Dünya

Gürcüstanda hakim partiya niyə prezidenti impiçment etmək istəyir?

18 Oktyabr, 2023
355

Civil Georgia

"Gürcü arzusu" Zurabişvilinin prezidentliyini dəstəkləmişdi

Oktyabrın 16-da Gürcüstan Konstitusiya məhkəməsi hakim partiyanın ölkə prezidenti Salome Zurabişviliyə qarşı impiçment təşəbbüsü ilə əlaqədar qərarını açıqlayıb.

Məhkəmə prezidentin hökumətin razılığı olmadan Avropa ölkələrinə səfər etməsinin Konstitusiya pozuntu olması barədə parlament çoxluğunun fikri ilə razılaşıb.

Gürcüstan tarixində prezidentə qarşı ilk impiçment işini üç gün ərzində doqquz hakim araşdırıb. Qərarın qəbulu üçün onların ən azı altısının razılığı lazım idi.

Hökmü oxuyan Konstitusiya məhkəməsinin hakimi Merab Turavanın dediyinə görə, prezident özünün üç xarici səfəri zamanı hökumətin razılığı olmadan təmsilçilik səlahiyyətlərini həyata keçirib və məhkəmə bunu Konstitusiyanın 52-ci maddəsinin pozulması kimi tanıyıb.

Doqquz hakimdən üçü fərqli fikirdə olub.

Konstitusiya məhkəməsinin qərarı qətidir, şikayət oluna və yenidən baxıla bilməz.

Hakim partiya impiçment haqqında təqdimatla bir ay əvvəl müraciət etmişdi.

“Gürcü arzusu” hesab edir ki, Zurabişvili hökumətin icazəsi olmadan Avropa liderləri ilə görüşə getməklə Konstitusiyanı nümayişkaranə və məqsədyönlü şəkildə pozub. Şikayətdə Zurabişvilinin Gürcüstanın AB üzvlüyünə namizəd statusu alması üçün Berlində, Brüsseldə və Parisdə keçirdiyi görüşlərdən bəhs edilir.

Məhkəməyə müraciəti parlament çoxluğunun 80 deputatı imzalayıb.

Gürcüstan Konstitusiya Məhkəməsində prezidentin impiçmenti işinə 9 hakim baxıb.

“Prezident olmağa layiq deyil”

Konstitusiya məhkəməsində dinləmələr üç gün boyu davam etdi. İmpiçment haqqında təqdimatı hakim partiyadan dörd deputat irəli sürürdü. Amma əsas çıxışçı “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze oldu.

“Bizim nöqtəyi-nəzərimizə görə, impiçment prosedurunun qaldırılması özlüyündə o deməkdir ki, biz Salome Zurabişvilini prezident olmağa layiq bilmirik”, - Kobaxidze məhkəmədə deyib.  Onun sözlərinə görə, Zurabişvili Gürcüstan konstitusiyasını qəsdən və kobud şəkildə pozub.

“Prezidentin beynəlxalq münasibətlər sahəsində səlahiyyətlərini yalnız 52-ci maddə müəyyənləşdirir. Həmin maddədə yazılır ki, prezident yalnız hökumətin razılığı ilə təmsilçilik səlahiyyətlərini yerinə yetirə və danışıqlar apara bilər. Prezident razılıq üçün müraciət göndərdi, imtina cavabı aldı, yenə də öz səfərini etdi. Konstitusiya pozulub”, - Kobaxidze bildirib.

Batumidə keçirilən iclaslarda Salome Zurabişvili özü iştirak etməyib. Onu məhkəmədə hüquqşünaslar – Konstitusiya məhkəməsinin keçmiş üzvü, Tbilisi universitetinin professoru Mayya Kopaleişvili və “Gürcü arzusu”ndan keçmiş deputat Tamar Çuqoşvili təmsil ediblər.

Onların sözlərinə görə, şikayətdə yer alan səfərlər təmsilçilik səlahiyyətlərinin həyata keçirilməsi  və hökumətin razılığı tələb olunan beynəlxalq danışıqlar olmayıb.

Onlar Konstitusiyanın prezidentin beynəlxalq danışıqlarda Gürcüstanı təmsil etməsi haqqında 49-cu, Gürcüstanın NATO və AB-yə inteqrasiyası üçün bütün tədbirləri görməyi konstitusion orqanlar qarşısında öhdəlik kimi qoyan 78-ci maddəsinə istinad edirdilər.

“Prezident kimsənin əsiri deyil, eləcə də hökumətin əsiri deyil ki, ölkə hüdudlarında qapansın və hökumətin razılığı olmadan ölkəni tərk edə, müəyyən məsələlərlə bağlı öz həmkarları ilə fikir mübadiləsi apara bilməsin”, - Mayya Kopaleişvili deyib.

Tamar Çuqoşvilinin fikrincə, ölkənin AB üzvlüyünə namizdəlik statusu ilə bağlı qərar qəbul olunacağı ərəfədə impiçment deyil, bu prosedurun başlaması belə Gürcüstanın Avropaya inteqrasiyasına mənfi təsir göstərəcək. 

“Çox təəssüf edirəm ki, buradayam və belə bir proses gedir. Prezident Avropa liderləri ilə görüşdüyünə və Gürcüstanın Avropaya inteqrasiyası yolunda namizədlik statusu alması üçün onlardan dəstək xahiş etdiyinə görə parlament impiçment prosesinə başlayıb” – Çuqoşvili məhkəmədə yekun sözündə deyib.

Gürcüstanda aksiya - AFP

Sonra nə olacaq?

Konstitusiyanın pozulmasını məhkəmənin təsbit etməsindən sonra impiçment proseduru parlamentə keçir. İndi parlamentin prezidentin vəzifədən kənarlaşdırılması haqqında səsvermə keçirməsi üçün iki həftəsi var.

İrakli Kobaxidze deyir ki, “Zurabişvilini yüksək prezident adına layiq olmadığını” deputatların əksəriyyətinin təsdiqləyəcəyi səsvermə bu həftə keçiriləcək.

O, eyni zamanda etiraf edib ki, hakim partiyanın prezidenti impiçment proseduru ilə vəzifədən kənarlaşdırılması üçün zəruri olan 100 səsi toplamaq şansı, demək olar, yoxdur.

Buna baxmayaraq, Kobaxidze deyir ki, impiçment prosedurunun necə nəticələnəcəyindən asılı olmayaraq, hakim partiya hədəfinə çatıb: prezidentin Konstitusiyanı pozması reaksiyasız ötüşmədi, bu isə idarəçilik sisteminin düzgün işləməsi üçün uzunmüddətli preventiv effektə malik olacaq.

Partiya sədrinin sözlərinə görə, bu gündən etibarən Zurabişvili yalnız formal prezidentdir: “Prezidentliyinin sonuncu, altıncı ilində o, siyasi və mənəvi legitimliyini tam itirəcək və Amerika terminologiyası ilə desək, “axsaq ördək” kimi qalacaq ki, uçuruma gedən “Milli birliyin” [əsas müxalif partiya] yedəyində hərəkət edəcək”.

Parlament çoxluğu hazırda 84 deputata malikdir. Müxalifətçilərin böyük əksəriyyəti prezidentin impiçmentinin əleyhinə çıxır və bunu”Gürcü arzusu” tərəfindən avroinyeqrasiyanın məqsədyönlü sabotajı hesab edirlər.

Ukrayna və Moldovadan fərqli olaraq, Gürcüstan ötən ilin yayında AB üzvlüyünə namizədlik statusunu almadı. Belə statusu alması üçün onun qarşısında 12 prioritet vəzifə qoyulub.

Ölkəyə namizədlik statusunun verilib-verilməməsi barədə qərar bu ilin sonuna qədər qəbul olunmalıdır.

Hakimiyyət Gürcüstanın statusu haqq etdiyini söyləyir və mümkün imtinanı öncədən ədalətsiz və yanlış adlandırır.

Amma istər müxalifət, istərsə də vətəndaş cəmiyyəti iqtidarı avropalı partnyorların tələblərinin çoxunu yerinə yetirməməkdə ittiham edir.

Fransada anadan olmuş təcrübəli diplomat Salome Zurabişvili 2018-ci ildə birbaşa xalq səsverməsi ilə prezident seçilib.

İndi onun vəzifədən erkən kənarlaşdırılmasını istəyən hakim partiya o zaman ona dəstəyini bildirərək öz namizədini irəli sürmədi.

Salome Zurabişvili müstəqil Gürcüstanın tarixində ilk qadın prezidentdir.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo