Dünya

HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir? 

Yadigar Sadıqlı
3 Noyabr, 2023
637

Açıq mənbələrdən götürülüb

Rəcəb Tayyib Ərdoğan

“Meduza” saytı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Qəzzada baş verənlərlə bağlı tutduğu mövqe, Türkiyə-İsrail münasibətləri haqda şərqşünas Ruslan Süleymanovdan müsahibə alıb.

Toplum TV müsahibəni təqdim edir:

— Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib ki, İsrail “hərbi cinayətkar” kimi davranır. O, niyə belə ritorika seçib?

— Bütün bu ifadələr, şübhəsiz, İsrailə yox, həm Türkiyədəki, həm də Yaxın Şərqdə və ümumən müsəlman dünyasındakı geniş auditoriyaya ünvanlanıb. Ərdoğan kütləyə oynamağı, özünü müsəlmanların mənafeyinin qoruyucusu kimi göstərməyi sevir. Məsələn, Myanmadakı rohinya müsəlman azlığını müdafiə edirdi, ABŞ 2017-ci ldə Qüdsü İsrailin paytaxtı kimi tanıyanda Türkiyə İslam Əməkdaşılıq Təşkilatının fövqəladə sammitini təşkil etdi. Amma Ərdoğanın İsrail barədə həqiqətən nəyəsə nail olmaq istədiyini deməzdim. Onun sözləri çətin ki, konfliktin tənzimlənməsinə kömək etsin və çətin ki, İsrailin davranışında nəyisə dəyişsin. Bu, kütləyə oynamaqdan başqa bir şey deyil.

— Lap yaxınlarda Ərdoğan vasitəçi olmağa və hərbi əməliyyatların dayandırılması yolunu tapmağa çalışırdı. Onun kəskin dönüşünü nə ilə izah etmək olar? Diplomatik fəallığını Türkiyənin Rusiya-Ukrayna konfliktindəki “sülhməramlı” missiyasında böyük uğurların olmaması ilə izah etmək olarmı?

— HƏMAS yaraqlıları İsrailə hücum edəndə Ərdoğan kifayət qədər ehtiyatlı və neytral mövqe tutdu. HƏMAS-a münasibətdə kəskin danışmadı, Qəzza sektorunun atəşə tutulmasına görə İsraili qınamadı. Görünür, Rusiya ilə Ukrayna arasında oynadığı və hələ də oynayacağı rolda çıxış etmək istəyirdi. Amma konyunktura dəyişdi. Bunun konkret gününü də göstərmək olar: Qəzza sektorundakı əl-Əhli hospitalında faciə yaşanan 17 oktyabr günü.

https://toplum.tv/dunya/p100-yasli-tuumlrkiye-cuumlmhuriyyeti-atatuumlrkuumln-siyasi-irsinden-ne-qalibp

Müsəlman dünyası zərbəni İsrailin endirdiyinə əmindir. İordaniyanın xarici işlər naziri Əymən Hüseyn Abdulla əs-Səfədinin dediyi kimi, müsəlman dünyasında kimsə İsrailin günahsızlığına inanmayacaq. Ərdoğana da antiisrail narrativinin önündə olduğunu göstərmək vacib idi. Sanki son illər heç bir Türkiyə-İsrail yaxınlaşması olmayıb və özü BMT-nin bu yaxınlardakı Baş Assambleyasında Binyamin Netanyahunun əlini sıxmayıb.

O, İsrailə münasibətdə ritorikasını kəskin dəyişdi, çox sərt tənqid etməyə başladı. HƏMAS-a münasibəti də dəyişdi. Hərçənd, Amerikanın “Al-Monitor” dərgisinin məlumatına görə, İsrailə müdaxilənin ilk saatlarında HƏMAS lideri İsmayıl Həniyə İstanbulda idi və hakimiyyət onun Türkiyəni tərk etməsini istəyib.

— HƏMAS liderlərindən biri, ümumiyyətlə, niyə İstandulda idi ki?

— HƏMAS üçün Türkiyə son illərdə faktiki mənzil-qərargaha çevrilib. Hərəkatın nümayəndələri orada özlərini yetərincə komfortlu hiss edirlər. Ərdoğan HƏMAS liderlərinə hətta pasport da verib. Onun üçün bu, çox mühümdür, çünki özü də islamçı dairələrdən çıxıb, siyasi İslam ardıcılıdır. İdeoloji baxımdan HƏMAS və Ərdoğan çox yaxındırlar, “Müsəlman qardaşları” hərəkatının ideologiyasını bölüşürlər. Amma 2013-cü ildə “Müsəlman qardaşlar”ı devirən Misirin indiki hakimiyyəti ilə barışmaq üçün Ərdoğan “qardaşlar”dan uzaqlaşmalı oldu.

— Ərdoğan və “Müsəlman qardaşlar”ın baxışları məhz nədə oxşardır? Onun HƏMAS-ı dəstəkləməsi məhz ümumi ideologiya ilə izah oluna bilərmi?

— “Müsəlman qardaşlar” hərəkatı ötən əsrin 20-ci illərində Misirdə yaranıb. Hərəkatın əsas ideyalarından biri bütün müsəlmanların vahid qardaşlıqda birləşməsini ehtiva edir. Bəzən bunu İslam Birləşmiş Ştatlarının yaradılması ideyası da adlandırırlar.

HƏMAS əslində “qardaşlar”ın Qəzzadakı filialı idi. Əvvəlcə kifayət qədər mülayim təşkilat idi, “Müsəlman assosiasiyası” adlanırdı və sırf humanitar məsələlərlə məşğul olurdu. 1987-ci ildə İslami Müqavimət Hərəkatına (HƏMAS) çevrildi və sələflərindən fərqli olaraq, İsrailə zorakı müqavimət xəttini tutdu.

Ərdoğan “Müsəlman qardaşları”nın prinsiplərini siyasi karyerasının müxtəlif dövrlərində səsləndirib. Yeni başlayanda “Refah” partiyasının üzvü idi. Bu islamçı partiya 1990-cı illərdə populyar idi və o zaman İstanbul meri olan Ərdoğan təşkilatın ən parlaq nümayəndələridən biri sayılırdı.

Amma o illərdə Türkiyədə hərbçilərin təsiri çox böyük olduğundan partiya 1997-ci ildə qadağan edildi, Ərdoğanı isə bir neçə aylıq həbsə göndərdilər. “Refah” əvəzinə tələsik başqa bir islamçı partiya – “Fezilet” yaradıldı, amma 2011-ci ildə onu da qadağan etdilər və artıq onun içindən başında Ərdoğanın durduğu mötədil Ədalət və İnkişaf Partiyası çıxdı.

İndiki Türkiyə prezidenti bu partiya ilə 2002-ci ildə seçkilərə gedəndə ordunu qıcıqlandırmamaq üçün diqqəti islamçı keçmişində cəmləmirdi. Özünü mühafizəkar demokrat adlandırırdı. Hakimiyyətdə möhkəmlənəndən sonra isə faktiki “Müsəlman qardaşlar”ın prinsiplərini elan etməyə, “qardaşlar”la həmahəng  ritorikadan yararlanmağa, Türkiyənin bütün müsəlmanları öz qanadı altında birləşdirə bilməsini deməyə başladı. Partiyasının 2011-ci ildəki növbəti parlament seçkilərində qələbəsindən sonra bunun təkcə öz partiyasının deyil, “Sarayevonun, Beyrutun, Dəməşqin və bütün Yaxın Şərqin uğuru” olduğunu bildirdi. Siyasi İslam Türkiyədə böyük rol oynamaqda davam edir. Ərdoğan da, əlbəttə, özünü Osmanlı sultanlarının davamçısı görür. Yeri gəlmişkən, bu yaxınlardakı mitinqdə Qəzzanın bir vaxtlar Türkiyə ərazisi olduğunu deməsi də təsadüfi deyil.

HƏMAS-a gəldikdə, onlar “Müsəlman qardaşlar”ın daha parlaq – ideoloji anlamda – nümayəndələridir. 1980-ci ilin sonlarında xüsusən İsraillə sülh danışıqlarına başlaması fonunda populyarlığını itirməyə başlayan dünyəvi Fələstin Azadlıq Təşkilatının (FAT) əksinə olaraq fələstinlilər arasında xeyli sayda ardıcıl qazanmaq üçün İslamdan istifadə etdilər. 2013-cü ildə Misirdə “Müsəlman qardaşlar” devriləndən sonra Qahirə HƏMAS-a “qardaşlar”dan uzaqlaşmalı olduğunu aydın şəkildə bildirdi. HƏMAS da öz ritorikasını dəyişdi və tədricən “qardaşlar”dan aralandı. Təşkilat hətta 30 il ərzində mövcud olan rəsmi doktrinasını 2017-ci ildə dəyişdi və məsələn, İsrail dövlətini məhv etmək barədə açıq çağırışlardan imtina etdi.

Hazırda biz HƏMAS və “Müsəlman qardaşlar” arasında əlaqələrin sıx olduğunu deyə bilmərik, bununla belə, onlar, əlbəttə, mövcuddur. Qahirə həm də buna görə Qəzza sektorundan qaçqınları qəbul etmək istəmir, çünki onların arasında HƏMAS-ın və deməli, Misirdə qadağan edilən “Müsəlman qardaşlar”ın tərəfdarlarının olacağından ehtiyat edir.

— Deməli, Ərdoğanın mövqeyini qismən imperiya keçmişi ilə izah etmək olar? Axı Fələstin və indiki İsrail ərazisi bir vaxtlar Osmanlı imperiyasına daxil idi.

— Artıq dediyim kimi, o, ritorika səviyyəsində tez-tez Osmanlı keçmişinə müraciət edir, özünü sultanların davamçısı kimi göstərməyi sevir. Keçmişə xitab Ərdoğanın “yeni osmançılıq” deyilən siyasətinin elementlərindən biridir.

Tanınmış siyasətçi Əhməd Davudoğlu “Strateji dərinlik” kitabında “qonşularla sıfır problem” konsepsiyasını işləyib. Konsepsiya, başqa müddəalarla yanaşı, Türkiyənin öz ənənəvi mövcudluq arealına qayıtmasını, Qərb və Şərq arasında körpü olmasını, bir zamanlar Osmanlı imperiyasına daxil olan bütün ölkələrə hamilik etməsini nəzərdə tutur.

Amma Ankaranın 2000-ci illərin ikinci yarısında tutduğu bu yanaşma işlək olmadı, çünki Ərdoğan siyasi ambisiyalar naminə ritorikasını tez-tez dəyişirdi. Məsələn, o, hesab etdi ki, Suriyada hakimiyyətə silahlı müxalifət gələ bilər və onu dəstəklədi, tezliklə Dəməşqin Əməvilər məscidində namaz qılacağını vəd etdi. Amma belə olmadı. Son vaxtlar qonşularla münasibətlərin normallaşması fonunda Ərdoğan Osmanlı markörlərinə daha az müraciət edir.  Amma sərfəli olanda Türkiyənin əzəmətli imperiya keçmişini vurğulamağı sevir.

— Türkiyə vətəndaşları İsrail və HƏMAS savaşına necə yanaşırlar? Ərdoğanın sərt ritorikası məhz cəmiyyətin tələbatına cavabdırmı?

— Türkiyədə həqiqətən də Fələstinə geniş dəstək var. Məhz HƏMAS-a dəstək deməzdim, amma fələstinliləri əhalinin əksəriyyəti dəstəkləyir. Daha maraqlısı, müxalifət də Ərdoğanla tam həmrəydir. Hətta sərt ritorikada Ərdoğanı üstələyənlər var. Məsələn, adını çəkdiyim Əhməd Davudoğlu, keçmiş baş nazir, HƏMAS-ın oktyabrın 7-də törətdiyini bəyəndiyini açıq söylədi. Müxalifətdə hamı onunla razılaşmadı. Amma Fələstin məsələsi ilə bağlı bütün müxalifətçilər həmrəydir. Məsələn, İstanbulun müxalifətçi meri Əkrəm İmamoğlu özünün ABŞ səfərini ləğv etdi. Orada ona dünyadakı ən yaxşı şəhər başçılarından biri kimi nüfuzlu mükafat veriləcəkdi, amma Fələstin ətrafındakı mürəkkəb vəziyyətə istinad edərək imtina etdi.

Türkiyə küçəsi haqqında nə demək olar? Oradakı etirazları, Fələstinə dəstək, İsrail və Birləşmiş Ştatlara etiraz mitinqlərini yəqin hamı görüb. Yeri gəlmişkən, indi Türkiyədə xüsusi antiamerikanizm trendi var. Təsadüfi deyil ki, Ştatlar etirazlar üzündən Adanadakı konsulluğunu bağlayıb. Beləcə, Fələstin məsələsində Türkiyə heç zaman olmadığı qədər yekdildir. Bütün cəmiyyətin – təkcə küçənin deyil, həm müxalifətin, həm iqtidarın – bu qədər həmrəy olduğu başqa mövzu göstərmək çətindir.

— Amma savaşın ilk günlərində Ərdoğan İsraili birbaşa tənqid etmirdi.

 — Bu gün Fələstin hərəkatının önündə HƏMAS-dır, təşkilatı hətta İsrailə hücum edənə qədər tənqidi yanaşan fələstinlilər də dəstəkləyir. Onların çoxu HƏMAS-çıların İsrail şəhərlərinə necə asan və əslində maneəsiz girdiklərinə məftun olublar. İndi HƏMAS-ı təkcə fələstinlilər deyil, bütün müsəlman dünyası dəstəkləyir, buna görə də Ərdoğana İsraillə ortaq bir şeyinin olmadığını göstərmək vacibdir. O, son illərdə fəal şəkildə İsraillə barışığa getdiyini sanki unudub: keçən ilin sonlarında tərəflər səfir mübadiləsi etdilər, İsrail prezidenti nisbətən yaxın dövrdə Türkiyəyə gəlmişdi. İndi Ərdoğan bütün bunları üstündən xətt çəkmək olmasa da, dondurmaq və tamamilə fələstinlilərin tərəfində olduğunu göstərmək istəyir.

— Ərdoğan həm də deyib ki, onun fikrincə, HƏMAS terror təşkilatı yox, “öz torpaqlarını və vətəndaşlarını qorumağa çalışan” adamlar qrupudur. Belə mövqe Türkiyənin NATO üzrə müttəfiqlərinin baxışlarından güclü fərqlənir. Bu, Ankara üçün neqativ nəticələrə səbəb ola bilərmi?

— Hansısa nəticələr doğuracağını düşünmürəm. Əgər öz bəyanatından bir neçə gün əvvəl İsveçin NATO üzvlüyünə qabulunu bəyənmək barədə sənədi Türkiyə parlamentinə göndərməsəydi, Ərdoğan Ərdoğan olmazdı. Bununla Qərb ölkələrinə siqnal göndərir ki, əlaqələri pozmaq istəmir, ən azı İsveç məsələsində NATO-nun maraqları çərçivəsində hərəkət edir. Bu, özünəməxsus jest idi: özümü müsəlman dünyasının lideri kimi göstərməliyəm, amma sizinləyəm.

Ərdoğan NATO-nun şıltaq üzvü kimi unikal rolundan həzz alır: daim əleyhinədir, Ukrayna müharibəsi ilə də bağlı, Yaxın Şərqdəki vəziyyətlə də bağlı unikal mövqeyi var. Digər Yaxın Şərq ölkələrində olduğu kimi Türkiyədə də anti-NATO əhvalı güclüdür və prezident üçün hər dəfə ölkəsinin Şimali Atlantika alyansında əlahiddə statusda olduğunu qabartmaq vacibdir.

Qərb ölkələri də ümumən ona qarşı bir şey edə bilmirlər. Türkiyə alyansın həlledici üzvlərindən biridir, ordusu NATO-da ikincidir. Ona görə də, Ərdoğan bilir nə edir.

— Fələstinlilərə dəstək mitinqində Ərdoğan Qərbi açıq şəkildə Qəzza sektorunda “qətliam”da ittiham etdi. Bu da ixtilaf doğurmayacaq?

— Hər hansı cavab addımlarının olacağını düşünmürəm. Qərbdə Ərdoğanın kəskin hoqqalarına alışıblar. O da bilir, çətin ki, hansısa sanksiyalar olsun. Belə şeyləri özünə dəfələrlə rəva görüb. Onun antiqərb fikirləri son hədd deyil. İsrailə münasibətdə dedikləri də son hədd deyil. O, daha kobud, daha sərt ifadələr də işlədib.

https://toplum.tv/siyaset/pfelestin-teskilati-hemas-yaranmasi-meqsedleri-muumlttefiqlerip

Amma təkrar edirəm, Qərbdə Türkiyənin unikal vasitəçi rolunu xatırlayırlar, o cümlədən Ukrayna müharibəsində. Anlayırlar ki, Ərdoğan həm Putinlə, həm Zelenski ilə sərbəst ünsiyyət qura biləcək az qala yeganə siyasətçidir və perspektivdə, lazım gəlsə, onları danışıqlar masası arxasına oturtmağa cəhd edə bilər. Ərdoğan da bilir ki, etdiklərinin bədəli olmayacaq.

— Ərdoğan mitinqin tribunasından dedi ki, “İsraili hərbi cani elan etmək” niyyətindədir. Türkiyə belə bir sənəd qəbul edə bilərmi?

— Hələ ki, Ərdoğandan ciddi addımlar gözləmirəm. Bu, sərt ritorikadır, amma “qırmızı xətləri” keçmir.  Hər halda İsraillə münasibətlər onun üçün dəyərlidir, üstəlik, anladığıma görə, İsrail də Türkiyə ilə münasibətləri birdən qırmaq istəmir. Hələ ki, İsrail öz diplomatlarını məsləhətləşmələr üçün geri çağırıb. Türkiyə və İsrail münasibətləri normallaşdırmaq üçün son illər çox səy göstəriblər. Hər şeyin üstündən xətt çəkməyi, düşünürəm, Ankarada kimsə istəmir.

Özünün bütün şiddətli ritorikasına baxmayaraq, Ərdoğan hələ də fürsətlər pəncərəsini açıq saxlayır. Hə, sərt ifadələrdən istifadə edir, amma əvvəllər daha kobud idi, İsraili quldur-dövlət, terrorist təşkilat və s. adlandırırdı.

— O zaman İsrail niyə “münasibətlərə yenidən baxmaq” üçün Türkiyədəki diplomatlarını geri çağırdı?

— O, Ərdoğana siqnaldır ki, dayanmaq lazımdır, düşünmək lazımdır. Bununla belə, İsrail daha sərt addımlara müraciət etməyib, diplomatik münasibətlərin pozulması, Türkiyə səfirinin qovulması kimi, məsələn. Yəni Tel Əviv də hələ ki, münasibətləri qorumağa ümid edir. Elə bilirəm, İsrail rəhbərliyi də Ərdoğanın kütləyə oynadığını anlayır.

— İndi Türkiyə və İsraili nə birləşdirir?

— İqtisadiyyatı xatırladardım. Heç nəyə baxmayaraq, iqtisadiyyat həmişə Türkiyə-İsrail münasibətlərinin lokomotivi olub. Son illər iki ölkə arasında məhsul dövriyyəsi xeyli artır. Ərdoğan əsasən Türkiyənin investisiya ehtiyacı üzündən İsraillə yaxınlaşmaya getdi. Ankaraya son illər tənəzzül edən iqtisadiyyatını dirçəltmək lazımdır. Ölkələr həm də Aralıq dənizində birgə enerji layihələri planlaşdırırdılar, amma son hadisələrin fonunda bunu dayandırıblar.

Beynəlxalq müstəvidə Türkiyə İsrailin ərəb ölkələri ilə yaxınlaşmasında maraqlıdır. Ankara nəzəri cəhətdən İsrail və ərəb ölkələri, ilk növbədə Qətər arasında mediator qismində çıxış edə bilər. Amma müsəlman küçəsinin lideri olmaq ambisiyası naminə İsrail əleyhinə ritorikanı şiddətləndirməklə Ərdoğan özünü İsrail və ərəb dünyası arasında vasitəçilik imkanından məhrum edir. Tel Əviv üçün Türkiyə prezidentinin indiki ritorikası tamamilə yolverilməzdir. İndi Ankaranın hətta sülh təşəbbüsləri – deyək ki, Fələstin və İsrail üçün qarant ölkələr ideyası – Tel Əviv tərəfindən açıq-aşkar süngü ilə qarşılanır.

Mənbə: Meduza.io

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

"Tesla"nın elektrik yük maşını "Sibertrak" satışa çıxarılıb

Toplum TV
1 Dekabr 2023

drive.com

"Tesla" şirkəti "Sibertrak" (Cybertruck”) elektrik yük maşınının tədarükünə başladığını elan edib. Toplum TV “The Financial Times” nəşrinə istinadən xəbər verir ki, elektrikli avtomobilin qiyməti 60,990 dollardan başlayır. Tədarükünün başlanması ilə bağlı keçirilən tədbirdə çıxış edən "Tesla"-nın qurucusu Elon Mask futuristik dizaynlı yeni elektrikli pikapın “yolların simasını dəyişəcəyini” bildirib.   https://toplum.tv/dunya/pelon-mask-anti-semitizm-ittihamlarindan-sonra-israile-sefer-edibp "Sibertrak", "Tesla"-nın pikap bazarında ilk addımıdır.  Bununla belə, "The Financial Times" qeyd edir ki, "Tesla" iki ildir  "Sibertrak" buraxmağa hazırlaşdığı vaxtda "Ford" və "General Motors" da daxil olmaqla, digər istehsalçıların elektriklə işləyən pikapları bazara daxil olub.
Dünya

Navalnıya qarşı yeni cinayət işi açılıb 

Toplum TV
1 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiyada həbsdə olan siyasətçi Aleksey Navalnıya yeni cinayət işi açılıb. O, "vandalizm"də ittiham olunur Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də siyasətçinin Telegram-kanalı məlumat verib.  "Meduza.io"-nun yazdığına görə, Navalnıya Rusiya Federasiyası Cinayət Məcəlləsinin 214-cü maddəsi üzrə ittiham irəli sürülüb. Bu maddənin 2-ci bəndində “bir qrup şəxs tərəfindən, habelə siyasi, ideoloji, irqi, milli və ya dini nifrət və ya ədavət, yaxud hər hansı sosial qrupa qarşı nifrət və ya düşmənçilik motivləri ilə törədilmiş əməllər” nəzərdə tutulur. https://toplum.tv/dunya/pzelenski-ukraynanin-eks-huumlcumunun-ugurlu-olmadigini-etiraf-edibp Bu maddə üzrə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək məcburi əmək və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası...

Seçilmiş Videolar

Toplum TV loqo