Rəsmi səhifə
Oleksiy Arestoviç
Ukrayna Prezident Ofisinin müşaviri Oleksiy Arestoviç vəzifəsindən getməsi barədə ərizə yazdığını xəbər verdi. "Sivil davranış nümunəsi göstərmək istəyirəm. Prinsipial səhv – deməli, istefa” - Arestoviç öz qərarını belə izah edib.
Prezidentin mətbuat katibi Sergey Nikiforovun sözlərinə görə, Ukrayna Prezident Ofisi aparatının rəhbəri Mariya Vituşok Arestoviçin istefa ərizəsini qəbul edib. Bu barədə “Ukrainskaya pravda” xəbər verir.
İstefa Arestoviçin Rusiya raketinin Dneprdə yaşayış binasını vurmasının təfərrüatları ilə bağlı yoxlanılmamış bəyanat səsləndirməsi ilə əlaqədardır.
Toplum TV BBC-də yayımlanan və Arestoviçin istefasına aparan yolu izah edən məqaləni təqdim edir.
Qalmaqal
Yanvarın 14-də axşam Oleksiy Arestoviç “Feyqin Live” yutub kanalının efirində həmin raketin Ukrayna HHM qüvvələri tərəfindən vurulandan sonra çoxmərtəbəli binaya düşüb partladığını deyib.
Rusiya KİV dərhal bu informasiyanı qamarladı. Ukraynada çoxları hesab edir ki, bu tələsik bəyanat Rusiya təbliğatının işinə yarayıb. Hətta Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Dneprdəki vəziyyəti şərh edərkən Arestoviçin sözlərinə istinad edib.
Ukrayna Silahlı Qüvvələrinin HHQ-nin komandanlığı Arestoviçin sözlərini dərhal təkzib edərək X-22 raketlərini vurmaq üçün vasitələrə malik olmadıqlarını bildirib. Bunu hərbi ekspertlər də təsdiq edirlər. Buna görə də Arestoviçin fikirləri sosial şəbəkələrdə qınağa tuş gəlib və Prezident Ofisinə onu tutduğu vəzifədən azad etmək çağırışları ünvanlanıb.
Artın yanvarın 15-də günün ikinci yarısında Arestoviç öz sözlərini yuxusuzluq və informasiyanı yoxlamaq üçün vaxt çatışmazlığı ilə izah edib. O, bu barədə özünün teleqram-kanalında yazıb. Arestoviç əvvəlcə üzr istəyib, sonra isə üzrünü geri götürüb.
“Uşaqlar, mən sadəcə yorulmuşam. Başqa işlərdən əlavə, 320 gün canlı gecə translyasiyaları, daimi yuxusuzluq. Mütəmadi informasiya yüklənməsi, ezamiyyətlər. Hər gün milyonlarla əlaqə və hamısı da “çox təcili və çox mühüm” informasiya ilə”, - o, müharibə zamanı öz iş rejimini belə təsvir edib.
Arestoviçin sözlərinə görə, aldığı informasiyanı daim özü analiz etməli olur, bunun üçün əməkdaşları yoxdur və o, bir çox “informasiya və praktiki” prosesləri üzərinə götürməli olub.
O, artıq yanvarın 16-da “Feyqin Live” efirində nə baş verməsi haqqında əlavə versiyanı səsləndirib. Deyib ki, onun sözlərindən “Medvedçukun bot ferması”, eləcə də müxalifət Ukraynaya zərər vurmaq üçün istifadə edib.
Arestoviç israrla bildirib ki, onun vəzifəsi sözlərinə bu qədər çəki vermək üçün çox xırda və mütəvazidir. O, Dnepr faciəsinin qurbanlarının doğmalarından və yaxınlarından növbəti dəfə üzr istəyib.
Rusiyanın Dneprə raket zərbəsi nəticəsində yanvarın 17-ə olan məlumata görə, 44 nəfər həlak olub, iyirmidən çox adam isə hələ də axtarılır.
Arestoviç fenomeni
Cəbhənin hər iki tərəfində bu qədər coşğun və tamamilə əks emosiyalar doğuran başqasını tapmaq çətindir. Onu eyni zamanda peyğəmbər və şarlatan hesab edirlər, ona məftundurlar və nifrət bəsləyirlər, sözlərinə ehtiramla qulaq verirlər və soyadını ən xoşagəlməz kontekstdə ümumiləşdirici ad kimi işlədirlər.
Bəlkə həqiqət ondan ibarətdir ki, Arestoviç eyni zamanda bütün bunların hamısıdır?
O, Prezident Zelenskinin ofisinə Rusiyanın Ukraynaya irimiqyaslı müdaxiləsinin ilk günündə gəldi. Öz mənbələrimdən bilirəm ki, ofisdəki əhval-ruhiyyə, yumşaq desək, əsəbi idi. Ofisin hüdudlarından kənarda isə təlaşa yaxın. Küçələrdə sirenlər, iri şəhərlərin çıxışlarında tıxaclar, supermarketlərə nəhəng növbələr. Amma digər tərəfdən, artıq savaşın ilk saatlarında aydın oldu ki, ukraynalılar Rusiya ordusunu gül-çiçəklə qarşılamırlar, növbələr isə təkcə bankomatlar deyil, hərbi komissarlıqlar qarşısında da var.
Belə vəziyyətdə prezident komandası milyonlarla ukraynalıya hakimiyyətin adından, Prezident Ofisindən sadə mesajlar ötürən səsə möhtac idi. Təlaş keçirmirik. Hakimiyyət yerindədir. Ruslar fenomenal uğurları barədə yalan danışırlar. Əslində dirəniş göstəririk. Hər şey yaxşı olacaq. Biz qalib gələcəyik. Ola bilər, hətta çox tezliklə. Ona görə də ruhdan düşmürük. Təlaşa qapılmırıq.
Arestoviç müsahibələrinin birində etiraf edir ki, müharibənin ilk günlərində teleekranlardan səsləndirdiyi təlimatlara özü də sona qədər inanmırdı. Amma bu miqyasda müharibəyə hazır olmayan Ukrayna cəmiyyətinə sakitləşdirici lazım idi. Arestoviç də bu funksiyanı məharətlə yerinə yetirdi, bunun da sayəsində müharibə mifologiyasında özünə yer qazandı: böyük savaşın ilk aylarında onun portreti pivə bankalarında peyda oldu, soyadı hərbi mahnılarda səsləndi, obrazı onlarla, bəlkə də yüzlərlə memə mövzu oldu. Sorğular onun Ukraynada ən çox etimad göstərilən adamlardan biri olduğunu göstərdi. O, şöhrətinin zirvəsində idi.
Amma zaman keçdikcə daha az ukraynalıya sakitləşdirici lazım gəldi – müharibə qəti şəkildə həyatlarına daxil olmuşdu. Hakimiyyətin kommunikasiya tələbatı da dəyişdi: cəbhədə baş verənlər haqqında məlumatları Ukrayna Silahlı qüvvələrinin rəsmi spikerləri verməyə başladılar.
Hətta bundan sonra da Arestoviç gözdən itmədi, daha çox, nisbətən sərbəst üzməyə başladı. Onun Mark Feyqenin kanalında hər axşamkı efirləri indi də 1,5 milyon baxış toplayır. Cəbhədən yalnız yaxşı xəbərləri qəbul etməyə hazır olan insanlar üçün o, narkotik kimi bir şeyə çevrilib.
Yəqin ki, Arestoviç müəyyən qədər Kiyevin düşmənə qarşı yönələn informasiya silahı rolunu da oynayıb: o, verilişlərinin çox hissəsini rusca aparırdı və onun ifasında cəbhə xəbərləri qədər Rusiyanın potensial əsgərlərini müharibəyə getmək fikrindən daşındıran başqa bir kontent çətin ki, tapılsın.
Amma tədricən Arestoviçin verilişlərinə məzmun baxımından iradlar çoxalırdı. Onu cəbhə xəbərlərinə heç bir eksklüziv çıxışının olmamasında qınayırdılar, sadəcə açıq mənbələrdəki məlumatları yaradıcı yöndən emal etdiyini deyirdilər. Ötən ilin yazında müharibənin hələ nə qədər davam edəcəyi barədə suala verdiyi “iki, maksimum üç həftə” cavabı bədxahları üçün Arestoviçin qeyri-mötəbərliyinin simvolu oldu.
Ona qarşı yetərincə vətənpərvər olmaması iddiası irəli sürülürdü: o, “yaxşı ruslar”ı və gələcək Ukraynada rus dilinin mövcudluğunu müdafiə edirdi. Onu yersiz siyasi ambisiyalarda günahlandırırdılar: Dmitri Qordona müsahibəsində müəyyən şərtlər daxilində prezident seçkilərində iştirak edə biləcəyini söyləmişdi.
https://toplum.tv/dunya/pnbspnbspputin-niye-rusiyani-muumlharibe-bataqligina-saldip
Axırda da Dnepr baş verdi. Çoxmərtəbəli binaya Ukrayna HHM qüvvələri tərəfindən vurulan raketin düşə bilməsi haqqında Arestoviçin ağzından qaçan və Rusiya təbliğatı tərəfindən qamarlanan ifadə hətta onun dünənki pərəstişkarları arasında qəzəb fırtınası doğurdu.
Arestoviçin yorğunluğunu əsas gətirən yöndəmsiz üzrxahlıq cəhdi də alınmadı. Dedilər ki, yorulanlar Baxmutdakı Ukrayna əsgərləridir, sən isə dilinə sahib çıx.
Arestoviçin cəzalandırılmasını elə ucadan tələb edirdilər ki, o, Zelenskinin komandası üçün (heç vaxt prezidentin yaxın ətrafına daxil olmasa belə) toksik fiqura çevrildi. İstefa ərizəsini də yəqin ki, bununla izah etmək olar.
Digər tərəfdən, ərizə yazmaq keçmiş müşavir üçün, praktiki olaraq, heç nəyi dəyişmir. Biriləri üçün kumir, digərləri üçün avantürist olmaq – istefası haqqında yazısının altındakı şərhlərdə buna əmin olmaq mümkündür.
Ba baxımdan özünün replikası maraqlıdır. Ötən il bir sıra qalmaqallardan sonra Minsk danışıqları qrupunda Ukrayna nümayəndə heyətinin sözçüsü postundan istefa verməsini xatırladan Arestoviç yazır: “Keçən dəfə, mən gedəndən ayyarım sonra müharibə başladı. Baxaq görək, bu dəfə nə olacaq”.
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
Neft gəlirləri doğrudanmı ədalətli bölüşdürülüb? - Natiq Cəfərliylə müzakirə