FOTO: Sosial media
ABŞ-ın vitse-prezidenti Mayk Pens fəaliyyətdə olan prezident Donald Trampı hakimiyyətdən uzaqlaşdırmaqdan imtina edib.
Bu barədə yerli vaxtla yanvarın 12-də "USA Today” məlumat verib.
Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün ölkə konstitusiyasının 25-ci düzəlişdən istifadə etməyə çağırılan Pens bu addımı atmayıb.
"Hadisələrin bu cür inkişafının ölkənin maraqlarına və ya konstitusiyaya uyğun olduğunu düşünmürəm”, - deyə vitse-prezident cavab verib.
Vitse-prezident Trampın səlahiyyət müddətinin bitməsinə cəmi səkkiz gün qaldığından impiçmentin yersiz olduğunu deyib. O, 25-ci düzəlişin bu şəkildə tətbiq edilməsinin çox pis presedent yaradacağını bildirib.
Pens ABŞ Konqresini cəmiyyəti daha da parşalayacaq və ya qarşıdurmanın artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb. O, əmin edib ki, hakimiyyətin dinc yolla ötürülməsi prosesində iştirak edəcək.
ABŞ Konqresinin Nümayəndələr Palatası vitse-prezident Mayk Pensi hazırkı prezident Donald Trampı hakimiyyətdən uzaqlaşdırmağa çağıran qətnamə qəbul edib.
Məlumata görə, 223 deputat qətnamənin lehinə, 205 deputat əleyhinə səs verib.
Qətnamə vitse-prezidenti dövlət başçısının vəzifələrini icra edə bilməməsi ilə bağlı konstitusiyanın 25-ci düzəlişin müddəalarından istifadə etməyə çağırır. Belə olan halda Pens administrasiya üzvlərinin böyük əksəriyyətinin dəstəyi ilə D. Trampı istefaya göndərə və onun yerini tuta bilər.