Dünya

İrandan reportaj: "Ölkəmizi bu küt adamlardan xilas etmək istəyirik"

7 Fevral, 2023
300

Açıq mənbələrdən götürülüb

İranda etirazlar

“Meduza” portalının müxbiri İrana səfər edərək əhali ilə irimiqyaslı etiraz aksiyalarının ölkəni necə dəyişməsi və indi nəyə ümid etmələri barədə söhbət edib. 

Hazırlanan məqalənin birinci hissəsində 2022-ci ilin yayında hicab bağlamaq haqqında yeni və daha sərt qanunun qəbulundan, əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əminin ölümündən sonra vüsət alan kütləvi etiraz aksiyalarından, hakimiyyətin repressiyalarından, qətllərdən və edamlardan bəhs edilir. Daha sonra isə müxbir iranlılarla söhbətlərini və bu söhbətlərdən yaranan təəssüratlarını bölüşür. Toplum TV məqalənin həmin hissəsini ixtisarla təqdim edir.  
 
“Bu, sanki işıq şüasıdır. Bəlkə möcüzədir” 

 
Tehran küçələrindəki insanlar “Meduza”nın müxbiri ilə etirazlar barədə məmnuniyyətlə danışırlar. Doğrudur, kimsənin dinləməməsinə çalışırlar, polis və SEPAH əməkdaşlarını görəndə susurlar.  

Əgər küçələrdə sakitlikdirsə - məsələn iş saatlarında, - şəhərdə polislər çox olmur. Onlar bəzi yolayrıclarında bir neçə nəfərdən ibarət qruplarla keşik çəkirlər və darıxdıqları aydın görünür. Əgər axşam küçə aksiyalarının olacağını bilməsən, ölkədə artıq bir neçə aydır etirazların baş verdiyinə inanmazsan. Hərdən maşınlardan müxalifətçilər arasında populyar olan mahnıların səsini eşitmək olar, amma fars dilini bilməyənlər bunun da bir növ etiraz olduğunu çətin ki, anlasınlar.  

İranlılar nümayişlərin keçiriləcəyi yeri və vaxtı sosial şəbəkələrdən öyrənirlər. Hakimiyyət illərdir ki, internet üzərində tam nəzarətə nail olmaq istəyir, amma bunu bacarmır – insanların çoxu VPN servislərdən istifadə edir. Bundan əlavə, müstəqil peyk telekanallarına baxırlar.  

“Etirazlar barədə "İnstaqram"dan və “Iran International” peyk kanalından bilirik. İkinci İranda ən populyar telekanaldır. Hətta kənd yerində də [siqnalını] tutub baxırlar. BBC və “Voice of America” da var, onlar da farsca yayımlanırlar. – 26 yaşlı tibb işçisi Arma danışır. – Hakimiyyət bunları niyə bağlamır? Onlar hər evə gəlib [çanaq avadanlığını] götürə bilməzlər. Onlar gedənə qədər insanlar texniki xidmətə zəng edib yenisinin gətirilməsini istəyəcəklər. Biz bu kanallarsız yaşaya bilmərik”. 

https://toplum.tv/dunya/piran-etirazccedililarinin-dar-agacina-geden-yolup

Məhsa Əmininin ölüm xəbəri yayılanda 24 yaşlı Zülfiyyə (dizaynerdir) xaricdə idi, dostları ilə səyahət edirdi. “İlk düşündüyüm təhlükədə olmağım idi. Təsəvvür etdim: daha bir ölüm, daha bir məsum qız, bizim hamımız kimi birisi öldü. Yəqin ki, dövlət tərəfindən öldürülüb. Və özümü onun yerində təsəvvür etdim”, - iranlı qız “Meduza”  ilə söhbətində xatırlayır.  

Zülfiyə etiraf edir: Məhsa Əmininin ölümünün geniş ictimai reaksiya doğuracağına hətta ümid belə etmirdi: “Mən fikirləşdim, bu, sanki işıq şüasıdır. Bəlkə möcüzədir?” 

“[Əvvəllər] insanlar qorxurdular. İnid isə sosial şəbəkələr sayəsində biliklərini artırırlar, [ölkədə baş verənlər haqqında] hər şeyi bilirlər. [Hakimiyyət daha] insanları aldada bilmir. Ola bilər, böyük inqilab başlayıb, buna ümid edirəm. Hamı ümid edir. Çünki biz çox kərə cəhd etmişik [amma dəyişiklilər olmayıb]”. 
 
“Biz nə uğrunda savaşırıq?” 

 
İranda bir sıra məşhurlar etirazlarda fəal iştirak edib. Bəziləri həbs olunub, məsələn, İranda ən məşhur aktrisalardan biri olan Təranə Əlidosti və futbolçu Vuria Qafuri. 

Etirazların 25 yaşlı tərəfdarı Emna Xamneyi rejimini açıq qınamaqdan çəkinməyən İran ulduzlarından fəxrlə danışır. Məsələn, musiqiçi Şervin Hacıpur sentyabrın sonlarında özünün "tvitter"dəki izləyicilərindən “Biz nə uğrunda savaşırıq?” sualına cavab verməyi xahiş etdi, onların tvitləri əsasında isə “Bəraye…” (farscadan tərcümədə - “uğrunda”) mahnısını yazdı. Trek faktiki olaraq, etirazların himninə çevrildi, Hacıpur isə həbs olundu (doğrudur, tezliklə girov müqabilində buraxıldı). 

“Bu, bir müəllifin deyil, bir çox adamların mahnısıdır. Maraqlıdır ki, həmin oğlan sadəcə İran televiziyasının istedadlar müsabiqəsindəndir. Təbii, hakimiyət onun xarici dövlətlərlə əlaqəli olduğundan şübhələndi və buna görə sorğu-sual edildi”, - Emna danışır.

İran polisi noyabrın əvvəllərində ölkədə tanınmış reper, 32 yaşlı Tumac Salehini həbs etdi. O, indiki etirazlara qədər də hökuməti tənqid edirdi.  “Onun həyatı əvvəl də təhlükədə idi, indi isə ümumiyyətlə həbs olunub”, - Emna deyir. 

 İran məşhurlarının həbsi təkcə yerli deyil, dünya KİV-də də geniş müzakirə olunur. Amma azyaşlıların sərtliklə saxlanılması – həm də təkcə aksiyalar zamanı deyil, məktəblərdə də - haqqında xəbərlər daha kəskin reaksiya doğurdu. Noyabrda “Human Rights Activists in Iran” təşkilatının hüquq müdafiəçiləri yaşı 18-dən az olan 60-a qədər öldürülənin olduğunu bildirdilər. 14 yaşlı qızı narkotacirlərin cəza çəkdiyi həbsxanaya salıblar. 16 yaşlı oğlan həbs ediləndən sonra burnu sındırılıb. 13 yaşlı qızın üzərinə isə məktəbdə Bəsic könüllüləri hücum çəkib. Almaniyanın “Bild” qəzetinin məlumatına görə, iki yeniyetməyə “Allaha düşmənçilik” ittihamı ilə edam hökmü kəsilə bilər.  

16 yaşlı Nika Şakarami sentyabrın 20-də, etirazların ilk günlərində Tehranda yoxa çıxıb. Həmin ərəfədə o, sosial şəbəkədə hicabını yandırması videosunu paylaşıb. Doğmaları onun cəsədinin 10 gün sonra tapdılar. Hakimiyyət qızın intihar etdiyini bildirdi.  

Yetkinlik yaşına çatanlar arasında zərərçəkənlər daha çoxdur. Bir neçə nəfər qırma və ya rezin güllədən gözünü itirib. Bu zaman yaralı nümayişçilər çox vaxt xəstəxanalara müraciət etməyə çəkinirlər, çünki oradan polisə xəbər verə bilərlər. 
 
“Biz azadlığı haqq edirik” 
 
Hakimiyyətin qəddarlığına, ölən və yaralananların nəhəng sayına baxmayaraq, “Meduza”nın bütün həmsöhbətləri İranda baş verənlərdən ruhlanıblar və ölkə qadınlarının vəziyyətinin tezliklə dəyişəcəyinə inanırlar. Hazırda qanuna görə, İran qadınları bəzi vəzifələr tuta – məsələn, hakim və prezident ola – bilməzlər. 

Xalq mahnılarından başqa mahnılar oxumaq, kişilər olan yerdə rəqs etmək, stadiona getmək qadına qadağandır.  Xaricə getməzdən əvvəl atadan və ya qardaşdan və ya ərdən icazə almalıdırlar. Nəhayət, öz arzusu ilə boşanmaq yetərincə çətindir, qızı isə 13 yaşından ərə vermək olar. 

“Bu ölkənin dəyişməsini bir qadın kimi çox istəyirəm. Bir qədər cəfəng mədəniyyətimiz var, xüsusən qadınlarla bağlı və biz belə halla razı deyilik. Bu inqilab başlayandan mən İranda nə qədər qadının hicabsız çölə çıxmağa hazır olduğunu görürəm. Onlar qaydalara yenidən baxılmasını və öz hüquqlarının qorunmasını istəyirlər. Mən tezliklə hər şeyin dəyişəcəyinə ümim bəsləyirəm”, - Nəfəs adlı tələbə deyir.  

Dizayner Zülfiyyə onunla razılaşır: “Ətrafımdakı bütün insanlar azadlıq istəyir və həqiqi inqilabın ölkəmizi dəyişməsini arzulayır. Ümid edirəm ki, bu dəfə əvvəlki kimi olmayacaq və mənim xalqım istədiyini alacaq. Biz bunu haqq etmişik. Azadlığı, insan hüquqlarını və qanunları haqq etmişik. Biz ölkəmizi bu əcaib və küt insanlardan alıb özümüzə qaytarmaq istəyirik”. 

"Meduza"nın başqa bir həmsöhbəti, 40 yaşlı Burxan başqa cür düşünür. O, İranda baş verənləri inqilab hesab etmir, çünki, fikrincə, küçələrdə adam çox deyil, əksəriyyət heç nə etmir: “İnsanlar həqiqətən də etirazların rejimi dəyişməsini istəyirlər. Amma problem ondadır ki, çoxları susur. Razı deyil, amma narazılığını da dilə gətirmir”. 

O, hesab edir ki, hakimiyyətə islahatçıların gəlməsi də heç nəyi dəyişməyəcəkdi, çünki onlar yalnız sözdə demokratik ideyaları dəstəkləyirlər. İran ruhaniləri islahatçılar və mühafizəkarlar deyilən iki hissəyə bölünür. Mühafizəkarlar İslam inqilabının qələbəsindən sonra artıq 40 ildir ki, hakimiyyətdə dominantdırlar. İslahatçılar parlamentdə azadlıq, demokratiya və vətəndaş cəmiyyəti ideyalarını səsləndirirlər, amma bu zaman İslam ehkamlarından uzaqlaşmırlar. 

Burxan televiziyaya da inanmır, hətta “Meduza”nın həmsöhbəti Armanın haqqında şövqlə danışdığı  “İran International”a da. “Eşitmişəm ki, [etirazlar zamanı] ölənlərin sayı mindən çox ola bilər. Amma bizim heç bir sənəd-sübutumuz yoxdur. Şəxsən mən “İran International”ın sözünə inanmıram. [Ondan fərqli olaraq] hüquq müdafiəçiləri yalnız ölümlərini təsdiq edə bildikləri adamlar haqqında danışırlar”.

Burxan eyni zamanda hesab edir ki, əgər etirazçılar rejimin çöküşünə nail olmasalar da, hakimiyyət yenə də onları tam yatırda bilməyəcək, “çünki onlar tələsik hərəkət edən və yoxa çıxan azsaylı qruplardır”. “Bu, xeyli davam edə bilər, bir neçə ay, bəlkə də il. Hakimiyyətin etirazçılara təklif edəcəyi heç nəyi yoxdur, deməli, onlar da qane olmayacaqlar. Ya da polis ölkənin bütün şəhərlərinə yayılıb səsini çıxaran hər kəsi həbsxanaya sürüməlidir. Amma bu qeyri-mümkündür”. 

Həqiqətən İranda etirazlar səngimir, amma əvvəlki aylarda olduğu qədər kütləvi deyil. İqtidar həbs edilən nümayişçilərə hökm çıxarmaqda davam edir. İranın keçmiş prezidenti və İslam Respublikasının banilərindən biri olan Haşemi Rəfsəncaninin qızı Faizə Haşemi Rəfsəncani yanvarın 11-də 5 il həbsə məhkum edildi. 1996-2000-ci illərdə İran parlamentinin deputatı olan Faizə qadın hüquqlarını müdafiə edirdi və hüquq-mühafizə orqanlarının fəaliyyətini açıq tənqid edirdi. Onu sentyabrın sonlarında “dövlətə qarşı çıxmaq” ittihamı ilə həbs etmişdilər.  

https://toplum.tv/siyaset/pbaki-sefirliye-huumlcuma-goumlre-noumlvbeti-defe-irani-ittiham-edibp

Etirazlar üçün yeni impuls tapılacaq, yoxsa hakimiyyət yenə narazılıqları yatırdaraq İslam Respublikasının ömrünü uzatmağa nail olacaq – demək çətindir. 
Politoloq, Nottingem universitetinin Malayziya filialının dosenti Yuliya Roknifardın sözlərinə görə, indiki çıxışların taleyini ortaya güclü liderlərin çıxması həll edə bilərdi. “İranda etiraz hərəkatı nəyə qarşıdır – az-çox məlumdur. Siyasi rejimi yıxmaqdan başqa etirazların arzuolunan nəticəsi qismində nə görülür, söyləmək çətindir”, - politoloq əlavə edir. 

Roknifard deyir ki, etirazçıların nə dəqiq hərəkət planı, nə də struktur dövlət islahatları vəd edən nümayəndələr koalisiyası var. Bir neçə müxalif qruplar var, amma onlar nə öz aralarında, nə hakimiyyətlə danışıqlara hazır deyillər. “Bu zaman Nelson Mandela miqyasında ideal lider tələbatı necə təmin oluna bilər, aydın deyil. Axı özünü bu səpkidə təqdim etmək olduqca təhlükəli ola bilər”, - tədqiqatçı söyləyir. Amma dərhal da əlavə edir: “Doğrudur, etiraz hərəkatını vahid liderin idarə etməməsinin üstün cəhəti də var: indi hərəkatı başsız qoymaq daha çətindir”.

Tərcümə Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo