Dünya

Dolların qürubu: Amerika valyutasının hegemonluğuna kim son qoyacaq

14 İyun, 2023
863

Açıq mənbələrdən götürülüb

Dollar

Dollar ötən əsrin ortalarından dünyada dominantlıq edir. Bütün bu müddət ərzində onun yaxın və labüd sonunu xəbər verirlər. Avronun tədavülündən sonra da, 2008-ci ildə ABŞ-da başlayan dünya maliyyə böhranından sonra da Amerika valyutasını dəfn edirdilər. Rusiyanın Ukraynaya təcavüzündən sonra dolların dünya ehtiyat və ödəniş valyutası kimi sonu barədə söhbətlər yenidən vüsət aldı.

Son 10 ildə nə dəyişib və bu dəfəki öncəgörmələrə inanmaq olarmı?

Dolların əleyhinə olanları üç fakt ruhlandırır. Birincisi, ABŞ-ın əsas rəqibi – Çin iqtisadiyyatın həcminə görə Avropa Birliyini keçib və ABŞ-a çatır.

İkincisi, daxili çəkişmələr və proteksionizm fövqəletibarlı borcalan və borcverən kimi ABŞ-ın nüfuzunu sarsıdır. Ən bariz nümunə - bu yaxınlardakı süni, ABŞ tarixində ilk defolt təhlükəsidir.

 Üçüncüsü, amerikalılar ABŞ və müttəfiqlərini təhdid edən ölkələri cəzalandırmaq üçün daha tez-tez silah əvəzinə dollardan istifadə edirlər.

Dolların tezliklə solacağı lehinə olan bu üç arqumentin heç biri hələ ki, inandırıcı səslənmir.

Amerika son nəticədə defoltdan yayındı və bir daha göstərdi ki, onun üçün dünyada əsas və ən etibarlı partnyor nüfuzu hətta öz vətəndaşlarından üstündür. Ağ Ev müxalifətlə kompromis naminə büdcə xərclərini azaltmağa razı oldu.

https://toplum.tv/dunya/pukrayna-muumlharibesinin-koumlkleri-ve-putinden-sonra-rusiyanin-taleyi-nece-olacaqp

Ukraynada müharibəyə görə Rusiya əleyhinə misilsiz maliyyə sanksiyalarına gəlincə, onları təkcə ABŞ deyil, həm də Avropa, Britaniya və Yaponiya tətbiq edib. İndiyə qədər ehtiyat valyuta kimi dollardan imtina avro və yenin payının artması ilə müşahidə olunub – ötən il onların payı 5% artıb.

 Deməli, Qərbin sanksiyalarından müdafiə olunmaq üçün dollardan qurtulmaq kifayət deyil. Yeni rezerv valyuta lazımdır.

Qərbin hüdudlarından kənarda yeganə gerçək namizəd – Çindir. Amma dünya rezervinin yalnız 3 faizi yuanın payına düşür, dollara real alternativ olmaq üçün onun onilliklər boyu uzun yol getməsi gərəkir.

Dollar öz populyarlığını itirirmi?

Dolları dünyada əsas valyuta edən iki mühüm funksiyası var.

Birincisi, dollar ehtiyat valyutadır. Kimin ki, artıq pulu var, dollarda saxlayır.

İkincisi, dollar ödəniş valyutasıdır. Təkcə amerikalılar deyil, bütün dünya məhsul və xidmətlərə görə onunla ödəniş edir.

Çin, Rusiya, Braziliya və Hindistan kimi ölkələrin rupi və yuanla ticarət etmək cəhdlərinə baxmayaraq, dolların ödəniş valyutası kimi mövqeyi güclənir. Bu haqda daha aşağıda, indi isə dolların əsas funksiyası – ehtiyat valyuta barədə.

Ötən ilin sonlarında dünyada təxminən 12 trilyon dollar ekvivalentində rezerv toplanıb. Bunun təxminən 60 faizi dollarda, 20 faizi avroda saxlanılır. Yuanın payı (3%) Yaponiya yenindən və Britaniya funtundan (hərəsi 5 faizə yaxın) azdır.

Amma dolların payı azalır və BVF-nun ən təzə xəbərlərinə görə, 1995-ci ildən bəri ən minimal səviyyəyə düşüb.

Dollarda ehtiyatın azalma miqyası və sürəti haqqında qızğın mübahisələr gedir.

Bəziləri deyir ki, 2022-ci ildə Rusiyaya qarşı misilsiz maliyyə sanksiyalarından sonra hər şey xeyli dramatikləşib.

“Dollar ehtiyat valyuta kimi öz mövqelərini təxmin olunandan daha sürətlə itirir. 20 il onun çəkisi sabit azalırdı, amma 2022-ci ildə azalma tempi on dəfə artdı”, - valyuta bazarı mütəxəssisi, Morgan Stanley və BVF-da işləmiş Stiven Li Cen yazır.

Onun hesablamalarına görə, dollar öz çəkisini 2016-cı ildən 11%, 2008-ci ildən isə iki dəfə itirib.

Başqaları isə Cenin mübaliğə etdiyini, 2022-ci ildə ehtiyat valyuta dünyasında ümumən bir şeyin dəyişmədiyini deyirlər.

“Təkcə onu deyim ki, qətiyyən razı deyiləm. Əslində 2022-ci ilə rezervlərində dolların payı heç dəyişməyib”, - Amerikanın Council on Foreign Relations (CFR) tədqiqat mərkəzinin valyutalar üzrə mütəxəssisi Bred Setser cavab verir.

 Onun fikrincə, BVF məlumatlarında dolların payının azalması Rusiya əleyhinə sanksiyalar üzündən dollardan imtinanın deyil, dollar ehtiyatının toplandığı əsas aktivin – ABŞ dövlət istiqrazlarının yenidən qiymətləndirilməsinin nəticəsidir.

Amerikada kredit dərəcələrinin artmasına görə istiqrazların qiyməti düşür. Setser deyir ki, həmin proses 2022-ci ildə digər ehtiyat valyutaların emitent ölkələrində olduğundan daha sürətlə baş verib, dolların rezervlərdəki payı da ona görə azalıb.

“Əgər BVF məlumatlarını ABŞ istiqrazlarının yeni qiymətləri ilə korreksiya etsək, dollardan heç bir imtina görünmür. Əksinə, 2022-ci ildə heç bir ehtiyat valyuta dollar qədər tələbata malik olmayıb”, - Sester belə iddia edir.

Dolların uzun sürən dəfni

Pul və maliyyə sistemi tarixçisi Nil Ferqyusson qeyd edir ki, dolların dominantlığının sonunu artıq yarım əsrdir - bəlkə daha çox -  təxminən eyni sözlərlə xəbər verirlər.

Braziliya prezidenti Lula da Silva bu yaxınlardakı Çin səfəri zamanı hər gecə belə bir sualın onu narahat etdiyini bildirdi: niyə hamı dollarla ticarət edir, bu qərarı kim verib?

Fransa prezidenti Şarl de Qoll 1965-ci ildə təxminən eyni tərzdə fikir bildirmişdi, onun maliyyə naziri və gələcək prezident Valeri Jiskar d`Esten isə “ifrat imtiyaz” kimi qanadlı ifadəni dövriyyəyə buraxdı. O vaxtdan dolların tezliklə devriləcəyi barədə heç bir diskussiya bu ifadəsiz ötüşmür.

Dolları əsrlərin qovşağında avronun, iqtisadiyyatı heç də az inkişaf etməmiş Avropanın ümumi valyutasının yaranması ilə bağlı xüsusi can-başla dəfn edirdilər.

Amma avronun dövriyyədə olduğu 20 il ərzində dolların dünya rezerlərində payı cəmi 10% azalıb - əvvəl 70% idi, indi 60%.

Bu rezervlərdədir. Ödənişlərdə isə ümumiyyətlə heç nə dəyişmir. Dollar dominant valyuta olaraq qalır.

Beynəlxalq hesablaşmalar bankının (BIS) məlumatlarında görə, son 30 ildən artıq vaxt ərzində dolların payı 80% ilə 90% arasındadır. Son dövrdə isə populyarlığını itirmir, əksinə, artırır: 2010-cu ildə bütün beynəlxalq ödənişlərdə dollar 85% təşkil edirdi, 2022-ci ildə isə 88% olub.

Dolların əsas ödəniş valyutası olması faktı onun əsas ehtiyat valyuta kimi mövqeyini də möhkəmlədir. Çünki qara gün üçün o valyutanı toplamaq yaxşıdır ki, həmin qara gün çatanda onunla kritik idxalı ödəmək və xarici borcu qaytarmaq asan olsun.

Niyə hamı dollarla ticarət edir

Stiven Li Cen ödəniş valyutası kimi dolların öz mövqeyini zamanla itirəcəyini iddia edir. Amma bunun yaxın gələcəyin işi olmadığını bildirir, çünki dünyada Amerikanın maliyyə bazarlarına alternativ yoxdur: nə həcm, nə dərinlik, nə sabitlik, nə şəffaflıq baxımından kimsə yaxın belə gələ bilməz.

Neft, dünyanın əsas məhsulu buna gözəl illüstrasiyadır.

Neftə görə Hindistan Rusiyaya rupi ilə, Çin isə Səudiyyəyə yuanla ödəniş edə bilər. Amma neft bazarının əsas valyutası yenə də dollar qalacaq, çünki qərb birjalarında dollarla ticarət bütün digər valyutalarla ticarətin cəmindən çoxdur.

İnkişaf etməkdə olan ölkələrdən yalnız Çin dünya maliyyə mərkəzi kimi ABŞ-a meydan oxuya bilər. Amma bunun üçün məhsul tədarükü üzrə maliyyə müqavilələrinin  dərin, şəffaf və likvid bazarını yaratmalıdır.

Neftin fiziki partiyalarının birja ticarətini Şanxaya köçürmək yetərli deyil. Nə qədər ki, maliyyə vasitələri Nyu-Yorkda alver edirlər, dolları heç nə təhdid etmir.

Norveçin DNB bankının analitiklərinin hesablamalarına görə, hətta əsas neft ixracçısı olan Səudiyyə Ərəbistanı özünün bütün neftini əsas neft alıcısı olan Çinə yuan müqabilində satsa, Şanxay energetika birjasının payı cəmi 2% artacaq: dünya neft bazarında indiki 5 faizdən 7 faizə qalxacaq.

Dollara aternativ varmı?

ABŞ-ın keçmiş maliyyə naziri Larri Sammersin bununla bağlı qanadlı ifadəsi var. “Bir şeyi heç nə ilə dəyişmək olmaz”, - o, 2019-cu ildə demişdi.

Sammers dollara alternativ olmadığına əmindir, çünki “Avropa muzey, Yaponiya qocalar evi, Çin həbsxana, bitkoin isə eksperimentdir”.

Qərb valyutalarına yeganə alternativ yuan ola bilərdi, amma bunun üçün Çin çox dəyişməlidir. İslahatlar və aşkarlıq, ehtiyat toplamanı stimullaşdırmaqdan imtina və kapitalın hərəkəti üzərində nəzarətdən imtina lazımdır.

Hələlik isə yuanda olan aktivlərdə rezervlərin üç əsas funksiyası ilə bağlı problemlər var: 1) kapitalı saxlamaq; 2) onu çoxaltmaq; 3) likvid olmaq – yəni aktivi istənilən vaxt nəhəng endirimlə deyil, cari bazar qiyməti ilə satmaq imkanı.

Likvidliklə bağlı böyük problemlər var, çünki Çin həm öz maliyyə bazarlarına xaricilərin sərmayə qoymasını, həm də kapitalın ixracını məhdudlaşdırır.

Əgər bu məhdudiyyətlər ləğv olunsa, özəl sərmayə Çindən qaçacaq - mülkiyyət hüququnun daha yaxşı qorunduğu yurisdiksiyaya. Yuanın kursu zəifləyəcək və kapital artımına əlvida.

Kommunist Çin isə inqilabi dəyişikliklər olmadan mülkiyyətçilərin hüquqlarının müdafiəsində yaxın onilliklərdə ABŞ ilə rəqabət apara bilməz – hətta ABŞ-ın sanksiyalar altına düşən adamlar üçün bu hüququ məhdudlaşdıra biləcəyi (amma mülkiyyət ekspropriasiya edilməyəcək) nəzərə alınsa da.

https://toplum.tv/dunya/pabs-da-prezidentlik-yarisi-desantis-trampa-qalib-gele-bilecekmip

Amma iqtisadçılar kapital hərəkətinin ciddi liberallaşması olmadan da yuanın tədricən ehtiyat valyutaya çevrilə biləcəyi ehtimalını mümkün hesab edirlər.

Amerika və Avropa iqtisadçıları bu yaxınlardakı tədqiqatlarında qeyd edirlər ki, Çin öz valyutasında ticarət ödənişlərini fəal şəkildə həvəsləndirir və beləliklə, ticarət partnyorlarının mərkəzi banklarında xeyli yuan yığılır.

“Çinin öz valyutasını beynəlmiləllişdirməsi yuanın dominantlığına deyil, daha çox çoxqütblü valyuta dünyasına aparır, burada dollar avro və yuan birgə mövcud olacaqlar”, - tədqiqatçılar yazır.

Doğrudur, buna çox qalıb. Pulu yuanda saxlamaq imkanı başqadır, bunu arzulamaq isə başqa.

Bütün dünyada dolları alıb-satmaq imkanı hüdudsuzdur, yuan ticarəti isə Çindən xaricdə yalnız Honkonq və bir neçə daha kiçik mərkəzlərdə var.

Yuandakı ofşor depozitləri dollar ekvivalentində yüzmilyonlarla ölçülür, halbuki dollar  depozitləri ontrilyonlarladır.

Çinin təxminən 40 ölkənin mərkəzi bankları ilə valyuta svopları (öz valyutalarında qarşılıqlı depozitlər) ekvivalentdə yarım trilyon dolları zorla keçir. Amerika svopları isə limitsizdir.

Tarixçi Ferqyuson dominantlıq uğrunda dollar, avro və yuan arasındakı yarışı “tısbağa qaçışları” adlandırır.

O, birinci yerin funtdan dollara keçidinin çox tədrici olduğunu və funtun yapon yenindən sonra dördüncü də olsa, hələ ehtiyat valyuta olduğunu xatırladır.

Ferqyusonun fikrincə, bu sürətlə yuan təxminən 20 ildən sonra, 2043-cü ildə dollar və avrodan sonra üçüncü ehtiyat valyutaya çevrilə bilər.

Birinci yer barədə isə heç danışan yoxdur.

Həm də dollara alternativi ancaq ABŞ-ın əleyhdarları axtarırlar. İnkişaf etmiş demokratik ölkələrdəki Amerika müttəfiqləri dollara qarşı heç bir allergiya hiss etmirlər.

Bir halda ki, dünya iqtisadiyyatının az qala yarısı onların, daha 20 faizi də ABŞ-ın payına düşür, dollar gözlə görünən gələcəkdə dominant valyuta olaraq qalacaq.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo