Qarabağ münaqişəsinin həllinin Gürcüstan, Moldova və Ukraynaya təsiri
The Insider
Post-sovetdə münaqişəli ərazilər
Dağlıq Qarabağ: Rusiya ilk dəfə oyundan kənar vəziyyətdə
Rusiya təbliğatı istehzalı acıdillikdə nə qədər məşq etsə də, Dağlıq Qarabağ konflikti passiv və gücsüz müşahidəçi mövqeyində qalan Kremlin uzunmüddətli maraqlarına rəğmən və onun iştirakı olmadan həll edildi, bu da onun bütün regionda və onun hüdudlarından kənarında mövqelərini, şübhəsiz, sarsıdır.
Ukrayna müharibəsində batıb qalan Rusiyanın artıq inkarolunmaz hərbi, siyasi və iqtisadi zəifləməsi kontekstində Qarabağda baş verənlər Qafqazda təhlükəsizlik arxitekturasını mütləq dəyişəcək və Rusiyanın iştirak etdiyi digər ərazi mübahisələrinə - Dnestryanı, Abxaziya və Cənubi Osetiya, eləcə də Krım – təsir edəcək.
Dnestryanı: Kipr və Qarabağ modeli arasında
Dnestryanı Moldova Respublikası (DMR) ilk baxışda Dağlıq Qarabağı çox xatırladır. Bu qurum SSRİ-nin çöküşü dövründə hərbi konflikt nəticəsində yaranıb, orada elə də çox adam yaşamır, ərazi tamamilə himayəçi dövlətin – Rusiyanın – dəstəyindən tam asılıdır və faktiki olaraq onun protektoratlığı altındadır.
Dağlıq Qarabağda olduğu kimi DMR-də də Rusiya sülhməramlı kontingenti yerləşir və Rusiya daxil, kimsə Dnestryanının müstəqilliyini tanımır. Bu ərazini də Moldova və Ukraynanın birgə səyləri nəticəsində xarici aləmdən asanlıqla təcrid etmək mümkündür. Azərbaycan hərbi əməliyyatları planlaşdıranda xarici oyunçuların, əsasən də Türkiyənin köməyinə bel bağladığı kimi, Moldova da nəzəri cəhətdən Ukrayna və NATO ölkələrinin köməyinə ümid edə bilər.
Amma sonra fərqlər başlayır. Moldova Azərbaycandan fərqli olaraq, hər hansı ciddi qüvvə resursuna və hərbi qüvvələrin uzunmüddətli inkişaf proqramı üçün vasitələrə malik deyil və ayrılmış regionu sırf sülh yolu ilə inteqrasiyasını bəyan edir. Ən əsası, DMR-in Moldova ilə sıx iqtisadi əlaqələri var və əhalinin 70 faizindən çoxu Moldova pasportu alıb.
Viktor Çobanu, moldovalı politoloq:
“Keçmiş SSRİ ərazisindəki dondurulmuş konfliktlərin oxşarlıqlarına baxmayaraq – keçmiş sovet respublikalarında təsir və destabilizasiya imkanlarının saxlanılması üçün imperiya mərkəzi tərəfindən separatçı anklavların yaradılması baxımından, - bənzərliklər bununla bitir.
Konfliktin güc yolu ilə həlli olmayacaq, bu Kişinyovun həmişəki rəsmi mövqeyidir. Moldova konflikti yalnız dinc yolla həll edəcək. Bu da müharibənin bitməsindən – Ukraynanın qələbəsindən və Rusiya qoşunlarının Dnestryanının ərazisindən çıxarılmasından sonra baş verəcək. Özü də Moldova hətta konflikt qəti həll olmasa belə 2030-cu ildə AB üzvü ola bilər. Belə variantı AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel səsləndirib”.
Aleksey Tulbure, Moldovanın BMT-də keçmiş daimi nümayəndəsi:
“Mən Dağlıq Qarabağla Dnestryanı arasında birbaşa və açıq paralellər aparmazdım. Amma burada ümumi bir məxrəc var – Rusiyanın mövqeyi. Aydındır ki, Qarabağda baş verən həll yolu Rusiya ilə baş verən metamorfozaların, onun zəifləməsi, həmin konfliktdə qarant və vasitəçi rolunu yerinə yetirməməsinin nəticəsidir.
Hə, Dnestryanı konflikt həlli üçün bu gün ən əlverişli nöqtədədir. Hətta problemin sürətli həlli üçün Kiyev Kişinyovla birlikdə Tiraspola təzyiq göstərməyi təklif etmişdi.
Konfliktin qəti həlli Rusiya maksimum zəifləyəndə baş tutacaq. Mən müharibədə məğlubiyyəti nəzərdə tutmuram, çünki o uzanır, amma Rusiyanın zəifləməsi regiondakı hadisələrə təsir edə bilməyəcəyi həddə qədər gedəcək.
2024-cü ildə Transbalkan kəməri ilə qaz tranziti haqqında Rusiya və Ukrayna arasındakı müqavilə başa çatır. Rusiyadan Avropaya, o cümlədən DMR-ə qaz o boru ilə gedir. Əgər razılıq başa çatırsa və yenisi imzalanmırsa, deməli, həmin boru ilə qaz daha verilməyəcək. DMR-ə də gəlməyəcək, həmin qurum isə Rusiyadan pulsuz qaz hesabına 30 ildir mövcudddur. Regionun iqtisadiyyatı, büdcəsi onun sayəsində ayaqda durur. Qaz gəlməyəndə DMR müflis olacaq, yaşamaq üçün başqa yol axtaracaq, həmin yol isə Moldovaya reinteqrasiyadır.
Bu gün region artıq Moldova gömrüyünün ixrac kağızları ilə işləyir, əsas məhsulu – metal, sement, elektrik enerjisi –Moldova vasitəsilə Qərbə satılır. Hər şey konfliktin dinc və siyasi həllinə doğru gedir. Maksimum iki il və konflikt özünün həlli yolunda əsas maneənin - Rusiyanın regionda təsirini itirməsi ilə həll olacaq”.
Vasili Şova: Moldova Respubikası prezidentinin reinteqrasiya üzrə keçmiş müşaviri:
“Qarabağ və DMR konfliktini eyniləşdirmək elə də korrekt deyil. Bizdə hərbi konflikt fazası qısa oldu və tərəflər tezliklə dinc nizamlama prosesinə keçdilər. Bu proses 1993-cü ildən davam edir və Dağlıq Qarabağda baş verənlərdən fərqli olaraq bizdə zorakı ssenariyə keçid üçün real destabilizasiya vəziyyəti heç olmayıb.
Ən əsası konfliktin köküdür. Biz danışıqların erkən mərhələsində Kişinyovla Tiraspol arasında tarixi, siyasi, etnik, dini və başqa problemlərin olmaması haqqında birgə bəyanat imzaladıq. Qarabağda, mənim bildiyimə görə, həm milli, həm tarixi, həm dini məqamlar vardı.
Biz 1993-cü ildən problemləri sırf dinc yolla həll edirik. Dnestrin hər iki sahilindən hər gün onminlərlə adam həmin sahili adlayır – işləyirlər, ünsiyyət qururlar, uşaqlar oxuyur, qarışıq ailələr var. Ümumiyyətlə, bizim konflikt əcaibdir. Niyə indiyə qədər həll olunmur? Çünki siyasi status və iqtisadi maraqlar sahəsində fikir ayrılıqları qalıb”.
Abxaziya və Cənubi Osetiya: “Gürcüstan heç bir halda hərbi təcavüz etməməlidir”
Gürcüstandan ayrılan regionlar patron ölkə - Rusiya və daha bir neçə ölkə (Nauru, Nikaraqua, Suriya, Venesuela) tərəfindən tanınmaları ilə Dağlıq Qarabağdan fərqlənirlər. Özü də Abxaziya və Cənubi Osetiyanın indiki statusu və vəziyyəti 1990-cı illərdə SSRİ-nin dağıntıları üzərində gedən proseslə yox, 2008-ci ildə Gürcüstan və Rusiya arasındakı savaşın nəticələri əsasında formalaşıb.
Bununla belə, Qarabağın sürətli çöküşü həm Gürcüstanda, həm də Abxaziya və Cənubi Osetiyada xeyli rezonans doğurdu. Keçmiş prezident Mixail Saakaşvili Qarabağ nümunəsinin “unikal imkanlar” açdığını yazdı, indiki baş nazir İrakli Qaribaşvili isə BMT tribunasından “abxaz və osetin bacı-qardaşalra” birləşmək çağırışı etdi.
Cavabında Abxaziyada Rusiya və Belarus ittifaq dövlətinə qoşulmağın mümkünlüyündən, Cənubi Osetiyada isə Rusiya ilə daha sıx inteqrasiya perspektivindən danışmağa başladılar. İstisna deyil ki, Tbilisinin öz regionları ilə bağlı strategiyasında Türkiyə də rol oynaya bilər – bu ölkələr get-gedə daha sıx dostluq edirlər.
Pata Zakareişvili, Gürcüstanın barışıq və hüquq bərabərliyi məsələləri üzrə keçmiş dövlət naziri:
“Ukraynada və 2020-ci ildən Azərbaycanda baş verənlər problemlərin ümumi kompleksinin göstəricisidir. Sovet İttifaqı, nəhayət, Ukraynada çökür və bu fonda Rusiya SSRİ-də və MDB-də oynadığı funksiyaları daha oynaya bilməyəcək. Bütün postsovet ölkələri bunu görür.
Gürcüstanda hökumət səviyyəsində “Abxaziya və Cənubi Osetiyanı [zorla] qaytarmaq” ideyası yoxdur. Siyasi kontekstdə bunu hətta ən radikal partiyalar müzakirə etmirlər. Bu ideya cəmiyyətdə toksik və qeyri-populyardır. Gürcüstan bir neçə müharibədən keçib və vətəndaşlar hərbi toqquşmaların istənilən variantından imtina edirlər.
Əgər Gürcüstan AB ilə yaxınlaşma istiqamətində getsə, abxaz və osetinlərin iki variantı var.
Birinci variant: Rusiya bu regionları ilhaq edə bilər, amma Abxaziya üçün bu qəbuledilməzdir və buna qarşı mübarizə aparır. Cənubi Osetiya isə məhz Rusiyanın bir hissəsi olmağa can atır.
İkinci variant Gürcüstanın bir hissəsi olmaq, amma sırf dinc yolla, AB və NATO dəyərləri üzərindən, xalqların təhlükəsizliklərini qoruyaraq, onların identikliyini möhkəmləndirərək, özünüidarəsinə siyasi təminat verərək”.
Tornike Şaraşenidze, politoloq, Gürcüstan İctimai Məsələlər İnstitutunda Beynəlxalq münasibətlər məktəbinin rəhbəri:
“Bizim üçün əsas fərq odur ki, Dağlıq Qarabağda rus ordusu yox idi. Üstəlik, Azərbaycan hələ 3 il əvvəl müharibənin əsas hissəsini udmuşdu, indi işi bitirmək qalırdı.
Bu mənada bizim üçün bir şey dəyişməyib. Məlum olduğu kimi, Abxaziya və Cənubi Osetiyada Rusiya qoşunları var və hələ ki, oradan çıxmağa hazırlaşmırlar. Gürcüstan dəqiq hücum etməyəcək. Bu, hamıya məlumdur, o cümlədən, gürcülərin Rusiyanın başının Ukraynada qarışmasından istifadə edib hücuma keçəcəyini deyənlərə. Bu, baş verməyəcək, çünki Tbilisi özünün ərazi məsələsini sırf dinc yolla həll etməyə köklənib. Əgər Gürcüstan özünün qanuni ərazilərini qaytarmaq üçün hücum qərarı versə, orada rus qoşunları ilə üzləşəcək. Kimsə intiharı seçməz. Münasib imkan düşəndə ərazi bütövlüyünü dinc yolla bərpa etməyə hazırlaşmaq lazımdır.
Əminəm ki, müəyyən dövrdə orada Rusiya qoşunları olmasa belə, Gürcüstan yenə də hər şeyi dinc yolla həll etməyə çalışacaq. 2008-ci il savaşından sonra bunu hətta Saakaşvili də BMT tribunasından dedi. İndiki hakimiyyət isə işğal olunmuş ərazilərlə bağlı bir az da yumşaq siyasət yürüdür.
Biz elə etməliyik ki, Suxumi və Tsxinvalidə yaşayan vətəndaşlarımız geri dönmək istəsinlər. Buna nail olmaq asan deyil, amma bu istiqamətdə işləməliyik. Əlbəttə, müddət həm də Ukraynada gedən hadisələrdən asılıdır. Biz hamımız ümid edirik ki, bir gözəl gündə Rusiya qonşularına hörmət edən dövlətə çevriləcək”.
Krım və Sevastopol: “Əhaliyə qiyamçılardan və separatçılardan daha yaxşı şeylər təklif etmək lazımdır”
Rusiyanın ilhaq etdiyi Krım və Sevastopolla bağlı məsələ Donbas və digər “yeni ərazilər”lə müqayisədə daha mürəkkəbdir.
Hər iki subyekt separatçı qurum kimi de-fakto mövcud olmayıblar. 2014-cü ildə Rusiyaya sürətli və qansız inteqrasiya nəticəsində burada özünün güc strukturları və Donbasdakı kimi açıq mafioz təsərrüfat sistemi formalaşmayıb. Hər iki region Rusiya büdcəsindən nəhəng vəsaitlər alıb, əhalinin də əksəriyyəti Moskvaya loyaldır.
Silahlı qarşıdurma 2014-cü ildə Krmdan yan keçdi, amma indiki müharibədə Ukraynanın tədricən həyata keçirdiyi strategiyanı regionun təcridi və uzaqvuran vasitələrə atəş nəzarəti altına almaq cəhdi kimi xarakterizə etmək olar. Əgər bu alınarsa, Krım və Sevastopol blokada dövründəki Dağlıq Qarabağın vəziyyətinə düşə bilər, blokadanın ardınca isə kapitulyasiya baş verdi.
Tamila Taşeva, Ukrayna prezidentinin Krım Muxtar Respublikasında daimi nümayəndəsinin müavini:
“İşğal altındakı Krımın Rusiyadan təchizat zəncirini qırmaq bizim üçün ən mühümdür. Krım ərazisində hərbi obyektlər, Sevastopoldakı rus donanması, RF və Krımı birləşdirən əsas körpü olan qanunsuz “Kerç körpüsü” legitim hədəflərdir, ümumiyyətlə, bu körpüyə qarşı istənilən hərəkət Rusiyanın cənub istiqamətində hərbi əməliyyatlarına təsir göstərir. Sirr deyil ki, təchizat yavaşıyıb, canlı qüvvələrin yerdəyişməsi, o cümlədən yaralıların təxliyəsi ilə bağlı problemlər var və s.
Krım əhalisinin rəyini ayrıca qeyd etmək lazımdır. Əhali son ildə baş verənləri görür: keçən ilin avqustunda hərbi obyektlərə, daha konkret Novofyodrovkaya zərbələr, daha sonra qanunsuz “Kerç körpüsü”ndə partlayış. Bütün bunlar Krımda yaşayanlara təsir etməyə bilməz. Onlar artıq dəqiq anlayırlar ki, bu, hansısa “xüsusi əməliyyat” deyil, əsl müharibədir, onlar da müharibənin içindədirlər. Qondarma işğalçı “rəhbərliyə” suallar ünvanlayırlar. Mənbələrimiz sayəsində bizə məlumdur ki, hazırda Krımdakı əhaliyə xas əsas emosiya – qorxudur: Ukraynanın atəş açmasına görə yox, nə isə demək qorxusu. 2014-cü ildən bəri qorxu həmişə olub, indi isə ümumiyyətlə ağızlarını açıb fikirlərini səsləndirməyə qorxurlar.
Rusiyapərəst və ukraynapərəst əhalinin rəyini təhlil edən qapalı tədqiqatımızda gördüyümüz ikinci tezis odur ki, hətta rusiyapərəst əhali Krımın Rusiyada qalacağına əvvəlki tək əmin deyil. Az qala bütün müsahibələrdə rast gəldiyimiz daha bir mühüm tezis isə ondan ibarətdir ki, donanmanı çıxmaq şərtilə “Kerç körpüsü” Rusiyanın Krımda real mövcudluğunun yeganə simvoludur. Əgər o körpü olmasa – Ukraynanın bu istiqamətdə aksiyaları isə yəqin davam edəcək, - RF-nın yürütdüyü siyasət ideoloji fiaskoya uğrayacaq.
Biz Krımla bağlı reinteqrasiya planları hazırlayırıq. Və israr edirik ki, 2014-cü ilə qədər Krımda yaşayan və ya doğulan heç kəsi işğal altındakı ərazilərdə yaşamaq faktına görə təqib etməyəcəyik, yarımadada Ukrayna hakimiyyətinin bərpası üçün addımlar hazırlayırıq. Buna görə də biz, əlbəttə, hərbi əməliyyatlar keçirməyi planlaşdırırıq, amma bunun üçün beynəlxalq partnyorlarımızın daha böyük dəstəyinə ehtiyacımız var”.
Aleksey Melnik, Ukrayna siyasi və iqtisadi tədqiqatlar mərkəzinin politoloqu:
“Bir qədər uzaqdan başlayacağam. Dnestryanıya baxın, anklavdır, bir yandan Ukrayna, o yandan Moldova ilə əhatə olunub. Onun müstəqilliyi nəyin sayəsindədir? Hər iki qonşunun iştirakı ilə orada qaçaqmalçılıq da çiçəklənirdi, enerji daşıyıcıları ticarəti də, özü də sonuncuya görə borcları Moldova büdcəsinə yükləmək istəyirdilər. Əgər Ukrayna və Moldova qarşılarına məqsəd qoysalar, qısa müddət sonra Dnestryanıya Dağlıq Qarabağ kimi öz mövcudluğunu bitirməkdən başqa heç nə qalmayacaq, simalarını qorumaq üçün muxtariyyət kimi bir şey də olar.
Krım da buna bənzəyir, amma daha böyük miqyasda. Əgər Krım körpüsü dağıdılsa, yalnız bərələr qalacaq. İki milyon əhalini onunla təmin edə bilməzsən. Krım Ukraynada da 75% dotasiyalı idi, Rusiya işğalında 90% olub. Aksyonovun hakimiyyəti nə qədər duruş gətirər? Onlara simalarını qorumaqla yaxşı variant təklif etmək olar, təki aclar qiyamı baş verməsin.
Britaniyalıların qiyamçılar və separatçılarla mübarizə doktrinası var (Counter-Insurgency Doctrine). Həmin strategiyanın söykəndiyi dayaqlardan biri odur ki, hakimiyyət əhaliyə qiyamçı və separatçılardan daha yaxşı şeylər vəd etməlidir. Zorakı həll mərhələsindən sonra qondarma və tanınmamış ərazi kimi qalmaqdan daha yaxşı alternativ təklif olunmalıdır.
Konfliktin uğurlu həllində həmişə zəruri elementlər var. Onlardan biri qeyri-sabitlik yaradan xarici qüvvələri neytrallaşdırmaqdır. İkincisi də yeni hakimiyyət əhaliyə indiyə qədər olandan daha yaxşısını təklif etməlidir”.
Mənbə: The Insider
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?