Dünya

Rişi Sunak Britaniyanın Baş nazir kimi 1 ayda nələrə nail oldu?

3 Dekabr, 2022
737

Açıq mənbələrdən götürülüb

Rişi Sunak

Oktyabrın 25-də Rişi Sunak Böyük Britaniyanın baş naziri təyin olundu. 42 yaşlı keçmiş maliyyə naziri bu vəzifədə Britaniya hökumətinə cəmi 45 gün başçılıq edən, amma ölkə iqtisadiyyatını böhrana salmağı bacaran Liz Trası əvəz etdi. Baş nazir postunda birinci nitqində Sunak bildirdi ki, dərhal öz sələflərinin səhvlərini düzəltməyə başlayacaq. Bu istiqamətdə ilk addımlarını ata bilibmi? “Meduza”nın xahişi əsasında Londonda yaşayan jurnalist İlya Qonçarov Rişi Sunakın bir ay ərzində edə bildiklərindən yazır.

Toplum TV materialı oxucuların azərbaycan dilində təqdim edir.

Kralın yanında “əlöpmə” mərasimində olub

Ənənəyə görə,  hər yeni baş nazir ilk növbədə monarxı ziyarət edir. Birinci audensiya rəsmən “əlöpmə” adlanır, ancaq XXI əsrdə bu, yalnız addır: yeni baş nazirlər əlsıxma ilə kifayətlənirlər və dövlət başçısının xeyir-duasını alırlar.

Rişi Sunak da ənənəni pozmadı: oktyabrın 25-də III Çarlza baş çəkdi. Çarlz üçün bu ilk “əlöpmə” oldu: əvvəlki baş nazir Liz Trasa kraliça II Yelizaveta xeyir-dua vermişdi.

Yeni hökumət formalaşdırdı

Dövlət başçısını ziyarət edəndən sonra yeni baş nazir özünün nazirlər kabinetini formalaşdırmalıdır və artıq ertəsi gün Britaniya qəzetləri yeni hökumətin tərkibini xəbər verdilər.

https://toplum.tv/dunya/israil-ultramilletcilerin-elindedir-netanyahu-kunce-sixilib-yoxsa-plani-var

 Sürpriz olmadı: Sunak Trasın bir neçə nazirini saxladı və özününküləri təyin etdi. Ən mürəkkəb sahədə - maliyyə - baş nazir Tras tərəfindən bir neçə gün əvvəl xəzinədarlıq kansleri (maliyyə naziri – tərc.) təyin olunan Ceremi Hant qaldı.

Hərçənd, Hantı heç cür “Trasın adamı” adlandırmaq olmaz. Sentyabrda nazir vəzifəsinə Kvazi Kvartenq təyin olunmuşdu, məhz o, Trasın dostu və həmfikiri idi. Amma Kvartenq elə radikal maliyyə siyasəti (dövlət xərclərinin artması və vergilərin azaldılması nəzərdə tutulurdu) təklif etdi ki, iqtisadi böhrana və birjalarda təlaşa səbəb oldu. Keçmiş baş nazir ölkəni sakitləşdirmək üçün Kvartenqin yerinə daha mötədil Ceremi Hantı təyin etdi, o da dərhal bildirdi ki, Tras və Kvartenqin libertarian strategiyasından imtina etmək zəruridir.

Hantı bu vəzifədə saxlamaqla Sunak əslində bildirir ki, yaxın gələcəkdə britaniyalıları vergi cənnəti deyil, kəmərləri sıxmaq gözləyir.  Hant da noyabrın ortalarında, xəzinədarlığın hər ilki “payız bəyanatında” bu kursa sadiqliyini təsdiqlədi.

Sunakın digər kadr təyinatlarından yalnız Suella Bravermanı DİN rəhbəri təyin etməsi müzakirələrə səbəb oldu. Braverman təhlükəsizlik qaydalarını pozduğuna görə Tras hökumətinin düşməsindən cəmi 6 gün əvvəl istefa vermişdi: o, rəsmi hökumət sənədini şəxsi elektron ünvanından göndərmişdi. Bu texniki səhv rəqib leyboristlər partiyasına onu məsuliyyətsizlikdə ittiham etməyə və Bravermanı vəzifəsinə qaytaran baş naziri qınamağa əsas verdi.

COP27-ə getməyəcəyini dedi, amma fikrini dəyişdi və getdi

Şərm əş-Şeyxdə keçirilən iqlim konfransı baş nazir Sunakın beynəlxalq debütü oldu. O, burada noyabrın 7-də ölkəsinin adından bəyanatla çıxış etdi və Makron da daxil bir neçə dünya liderləri ilə görüşdü.

Amma Britaniya mətbuatı həmin bəyanatın (mahiyyətini “bütün yaxşıların lehinə, bütün pislərin əleyhinəyik” cümləsi ilə ifadə etmək olar) mətnindən çox həmin konfransda ümumiyyətlə iştirakını müzakirə etdi. Çünki ölkənin daxili problemləri ilə çox məşğul olduğunu əsas gətirərək bu tədbirə getməyəcəyini demişdi.

Niyə fikrini dəyişdi? KİV mümkün səbəblərdən biri kimi leyboristlərin lideri Kir Starmerin tənqidini göstərir. O demişdi ki, Sunakın konfransda olmaması bir rəhbər kimi səhvidir: “Çoxları gözləyirdi ki, o, nəinki COP27-yə gedəcək, həm də bu fürsətdən digər dünya liderləri ilə birlikdə iqlim və energetika problemləri ilə mübarizədə səyləri birləşdirmək üçün yararlanacaq”.

Qərarın qəfil dəyişməsinin daha bir mümkün səbəbi kimi Sunakın sələfi, keçmiş rəisi və potensial rəqibi Boris Consonun tədbirə gedəcəyini söyləməsi göstərilir. Guya baş nazir Consonun iqlim məsələsində liderliyi ondan alacağından qorxub. Məsələn, Liberal-demokrat partiyasının iqlim üzrə əsas mütəxəssisi Uera Hobhaus bu fikirdədir: “İqlim Rişi Sunak üçün prioritet deyil, sadəcə. Yalnız ona görə gedir ki, Boris Consonun iştirakı onu sıxır”.

Nəticədə həm keçmiş, həm indiki baş nazir konfransda iştirak etdi və Sunak hətta bunu jurnalistlərlə söhbətində vurğuladı: “Keçmiş baş nazirin burada olması çox yaxşıdır. Bu, Britaniya barədə nədənsə xəbər verir. Bu məsələdə bizim qlobal liderliyimizi göstərir. Boris həmişə yaşıl gələcək quruculuğunun ardıcıl tərəfdarı olub və  buna görə böyük hörmətə və tərifə layiqdir”.

.Putini qorxaqlıqda və məsuliyyətsizlikdə ittiham edən məqalə yazdı

Noyabrın 15-16-da Balidə keçiriləcək G20 sammiti ərəfəsində Rişi Sunak “The Telegraph” qəzetində məqalə ilə çıxış etdi və Rusiya prezidentini “Böyük iyirmiliyin” görüşünə getmək niyyətində olmamasına görə faktiki qorxaqlıqda və məsuliyyətsizlikdə günahlandırdı.

“Əsl liderlər üzərilərinə məsuliyyət götürürlər. Onlar gizlənmirlər. Amma G20-nin İndoneziyada sammitində bir yer vakant qalacaq. Ukraynada axan qana və dünyadakı iqtisadi problemlərə görə məsuliyyət daşıyan şəxs orada olmayacaq və həmkarları ilə üz-üzə gəlməyəcək. O, öz addımlarını izah etməyə cəhd də göstərməyəcək. Digərləri cari problemləri həll edərkən o, evdə qalacaq”.

Məqalə “Vladimir Putinin dünya iqtisadiyyatına təsirini azaltmağın beş üsulu” adlanırdı və orada baş nazir Britaniyanın Ukraynanı dəstəkləməkdə, eləcə də ölkə iqtisadiyyatını inkişaf etdirməkdə, enerji müstəqilliyinə və məhsulların azad hərəkətinə (ilk növbədə Qara dənizdə ərzağın) nail olmaqda, elektrik və qaz hesablarının artması şəraitində öz vətəndaşlarını dəstəkləməkdə davam edəcəyini təsdiqləyib. 

G20 sammitində oldu, burada yenə Putini tənqid etdi

Baliyə Putinin yerinə gələn xarici işlər naziri Sergey Lavrovun yanında Sunakın noyabrın 15-də səsləndirdiyi bəyanatdan bir parça:

“Putinin bu gün bizə qoşulmaq istəməməsi diqqətəlayiqdir. Bəlkə də o, bunu etsəydi, biz hər şeyi (Rusiya-Ukrayna konflikti və bununla bağlı beynəlxalq problemlər) aydınlaşdıra bilərdik. Çünki baş verə biləcək ən əhəmiyyətli şey – Rusiyanın Ukraynadan çıxması və bu barbar müharibənin bitməsidir.

Hər şey sadədir: ölkələr qonşularına təcavüz etməməlidirlər, mülki infrastrukturu dağıtmamalıdırlar və əhalini nüvə eskalasiyası ilə qorxutmamalıdırlar.

Energetikanın və ərzağın veponizasiyası (hərbi məqsədlərə çatmaq üçün alət kimi istifadə olunması) tamamilə yolverilməzdir. Ukrayna taxılının üçdə ikisi inkişaf edən ölkələrə gedir, amma Rusiya taxıl anbarlarını məhv edib və yükləmələri bloklayıb. Bu, dünya əhalisinin ən kasıb hissəsinə zərər vurur. Həm də bu, sanksiyalarla bağlı deyil. Biz hamımız [BMT-nin] Baş katibin səylərini dəstəkləməliyik”.

Ertəsi gün Sunak jurnalistlər qarşısında çıxış etdi: o, ərazisinə raket düşən və iki vətəndaşı ölən Polşa üçün üzüldü və bildirdi ki, Putin Ukraynaya soxulmasaydı, bu, baş verməzdi. RF prezidentini həm də beynəlxalq iqtisadi böhranda ittiham etdi: “Bizim təhlükəsizliyimizə daimi təhdid və iqtisadiyyatın qlobal boğulması bir nəfərin adı ilə bağlıdır – bu sammitdə iştirak etmək istəməyən Vladimir Putinin”.

Kiyevə getdi

Sunakın iki sələfi – Conson və Tras – Ukraynaya və prezident Zelenskiyə qızğın dəstəklərini ifadə etmişdilər. Sunak bu kursu dəyişmədi: rəsmi səfərlə getdiyi birinci və hələ ki, yeganə ölkə Ukraynadır. Bu səfərin baş tutacağı cəmiyyətə məlum deyildi: təhlükəsizlik mülahizələrinə görə məxfi saxlanılırdı. Sunak Kiyevdə Zelenski ilə görüşdü və Ukraynaya 50 milyon funt həcmində yeni yardım paketi haqqında elan verdi.

Özəl klinikada qeydiyyata durduğuna görə tənqid olundu

“The Guardian” qəzeti noyabrın 21-də dərc etdiyi məqalədə Rişi Sunakın Londondakı özəl klinikalardan birində qeydiyyatdadır; bu klinikada həkimə istənilən rahat vaxtda – məsələn, axşama və ya istirahət günündə - getmək olar. Halbuki sadə britaniyalılar üçün operativ şəkildə qəbula düşmək çətindir. Bu klinikada həkim qəbulu Milli səhiyyə xidmətində (NHS) olduğu kimi bir neçə dəqiqə deyil, yarım saat çəkir və 250 funta başa gəlir, NHS doktorlarının qəbulu isə pulsuzdur.

Nə Sunak, nə hökumət bu xəbəri şərh etdi, amma bir qədər sonra əmək və pensiya naziri Mel Strayd mövzu ilə bağlı fikrini bildirdi ki, baş naziri “əməllərinə görə mühakimə etmək” lazımdır. Nazir xatırlatdı ki, Sunak hökumətinin “payız bəyanatında” gələn il NHS-ə əlavə olaraq 3,3 milyard funt ayrılacağı yer alıb.

Böyük Britaniyanın baş nazirlərinə özəl klinikadan istifadə etmək qadağan deyil. Amma siyasətçiləri, xüsusən də zənginlərini, xalqdan uzaq olmaqda qınayırlar. Avqustda elə həmin “The Guardian” əsəbləşmişdi ki, Sunak İTV-yə müsahibəsində Makdonaldsda sevimli təamının hələ 2020-ci ildə menyüdən yığışdırılan “breakfast wrap” olduğunu deyib.

Britaniyanın AB-yə qayıtmasının mümkünlüyü xəbərini təkzib etdi

Sunak noyabrın 21-də etdiyi çıxışında Britaniyanın bu və ya başqa şəkildə Avropa Birliyinə qayıdacağı xəbərini təkzib etdi:

“İcazə verin, açıq deyim: Birləşmiş Krallıq mənim rəhbərliyim altında Avropa ilə AB qanunlarına tabeçiliyi nəzərdə tutan heç bir işbirliyinə getməyəcək. Mən Brekzitin lehinə səs vermişəm, Brekzitə inanıram və bilirəm ki, o xeyir verə bilər və artıq ölkəyə nəhəng üstünlüklər və imkanlar qazandırır”.

https://toplum.tv/dunya/olena-zelenska-rusiyaya-erazi-guzestleri-muharibede-helak-olanlara-xeyanet-demek-olacaq

KİV Sunakın sözlərini “The Sunday Times”da noyabrın 20-də gedən və Britaniyanın ola bilsin,  İsveçrə formasında AB ilə yeni münasibətlərə girməsini iddia edən yazıya cavab kimi qəbul etdi.

“Non-dom”lar üçün vergi tətbiq etmədiyinə görə tənqid olundu

Noyabrın 23-də parlamentdə diskussiya zamanı leyboristlərin lideri Kir Starmer “payız bəyanatında” “non-dom”lar (Britaniyada yaşayan, amma gəlirini ölkədən kənarda qazanan şəxslər – tərc.) üçün gəlir vergisi barədə heç nə deyilmədiyinə görə Mühafizəkarlar partiyasını və Rişi Sunakı tənqid atəşinə tutdu. O, mühafizəkarların yeni vergi siyasəti nəticəsində orta Britaniya ailəsinin ildə 1400 funt artıq vergi ödəyəcəyini xatırladaraq soruşdu: Londonda yaşayan, amma xaricdə gəlirlərə malik olan fövqəlzəngin “non-dom”lar nə qədər ödəyəcəklər?

Sunak, çox güman, onların başqa ölkələrə köçə biləcəyini nəzərdə tutaraq “non-dom”lar üçün gəlir vergisi tətbiqinin Britaniyaya çox baha başa gələcəyini söylədi. Starmer təntənə ilə elan etdi ki, “non-dom”lar bir penni də artıq ödəməyəcəklər və Britaniya buna görə ildə 3,6 milyard funt itirəcək.

“Non-dom”lar üçün vergi barədə diskussiyalar birinci il deyil ki, gedir və hər iki tərəfin arqumentləri parlamentdə də, KİV-də də dəfələrlə səslənib. Amma bu, Sunak üçün xüsusilə həssas mövzudur: onun arvadı Akşata Murti də “non-dom”dur və atasının yaradıcısı və rəhbəri oldu “İnfosys” İT şirkətində öz payına düşən gəlirlərdən bir penni də vergi ödəmir. Akşata Murtinin “İnfosys”dakı payını 780 milyon funt məbləğində qiymətləndirirlər və əgər o, Britaniyada vergi ödəsəydi, ölkə hər il əlavə 11,5 milyon funta yaxın qazanc əldə edərdi (Akşata Murti vergi ödəyəcəyini artıq elan edib – tərc.).

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Bayden Ukraynaya F-16 qırıcılarının verilməyəcəyini deyib

Toplum TV
31 Yanvar 2023

Forbes

ABŞ Prezidenti Co Bayden bildirib ki, Vaşinqton Kiyevə F-16 qırıcıları verməyəcək. Toplum TV CNN-ə istinadən xəbər verir ki, brifinq zamanı jurnalistlərin Ukraynaya təyyarələrin verilməsi ideyasını dəstəkləyib-dəstələmədiyini soruşduqda Bayden “Xeyr” cavabını verib. Bundan sonra ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi Baydenin bəyanatını şərh edib. O, bildirib ki, Vaşinqton artıq Kiyevi kifayət qədər silahla təmin edib. https://toplum.tv/dunya/pqerb-ukraynaya-tanklar-goumlnderir-amma-indi-basqa-problem-varp Kiyevə qırıcı təyyarələrin tədarükü məsələsi ötən həftə Qərb istehsalı olan tankların Ukraynaya göndərilməsi təsdiqləndikdən sonra müzakirə olunmağa başlayıb. Ukrayna ordusu 180-ə yaxın qırıcı təyyarəyə ehtiyac olduğunu bildirib. Hollandiya və Polşa Ukraynanı öz F-16 qırıcıları ilə təmin etməyə hazır olduqlarından bildiriblər. Yanvarın 30-da Polşanın...
Dünya

Çin ABŞ-dan Ukraynaya silah tədarükünü dayandırmağı tələb edir

Toplum TV
30 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı Ukrayna böhranının təşəbbüskarı adlandırıb və silah tədarükünü dayandırmağa çağırıb. Toplum TV "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə XİN-in nümayəndəsi Mao Ninq açıqlama verib. "ABŞ Ukrayna böhranının əsas təşəbbüskarı və hərəkətverici qüvvəsidir. Onlar Ukraynanı davamlı olaraq ağır və hücum xarakterli silahlarla təchiz etməklə münaqişəni uzadır və onu daha da gərginləşdirirlər. Əgər ABŞ həqiqətən də böhranın tezliklə bitməsini istəyirsə, Ukrayna xalqının təhlükəsizliyini həqiqətən düşünürsə, o zaman silah göndərməyi dayandırmalı və müharibədən qazanc əldə etməyi sonlandırmalıdır”, - deyə o bildirib.  https://toplum.tv/dunya/pqerb-ukraynaya-tanklar-goumlnderir-amma-indi-basqa-problem-varp Bundan əvvəl Vaşinqton administrasiyası Ukraynaya "Abrams" tanklarını göndərmək qərarına gəlib. Qeyd olunur ki, hərbi texnikanın...

Seçilmiş Videolar

Toplum TV loqo