Rusiyanın nə qədər rezervi var və nə vaxta qədər kifayət edəcək?
Financial Times
Vladimir Putin
BBC-nin rus redaksiyası bu ölkənin rezervləri və onların nə vaxta qədər kifayət eləyəcəyi barədə material dərc edib. Toplum TV məqaləni azərbaycan dilində təqdim edir.
Rusiya büdcəsi 2023-cü ilə yaxşı formada başlamadı: yanvarda onun defisiti 1,8 trilyon rubl olub – bu, uzun illər ərzində rekorddur. Rusiya nefti dünya nefti ilə müqayisədə endirimlə satılır, iqtisadiyyat ixtisara gedir, müharibə isə daha çox pul istəyir. Hələ ki, büdcə dəliklərini yamamaq üçün ehtiyat var, amma onlar uzun müddət bəs edəcəkmi?
Rusiyanın əsas büdcə yastığı olan Milli Rifah Fondunda (MRF) fevralın əvvəlində 10,8 trilyon rubl vardı. Bu təxminən 155 milyard dollar və ya ÜDM-nin 7,2 faizidir.
İlk baxışda bu çox görünür. Amma Ukrayna müharibəsinin davam etməsi və bundan doğan iqtisadi böhran fonunda Rusiya ehtiyatları göz önündə əriyir. Belə ki, 2022-ci ilin əvvəlində MRF-da 13,6 trilyon rubl vardı.
2023-cü ilin yanvarında Maliyyə Nazirliyi MRF-dən 38,9 milyard rubl dəyərində yuan və qızıl satıb, bunun hamısı büdcə dəliyini örtməyə gedib. 2022-ci ildə eyni məqsədlə MRF-dan təxminən 3 trilyon rubl götürülüb. Daha 1 trilyon müxtəlif investisiyalara gedib (hökumət çox vaxt bu yolla böhrandan zərər çəkən şirkətlərə yardım ayırır).
https://toplum.tv/dunya/pqerb-ukraynaya-tanklar-goumlnderir-amma-indi-basqa-problem-varp
Bu il vəziyyət çətin ki, dəyişsin. Büdcə 3 trilyon rubl defisitlə hazırlanıb, neftin barrelinin qiyməti də 70 dollardan götürülüb. Qərb sanksiyalarına görə isə Rusiya nefti dünya bazarlarından qopub: yanvarda “Urals”-ın barreli hökumətin proqnozlarından xeyli aşağı idi – cəmi 49,48 dollar. Əgər belə davam edərsə, gerçək defisit proqnozlardan xeyli çox olacaq.
Nəticə bəsitdir: büdcə gəlirləri bütün xərcləri maliyyələşdirmək üçün yetərli deyil, deməli ehtiyatlar bundan sonra da xərclənəcək. BBC-nin rus xidməti onun nə qədər çatacağını və sonra nə baş verəcəyini araşdırmağa çalışıb.
MRF-da nə qədər real pul var?
Son illər Rusiya hakimiyyəti çox sərt büdcə siyasəti yürüdürdü. Müharibəyə qədər büdcədə neftin qiyməti 40 dollardan bir qədər yüksək müəyyənləşdirilirdi, real qiymət isə xeyli yüksək idi – bütün artıq vəsait MRF-yə gedirdi.
İndiki 11 trilyon rubl məhz həmin qənaətcilliyin nəticəsidir. Amma bununla bağlı hər şey heç də sadə deyil.
MRF-nin likvid hissəsi var – asanlıqla çıxarıb xərclənməsi mümkün olan aktivlər, məsələn yuan, rubl və ya qızıl. Bir də qeyri-likvid hissə var: bunlar müxtəlif qiymətli kağızlara qoyulan vəsait və şirkətlərə qoyulan sərmayədir. Bu hissəni tez-tələsik xərcləmək daha çətindir.
MRF-nin indiki həcminin 40 faizi qeyri-likvid aktivlərdir və “Bloomberg Economics”dən Aleksandr İsakov deyir ki, onlardan büdcə defisitini örtmək üçün istifadə etmək çətindir.
MRF-nin likvid hissəsi fevralın əvvəllərində xeyli az idi: 6,3 trilyon rubl və ya 91 milyard dollar.
Əgər büdcə defisiti ildə 3 trilyon rubl həcmində olarsa, hətta sadə riyaziyyat göstərir ki, ehtiyatlar yalnız 2 il bəs edəcək. BBC-nin soruşduğu iqtisadçılar da oxşar proqnozlar verirlər.
İqtisadçı Aleksandra Osmolovskaya-Suslina hesab edir ki, hökumətin xərcləri artırmadığı və qəbul olunmuş büdcə çərçivəsində hərəkət etdiyi halda belə likvid məbləğ bir-iki ilə çatacaq. Sofya Donets də bu fikirdədir.
Amma bu proqnozların mühüm bir şərti var. “MRF-nin həcmi ilə bağlı vəziyyət hərbi konfliktin nə qədər davam edəcəyindən, hansı şərtlərlə bitəcəyindən, eləcə də Rusiya karbohidrogenlərinin qiymətindən və onlara olan tələbatdan birbaşa asılıdır”, - Osmolovskaya-Suslina vurğulayır.
Büdcə sisteminin əsas riski
Reallıqda Rusiyanın bu iki ili varmı? Bazar ertəsi Maliyyə Nazirliyi yanvarda büdcənin yerinə yetirilməsi ilə bağlı statistikanı açıqladı və o, yetərincə şok yaratdı.
Büdcə defisiti təxminən 2,8 trilyon rubl təşkil edib. 2022-ci ilin yanvarı ilə müqayisədə gəlirlər 35%, neft-qaz gəlirləri isə 46% azalıb.
Amma xərclərlə bağlı vəziyyət daha pisdir. 2023-cü ilin yanvarında onlar təxminən 60% artaraq 3 trilyon rublu keçiblər.
“Defisitin böyüməsinin əsas səbəbi – yanvar üçün qeyri-adi dərəcədə yüksək xərclərdir. Əgər xərclər ötən ilki səviyyədə olsaydı, defisit 700 milyard rublu keçməzdi”, - İsakov belə hesab edir.
İqtisadçı xərclərin artımını bu ilin büdcə sistemi üçün əsas risk hesab edir. Amma gəlirlə bağlı da yaxşı bir şey gözləmir: neft-qaz gəlirləri bir-iki trilyon az olacaq.
Bir sıra daxili vergilər də federal büdcəyə gedir. Əgər biznes fəallığı məhdudlaşarsa, onlar da azala bilərlər. Yanvarda bu daxilolmalar da çöküb. Amma burada, daha çox, bürokratik amillər rol oynayıb - ƏDV-nin kompensasiyası və gəlir vergisi üzrə əlavə ödənişlər. İqtisadçılar bunu hələ ki, müvəqqəti azalma hesab edirlər.
Maliyyə Nazirliyi inandırır ki, yanvar çöküşü ümumən müvəqqətidir və eyni zamanda, xərclərin planlaşdırılan büdcə çərçivəsində olacağını bildirir.
Amma bir çoxları qurumun proqnozlarına şübhə ilə yanaşırlar. Məsələn, investisiyalar üzrə mütəxəssis Dmitri Polevoy ilin yekununda büdcə defisitinin 3,5-3,6 trilyon rubl olacağına əmindir.
Ehtiyatlarsız həyat
MRF 2008-ci ildə, Sabitləşdirmə fondunu iki struktura - MRF-nin özünə və Ehtiyat fonduna – bölərkən yaradıldı. Özü də MRF büdcə dəliklərini yamama vasitəsi kimi deyil, pensiya sistemini – bu da Rusiyada çox yaxşı vəziyyətdə deyil, amma belə problemlər çoxdan unudulub - sabitləşdirmə mexanizmi kimi düşünülmüşdü.
2018-ci ildə Ehtiyat fondu tükəndi, onun qalıqlarını Milli Rifah Fonduna birləşdirdilər. Elə o zaman Rusiyada bir büdcə qaydası yarandı: neftin büdcədə təyin olunmuş qiymətindən (2022-ci ildə barreli 44,2 dollar) yuxarı hissəsi MRF-yə gedir. Bu, rublun kursunun neft qiymətindən asılılığını zəiflədirdi.
Savaşa qədər Rusiyanın büdcə sistemi sabit işləyirdi – ehtiyatlar çoxalırdı, defisit yox idi. Amma müharibə bu nizamlı sistemi dağıtdı. Əməliyyatlar başlayan kimi büdcə qaydasını ləğv etdilər, xərclər isə sürətlə artmağa başladı.
Axırda hakimiyyət yeni büdcə qaydası hazırlamağı vəd etdi. Bu qayda həqiqətən də 2022-ci ilin sonlarında ortaya çıxdı, amma xeyli budanmış halda: büdcənin gəlirləri 8 trilyon rubl səviyyəsində təsbit edildi, ondan yuxarı hamısı ehtiyata getməli idi. Amma bu qayda indiki vəziyyətdə çətin ki, ehtiyatları artırmağa xidmət etsin.
Rusiyanın başqa yastıqları da var, məsələn, Mərkəzi Bankın rezervləri, təxminən 598 milyard dollara çatırlar. Doğrudur, onlar da qismən dondurulub.
Osmolovskaya-Suslina izah edir ki, MRF Mərkəzi Bankın qızıl-valyuta ehtiyatlarının bir hissəsidir, amma hökumətin yalnız ondan istifadə etmək hüququ var.
İqtisadçı əlavə edir ki, hökumət MB-dan əlavə borc ala bilər, amma yalnız emissiya şərtləri altında. Söhbət ondan gedir ki, MB-dan borc almaq olar - o, sadəcə rubl çap edəcək, bu da inflyasiyanın artmasına səbəb olacaq.
Hakimiyyət Qərb ölkələrinin dondurduğu vəsaitləri də MRF-dən təxminən belə çıxarır. “MB valyuta müqabilində Maliyyə Nazirliyinə rubl köçürür”, - Polevoy izah edir. Bütün əməliyyatlar MB balansının içindədir.
Doğrudur, hökumətin özünün Ehtiyat Fondu var, o kiçikdir və büdcəni yenidən yazmamaq üçün təcili xərclərə sərf edilir. Bəzi iqtisadçılar hesab edirlər ki, yanvarda bu pullar da büdcə dəliklərinin yamanmasına gedib. Amma ümumən bu fonda büdcə defisitini örtmək üçün yetərincə pul yoxdur.
MRF tükənərsə nə baş verəcək? Burada variantlar elə də çox deyillər. Aleksandra Osmolovskaya-Suslina deyir ki, büdcə siyasəti kəskinləşəcək, defisiti örtmək üçün isə yalnız karbohidrogenlərdən gələn gəlirə və daxili borclanmalara üz tutulacaq.
Söhbət hakimiyyətin xərcləri azaltmasından - azalda bildikləri – gedir. Müdafiə və milli təhlükəsizlik xərclərini azaltmaq, demək olar, mümkün deyil. Amma, məsələn, iqtisadiyyatın və ya elmin inkişafı üçün xərcləri azaltmaq olar. Eləcə də əhalidən borc alınacaq.
MRF gələcək nəsillərə dəstək və pensiya sistemini balanslaşdırmaq vasitəsi kimi düşünülmüşdü. Amma bu rolunu artıq unutmaq olar.
“Fond strateji aktiv əvəzinə büdcə dəliklərinin təcili yamamaq vasitəsinə çevrilib. O, ilkin olaraq gələcək nəsillərin pensiya problemlərini həll etmək üçün düşünülmüşdü, amma ömrünün həmin gələcək nəsillər doğulana qədər sürəcəyinə belə əminlik yoxdur”, - Osmolovskaya-Suslina deyir.
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb