Dünya

Aleksandr Qabuyev: Çin tezliklə Rusiya qarşısında istənilən şərti qoya biləcək

15 İyun, 2023
776

Açıq mənbələrdən götürülüb

Tsinpin və Putin

Son həftələrdə Çinin adı Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqəli xəbərlərdə tez-tez çəkilir. Mayın ikinci yarısında Pekinin xüsusi nümayəndəsi Li Huey Kiyevdə, Moskvada və Avropa paytaxtlarında oldu.

Berlin Karneqi Mərkəzinin Rusiya və Avrasiya tədqiqatları üzrə direktoru Aleksandr Qabuyev “Amerikanın səsi”nin rus xidmətinə müsahibəsində Moskvanın Pekindən artan asılılığından danışıb.

Çin Qərb və Rusiya arasında balans saxlayan ölkə kimi görünmür: o, NATO-nun genişlənməsinə görə ABŞ və digər blok ölkələrini qınayır, Rusiya ilə bağlı isə hüdudsuz dostluqdan danışır. Pekinin yaxın partnyor kimi Moskvanı seçməsi haqda nəticəyə gəlmək olarmı?

Çin üçün Rusiya elə müharibədən əvvəl də vacib partnyor idi: uzun sərhədləri var ki, Çin onu sülh sərhədi kimi qorumaq istəyir, iqtisadiyyatların bir-birini tamamlaması var. Bir tərəfdən Rusiya benzin çənidir, qaz stansiyasıdır, təbii resursların və bəzi texnologiyaların (ilk növbədə hərbi), mülki atomun nəhəng mənbəyidir. Digər tərəfdən, Çin məhsullarının satışı üçün çox böyük olmasa da, bazardır. Üçüncüsü, iki avtoritar rejimdir, hər ikisi BMT TŞ-nın daimi üzvləridir, daxili təbiətlərinə görə çox şeyə oxşar yanaşırlar, beynəlxalq hüquq və BMT müstəvisi vasitəsilə çox oxşar prinsipləri müdafiə edirlər,  məsələn, internetə nəzarət olunması və ya insan hüquqlarının pozulduğu ölkələrin işlərinə qarışmaq imkanı kimi.

https://toplum.tv/dunya/pukrayna-muumlharibesinin-koumlkleri-ve-putinden-sonra-rusiyanin-taleyi-nece-olacaqp

Bu zaman münasibətlər assimmetrikdir: Çin daha böyük, Rusiya daha kiçik yırtıcıdır. İqtisadiyyatların inkişaf trayektoriyası nəzərə alınsa, Çin getdikcə daha güclü danışıq aləti əldə edir. Müharibə başlayandan Rusiyanın başqa ölkələrlə münasibətləri inkişaf etdirmək imkanları xeyli məhdudlaşır. Qərb bazarı müəyyən qədər Hindistan bazarı, hansısa Yaxın Şərq ölkələri bazarı ilə əvəzlənə bilər, amma bu, əlbəttə, Qərblə olan münasibətlərə tamdəyərli əvəz deyil. Burada da Çin Rusiyanın əsas partnyoru kimi çox güclü danışıq aləti əldə edir,  özünə nə, havaxt, hansı qiymətə lazım olduğunu diktə edə və seçə bilir. Bundan əlavə, Çin indi ABŞ ilə uzunmüddətli konfrontasiya vəziyyətindədir və Pekində hesab edirlər ki, bu, Çinin seçimi deyil.

Çinlilər deyirlər: “Hə, biz nələrsə etdik, ordumuzu gücləndirdik, qabaqcıl texnologiya ölkəsinə çevrilməyə və ABŞ ilə rəqabət aparmağa çalışırdıq, amma indi bu, ABŞ-a sərf etmir. ABŞ bütün inkişaf xətlərimizi kəsmək və bizi boğmaq istəyir”. Çinli həmkarlarımdan biri deyir ki, “Çin pişik olanda dünyanın xoşuna gəlir, pələngə çevrildikdə isə bəyənmirlər, buna görə Qərb caynaqlarımızı qoparmaq, bizi gombul və zərərsiz pişik olmağa məcbur etmək istəyir, biz isə bunu istəmirik, pələng olmaq istəyirik”.

Bəs Çinə qəti şəkildə Moskvanın tərəfini tutmağa nə mane olur?

Rusiya ilə partnyorluq Çin üçün mühüm və lazımlı olsa da (müharibə də bu partnyorluğu möhkəmləndirmək imkanı yaradır), Qərb sanksiyaları var ki, əgər Çin şirkətləri onları pozsalar, Çini pis dişləyərlər. Pekin təkrar sanksiyalardan çox qorxur və bu rejimi pozmayacaq.

Digər tərəfdən, Çin Avropa Birliyi ilə ABŞ arasında nifaq salmaq, Çini ilk növbədə texnologiya və iqtisadiyyat sahəsində boğa biləcək dərin transatlantik koalisiyanın yaranmasının qarşısını almağa çalışır. Oradakı adamlar savadsız və sadəlövh deyillər, anlayırlar ki, Avropa istənilən halda Çinə münasibətini təkrar gözdən keçirir. Ona görə ki, Çin rəqibə çevrilir, ona görə ki, Çin bazar iqtisadiyyatına və demokratiyaya çevrilməyib, elə Çinin Avropanın daxili işlərinə təsir göstərmək cəhdləri də bəyənilmir. Bir çox hallarda avropalıların baxışı amerikalılarınkı ilə üst-üstə düşür və getdikcə daha neqativ olur, amma bir çox Avropa ölkələri hələ də “bu amerikalılar bizi fövqəldövlətlərin yarışına cəlb edirlər, bizə isə praqmatik olmaq lazımdır” düşünürlər. Əgər Pekin bu əhvalı hansısa yolla dəstəkləyə bilsə və ABŞ ilə Avropa arasındakı koordinasiyanı zəiflətsə, bunun özü onun üçün yaxşıdır. Amma Çin anlayır ki, Putinə verdiyi dəstək avropalılara xoş deyil. Hətta sülh tərəfdarı olduğunu desə də, hamı anlayır ki, indi Rusiyanın ixracdan büdcə gəlirlərinin əsas mənbəyi Çindir. Pekinin öz maliyyə sistemini Moskva üçün qapatmaması və yuandan istifadəyə imkan verməsi Rusiyaya iqtisadiyyatı sabitləşdirmək və müharibəni davam etdirmək imkanı verir. Bu planda Çinə Rusiyanın tərəfində olmadığını, əslində sülh tərəfdarı olduğunu göstərən bir şey lazımdır.

Aleksandr Qabuyev - Açıq mənbələrdən götürülüb

Burada biz Çinin “sülh planı”na keçirik. Pekin bu planla nəyə nail olmaq istəyir?

Plan yetərincə ziddiyyətli tezislərdən ibarətdir, elə Çinin bütün mövqeyi kimi. Burada sərhədlərin sarsılmazlığı və onların tanınması zərurəti var, digər tərəfdən də deyilir ki, Rusiyanın “təhlükəsizlik sahəsində legitim əndişələri var” və onlara hörmət etmək lazımdır. Çin sülhpərvər kimi çıxış etdiyindən, Rusiya ilə “sülh işi uğrunda” danışmaq imkanı qazanır, Kremlə də getmək olar, Putinin əlini sıxmaq da, nə etmək olar, “nəcib iş üçün getmişik”. Eynilə Avropa liderləri də “Airbus” və ya “Volkswagen” üçün hansısa sövdələşmə qoparmaqdan ötrü Pekinə gedəndə, müəyyən diplomatik çətirləri olur: onlar transatlantik həmrəyliyin ziddinə olaraq alman biznesinin maraqlarını təmin etmək üçün yox, Vladimir Putinə təsir göstərmək üçün Si Tsinpini dilə tutmağa gediblər. Bu baxımdan Çinin sülh yanaşmasının və guya informasiya toplayan, ya da hansısa sülh çıxışı hazırlamağa çalışan səfir göndərmələrinin çox yaxşı praktiki təyinatı var.

Bütün bu siqnalların Latın Amerikası, Afrika ölkələrində çox böyük auditoriyası var. Həmin ölkələr Rusiyanın hansısa ədalətli dünya düzəni üçün savaşmadığını çox yaxşı bilirlər, amma digər tərəfdən, müstəmləkəçilik mirası var, ABŞ-a inamsızlıq və aşırı skeptik yanaşma var, xüsusən də Yaxın Şərqdəki müharibələrdən sonra. İndiki halda Çin özünü sülh tərəfdarı olan yeganə BMT TŞ üzvü kimi təqdim edir: “Baxın, Amerika, Britaniya, Fransa döyüşən tərəflərdən birini silahlandırırlar, Rusiya da döyüşən tərəfdir, biz isə sülh tərəfdarı olan, xüsusi səfir göndərən və çıxış tapmağa çalışan yeganə ölkəyik”. Bu mövqe inkişaf etməkdə olan dünyanın çox xoşuna gəlir, Pekin də imic balları toplayır.

Rusiya üçün BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın dövlətlərarası birliyi – tərc.) beynəlxalq siyasətdə suyun üzərində qalmağa imkan verən əsas xilasedici dairələrdən biridir. Bəs Çin üçün BRICS nə deməkdir?

Çində gözəl anlayırlar ki, BRİCS - Goldman Sachs bankının marketinq səyləri sayəsində yaranmış, 15 il əvvəl müəyyən siyasi birliyə çevrilən situativ klubdur. Bu birlik öz işini real gündəliklə doldurmağa çalışır, amma Çin olmadan bu ölkələr bir-birlərilə yetərincə zəif bağlıdırlar. Dünya maliyyə arxitekturasında, Dünya bankında və BVF-da ABŞ və inkişaf etmiş ölkələrin dominantlığından ümumi narazılıq var, amma bundan savayı bağlılıqları elə də güclü deyil. NATO – gerçək təşkilatdır, çünki 5-ci maddəsi var, ümumi komandanlığı, ümumi büdcəsi və birləşmiş alyans olaraq bir-birləri uğrunda döyüşmək imkanları var. “Böyük yeddilik” - ən iri sənaye iqtisadiyyatlarıdır, çox şeydə dünyaya baxışları oxşardır, onlar koordinasiyalı şəkildə bir şey edəndə effekti gözə dəyir. BRİCS sammitlərinin qətnamələrini oxumaq isə çətindir, çünki orada deklarativ, dünyada nəyisə dəyişən bir şeyə çevrilməyən bəyanatlar olduqca çoxdur. Buna görə də Çin BRİCS-ə praqmatik yanaşır. Başa düşür ki, maraqlar üzrə klubdur, özünün Hindistanla çox dərin ziddiyyətləri var. Bu platformadan özünü və inkişaf etməkdə olan digər ölkələrin müəyyən reklamı üçün, eləcə də BRİCS-ə daxil digər ölkələrin ikitərəfli görüşləri üçün istifadə edir.  Üstəlik, indi BRİCS-in dost ölkələrlə və ya BRİCS-in parçası olmaq istəyən ölkələrlə formatı var. Si Tsinpin üçün də bu, Böyük iyirmilik və ya APEC (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı) liderlərinin görüşü kimi əlverişli meydançadır.

Mərkəzi Asiya ölkələri getdikcə Rusiyadan daha uzağa, Çinin isə daha yaxınına dreyf edirlərmi? Həmin ölkə liderlərinin 9 mayda Moskva səfərlərindən sonra Si Tsinpinlə görüşə getmələri nümunəsi əsasında bu barədə danışmaq olarmı?

Şübhəsiz ki, Çin Mərkəzi Asiyada daha vacib oyunçuya çevrilir. Ticarət rəqəmlərinin, kredit həcmlərinin, Çin investisiyalarının artmasını görürük. Uzun vədəli perspektivdə Mərkəzi Asiya ölkələri məhz Çinlə iqtisadi cəhətdən bir-birlərini tamamlayırlar. Rusiya isə işçi qüvvəsi üçün bazar olsa da, çox vaxt birbaşa rəqibdir. Avropa uzaqdadır, Hindistan uzaqdadır. Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışı elə də çox deyil, məsələn, onları Hindistan və ya cənubdakı ölkələrlə əlaqələndirmək asan deyil, xüsusən də Əfqanıstan və İranın indiyə qədər beynəlxalq sanksiyalar altında olduqları nəzərə alınsa. Xəzər dənizindən boru kəməri çəkmək isə çətindir, bunun üçün Rusiyanın və digər sahilyanı ölkələrin razılığı lazımdır. Belə halda Çin nəhəng bazarı və qarşılıqlı iqtisadi tamamlaması olan ən yaxın ölkədir.

Digər tərəfdən, 24 fevraldan sonrakı hadisələr Rusiyanın regiondakı rolunun hələ də çox böyük olduğunu göstərir. Region ölkələri gözəl anlayırlar ki, Rusiya onlara inkişafda kömək etmək halında olmasa da, qarşılaşmaq istəmədikləri xeyli problem yarada bilər. Müxtəlif səbəblər üzündən bütün beş  ölkənin mürəkkəb daxili vəziyyəti var. Bu, Qazaxıstanda da, Özbəkistanda da, Türkmənistanda da, daha az dərəcədə Qırğızıstan və Tacikistanda inkişaf modelini böyük sual altında saxlayır. Ona görə də ən böyük qonşunu, regionda hərbi bazaları olan ən iri xarici hərbi qüvvəni acıqlandırmaq olmaz, baha başa gələr. Biz region ölkələrinin ritorika səviyyəsində Rusiyadan bir qədər məsafələndiklərini görürük,  bu ölkələrin çoxunda ictimai rəy Rusiyaya qarşı daha çox neqativləşir, xüsusən də gənclik və savadlı şəhər əhalisi arasında, biz dövlətlərin Rusiya narrativinə, Rusiya televiziyasına alternativ təqdim etməyə çalışdıqlarını görürük. Amma eyni zamanda bütün beş ölkə Rusiya ilə ticarəti artırıb və “paralel idxal”ın verdiyi imkanlardan yararlanmağa, bundan pul qazanmağa çalışırlar, eləcə də Putin xahiş edəndə 9 may paradına Moskvaya gedirlər. Çünki getmədikləri halda Kremlin reaksiyası daha proqnozlaşdırılmaz ola bilər, nəinki getdikləri halda Vaşinqtonun və Brüsselin reaksiyası: orada heyrətlə çiyinlərini çəkərlər, bir az tənqid edərlər və deyərlər ki, təcavüzkar dövlətə səfər heç də yaxşı ideya deyil, amma, əlbəttə ki, heç bir sanksiya qoymayacaqlar.

Rusiya ilə partnyorluqda Çinin dominantlığı nə qədər dərinə gedə bilər? Yaxın gələcəkdə onu nə maraqlandıra bilər? Bir gün ərazilərdən söhbət gedə bilərmi?

 Çinin yaxın gələcəkdə Rusiya ərazilərinə iddia edəcəyini düşünmürəm. Hipotetik olaraq belə vəziyyəti təsəvvür etmək olar, amma ehtimalı kiçikdir, hər halda indi gördüyümüz faktlardan çıxış edəndə. Rusiya üzərində Çin hegemonluğu başqa şeydə təzahür edəcək.  Onillər boyu Rusiya ticarəti əsasən Qərbə yönəlmişdi. Yalnız 2008-2009-cu illərin maliyyə böhranından sonra Asiya və Çin tərəfə diversifikasiya oldu, bu dönüş 2014-cü ildə Krımın işğalı və Qərb sanksiyalarının tətbiqindən sonra daha da gücləndi. İndi müharibə üzündən tam miqyaslı uçqun görürük, Avropa həm rus mallarının satış bazarı, həm investisiya və texnologiya, sənaye malları və s. mənbəyi kimi yoxa çıxır. Rusiya üçün Şərqə dönüş – hər şeydən əvvəl Çinə tərəf dönüşdür, tezliklə Rusiya ticarətində Çinin payının 50 faizdən çox olduğunu görəcəyik.

https://toplum.tv/dunya/pdollarin-quumlrubu-amerika-valyutasinin-hegemonluguna-kim-son-qoyacaqp-2

Bu zaman Rusiyanın elə də alternativləri yoxdur, Çinin isə başqa ölkələrdən karbohidrogenlər və özünə lazım olan digər şeylər almaq fürsəti xeyli çoxdur. Çinin seçimi çoxdur, onun danışıq aləti daha güclüdür, çünki onun üçün ticarət partnyoru kimi Rusiyanın payı xeyli azdır, nəinki əksinə. Ona görə də Pekin özünə nəyin hansı şərtlərlə və hansı zaman intervalında lazım olduğunu deyə bilər. Bununla razılaşmamaq üçün Rusiyanın elə bir imkanları olmayacaq. Biz bunu “Sibirin gücü” qaz kəmərinin nümunəsində artıq görürük. O, Çinə lazımdır, amma indi lazım deyil, onun tikintisi haqqında razılıq Putinin hərbi büdcəsinə axan daha bir bulaq kimi qiymətləndiriləcək. Müvafiq olaraq, Çinə sanksiya tətbiq oluna bilər, ya da Çin Avropada neqativ nəticələrlə üzləşər. Ona görə də Pekin deyir: “Hə, bu qaz kəməri bizə lazımdır, amma gəlin onu bir müddət sonra çəkək, ya da özünüz çəkin, bir neçə ildən sonra da müqavilə imzalayarıq”. Amma aydındır ki, müqaviləsiz boru hazır olanda Çin Rusiyanı istənilən şərtlərə məcbur edə bilər. Bir halda ki, bu qazın Avropada bazarı yoxdur, onu ya çıxarmamalısan, ya da Pekinin irəli sürdüyü şərtlərlə Çinə satmalısan.

Amma yenə də Çin bu şərtlərlə lap ağını çıxara bilməz.

Çinin özünü lap soyğunçu kimi aparacağını düşünmürəm, Çin də bu resurslara çıxış əldə etməkdə maraqlıdır, xüsusən də ABŞ ilə konfrontasiya fonunda. Çin qorxur ki, Allah eləməsin, Tayvan körfəzində müharibə baş versə dəniz blokadasına düşər, bu zaman Rusiya ilə yaxşı münasibətləri qorumaq mühümdür. Amma bu qarşılıqlı əlaqələrdə şərtləri, şübhəsiz, Çin diktə edəcək. Rusiyanın sadəcə seçimi yoxdur, o, müharibə ilə özü-özünü bu vəziyyətə salıb. Digər tərəfdən, Moskva tamamilə sözəbaxan marionet də olmayacaq. Çin ilə Şimali Koreyanın münasibətləri bunun üçün yaxşı müqayisədir. Şimali Koreya tamamilə Çindən asılıdır, bununla belə, Kim Çen In bəzən Pekinin bəyənmədiyi şeylər edir. Məsələn, çox güman ki,  ögey qardaşının qətlini təşkil etdi, halbuki o, Çinin himayəsi altında idi. Kim zaman-zaman Çini özündən çıxaran hərəkətlər edir. Amma Şimali Koreya bunu özünə rəva görə bilər, çünki Çin də müəyyən şeylərdə ondan asılıdır. Rusiya daha böyük ölkədir, manevr imkanları daha genişdir. Buna görə də asimmetrik asılılıq olacaq: Rusiya kiçik partnyordur, amma Çin ona tam nəzarət etməyəcək.

 Düşünürəm ki, daha bir mühüm məqam var – Rusiya bu münasibələrə könüllü can atır. Onun üçün indi müharibə - istər daxili siyasətdə, istər xarici siyasətdə, istərsə də iqtisadiyyatda Rusiya həyatının təşkilatçı prinsipidir. Bir tərəfdən, sizin resurslarınızı maddiləşdirməyə, yəni hərbçilərə maaş verməyə, tank düzəltməyə, büdcə sistemini suyun üzündə saxlamağa imkan verən ölkə - vacib partnyordur və burada Çin birincidir. Sizə müasir silah istehsalı üçün zəruri texnologiya verən ölkə də çox mühüm partnyordur - burada da Çin əvəzolunmazdır. Bir də Rusiya sanki Ukraynaya verilən dəstəyə görə ABŞ və Qərbdən qisas almaq üsullarını axtarır. Enerji silahı işləmədi, seçkilərə müdaxilə hələ olacaq, amma Qərb buna qarşı işləməyi artıq öyrənib, kibersilah da Qərbə çox təsir etmir, çünki Qərb buna qarşı da dura bilir. Bu zaman ABŞ-ın əsas opponentinin güclənməsi Rusiyaya sərfəli kimi görünür: düşmənimin düşməni dostumdur. Buna görə də biz Rusiyanı Çinin ağuşuna - özü də Çinin şərtlərilə - itələyən bütöv münasibətlər kompleksini görürük.

Mənbə: Amerikanın Səsi

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo