalib gəldi. 

Bununla belə, Desantisin ştatdaxili populyarlığına baxmayaraq, onun bəzi qərarları federal səviyyədə kəskin qalmaqal doğurur.

Koviddən azadlıq

Desantis, bir çox qubernatorlar kimi,  koronovirus epidemiyasının əvvəlində öz ştatında lokdaun tətbiq etdi, amma tezliklə məhdudiyyətəri aradan qaldırmağa başladı. O, kollektiv immunitet ideyasını irəli sürür, lokdaunu tənqid edən alimlərlə görüşürdü. Aviauçuşlara qoyulan məhdudiyyəti turizmlə yaşayan Floridaya girişi qəsdən qadağan cəhdi adlandırırdı.

Qubernator israr edirdi ki, lokdaunlar amerikalıların azadlığını məhdudlaşdırır, baxmayaraq ki, pandemiyanın qurbanları əsasən yaşlı adamlardır. Buna görə də məktəbdə əyani təhsili ilk bərpa edənlərdən biri oldu və qoruyucu maska taxmaq məcburiyyətini ləğv etdi. Vaksinasiya zamanı qubernatoru ilk növbədə “ağ”, əsasən respublikaçılara səs verən zəngin və mühafizəkar rayonları peyvəndlə təmin etməkdə günahlandırırdılar.

Desantis elmi məlumatlara münasibətini siyasi qazanc naminə dəyişirdi. Əvvəlcə vaksinasiyanı dəstəkləyirdi, amma respublikaçı seçicilər arasında skeptizm çoxaldıqca, kampaniyanın effektliyini şübhə altına qoymağa başladı. Gənclərin koronavirusdan peyvənd olunmalarını lazımsız sayan alimi baç sanitar həkim təyin etdi. Məktəblərdə maska taxmağı məcbur edən dairə rəhbərləri ilə mübarizə apardı, müəssisələrin öz əməkdaşlarını vaksinasiyaya məcbur etməsini qadağan edən qanun imzaladı.  2023-cü ildə də özəl müəssisələrə müştərilərdən koronavirus testinin nəticələrini tələb etməyi qadağan etdi.

Bu zaman Ron Desantis ölkədəki ən populyar qubernatorlaran biri olaraq qalırdı. Pensiyaçıların sayına görə Floridanın lider olmasına baxmayaraq, - əhalinin 20 faizindən çoxu 65 yaşdan qocadır, - koviddən ölüm sayına görə, bütün ştatlar arasında yalnız 12-cidir.

Respublika klassikası

Desantisin qubernator postunda yürütdüyü siyasət mühafizəkarlar üçün səciyyəvi idi – xüsusən də silah dövriyyəsi üzərində nəzarət və abortların tənzimlənməsi sahələrində.

Məktəblərdə bir sıra gülləbaranlardan (şutinq) sonra o, müəllimlərə odlu silah gəzdirmək icazəsi verən qanun layihəsini imzaladı, 2023-cü ilin aprelində isə ştat sakinlərinə ayrıca lisenziya olmadan gizli şəkildə tapança gəzdirməyə icazə verdi.  Başqa qanunla kredit kartlarına xidmət edən şirkətlərə silah alışını izləmək qadağan edildi, hərçənd, bu, cinayətkarları daha tez tapmağa kömək edərdi.  

Bundan əlavə, ABŞ Ali məhkəməsi 2022-ci ilin yayında aborta münasibəti ştatların ixtiyarına verəndən sonra Florida da abortları qadağan edən və ya məhdudlaşdıran digər mühafizəkar ştatlara qoşuldu. Əvvəlcə 15 həftəlik hamiləlikdən sonra abortlar qadağan olundu, amma tezliklə qanunu sərtləşdirdilər və 6 həftədən sonrakı abortlara da şamil etdilər. Yalnız ananın sağlamlığına təhlükə, insest və ya zorlama hallarında istisnalar mümkündür: bu halda qadın abort üçün əsası olmasını məhkəmə orderi və ya polis hesabatı ilə təsdiqləməlidir.

Mədəni müharibə

Cəmi 7 il əvvəl, Florida qubernatorluğuna ilk dəfə iddia edərkən Desantis “mədəni müharibələrə” qarışmağın onun üçün maraqlı olmadığını deyirdi – o zaman transgender insanların özlərinin gender identikliyinə uyğun tualet seçmək hüquqları geniş müzakirə olunurdu.  İndi isə onun siyasətinin əsas qayəsini məhz trans-insanların hüquqları ilə mübarizə təşkil edir.

Qanun layihələrinin bütöv silsiləsi “gender ideologiyası”nın və “kritik irqi nəzəriyyə”nin məhdudlaşdırılmasına yönəlib. Parlament ştatın 2022-ci qəbul etdiyi və tənqidçilərin “Donʼt Say Gay Bill” adlandırdıqları qanun dərs zamanı gender və seksual identikliyi müzakirə etməyi müəllimlərə qadağan edir. Məktəb işçilərinə şagirdlərdən üstünlük verdikləri əvəzlikləri soruşmaq və bioloji cinslə uyğun gəlmədiyi halda belə istfadəyə icazə verməyi qadağan ediblər.

Qanun əvvəlcə aşağı siniflərə aid idi, sonra isə bütün siniflərə şamil etdilər. Üstəlik, məktəblər mühafizəkar valideynlərin və məmurların şikayət etdikləri kitabları yoxlamalı və kitabxanalardan çıxarmalıdırlar. Yerli təhsil departamenti riyaziyyat üzrə 132 dərslikdən 54-nü ştatda qadağan edib. Guya onlarda “woke-çalışmalar” varmış: məsələn, əsasən qaraların yaşadığı şəhərdə ağ polislərin xüsusi çəkisi və ya iqlim dəyişikliyi haqqında.

Floridanın digər qanunları həddi-büluğa çatmayanlar üçün transgender keçişi ilə əlaqəli tibbi prosedurları məhdudlaşdırır və onların dreq-şouda iştirakını qadağan edir, hakimiyyətə uşaqların “cinsini dəyişən və ya dəyişməklə hədələyən” valideynlərdən uşaqların alınmasına icazə verir,  transgenderlərin bioloji cinsinə uyğun olmayan tualetlərdən istifadələrinə görə cərimə tətbiq edir.

Desantisin Floridadakı yüksək reytinqinə baxmayaraq, mədəni müharibədə belə intensivliyi hətta respublikaçıları yorub: qanunvericilər şikayətlənirlər ki, qubernator ştat parlamentini özünün prezident ambisiyaları dəstəkləmək üçün istifadə edir.

Mikki Mausla savaş

“Donʼt Say Gay Bill”-in fəsadlarından biri də Desantisin Floridaya onmilyonlarla turist cəlb edən əyləncələr parkı şəbəkəsinin sahibi “Disney” şirkəti ilə savaşı oldu. Ştatın ən böyük işəgötürənlərindən biri olan şirkəti öz əməkdaşları qanunu pisləməyə, ildə bir dəfə olan “Qürur ayı” şərəfinə bir neçə tədbir keçirməyə vadar etdilər. Cavabında qubernator şirkətin 1967-ci ildən malik olduğu və hökumətin nəzarəti olmadan infrastruktur tikməyə imkan verən muxtar statusun ləğvini əmr etdi.

Tezliklə aydın oldu ki, bu qarşıdurmada “Disney”in mövqeləri xeyli güclüdür. Onun ştatla çoxdankı müqaviləsi əyləncələr parkının olduğu dairələrə Desantisin təyin etdiyi məmurların səlahiyyətlərini heçə endirirdi. Qubernator hotelləri yoxlama ilə hədələyəndə və “Disney dünyası” ilə üzbəüz həbsxana tikməyi düşündüyünü deyəndə, şirkət onu siyasi təqibdə günahlandıraraq məhkəməyə müraciət etdi.

Bundan əlavə, “Disney” hotellərindən birini bağladığını və iki min əməkdaşını Floridaya köçürmək planından vaz keçdiyini elan etdi. Şirkət bildirdi ki,  13 min əməkdaşdan və ştat iqtisadiyyatına milyardlarla investisiyadan imtina edə bilər. Bu mübarizədə Desantisin məğlubiyyətinin az qala labüd olması aydınlaşanda, bir çox respublikaçılar onu biznesə siyasi basqıya və özəl şirkətlərin işinə qarışmamaq kimi partiya üçün ənənəvi yanaşmadan imtinaya görə tənqid etməyə başladılar.

Yüksəliş və çöküş

2022-ci ilin noyabrı üçün Desantisin prezidentliyə irəli sürülməsi qaçılmaz görünürdü və sanki respublikaçılardan nominasiya uğrunda Trampla bərabər səviyyədə mübarizə apara bilərdi.

Konqresə aralıq seçkilərdə respublikaçılar gözlənildiyindən daha zəif nəticələr göstərdilər. Bir çox respublikaçılar partiyanın uğursuzluğunda Donald Trampı günahlandırdılar: o, erkən seçimlərdə yalnız o namizədləri dəstəkləyirdi ki, onlar 2020-ci il prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması barədə Trampın ideyasını bölüşürdülər. Belə namizədlər isə çox da populyar deyildilər və sonra demokratlara əsasən uduzdular. Rupert Merdokun media qrupundan olan mühafizəkar KİV – Fox News telekanalı, The Wall Street Journal və New York Post qəzetləri – keçmiş  prezidenti tənqid etməyə atıldılar. Partiyanın bir çox iri sponsorları da Trampa alternativ namizəd axtardıqlarını söylədilər.

Həmin gün rekord fərqlə yenidən qubernator seçilən Desantis hazır namizəd kimi görünürdü: bəzi sorğularda dərhal Trampı keçdi. Florida respublikaçıları da məxsusi öz qubernatorları üçün qəbul etdikləri qanunla ona prezident kampaniyası dövründə öz postunda qalmaq, eləcə də səfərləri və görüşləri barədə məlumatlar sirr saxlamaq icazəsi verdilər.

 Tramp rekord səviyyədə tez, hələ noyabrda öz namizədliyini elan etdi. Həmin vaxt bu əlacsızlıq jesti, diqqəti özünə çəkmək və rəqibləri qorxutmaq cəhdi kimi görünürdü. Desantis isə daha ənənəvi yol seçdi, fəal kampaniya rejiminə tədricən keçdi və sona qədər öz namizədliyini rəsmən elan etmədi. Martda özünün “Azad olmaq cəsarəti” kitabına dəstək turu çərçivəsində ölkəni gəzdi, apreldə isə beynəlxalq səfərə çıxaraq Cənubi Koreyada, Yaponiyada, İsraildə və Böyük Britaniyada oldu.

İndi aydın olur ki, Trampın qeyri-adi taktikası daha doğru idi: Desantisin kampaniyası gözləntilər yükü altında və qubernatorun səhvləri ilə özü-özlüyündə buxarlandı.

Bu aylar ərzində keçmiş prezident 11 senatoru və nümayəndələr palatasının 53 üzvünü öz namizədliyini açıq dəstəkləməyə inandırıb, Desantisini “kölgə” kampaniyası isə yalnız 5 respublikaçı konqresmenin dəstəyini qazanıb. Doğrudur, həm doğma Floridada, həm də Miçiqanda, Nyu Hempşirdə və Ayovada bir çox yerli səviyyəli siyasətçilər Desantisə səs verməyə çağırıblar. Britaniyalı biznesmenlərdən amerikalı siyasətçilərə qədər çoxlu həmsöhbətləri Desantisdə xarizma və cazibənin olmamasını qeyd edirlər, o darıxdırıcıdır və danışıq zamanı maraq nümayiş etdirmir, nitqinə qulaq asanların gözlərinə baxmaq və sərbəst söhbətlər etmək onda alınmır. Publik çıxışları da inandırıcı görünmür.

Prezidentliyə namizədlik Desantisi beynəlxalq siyasət üzrə biliklərini nümayiş etdirməyə məcbur etdi və bu cəhdlər uğursuz oldu. O, həm neokonservator qırğıların, həm də trampçı təcridçilərin xoşuna gəlməyə çalışdı. Belə ki, qubernator ştatın bir sıra rayonlarında Çin, Rusiya, İran, Venesuela, Suriya, Şimali Koreya və Kuba vətəndaşlarına torpaq almağı qadağan etdi, amma eyni zamanda Rusiya ilə Ukrayna arasındakı müharibəni “sərhəd konflikti” adlandıraraq bunda iştirakın ABŞ-ın milli maraqlarına zidd olduğunu bildirdi, sonra isə tənqid atəşi altında mövqeyini dəyişməli oldu.

Desantis, ümumiyyətlə, Trampa qarşı durmaq üsulunu tapmayıb. Sonuncunun prezidentliyi dövründə iki siyasətçi arasında yetərincə isti münasibətlər formalaşıb və Desantis qatı trampçıları özünə qarşı kökləməmək üçün keçmiş prezidentə birbaşa hücumlardan yayınır. Tramp isə rəqibinin gücünü hiss edərək təmkini kənara qoyub: abort əleyhinə sərt qanunlara və “Disney”lə konfliktə görə tənqid edir. Üstəlik, Nyu Yorkda Trampa qarşı cinayət işi qaldırılanda Desantis onu dəstəkləməli oldu.

Desantisin Trampla rəqabət aparmaq və eyni zamanda rəqibi tənqid etməmək kimi naqolay cəhdləri onun reytinqini kəskin aşağı salıb və indi keçmiş prezident sorğularda ikirəqəmli fərqlə öndədir. 

Qubernatorun səhvlər qatarı – Floridada daşqın zamanı təşviqat turnesini dayandırmaması, Ukrayna müharibəsi haqqında uğursuz şərh, Disneylə qalmaqal – onun kampaniyasının sponsorlarında narazılığa səbəb olub.  Milyarder Con Katsimatides isə Desantisi dəstəkləməkdən imtina edib, çünki qubernator ona təkrar zəng etmək üçün vaxt tapmayıb.

Çoxdan gözlənilən anons

Desantis yalnız mayın 24-də, “tvitter”də canlı yayında prezidentliyə namizədliyini rəsmən elan etdi. Platformanın sahibi, populyar milyarder İlon Mask söhbətdə iştirak edərək onu qeyri-rəsmi dəstəklədi. Qubernator da əməkdaşlarının ölümü və ya xəsarət alması halında Maskın “SpaceX” şirkətinə və digər kosmik müəssisələrə məhkəmə immuniteti verən qanun imzaladı.

https://toplum.tv/siyaset/pabs-in-mexfi-senedleri-sizib-ldquorusiya-kesfiyyatinin-ilk-ugururdquop

Qeyri-ənənəvi anons çox uğursuz oldu: efir daim donur və kəsilirdi, əgər birinci “otaq”da 500 min nəfər Desantisi izləməyə hazırlaşırdısa, efiri yenidən işə salandan sonra normal işləməyə başlayan ikinci “otaq”da cəmi 130 min nəfər vardı. Bir çox KİV onun çıxışını fəlakət kimi dəyərləndirdi, rəqiblərin seçki qərargahı isə fəal şəkildə trollamağa başladılar. Baydenin qərargahı ianə toplanışı elanına belə bir imza qoydu: “Bizim keçidlər işləyir”. Tramp isə “Tvitter Space” translyasiyasının parodiya skrinşotunu paylaşdı: burada Mask və Desantislə yanaşı FBI, Corc Soros, İblis və Adolf Hitler akkauntları yığışmışdı.

Praymerizdə iştirak edənlərin çoxluğu da Desantisə mane olur. Artıq 7 namizəd öz iştirakını anons edib, tezliklə onlara daha 3 tanınmış siyasətçi qoşula bilər. Beləliklə, Trampı sevməyən respublikaçıların səsləri alternativ namizədlər arasında səpələnə bilər.

Desantis hələ də keçmiş prezidentin yeganə real rəqibi sayılır, amma respublikaçılar arasında Trampın nəhəng populyarlığı Florida qubernatoru üçün başlıca və həllolunmaz problem olaraq qala bilər. Ayova və Nyu Hempşirdə ilk praymerizlərə hələ yarımil var. Desantis öz kampaniyasını debatlar vasitəsilə xilas edə bilərdi, amma Tramp onlarda iştirakdan imtina ilə təhdid edir.

Mənbə: Meduza.io

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo