Dünya

Boston faciəsi: Qafqazlı qardaşları terror törətməyə nə vadar etdi?

17 Aprel, 2023
867

Açıq mənbələrdən götürülüb

Tsarnayevlər

On il əvvəl Boston marafonunda baş verən terror aktı nəticəsində üç nəfər öldü, yüzlərlə adam yaralandı, sonunculardan 17 nəfər ətraflarını itirdi. Bu iş üzrə mühakimə olunan yeganə şəxs hələ də ölüm hökmünün icrasını gözləyir, bu zaman vəkilləri isə müvəkkilləri üçün daha yüngül cəzaya – ömürlük həbsə – nail olmaq üçün qanunlarda əl yeri axtarırlar.

Toplum TV BBC-də yayımlanmış materialı oxucularına təqdim edir.

Terror aktı

Hər il aprelin üçüncü bazar ertəsində Massaçusets və Men ştatları 1775-cü il Müstəqillik müharibəsinin ilk döyüşlərinin şərəfinə Vətənpərvərlər gününü qeyd edirlər.

Hər iki ştatda şənliklər, yarmarkalar, tamaşalar, döyüşlərin rekonstruksiyası keçirilir. Amma günün əsas hadisəsi Boston marafonudur.

Marafon Massaçusets ştatının Hopkinton şəhərciyində başlayır. Marşrut bir neçə şəhərdən keçir və 42,2 km sonra Bostonun mərkəzində yekunlaşır.

Həmişə olduğu kimi 2013-cü ildə də küçədə avtomobil yolunu qaçışçılar üçün bağlamışdılar, səkiləri isə tamaşaçılara ayırmışdılar – onların sayı yarım milyona çatırdı. Həmin il marafonda 27 min adam iştirak edirdi.

Start siqnalından təxminən dörd saat sonra finiş xəttini 23 mindən çox atlet keçmişdi.

Bu zaman partlayış baş verdi. 12 saniyə sonra daha biri oldu. Qatı tüstü küçəni bürüdü. İnsanlar qışqırırdılar, qaçırdılar, bilmirdilər ki, haradasa sığınacaq varmı, yeni partlayışa tərəf qaçmırlar ki. Asfalt üzərində yaralılar qan içində uzanırdılar. Bəziləri ayaqsız.

Üç nəfər həlak oldu: 6 yaşlı Martin Riçard, 24 yaşlı Kristl Lemberq və 23 yaşlı Lüsi Lu.

Getty Images

Hadisə yerinə Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri, polis dəstələri, istehkamçıalr gəldi. Şəhərdə fövqəladə vəziyyət tətbiq olundu: bayram dayandırıldı, kafe və mağazalar bağlandı, ictimai nəqliyyat işləmədi, sakinlərə evdən çıxmamaq məsləhət görüldü. Həmin məqamda partlayışların arxasında kimin durması barədə heç bir ipucu yox idi. Terrora görə məsuliyyəti heç kim götürmədi.

Qısa yubkadan hicaba

Polis və FTB şahidləri dindirir, müşahidə kameralarını araşdırır, mobil operatorların məlumatlarını yoxlayır və partlayıcı qurğunu təhlil edirdilər. Aydın oldu ki, əldəqayırma bombalardır: barıt və mıx, podşipnik kürəcikləri doldurulmuş mətbəx avadanlığından düzəldilib.

Tezliklə polis müşahidə kameralarındakı görüntülərdə iki şübhəli şəxsi – bellərində rüqzak olan gəncləri qeydə aldı. Onlar partlayışa bir neçə saniyə qalarkən finiş xəttinə doğru gedirlərmiş.

Naməlum şəxsləri kimlərinsə tanıya biləcəyi ümidilə fotoşəkilləri mətbuata ötürdülər və FTB saytında yerləşdirdilər.

Güləş üzrə məşqçi Piter Peyak həmin gün çətinliklə eşidirdi – partlayış qulaqlarını batırmışdı. Amma həmin şəkilləri televizorda göstərəndə şübhəlilərdən birini tanıdı: şagirdi Cövhər Tsarnayev idi.  

Görüntülərə düşən ikinci adam isə Cövhərin böyük qardaşı Tamerlan idi. Bostondakı partlayışlardan 10 il əvvəl qardaşlar valideynləri və bacıları ilə birlikdə Dağıstandan ABŞ-a köçmüşdülər.

BBC

Onların atası Anzor Tsarnayev çeçenlərin 1944-cü ilin qışında Şimali Qafqazdan deportasiya olunduqları Qırğızıstanda anadan olub. Novosibirskdə hərbi xidmət keçərkən gələcək arvadı, Dağıstanda doğulmuş Zübeydətlə tanış olub.

Cütlüyün dörd övladı vardı – ilki Tamerlan idi, Bella və Aylin adlı iki qız və sonbeşik Cövhər. 90-cı illərin sonlarında ailə bir neçə il Mahaçqalada yaşayıb, amma Anzor qardaşının yaşadığı ABŞ-a köçmək arzusunda idi. Övladlarının daha yaxşı gələcəyinin olmasını istəyirdi.

Onlar 2002-ci ilin yazında ABŞ-a köçdülər və qaçqın statusu aldılar. İlk dövrlər asan deyildi Anzor ingiliscə fikrini güclə izah edirdi, saatına 10 dollar qazanırdı. Ailə müavinət üçün müraciət etdi. Onlara Massaçusets ştatında Kembric şəhərində kiçik mənzil verdilər. Cövhər və Tamerlan ikimərtəbəli çarpayıda, bacılar isə döşəmədə yatırdılar.

Ailə mömin deyildi. Anzor haqqında deyirdilər ki, çox da dindar deyil, Zübeydət isə dar paltarları və kablukları sevirdi.

Anzor Tsarnayev - Zübeydət Tsarnayeva

Tanışları deyirdilər ki, çətinliklərə baxmayaraq, ailə çox mehriban idi. Amerika həyatına ən yaxşı qarışan Cövhər olub. O, voleybol və güləşi sevirdi, məktəbin ən yaxşı güləşçisi kimi “ayın atleti” titulunu, daha sonra da idman nailiyyətlərinə görə universitet təqaüdü qazanıb.

Dostları onu adi Amerika uşağı adlandırırlar: “Gəzən ölülər” və “Taxt-tac oyunları”na baxırdı, hip-hopa qulaq asırdı və ot çəkirdi.

Zübeydət dinə aludə olandan sonra hər şey dəyişdi. Hicab örtdü, gözəllik salonunda işini itirdi, çünki ibadət səbəbindən tez-tez işini yarımçıq saxlayırdı. Belə dəyişikliyin səbəbi dəqiq məlum deyil.

“Əgər sağsınızsa, təslim olun”

Zübeydət və Tamerlanın dinə meyli Anzorun xoşuna gəlmirdi. 2011-ciildə Rusiyaya qayıtdı və boşanma üçün müraciət etdi. Tamerlan isə toydan əvvəl İslamı qəbul edən Ketrin Rassellə evləndi. Bir uşaqları da oldu.

 Ailənin tanışları danışırlar ki, bütün bu vaxt ərzində Zübeydət oğulları ilə dindən danışır, ibadəti və “Quran” oxumağı öyrədirdi. Zübeydət etiraf edir ki, böyük oğlu Tamerlana mühafizəkar İslama yönəlməyə özü kömək edib.

2012-ci ildə Tamerlan Dağıstana gedir. Orada altı ay qalır. Nə işlə məşğul olub, kiminlə ünsiyyət qurub – dəqiq məlum deyil. Regionda onun əsas yoldaşı qohumluğu çatan Məhəmməd Kartaşov olub – yerli islamçı və “Ədalətlilər birliyi” təşkilatının lideri.

Bu təşkilatın bəzi üzvləri ekstremistlərlə sıx əlaqədədirlər, çoxları Amerikanın müsəlman dünyasında siyasətinə qarşı çıxış edir. Yeni tanışları qlobal Xilafətin yaranacağına inanırdılar. Kartaşov sonralar iddia edirdi ki, əksinə, Tamerlanı radikal ideyalardan çəkindirməyə çalışıb.

Tamerlan Tsarnayev - Açıq mənbələrdən götürülüb

Rusiya FSB-i bildirir ki, o zaman Tamerlanın anası ilə cihad sözünün keçdiyi telefon danışıqlarını tutub. Yarım il sonra Tamerlan ABŞ-a qayıdıb.

Anası isə Dağıstana döndü.

Cövhər Amerika həyat tərzi keçirsə də, ənənəyə görə qardaşına qulaq asırdı və onun düşüncə tərzini mənimsəyirdi.

Onların əmisi, ABŞ-da yaşayan Ruslan Tsarni Cövhər və Tamerlanın Bostondakı terrora bulaşdıqlarını öyrənəndə dedi: “Özüm və ailəmiz adından danışmaq istəyirəm. Biz xəcalət çəkirik. Onlar mənim qardaşımın övladlarıdır. Biz də belə əməllər törədən uşaqlara görə utanırıq. Onlara acımırıq”.

“Əgər sağsınızsa, - o, qardaşlara müraciət etdi, - təslim olun, zərərçəkənlərdən, yaralılardan və ölənlərdən əfv diləyin”.

Təqib

Partlayışlardan sonra Cövhər Tsarnayev universitetin kampusuna qayıtdı. Tanışları özünü sakit apardığını, idman zalına getdiyini, dostları ilə ünsiyyətdə olduğunu və otağında yatdığını deyirlər – ta ki, aprelin 18-də FTB şəklini dərc edənə qədər.

Həmin vaxt heç nədən xəbəri olmayan polis Şon Kolyer təhkim olunduğu kampusun yaxınlığında öz patrul maşınında oturmuşdu.

Televizorda öz fotolarını görən Tsarnayev qardaşları asanlıqla təslim olmamaq qərarına gəldilər. Kolyerin polis maşını diqqətlərini çəkən ilk şey oldu. Qardaşlar onu qaçırmaq qərarına gəldilər. Kolyer müqavimət göstərdi. Qardaşlar onu güllələdilər və qaçdılar. Başından üç güllə yarası alan polis həlak oldu.

Tsarnayevlər qaçdılar.

Dun Men adlı yerli sakin öz maşınında oturub telefonuna baxırdı. Pəncərəsini iki nəfər döydü. Onlar Menə silah tuşladılar və maşından çıxmağı əmr etdilər. Men məhkəmədə deyəcək ki, cütlük Boston terrorçuları olduqlarını deyiblər və əgər tələbləri yerinə yetirilməsə, onu öldürəcəkləri ilə təhdid ediblər. Üçlükdə 1,5 saat şəhərdə xaotik hərəkət etmələrinə əsasən Tsarnayevlərin konkret planlarının olmadığını söyləmək olar. Bir neçə dəfə bankomatların yanında dayanaraq Menin kartından pul çıxarıblar. Nəhayət, telefonunu və açarlarını alaraq düşürüblər.

Cövhər və Tamerlan Menin “mersedes”ində Boston kənarındakı Uotertaun şəhərinə gediblər. Amma maşın sahibi artıq polisə xəbər vermişdi.

Aprelin 19-da səhər tezdən polis serjantı Ceffri Pulyeze Uotertaunda Lorel-stritdə hasarı aşdı və Tamerlanın bir neçə addımlığında peyda oldu. Polis məhkəmədə deyirdi: “O, mənə tərəf gələrək atəş açırdı, mən də cavab atəşi açdım”. Xaotik atışma qəfil kəsildi. Tsarnayevin silahı ilişdi, Pulyezenin isə gülləsi qurtardı.

Bu zaman daha iki polis özünü yetirdi – onlar Tamerlanı yerə yıxdılar və ram etməyə çalışdılar. Birdən mühərrik səsi eşidildi. Onların üzərinə avtomobil gəlirdi, sükan arxasında Cövhər idi.

Polislər kənara sıçraya bildilər, maşın yerdə uzanan Tamerlanın üstündən keçdi və böyük qardaş həlak oldu. Ciddi yaralanan Cövhər qaça bildi.

Bir neçə saatdan sonra Uotertaun sakinindən polisə zəng oldu: o, əmin idi ki, Cövhər Tsarnayev onun evinin arxa həyətindəki qayığın içində gizlənir. Şübhəli həqiqətən orada idi. Yaralı halda qayıqda uzanarkən öz qardaşı Tamerlan haqqında yazmışdı: “Kədərlənmirəm, çünki ruhu sağdır. Allahın hər adam üçün planı ver. Plan ondan ibarətdir ki, bu qayıqda gizlənim və öz əməllərimizə işıq salım”.

Cövhər Tsarnayevin gizləndiyi qayıq

Cövhər öz əməlini ABŞ-ın daim dinc müsəlmanları öldürdüyünə diqqət yönəltməyə cəhd göstərməsi ilə izah edirdi.

Tsarnayevi həbs etdilər və xəstəxanaya apardılar.

Ölüm hökmü

Cövhər Tsarnayev üzərində məhkəmə hazırlığı uzun sürdü. Andlılar seçimi ən çətini idi. Məhkəmə ilkin olaraq Massaçusets ştatının 1300-dən çox sakinini cəlb etdi.

Potensial andlıları təxminən 250 nəfərlik qruplara böldülər. Hər qrupu məhkəmə binasına gətirirdilər və sorğu-sual edirdilər, əvəvlcə hakim, sonra pokuror və Tsarnayevin vəkilləri. Terakt haqqında birmənalı mövqeyi olmayan və bitərəfliyini qoruya biləcək andlılar tapmaq asan deyildi.

Onlardan soruşurdular ki, terrorun mətbuatda işıqlandırılmasını izləyiblərmi, hansı görüşlərə malikdirlər, edam barədə nə düşünürlər.

Əksəriyyət məlum səbəblərdən ələndi. Qalanlar əlavə sorğu-sualdan keçdilər. Nəticədə, altısı ehtiyat olmaqla 18 andlı seçildi – müxtəlif yaşa, mənşəyə və bekqraunda malik insanlar. Onlara bütün proses boyu Tsarnayev işindən bəhs edən materialları oxumaq qadağan edildi.

Cövhər məhkəməni həbsxanada gözləyirdi.

Onun valideynləri bu zaman Mahaçqalada idilər. Mətbuat konfransında eynəyi də daxil büsbütün qara geyinmiş Anzor Tsarnayev yumruğunu stula vuraraq oğullarına tələ qurulduğunu deyirdi.

“Siz mənim oğlumla nə etdiniz? O, sağ idi. Öldürmək nəyə lazım idi? Niyə onu Quantanamoya və ya başqa yerə göndərmədiniz?”, - Zübeydət qışqırırdı.

Hər ikisi ABŞ-a uçacaqlarını, Tamerlanı dəfn edəcəklərini və Cövhərlə görüşəcəklərini deyirdilər. Amma səfər hər dəfə gah Anzorun səhhəti üzündən, gah başqa səbəbdən “təxirə salınırdı”. Sonra da Zübeydətin özünün qanunla problemi olması aşkarlandı. Sən demə, o, mağazadan 1600 dollar dəyərində paltar oğurlamaq istərkən yaxalanıb və girov müqabilində məhkəməyə qədər azadlığa buraxılıb. Amma məhkəməyə qədər gözləməyərək Rusiyaya qayıdıb. Aydındır ki, onun ABŞ-a getməsi dərhal həbs demək idi.

Əvəzində Bella və Aylin – Cövhərin Nyu Cersidə yaşayan bacıları məhkəməyə gəldilər.

Aylin Tsarnayeva - Getty Images

Proses 2015-ci il martın 4-də başlandı. Məhkəmənin davam etdiyi iki ay ərzində partlayışda sağ qalan, polislər və tibb işçiləri daxil olmaqla 100-ə qədər şahid dindirildi. Andlılar 11 saat məsləhətləşəndən sonra Cövhər Tsarnayevi ittihamın bütün 30 maddəsi üzrə təqsirli bildilər.

İndi hakim onun üçün cəza növü təyin etməli idi – edam, yoxa ömürlük həbs. İttiham edam istəyirdi,  deyirdi ki, Tsarnayev etdiyindən peşman olmayıb, məhkəmədə özünü arxayın aparırdı, sanki vəziyyətin ağırlığını dərk etmirdi.

Müdafiə ömürlük həbsə nail olmaq istəyirdi. Yüngülləşdirici amillər kimi Tsarnayevin gəncliyini, “ağır uşaqlığı”nı, cinayətdə köməkçi olmasını qabardırdılar: guya Cövhər Tamerlanın təsiri altında imiş, böyük qardaşı olmasaydı, heç vaxt belə şey etməzdi.

2015-ci il iyunun 24-də Cövhər Tsarneyə ölüm cəzası kəsildi.

“Günahkaram, şübhə yoxdur”

2020-ci ildə Bostonun apellyasiya məhkəməsi işə yenidən baxdı və edam barədə qərarı ləğv etdi. Bu, onunla əsaslandırılırdı ki, guya birinci instansiya məhkəməsi Cövhərin öz qardaşının güclü təsiri altında olmasını yetərincə araşdırmayıb.

Ədliyyə nazirliyi bu qərarı qətiyyən bəyənmədi. Məsələyə ABŞ Ali məhkəməsi baxdı və ötən ilin yazında ölüm hökmünü bərpa etdi.

Amma Cövhərin aqibətini müəyyənləşdirəcək intəhasız məhkəmələr hələ yekunlaşmayıb. İndi vəkillər Cövhəri günahkar bilmiş andlıları hədəf alıblar.

Müdafiə tərəfi iddia edir ki, iki andlı Boston terroru barədə az bildiklərini deyərkən yalan danışıblar. Məsələn, bir andlı bu barədə internetdə heç nə yazmadığını bildirib, müdafiə isə iddia edir ki, Tsarnayevin “zibil” adlandırıldığı tviti təkrar paylaşıb.

Cövhər Tsarnayev

İkinci andlı isə dostundan Tsarnayevin mühakimə olunması üçün mütləq jüriyə düşməyi məsləhət görüldüyü xəbər alıb.

İstefada olan hakim Nensi Gertner vəkillərin işini perspektivli adlandırıb: “Əgər insanlar məhkəmə ilə səmimi deyillərsə, sistemin işləkliyi dayanır”. O, bildirir ki, belə hadisələr zamanı mətbuat xəbərinə və ya sosial şəbəkədə paylaşıma rast gəlməmək çətindir, amma “andlıların cəhd göstərməsi arzulanandır”.

Cövhər Tsarnayev bu işi uduzsa belə, yaxın zamanlarda edam olunmaq təhlükəsi yoxdur. Bayden administrasiyası ötən il federal edamları dayandırıb: prezidentliyə namizəd olanda bunu etməyə söz vermişdi. Xüsusən də əvvəlki Tramp admnistrasiyası iqtidarın son aylarında rekord miqdarda 13 edamı bəyənəndən sonra.

Cövhər Tsarnayev məhkəmədə susurdu və ifadə vermirdi. Yalnız hökm çıxarılandan sonra söylədi: “Mən qurbanlardan və sağ qalanlardan üzr istəmək istərdim. Partlayışlarda günahkaram, buna şübhə yoxdur. Mən aldığım canlara və yaşatdığım acılara görə üzr istəyirəm”.

Boston terrorunun 10-cu ildönümündə ölənlərin və zərərçəkənlərin xatirəsi üçün bir neçə mərasim keçiriləcək. İki gündən sonra, aprelin 17-də isə 127-ci Boston marafonu baş tutacaq.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo