Dünya

Rusiya necə Çin və Türkiyədən asılı vəziyyətə düşdü?

14 Noyabr, 2023
506

Açıq mənbələrdən götürülüb

Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın əsas ticarət partnyorları Çin və Türkiyə oldu. Əgər Moskva indi Pekin və Ankaradan kritik şəkildə asılıdırsa, Si və Ərdoğan öz seçimlərində azaddırlar: Rusiya, yoxsa Qərblə olduqlarını müəyyənləşdirmək məcburiyyətində qalanda, çox güman, praqmatik davranacaqlar. Axı Çinin Rusiya neftindən fərqli olaraq, Tayvan mikrosxemlərinə alternativi yoxdur.

Rusiyanın Qərbi Avropa, ABŞ və onların müttəfiqlərilə təsərrüfat əlaqələri əsasən pozulub. Bu zaman Rusiyanın özünün istehsal gücü kafi deyil – nə müharibə, nə inkişaf, nə də ənənəvi səviyyədə cari istehlak üçün. Amma sistemin gözlə görünən çöküşü baş vermir. Xərclərin bütün növləri – istehlak və investisiya, özəl və dövlət, dinc və hərbi – aşağı-yuxarı sabit qalır.

Buna üçüncü dünya kömək edir. Rusiya ixracının ənənəvi predmetləri ilk növbədə oraya yönəlir. Oradan da Rusiyaya idxal var. Özü də təkcə öz məhsulları yox, inkişaf etmiş ölkələrdən tranzit də. Bütün bunlar təzə xəbər deyil. Amma Rusiya ticarətinin əsas axınının cəmi iki istiqamətdə cəmlənməsinə diqqət ayırmağa dəyər. Rəsmi şərhçilər deyirlər ki, Qərblə üzülüşən Rusiya bəşəriyyətin böyük və yaxşı hissəsi ilə əlaqələrini möhkəmləndirib. Gerçəkdə isə Çin və Türkiyədən kritik asılılığının yarandığını söyləmək daha doğru olar.

Kiminlə ticarət edirik – özünüz tapın!

İndi Rusiyanın xarici siyasətini təhlil etmək asan deyil, Federal gömrük xidmətinin 2022-ci ilin yanvarına kimi aylıq verilən statistik məlumatları 2022-ci ilin aprelində dayandırıldı, 2023-cü ilin martında qismən bərpa edildi, amma ölkələr üzrə yox. Bərpa olunanda vəd edildi ki, bundan sonra müxtəlif əmtəə qrupları üzrə məlumatlar hər ay veriləcək. Amma o vaxtdan bəri xidmətin saytında heç bir yenilənmə yoxdur.

https://toplum.tv/dunya/phemas-i-terifleyir-israili-pisleyir-erdoganin-niyyeti-nedirnbspp

FGX məlumatları qeyri-rəsmi açıqlayır. 2023-cü ilin yanvarında “Vedomosti”yə bildirildi ki, əvvəlki ildə Rusiyanın ticarət partnyorları beşliyinə Çin, Türkiyə, Niderland, Almaniya və Belarus daxil olub. Bir il əvvəl, dinc 2021-ci ildə bunlar Çin, Almaniya, Niderland, Belarus və ABŞ idi. Türkiyə altıncı yerdə idi. İndi isə Çindən sonra ikincidir.

Xarici aləmlə mübadilə üçün Rusiyanın cəmi beş istiqaməti var. Birincisi – qərb - əsasən (amma tam yox) bloklanıb. İkincisi – Türkiyə - AB-ni cənubdan adlayıb keçmək istərkən kritik rol oynayır. Rusiyanın Yaxın Şərq, Afrika, Latın Amerikası və Hind okeanı ölkələri ilə əlaqələri, o cümlədən, Hindistana neft tədarükü, demək olar, türk tranzitindən asılıdır. Üçüncü istiqamətin – cənub – faydası azdır, çünki burada dünya okeanına dəniz yolları yoxdur, quru yollar isə sonda İran və ya Əfqanıstana gedir. Dördüncü istiqamət Çinədir, onun əhəmiyyəti aydındır. Nəhayət, beşincisi – Sakit okean vasitəsilə Vyetnamdan tutmuş Alyaskaya qədər bütün limanlara. Sonuncu çox da perspektivli deyil, çünki məsafələr nəhəngdir, Rusiyanın Uzaq Şərq infrastrukturu zəif və bahalıdır, potensial partnyorlar isə ya Rusiya ilə konfliktdədir, ya da kasıbdır.

Rusiya ixracında bu istiqamətlərin xüsusi çəkisi nə qədərdir? Hər hansı rəsmi informasiyaya söykənərək bunu anlamaq üçün Rusiya ilə ticarət edən xarici ölkələrin gömrük statistikasına baxmaq lazımdır. Hətta Kremlə loyal və ya neytral qalan analitiklərin də çoxu indi belə edir.

İqtisadiyyat elmləri doktoru Nikolay Şkolyarın  Beynəlxalq məsələr üzrə Rusiya şurasının saytında yerləşdirdiyi məlumatlara görə, 2021-ci ildə Rusiya məhsullarının əsas alıcıları Çin (14%) və Niderland (8,6%) olub. Onlar ikilikdə Rusiya ixracının dörddə birindən azını, 22,6 faizini alıblar. 2022-ci ildə cütlüyün tərkibi dəyişib: Çin (22,8%) və Türkiyə (11,7%) olub. Rusiya ixracının üçdə birindən çoxu – 34,5 faizi onların payına düşür. Yəni ixrac axınının iki mühüm ölkədə cəmlənməsi adi gözlə də görünür.

2023-cü ilin məlumatlarını da əlavə etsək, belə mənzərə alınar. Bu ilin ilk yarısı ərzində Rusiyadan ixrac 208 milyard dollar təşkil edib. Həmin məbləğin nə qədərinin Çinin payına düşdüyünü hələ nə Moskva, nə Pekin açıqlayıb. Əvəzində Türkiyənin (25 milyard), Hindistanın (32 milyard) və Braziliyanın (4 milyard) payı məlumdur. Rusiyadan Braziliyaya və Hindistana dəniz yolunun Türkiyədən keçdiyi nəzərə alınsa, Türkiyə istiqamətinin Rusiya ixracının az qala 30 faizini təşkil etdiyi aydın olur.

Rusiyaya idxala keçək. 2021-ci ildə daha çox Çindən (24,8) və Almaniyadan (9,3%) gəlirdi. Ümumən bu iki ölkə idxalın 34,1 faizini təmin edirdi. 2022-ci ildə Çinin payı 41,7 faizə sıçradı, Almaniyanın payı ikinci yerdə qalsa da, 8,5 faizə düşdü. Doğrudur, rüblər üzrə baxsaq, 2022-ci ilin IV rübündə Türkiyədən idxal Almaniyadan çox idi, 2023-cü il barədə heç danışmağa dəyməz. Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin birinci yarısında Rusiyaya ümumi idxal 151 milyard dollar olub, onun da 3,4 faizi Almaniyanın, 3,8 faizi Türkiyənin payına düşür. Tranzit də nəzərə alınsa, Türkiyə istiqamətinin idxalda payı 5-6% edər.

https://toplum.tv/siyaset/pereb-yehudi-qarsidurmasinin-tarixi-ve-sebeblerip

Çin və Almaniya 2022-ci ildə Rusiya idxalının 50,2 faizini təmin ediblər, bu da artıq yarısı deməkdir. Yəni Rusiya üçün əsas ticarət partnyorlarının önəmi artır. Bir halda ki, Almaniyadan idxalın artacağı gözlənilmir, 2023-cü ilin nəticələrinə görə, Çin Rusiya idxalının artıq yarısından çoxunu təmin edə bilər.

Kim kimdən asılıdır

Heç bir simmetriyadan söhbət gedə bilməz: Çin üçün Rusiyadan idxal 2022-ci ildə ümumi həcmin cəmi 4,2 faizini təşkil edib. ÇXR üçün Rusiya yalnız altıncı tədarükçüdür. Tayvan (8,8%), Cənubi Koreya (7,4%), Yaponiya (6,8%), ABŞ (6,6%) və Avstraliya daha vacib partnyordur. Bu ölkələrin də hamısı Kreml üçün “qeyri-dost”dur.

Ədalət naminə demək lazımdır ki, ÇXR də ABŞ və onun Tayvan da daxil müttəfiqləri üçün dost deyil. 2022-ci ildə Pekinin Tayvan, Cənubi Koreya, ABŞ, Yaponiya və Avstraliya ilə ticarət dövriyyəsi azalıb, Rusiya ilə isə artıb. Amma yenə də “düşmən” Tayvan Çinə “dost” Rusiyadan iki dəfə çox məbləğdə mal satır. Üstəlik, Tayvan Çini qabaqcıl mikrosxemlərlə təchiz edir. Çin-Tayvan konflikti yaşansa, Pekin onları başqası ilə əvəzləyə bilməz, çünki həmin ssenaridə Cənubi Koreya, Yaponiya və Amerika çipləri də, yəqin, əlçatmaz olacaq. Rusiya neftini Fars körfəzindən və Sakit okean regionundan tədarüklə əvəzləmək isə problem deyil.

Rusiya satış bazarı kimi Çin üçün daha əhəmiyyətsizdir. 2022-ci ildə Çin ixracının yönəldiyi ölkələr arasında birinci yeri ABŞ (16%) tutur. Rusiya isə  Honkonq (8%), Yaponiya (4,5%), Vyetnam (4%), Hindistan, Niderland və Almaniya (hər biri 3%),  Malayziya, Tayvan, Britaniya, Sinqapur, Avstraliya, Tailand, Meksikadan sonra 16-cı yerdədir (2,1%). Halbuki Rusiya ixracı üçün Çin əsas bazardır: 2022-ci ildə xüsusi çəkisi 20% olub.

Ona görə də Rusiyanın birtərəfli qaydada Çindən asılı düşdüyünü və ya Çinin törəməsinə çevrildiyini deyəndə ədalətsizlik olmur. Onu da əlavə etmək olar ki, bu, üzrlü səbəb olmadan baş verib. Belə asılılığı şərtləndirən coğrafi amillər yoxdur: Rusiya nə Monqolustandır, nə də Laos. ÇXR unikal iqtisadi və texnoloji lider də deyil. Orta səviyyədə inkişaf etmiş dövlətdir, adambaşına düşən ÜDM və insan inkişafı indeksi indi də Rusiyadakından aşağıdır.

Bəlkə Türkiyə ilə əksinədir? Bəlkə Rusiya Türkiyə üçün daha vacibdir, nəinki Türkiyə Rusiya üçün? Burada da elə deyil. 2022-ci ildə Rusiya Türkiyə üçün əsas idxal mənbəyi idi və ümumi həcmin 16 faizini təmin edirdi. Yanacaq, metal və xüsusən taxılda bu çəki daha yüksəkdir. Türkiyə isə həmin ildə Rusiya üçün Çin və Almaniyadan sonra üçüncü idxal mənbəyi idi və yalnız 5 faizi təmin edirdi. Amma Türkiyə məhsullarının satıldığı ölkələr arasında Rusiya 3,7% ilə Almaniya, ABŞ, İraq, Britaniya, İtaliya, İspaniya və Fransadan sonra səkkizinci yeri tutur. Rusiya məhsullarının satıldığı ölkələr arasında isə Türkiyə 10% ilə ikinci yeri tuturdu.

Avadanlıq və elektrotexnika bazarında Türkiyə və Çindən kritik asılılıq

Əgər ticarət dövriyyəsinə ümumən deyil, konkret məhsullar qrupu üzrə baxsaq, mənzərə daha aydın olar.

“Avadanlıq və mexaniki qurğular” deyə ayırdığımız kateqoriyada 2022-ci ildə Rusiya idxalının 48 faizini bilavasitə Çin təmin edib. Əgər buraya Qazaxıstanı (2,4%, əsasən Çindən reeksportdur) və Çinin nəzarətində olan Honkonqu (2,3%) əlavə etsək, Çin istiqaməti 52,7% təşkil edəcək. Türkiyə istiqaməti daha 6,5% verib. Bunun da 4,6 faizi Türkiyənin özünün, 1,1 faizi BƏƏ-nin və 0,8 faizi Hindistanın payına düşüb. Qalan hissə hələ də qərb istiqamətidir: Almaniya (8,8%), İtaliya (5,9%), Polşa (2,5%), Finlandiya (1,3%), Çexiya (1,3%) və b. Amma bu ölkələrdən Rusiyaya maşın və mexanizmlərin tədarükü keçən il xeyli azalıb: Almaniyadan 59%, İtaliyadan 22%, Polşa və Çexiyadan 60%, Finlandiyadan 52%.

https://toplum.tv/dunya/pqarabag-muumlnaqisesinin-hellinin-guumlrcuumlstan-moldova-ve-ukraynaya-tesirip

Elektrotexnika ilə də oxşar mənzərədir, Rusiyanın Çin və Türkiyə istiqamətindən asılılığı daha güclüdür. Həmin kateqoiya üzrə 2022-ci ildəki idxalın 58,2 faizi Çinin, 5,6 faizi Honkonqun və 3,7 faizi Qazaxıstanın payına düşür. Başqa sözlə, Çin istiqaməti üçdə ikidən çox, 67,5% təşkil edib. Türkiyə üzərindən BƏƏ-dən (7,4%). Türkiyənin özündən (2,5%), Hindistandan (0,8%) və İsraildən (0,6%) cəmi 11,3% gəlir. Çin və Türkiyə istiqaməti bu kateqoriya üzrə idxalın 78,8 fazini təmin edir.

Naqolay vəziyyət

Belə çıxır ki, Rusiya böyük ticarətini ya Türkiyə, ya da Çin vasitəsilə edə bilər. Hər iki ölkə daha çox vasitəçi kimi lazımdır, onların özünə yüksək texnologiyalı məhsullar inkişaf etmiş ölkələrdən gəlir. Türkiyə və Çinin vasitəçilik rolu ikibaşlı vəziyyət və qeyri-müəyyənlik yaradır.

Bir tərəfdən, ABŞ Kremlə birgə təzyiq barədə  bu ölkələrlə dil tapa bilər.

Digər tərəfdən, Vaşinqtonda nəzəri cəhətdən qərara gələ bilərlər ki, əgər Si Tsinpin və Rəcəb Tayib Ərdoğan üçün Putinlə əməkdaşlıq bu qədər önəmlidirsə, özləri də sanksiyanı Putin qədər haqq edirlər. Hər iki hal o deməkdir ki, vasitəçilər daha vasitəçi olmur və konfliktin tərəflərindən birinə qeyri-ixtiyari qoşulurlar. O zaman konflikt ya dərhal bitir, ya da daha kompromissiz şəkil alır.

Bu zaman Rusiya Çin üçün ABŞ və müttəfiqlərinin olduğu qədər mühüm iqtisadi partnyor deyil. Hətta Türkiyə də Rusiyadan çox Avropadan asılıdır. Ona görə də, əgər Çin və Türkiyə liderlər “ya elə, ya belə” dilemması qarşısında qalsalar, praqmatizm onları Moskvanı deyil, Qərbi seçməyə vadar edəcək.

Mənbə: Theins.ru

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo