Dünya

Putinin yanından qaçmış kapitan: Onu cinayətkar hesab edirəm

Yadigar Sadıqlı
6 Aprel, 2023
1511

dossier.center

Qleb Karaulov

Qleb Karakulov Rusiyanın Federal Mühafizə Xidmətinin (FSO) kapitanıdır. 2022-ci ilin oktyabrına qədər prezident rabitəsi idarəsində mühəndis idi və Vladimir Putinlə işləyirdi. Oktyabrda MDB dövlət başçılarının sammiti keçirilən Astanadan arvadı və qızı ilə birlikdə qaçaraq İstanbula uçub.

Toplum TV “Dosye” mərkəzinin Karakulovdan aldığı müsahibəni ixtisarla təqdim edir.

Qaçış

Bu işlə qurtarmaq barədə qərara necə gəldiniz?

Qulluqda olarkən öz vicdanımla alver edə bilməyəcəyim haqda xeyli siqnallar vardı. Pensiyaya çıxmağıma iki ildən az qalmışdı. Düşünürdüm ki, bu müddəti başa vurum, ipotekanı bağlayım, vəssalam – daha müqaviləni uzatmayacağam. Amma cinayətkar müharibə başladı. Mən həmin prezidentin xidmətində qala bilməzdim. Onu hərbi cinayətkar hesab edirəm. Baxmayaraq ki, hərbi əməliyyatlarda iştirak etmirdim, amma onun cinayətkar əmrlərini yerinə yetirməyi, ya da sadəcə onun xidmətində olmağı özüm üçün mümkün hesab etmirdim.

Rusiyanı necə tərk etdiniz?

Hər şey fevralın 24-də başladı. Nəyə görə isə mən də ölkənin çoxlu vətəndaşı kimi düşünürdüm ki, eskalasiya, ələlxüsus da açıq təcavüz olmayacaq. Fevralın 24-də səhər tezdən, yəqin, yarım saat stuporda oldum. Sonra isə, güman ki, həyəcandan səhhətimdə problem yarandı. Üç ay xəstəxanada qaldım. Bir az sakitləşdim, özümə təsəlli verdim ki, bunun sənə dəxli yoxdur. Amma anladım ki, yavaş-yavaş getmək lazımdır, pensiyadan daha əvvəl.

Qleb Kraulovun iş sənədi - mvd.ru

Sonra məzuniyyət vaxtı gəldi, üstəlik, xarici pasportumun vaxtı qurtarırdı. Mən sadəcə işdən çıxmaq istəyirdim. Müqaviləyə xitam vermək çətindir, amma mümkünsüz deyil. Amma səfərbərlik başladı. Anladım ki, işdən çıxsam, ehtiyat zabiti olacağam və dərhal cəbhəyə göndəriləcəm. Bir neçə gündən sonra öyrəndim ki, Astanaya ezam olunuram. Düşündüm, yaxşı fürsətdir, əldən qaçırmaq olmaz.

Hazırlıq tədbirlərindən sonra oktyabrın 6-da Astanaya uçduq. Arvadım və qızım oktyabrın 8-də gəldilər. Onlar başqa hoteldə qalırdılar. Qaçışdan qabaq yalnız bir dəfə görüşdük. O, mənim qaldığım hotelə gəlib çamadanımı götürdü. Çünki qaçış günü çamadanla hoteldən çıxmağım diqqət çəkə bilərdi.

Oktyabrın 14-də ezamiyyətin son günü idi. 15-də geri qayıdacaqdıq. Həmin gün saat 3-də (gündüz) arvadım və uşaqla hava limanına getdik. Növbədə olmayan iş yoldaşlarım mağazalara baxmaq istəyirdilər. Mənə yazıb harada olduğumu soruşurdular. Dedim ki, mən də istəyirdim, amma qarnım ağrıyır, bəlkə sonra, saat 5-də qoşuldum. Uçuş isə bir saat ləngidi. Təxminən 17:30-da uçduq.

Vladimir Putin və FSO

Siz FSO-ya necə düşdünüz?

Mən 2004-2009-cu illərdə Mojayski adına hərbi-kosmik akademiyada oxumuşam. Məzun olan vaxt [müdafiə naziri] Serdyukovun islahatları keçirilirdi. Necə deyərlər, optimallaşdırma və ixtisar. Perspektivlərimiz dumanlı idi. Alternativ axtarmağa çalışırdıq. Tanışlar vasitəsilə FSO-da işləmək imkanı yarandı.

Variant xoşuma gəldi. Müdafiə nazirliyində nə baş verəcəyi aydın deyildi. Burada isə Federal Mühafizə Xidməti! Prezident rabitəsi xidməti! Razılaşın ki, qəşəng səslənir. Dolayısı ilə olsa da proseslərdə iştirak etmək, prezidentlə yanaşı olmaq... Məmnuniyyətlə razılaşdım. Üstəlik Moskvada idi. Təyinatla Kamçatkaya da gedə bilərdim. Bir sözlə, bu variantı çox bəyəndim.

FSO-da nə ilə məşğul idiniz? Sizin adi iş gününüz nədən ibarət idi?

Mən prezident rabitəsi idarəsində mühəndisəm. Biz dövlətin birinci adamlarının – prezident və baş nazirin rabitəsinin şifrələnməsini təmin edirik.  Mən bizimkilərin səyyar dediyi bölmədə çalışıram, prezidentin və baş nazirin Rusiya daxilində və xaricində işgüzar səfərləri zamanı rabitəsini təmin edirik. Astana mənin 183-cü, ya da 184-cü ezamiyyətim idi.

Putin Astana görüşündə - Kremlin.ru

Xüsusi rabitə - nəhəng miqdarda şəxsi heyət və texnika deməkdir. Belə izah edim: əgər hər hansı bəsit ezamiyyətdirsə, texnikamız “Kamaz”ın yarısı qədər olur, ciddi ezamiyyətdirsə, “Kamaz”ın hamısı.

Xüsusi rabitədən savayı FSO nə ilə məşğul olur? Daha hansı bölmələr var?

İstənilən sahəyə aid nəhəng miqdarda idarələr. Ali vəzifəli şəxs kimi prezidentin əmək fəaliyyətinin bütün aspektləri, bütün məqamları FSO-nun üzərindədir. Fiziki mühafizə məsələləri, birinci şəxslərin iştirakı ilə bütün tədbirlərin təşkili buraya daxildi. Düşünürəm, hamı bilir ki, prezident, baş nazir üçün xörək hazırlayan aşpazlar və başqa adamlar var. Bütün xörəklər yoxlamadan keçir, bunun üçün xüsusi xidmət var – Bioloji təhlükəsizlik xidməti.

Maşınlar – xüsusi təyinatlı qaraj adlanır. Hətta yanğın mütəxəssisləri var, bizimlə ezamiyyətə gedirlər. Bütün texniki sənədləşməni öyrənirlər, bütün obyektlərin mühəndis, texniki, yanğın əleyhinə normalara uyğunluğunu yoxlayırlar.

https://toplum.tv/dunya/prusiyanin-ne-qeder-rezervi-var-ve-ne-vaxta-qeder-kifayet-edecekp

İnformasiya-texniki komponentə cavab verən bölmə var – qapalı videokonfranslar, internetə çıxış, iş yerinin təmin olunması. Doğrudur, Putinlə məsələ başqa cürdür, internetdən istifadə etmir. Amma belə bölmə var, çünki videokonfranslardan istifadə edir. 2020-ci ildə koronovirus peyda olandan sonra tələbat xüsusilə artdı.

Ən ümumi anlmada FSO inzibati obyeklərin mühafizəsi ilə məşğuldur: Kreml, Dövlət Duması, Federasiya şurası, MSK və bir sıra başqa obyektlər.

Belə çıxır, dövlət içində dövlətdir?

Tam müstəqil təşkilatdır, doğrudur.

FSO strukturunda hansı bölmə ən prestijli sayılır?

Mənim aləmimdə, rabitə - bu, qoşunları idarəetmənin əsasıdır. Amma bizdə yenə də prezidentin təhlükəsizlik xidməti daha mühümdür, çünki prezidentlə və baş nazirlə bilavasitə təmasda olurlar.

Vladimir Putin – görmüsünüz onu? Televiziya obrazı həyatdakından nə qədər fərqlənir?

Birinci dəfə ilk ezamiyyətimdə, Kazanda görmüşəm – 2009-cu ilin oktyabrı idi. Danışmaq imkanım, prinsipcə, yox idi və olmayıb. Yəni baş verənləri görə bilərəm, amma yaxınlaşıb danışmaq – belə imkanım olmur. Çünki prezidentin işgüzar qrafiki dəqiqəsinəcən tərtib olunub, ətrafında həmişə çoxlu mühafizə var, çoxlu adamlar var, yaxınlaşıb “İşlər necədir?” demək mümkün deyil.

Televizorda göstərilən davranış tərzi, duruş tərzi, düşünürəm, eynidir. Xüsusi təhriflər yoxdur, hər şey televizordakı kimidir. Amma biz, necə olsa, rəsmi tədbirlərdə işləyirik. Hə, orada qeyri-tipik proqramlar olur. Təəssüf ki, belə hallarda olmamışam.

Putin həqiqətən də çox işləyir, onun səfərlərindən də görünür. Məsələn, mən növbədə olanda danışıqların nə vaxt baş verməsini görürəm. Səfərdə olanda gecə saat 2-3-ə qədər yatmır. Əgər səfər başqa saat qurşağındadırsa, əsasən Moskva vaxtı ilə işləyir. Orada olanlar da – administrasiya, qubernatorlar, birlikdə səfər edənlər – uyğunlaşırlar. Kamçatkada olanda gecə yarısı müşavirə keçirirdi, çünki həmin vaxt Moskvada səhər idi və belə ona daha rahatdır.

FSO əməkdaşları prezidenti müzakirə edirlər?

Şef adlandırırlar və sitayiş edirlər. Yalnız bu şəkildə müzakirə olunur.

Putin informasiyanı haradan alır? Nə dərəcədə vakuumdadır? İnternetdən istifadə edirmi?

Mobil telefondan istifadə etmir. Qulluq etdiyim dövrdə onu mobillə görməmişəm. Əgər baş nazirlə ezamiyyətə gediriksə, bizimlə internetlə - elektron ofis, noutbuk, şəbəkəyə giriş - məşğul olan bir nəfər də gedir. Putinə həmin əməkdaş lazım deyil. İnternetdən istifadə etmir. Bütün informasiyanı bilavasitə yaxın olan adamlardan alır. Bir növ informasiya vakuumunda yaşayır.

Belə hesab olunur ki, prezidentə qovluqlar gətirilir, xüsusi xidmətlərin məxfi məruzələri. Onun informasiya mənbələri budurmu?

Hə, doğrudur.

Prezident televizora baxır?

Rusiya televiziyası – prezidenti səfəri üçün hazırlanan iqamətgahın məcburi tələbidir. İqamətgah – abstrakt anlayışdır, bu, hotel otağı və ya hər hansı qonaq kompleksi ola bilər. Hazırlanan zamanı məhz Rusiya kanallarının göstərilməsi tələbi var, məsələn “Rossiya”. Dörd ədəd telekanal, “Rossiya” mütləq.

Həqiqətənmi Putin daim izolyasiyadadır?

Hə, düzdür. Artıq üç ildir ki, planetdə koronavirus var. Amma pezidentimiz indiyə qədər təcriddə oturur. Biz istənilən tədbir qabağı, hətta 15-20 dəqiqə çəksə də, iki həftə karantində otururuq.  Karantini keçən işçilər təmiz hesab olunurlar və Putinlə eyni otaqda işləyə bilərlər. Prezidentin yavərləri az qala gündə bir neçə dəfə PZR-test verirlər. Üç il keçəndən sonra belə anlaşılmaz karantinlərlə insanları incitmək nəyə lazımdır? Baş nazir Mişustin xəstələndi, keçdi, heç bir problem yoxdur. Bilmirəm, yəqin öz sağlamlığına görə qorxur.

Bu sual dünya əhalisinin təxminən yarısını narahat edir. Vladimir Putinin səhhəti necədir? Bizimlə hələ çox olacaq?

Biz 2020-ci ilə qədər çox tez-tez səfərlərdə olurduq. Sonra bunkerdə oturdu və ildə iki-üç səfərdə olur. Koronavirusa qədər çox olurdu. Biz 2-3 həftə, hətta bir ay Moskvadan kənarda olurduq. 2009-cu ildən bəri Putinin xəstələnməsi üzündən bir-iki səfər təxirə salınıb. Səhhəti ilə bağlı hər şey öz yaşıdlarının çoxundan yaxşıdır.

Putinin qohumları da onunla görüşmək üçün karantində otururlar?

Bunu dəqiq deyə bilmərəm, necə olduğu haqqında məlumatım yoxdur.

Bəs Navalnı komandasının araşdırmasından nəyi şəxsən təsdiq edə bilərsiniz?

Ən hay-küylülərdən Putinin sarayını. Təbii, mən də bilmək istədim. Həmkarım olan əməkdaşa yaxınlaşdım. Məndən fərqli, o, Soçiyə, Piterə daimi iqamətgahlara gedir. Radiorabitəyə cavabdehdir və gediləcək bütün obyektləri gəzir, yoxlayır. Ondan soruşdum ki, saray var? Dedi ki, var, oraya tez-tez gedirəm, rabitəni yoxlayıram.

Deyirsiniz ki, qeyri-stasionar obyektlərdə rabitə quraşdırırsınız. Hansı obyektlərdir?

Təyyarələr, helikopterlər, yaxtalar - sonuncuları “katerlər” adlandırırq. Bir də bu yaxınlarda xüsusi qatar vardı.

Xüsusi qatar nədir ki?

Prezidentin qatarı. O, 2014, ya da 2015-ci ildə bizim ixtiyarımıza keçdi. Adi qatar kimi görünür, RDY-nın bütün qatarları kimi qırmızı zolaqlı boz.

Prezident ondan niyə istifadə edir?

Çünki gözə daha az çarpır. Təyyarələr müvafiq servislərdə əks olunur. Qatar isə... Nə çoxdur belə boz qatarlar. Özü də hər hansı informasiya resursunda izlənilmir. Bu, gizlilik üçündür.

Prezidentin danışıq kabinası var, istənilən xarici səfər zamanı özümüzlə aparırıq. Buradan təminatlı məxfiliklə danışmaq olar. Kabina, əlbəttə, çox yekədir. İçində iş yeri və telefon var. Xarici kəşfiyyatın eşidəcəyindən ehtiyat etmədən danışmaq olar.

Putinin bunkerlərinin olması deyilir. İqamətgahlarını belə adlandırmaq qəbul olunub. Bəs əsl bunkerdə, yəni bomba sığnağında, olmusunuz? Orada xüsusi rabitə quraşdırmısınız?

Əvvəllər heç bir bomba sığnağında quraşdırmırdıq. Qazaxıstandakı səfirliyin ərazisində səfirin kabinetində, ya da danışıq otağında quraşdırırdıqsa, bu dəfə, oktyabrda daha bir telefonu bomba sığnağına qoyduq. Paranoyadır elə bil. Axı sən başqa dövlətin ərazisindəsən. Həmin dövlət sammitin təşkilatçısıdır, bütün təhlükəsizliyi təmin edir. Səfirliyin öz ərazisi də qorunur.

Putin videokonfrans keçirir - kremlin.ru

Putinin rəsmi və qeyri-rəsmi xeyli iqamətgahı var. Hansında daha tez-tez olur?

Məncə, ən çox ziyarət olunan Valdaydır. İki maraqlı məqam var. Onun Piterdəki, Soçidəki, Novo-Oqaryovada kabinetləri tamamilə identikdir. Elə olub ki, onun Soçidə olduğunu bilirdim. Televizorda isə göstərirlər ki, Novo-Oqoryovada hansısa görüş keçirib. Soçidəki həmkarımdan soruşuram: “Şef artıq uçub?”. Yox, deyir, buradadır.

Bəzən Putin Soçidə olur, amma qəsdən elə təəssürat yaradılır ki, guya uçur. Təyyarəsi hazırlanır, kortej gedir, əslində isə Soçidə qalır. Uşaqlar gülə-gülə danışırdılar. Düşünürəm ki, xarici kəşfiyyatı çaşdırmaq üçündür. İkincisi də heç bir qəsd olmasın.

Vladimir Putinə kiminsə qəsd etməsi haqqında eşitmisiniz?

Yox. Amma bu, ona qəsddən qorxmağa mane olmur. Yoxsa bu maskalanmaq nəyə lazımdır?

Müharibə

Geriyə baxarkən, sizə necə görünür, müharibənin dəqiq başlayacağını birinci dəfə nə zaman duymaq və ya əminliklə söyləmək olardı?

Davranışlara görə heç nə yox idi, heç bir şərtlər mövcud deyildi, məhz Putinin davranışına görə. Amma kommunikasiya sahəsində baş verənlər əsasında dəqiq anlayırdım ki, nə isə baş verəcək. Amma məhz tammiqyası savaş olacağını düşünmürdüm.

Yetrincə uzun müddət Vladimir Putini müşahidə edirsiniz. Sizin üçün 2009-cu ildə gördüyünüz insan və müharibənin başladığını elan edən insan – eyni adamdırmı. Ya necə isə dəyişib?

Davranışa görə iki müxtəlif adamdır. Biz FSB-nin keçmiş direktorunun baş nazir, prezident olmasını xatırlayırıq, gümrah, fəal adam idi. Əlbəttə, 2020-ci ilə qədər eyni cür fəal idi, səfərlərinə əsasən fikir yürütsək, olduqca çox olublar. İndi isə tamamilə qapanıb. Özünü ətraf aləmdən müxtəlif maneələrlə uzaqlaşdırıb, elə həmin karantinlə, informasiya yoxluğu ilə. Gerçəkliyi qavraması təhrif olunub. Mənim anlamımda, XXI əsrin sağlam düşüncəli, dünyada baş verənlərə obyektiv baxan, üstəlik, heç olmasa, orta məsafəli proqnozlar veməyi bacaran insan bu müharibəyə yol verməzdi.

FSO-da 2009-cu ildən 2022-ci ilə qədər işləmisiniz. Ömrün kifayət qədər böyük periodudur. Bu işə getməyə görə təəssüflənirsiniz?

FSO-da qulluq sayəsində informasiyanın təhrifini gördüm. Həyat yoldaşım da deyir, əgər mən olmasaydım... Gedib ona danışırdım ki, bu nə sayıqlamadır, gerçək belə deyil [televizordakı kimi]. Bu barədə heç düşünmək istəmirəm, amma FSO əməkdaşı olmasaydım, Z-patriot ola bilərdim. Çünki televizora baxacaqdım. Haradasa 2014-cü ildə hər şeyi gördüm və təsəvvürüm dəyişdi.

Mən 2014-cü il martın sonlarında Krıma uçdum. Orada yaşayan insanlarla danışmaq, ünsiyyət qrmaq imkanım vardı. Orada artıq referendum olmuşdu. Mənim həqiqətən birləşməni dəstəklədiklərini soruşmaq imkanım vardı. Doğrudan da mı 97% olmuşdu? Orada isə 50/50 idi. Yarısı – hə, birləşmək yaxşı oldu. İkinci yarısı isə - şübhə dolu. O zaman mənim üçün birinci siqnal oldu. Belə ki, işimə minnətdaram – gözlərimi açdı.

Krımdan başqa hansı siqnallar vardı?

Əslində çoxlu siqnallar. Ezamiyyət zamanı görürsən hər şey necə hazırlanır. Bir nəfərin hansısa kabinetdə əyləşməsi üçün ağlagəlməz pullar xərclənir. Daha əvvəl bu barədə, ola bilər, düşünməzdim, amma 2014-cü ildən sonra üst-üstə yığılırdı. Məgər bu, bizim pul xərcləyəcəyimiz yeganə şeydir? 200 nəfər, beşulduzlu hotel. Yəni nəhəng məbləğdə pul edir.

https://toplum.tv/dunya/pabs-rusiya-mexfi-danisiqlari-yayilibp

Sonunculardan biri. Mixail Mişustin Qorno-Altayska getmişdi. Təxminən saat yarımlıq tədbir keçirdi. Mən isə dağlarda idim, baş nazir üçün Altay Village qonaq evində rabitə qururdum. Bizim orada olduğumuz mövsümdə ən ucuz kottec sutkada 120-130 min rubl idi. Ən bahalısı isə sutkada 300 min rubla. Heyət böyük idi, bütün kotteclər yeddi günlük tutulmuşdu.

Burada suallar yaranır. Əgər büdcədən xərclənirsə, belə bir sual: bir nəfər üçün bu qədər pul xərclənməsi çox deyilmi? Əgər büdcədən deyilsə, yekə bir korrupsiyadır.

Bu siqnalların FSO-da ancaq sizin üçün səslənməsini necə izah edərdiniz?

FSO-da işləməyin öz üstünlükləri var. Çox da böyük maaş yoxdur, amma sabitdir. Mən, məsələn, 80 min rubla yaxın alıram. Müəyyən əlavələr də olur. Haradasa 100-110 min alınır. Zənnimcə, Moskva üçün çox deyil, amma ümumən normaldır. Bunu uşağının yanında heç olmamağının kompensasiyası hesab etmək olarmı? Bu, artıq başqa sualdır. Amma sən dünyanın istənilən nöqtəsində ezamiyyətdə ola bilərsən, halbuki oraya öz 80-100 mininlə gedə bilməzdin. Buna görə işləyirlər.

Niyə məhz dəstəkləyirlər? Bilirsinizmi, mən bunu təxmin də edə bilmirəm.

Tərcümə: Yadigar Sadıqlı  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Kiyevin özünü müdafiə etmək hüququ var" Toplum TV xəbər verir ki, bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.  Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.   “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.  Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.  "Vaşinqton Ukraynaya...
Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.  Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub.  https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1...

Seçilmiş Videolar

Toplum TV loqo