Açıq mənbələrdən götürülüb
Hercai serialı
Rusiyanın Ukraynaya böyük miqyaslı təcavüzü başlayandan sonra Hollivud studiyaları Rusiya telekanallarına verdikləri şou və film lisenziyalarını geri çəkdilər. Onlar da türk, eləcə də Koreya kontentinə müraciət edərək alışlarını 1,5-2 dəfə artırdılar.
Türkiyə seriallarına maraq bütün dünyada, ələlxüsus Latın Amerikasında çoxdan yüksəkdir. “Daily Sabah” nəşrinin məlumatlarına görə, onlar 150 ölkədə (ABŞ-dan sonra ikinci yer) translyasiya olunurlar. Bu, 2022-ci ildə yaradıcılarına 600 milyon dollar gəlir gətirib; 2011-ci ildə gəlir 10 dəfə az idi.
Künoşünas Natalya Afanasyevanın sözlərinə görə, türklər çox vaxt qəsdən ixrac üçün serial çəkirlər. Belələrində milli spesifika yoxdur, onlar qərb filmlərindən heç nə ilə fərqlənmirlər, sadəcə, hadisələr, məsələn, İstanbulda cərəyan edir. Amma onların uğurunun əsas səbəbi, Afanasyevaya görə, arxetipikliyi (Zoluşka, “Romeo və Cülyetta”, “Şahzadə və dilənçi” haqqında əhvalat) və “sadəlövhlük”dür ki, bütün dünyadakı tamaşaçıları qəhrəmanların dərdini çəkməyə sövq edir. Kinoşünas deyir ki, “Sen çal kapımı” serialını lokal reytinqi sürətlə azaldı, xaricdə isə birdən çox populyar oldu – məhz ona görə ki, indi kimsə belə sadəlövh kontent istehsal etmir.
Hətta “banditlər və poqonlar” haqda seriallar və proqramlarla tanınan federal NTV 2022-ci il türk hiti “Yalı çapkını”nı göstərdi. 2023-cü ilin mayında isə məlum oldu ki, “Sen çal kapımı” serialının Rusiya versiyası çəkilir. Adaptasiya müəllifləri orijinalın “konsepsiyasını saxlamağı”, amma “ikinci dərəcəli personajların xətlərini genişləndirərək” ilkin mənbənin hüdudlarından kənara çıxmağa çalışırlar.
Əlbəttə, bütün türk serialları uğurlu olmur. “Yandeks”in industriya ilə əməkdaşlıq üzrə direktoru Kseniya Boletskayanın sözlərinə görə, onlar “dəstə-dəstə çıxırlar”, amma bir neçəsi uğur qazanır. Hərçənd, bir çox şoular bütün dünyada populyar olurlar və bir neçə mövsümü əhatə edirlər.
Ən məşhur türk serialları (əlbəttə, sevgi haqqında)
Muhteşem Yüzyıl. 2011-2014
Ballar: IMDb – 6,9; “Kinopoisk” – 8,2.
Kostyum dramı janrında kəskin süjetli serial. Süleyman Qanuni (Halit Ergenç) dövründə Osmanlı tarixinin və sultanın slavyan cariyə Aleksandra (Meryem Uzerli / Vahide Perçin) ilə münasibətlərinin motivləri əsasında çəkilib. Aleksandra sonradan sultanın sevimli arvadına və Osmanlı imperiyasında nüfuzlu fiqura çevrilir. Serial siyasi intriqalara və qəhrəmanların romantik münasibətlərinə fokuslanır.
“Muhteşem Yüzyıl” dörd mövsüm davam etdi. Türkiyədə çoxlu mükafatlar aldı, eyni zamanda çoxlu tənqidlər doğurdu. Məsələn, Türkiyə islamçıları və millətçiləri serialı ona görə söyürdülər ki, orada sultan İslamda qadağan edilən alkoqol içir və hərəmxanada cariyələrlə eyş-işrətlə məşğul olur. Onlar ssenari müəlliflərini həm də tarixi hadisələrin və saray həyatının təhrifinə görə tənqid edirdilər.
Türkiyə “Radyo Televizyon Üst Kurulu”na (RTÜK) serialın gerçək tarixə uyğun olmaması məzmunlu 70 mindən çox şikayət gəldi. Amma qurum şounu qadağan etmədi. Nyu York universitetinin professoru Lesli Pirs hesab edir ki, o zaman Osmanlı imperiyasında həqiqətən nələr olduğunu söyləmək çətindir. “Ədəbli cəmiyyətdə qadınlar haqqında danışmırdılar və barələrində çox az yazırdılar. – tədqiqatçı izah edir. - Bizdə hərəmxananın quruluşunu təsvir edən türk yoxdur. Biz bu əhvalatları avropalılardan öyrəndik: bəziləri yaxşı məlumatlı idilər, xüsusən venesiyalılar. Biz Hürrəm və digər cariyələr haqda bildiklərimiz çox deyil, ona görə də prodüsserlər həqiqətə bənzər süjetlər uydurmalı oldular. Amma məlumdur ki, Hürrəm ağıllı qadın olub”.
2011-ci ildə baş nazir postunu tutan Recep Tayip Erdoğan da “Muhteşem Yüzyıl”ı hörmətsizlikdə və “tariximizi gənc nəslə neqativ yöndə göstərmək cəhdi”ndə günahlandırdı. Amma bir neçə ildən sonra serialı uğurlu biznes-layihə kimi təriflədi. “Muhteşem Yüzyıl” dünya hitinə çevrildi: “Anadolu” dövlət agentliyinin məlumatına görə, onu 70 ölkədə 500 milyondan çox tamaşaçı izləyib.
Sen çal kapımı. 2020-2021
Ballar: IMDB – 7,3. “Kinopoisk” – 8,1.
Romantik komediya arxitektor olmaq istəyən və oxumaq üçün İtaliyaya getməyi arzulayan Eda adlı qızdan (Hande Erçel) bəhs edir. O. arxitektura bürosunun sahibi Serkanın (Kerem Bursin) günahı üzündən təqaüdünü itirir. Eda Serkandan qisas almaq istəyir, amma gözlənilməz təklif alır. Serkan ona iki ay ərzində sevgilisi rolunu oynamağı təklif edir, əvəzində İtaliya səfərinin xərcini ödəməyə söz verir. Serkan bu yolla öz sevgilisi Selini (Bige Önal) qaytarmaq istəyir.
Serial sosial bərabərsizlik və Türkiyə cəmiyyətində qadının kövrək mövqeyini araşdırır. O, həm Türkiyədə, həm xaricdə yaxşı qarşılandı – 85 ölkədə göstərildi. 2021-ci ilin sentyabrında “Sen çal kapımı” daha əvvəl “Taxt-tac oyunları”nın “Uzun gecə” epizodunun tvitterdəki rekordunu üstələdi (translyasiya zamanı 7,8 milyon tvit). Serial 2022-2023-cü illər boyunca mütəmadi olaraq “Kinopoisk”də “10 ən yaxşı serial” siyahısında yer alır.
Kara sevda. 2015-2017
Ballar: IMDB – 7,4. “Kinopoisk” – 8,2.
Bir-birilərinə ilk baxışdan aşiq olan, amma sinfi bərabərsizlik ucbatından bir yerdə ola bilməyən rəssam Nihan (Neslihan Atagül) və mühəndis Kemal (Burak Özçivit) haqqında əhvalatdır. Zəngin ailənin qızı Nihan yaramaz Emirə (Kaan Urgancıoğlu) ərə getməli olur. Kemal isə mədəndə işləməyə gedir və beş il sonra İstanbula dönür. Süjet beş sevgi xəttini və hətta kriminal intriqanı birləşdirir.
“Kara sevda” dünyada ən çox baxılan Türkiyə serialıdır. Onu 50 dilə çeviriblər və 110 ölkədə göstəriblər. Üstəlik, “Emmi” mükafatı almış – “ilin ən yaxşı telenovellası” nominasiyasında – yeganə şoudur.
“Siyah beyaz aşk”. 2017-2018.
Ballar: IMDB – 8,0. “Kinopoisk” – 8,3.
Həkim qadın Aslının (Birce Akalay) və killer Ferhatın (İbrahim Çelikkol) münasibətlərindən bəhs edən kriminal dram. Onlar yaralını əməliyyat etmək üçün Aslını zorla şəhərkənarı evə gətirəndə tanış olurlar. Qız qətlin şahidi olur və indi özü də ölməlidir. Amma Ferhat Aslıya deyir ki, əgər ona ərə gəlsə, ölməyəcək. Aslı qatilin dünyasına daxil olur və onu, dərhal olmasa da, dəyişir.
“Siyah beyaz aşk”da əsas rolları Türkiyənin populyar serial aktyorları və modelləri Akalay və Çelikkol oynayırlar. Serialda onlardan əlavə Muhammet Uzuner, tamaşaçıların “Mühteşem Yüzyıl”dan tanıdıqları Deniz Celiloğlu və Burcu Tuna oynayırlar. “Siyah beyaz aşk” əla kostyumları, dekorasiyaları və operator işi ilə - çəkilişə Türkiyədə əsas serial istehsalçısı olan Kanal D cavabdeh idi - seçilən keyfiyyətli şou hesab olunur.
Hercai. 2019-2021
Ballar: IMDB – 6,6. “Kinopoisk” – 7,7.
Süjet iki nüfuzlu ailənin – Aslanbey və Şadoğlu – konflikti ətrafında qurulub. Gənc Miran Aslanbey (Akın Akınözü) valideynlərinin illər öncə Şadoğlu ailəsindən Hazar (Serhat Tutumluer) tərəfindən öldürüldüyünə əmindir və intiqam almaq istəyir. Eyni zamanda Hazarın Reyhan adlı qızı (Ebru Şahin) əksinə, məhəbbətə inanan təmiz insan kimi böyüyüb. Miran və Reyhan tanış olanda, oğlan qızının həyatını məhv etməklə Hazardan qisas almağı qərara alır. Amma, təbii, gənclər bir-birlərinə aşiq olurlar və hadisələr kaleydeskopu da bununla işə düşür.
“Hercai”nin nümayiş hüququ yüzdən çox ölkəyə satılıb. Serial təkcə Türkiyədə deyil, xaricdə də, məsələn, İsraildə bir sıra mükafatlar qazanıb. Amerikalı psixoloq və yazıçı Patti Feyerayzenin fikrincə, “Hercai” “sadə teleşoudan daha artıq bir şeydir, çünki psixologiyanın dərin tədqiqini təklif edir” və çoxlu mövzuları araşdırır: kişilərin öz anaları və nənələri ilə münasibətləri, Stokholm sindromu, psixoloji köləlik və şəxsiyyətin narsis pozulması. Bundan savayı, Feyerayzen qeyd edir ki, şou üzərində qadın ssenari müəllifləri işləyib, buna görə də onun qadın personajlarında “daha çox dərinlik və mürəkkəblik” var.
Kiralık aşk. 2015-2017
Qiymətlər: IMDb – 7,3. “Kinopoisk” – 8,4.
Türkiyənin sevimli “onlar tay deyillər” janrında melodram: qardaşını xilas etmək üçün böyük məbləğdə pul axtaran xəyalpərəst Defne (Elçin Sangu) və romantik cəfəngiyyata vaxtı olmayan ciddi biznesmen Ömer (Barış Arduç) haqqındadır. Türk serialları üçün ənənəvi olaraq, antipod qəhrəmanlar qəflətən tanış olurlar, bir-birlərini sevirlər və həyatları kəskin dəyişir.
Digər türk şouları kimi bu serial da mühüm ictimai problemləri qabardır – sosial təbəqələşmə və qadının statusu. “Kiralık aşk” 2010-cu illərin ortalarında Türkiyənin əsas hitlərindən biri olaraq ölkə daxilində 12 mükafat qazandı. “North America TEN” nəşri “Kiralık aşk”ın “yaxşı yazılmış ssenari”si olduğunu qeyd edir. Nəşr aktyorları da “yandırıcı romantik anlara” səbəb olan “əla kimya”ya görə də tərifləyir. Mənfi cəhətləri musiqi və “ilk baxışdan sevən və 69 bölüm ərzində müxtəlif qadınları atan” bəzi cəfəng personajlardır.
Çilek kokusu. 2015
Ballar: IMDB – 5,9. “Kinopoisk” – 8,1.
Gözlənilmədən aşiq olan antipodlar haqqında daha bir romantik komediya. Təzə başlayan konditer Aslı (Demet Özdemir) və varlı Burak (Yusuf Çim) tanış olular və bir-birlərinə qarşı kəskin antipatiya duyurlar. Amma təyyarədəki təsadüfi görüş zamanı bir sıra naqolay vəziyyətlər yaranır və hər ikisinin partnyoru olmasına baxmayaraq, onları yaxınlaşdırır.
Bu janrda digər çoxlu şoulardan fərqli olaraq, “Çilek kokusu”nda sevgi üçbucağı yoxdur. Tamaşaçılar filmi aparıcı aktyorlar arasındakı “kimya”ya görə sevdilər: Özdemir və Çim sonra söylədilər ki, real həyatda da görüşürlər.
Yalı Çapkını. 2022 – davam edir.
Ballar: IMDB – 6,3. “Kinopoisk” – 8,1.
Baş qəhrəman Ferit (Mert Ramazan Demir) zəngin ailədə böyüyüb və bunu heç qiymətləndirmir. Sərvəti onun babası Halis ağa (Çetin Tekindor) ağır zəhmətlə qazanıb. Polis Feritə görə evə axtarışa gələndə baba yelbeyin nəvəsini ağıllandırmağı qərara alır. Bunun üçün də onu ciddi qız olan Seyranla (Afra Saraçoğlu) ilə evləndirmək lazımdır.
“Yalı çapkını” 2022-ci ilin sentyabrında çıxdı və Türkiyədə ən çox baxılan serial oldu (onun 40 milyon tamaşaçısı var). Şou Rusiya da daxil olmaqla 30 ölkəyə satılıb. “North America TEN” nəşrinə görə, filmin “zəngin estetik kadrları”, “qeyri-ortodoksal baş qəhrəmanları” və “düşünməyə məcbur edən mövzuları” – məsələn, dünyada yayılmış qadınsevməzlik, qadın və kişi münasibətlərində ikili standartlar – var. “İlkin şərtin klişe təsiri bağışlamasına baxmayaraq, çoxmərhələli nəql üsulu çoxlu maraqlı süjet tağları yaradıb”, - “North America TEN” hesab edir.
Mənbə: Meduza.io
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Ermənistan XİN: Qarabağ erməniləri Azərbaycanın nəzarəti altında yaşaya bilər
armedia.am
en.kremlin.ru
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır