Dünya

Suriyada yeni etirazlar - Ərəb payızı Əsəd üçün nə qədər təhlükəlidir?

Yadigar Sadıqlı
18 Sentyabr, 2023
218

GETTY IMAGES

Suriyanın Əs-Suveyda əyalətində etirazlar dördüncü həftədir ki, səngimir

Ərəb baharı kabusu yenə Suriya küçələrindədir. Ölkənin cənubunda artıq bir aydır ki, etirazlar səngimir. Həyat şərtlərini yaxşılaşdırmaq tələbləri ilə yanaşı siyasi şüarlar daha ucadan səslənir, hətta rejim dəyişikliyi çağırışlarına qədər.  İnsanlar Bəşər Əsədin portretlərini cırır və yandırır, qələbəyə qədər duruş gətirməyi vəd edirlər.

Yeni xalq çıxışları çətin ki, rejimin sonunu gətirsin. Etirazçıların nə güclü lideri, nə birləşmiş hərəkatı var, Əsədi isə müttəfiqləri Rusiya və İran dəstəkləyir. Amma xüsusən də bir zaman tərəfdarı olanlar arasında artan ictimai narazılıq iqtidar üçün yeni başağrısı olacaq.

Narazılıq artır

Suriyalıların hövsələsini tükədən son addım hökumətin benzin və ərzağa subsidiyaları ləğv etmək qərarı olub. Həyat kəskin bahalaşıb.

 Etirazlar əsasən cənubdakı Suveyda vilayətində baş verir, burada druzlar yaşayır. Hərçənd, Dəməşq və Hələbdə, eləcə də Tartus və Ladikiya kimi ələvi şəhərlərində də sporadik etirazlar oldu. 2011-ci ildə xalq etirazlarının episentri olan Dərada da insanlar küçəyə çıxdılar.

Hələ ki, hakimiyyət nisbətən təmkinli davranır. Kimin səbri daha tez tükənəcək – Əsədin, yoxsa etirazçıların? Müşahidəçilər hesab edirlər ki, etiraz dalğasının sonrakı istiqaməti bundan asılıdır.

Bəşər, get!

Etirazçılar Əsədin təsviri olan reklam bilbordunu yandırıblar - SUWAYDA24

“Bəşər, get! Suriya azad olacaq!” - Suveydada insanlar belə şüar səsləndirirlər.  “Suriya var olsun! Bəşər Əsəd yox olsun!” əllərində druz bayraqları tutan digər etirazçılar qışqırır.

“Suriya tövlə, biz də qoyun deyilik”, - plakatların birində belə yazılıb.

İndiki etiraz dalğasına öncüllük edən druzlar etnik azlıqdır və müharibədən əvvəl ölkə əhalisinin 3 faizindən azını (700 min) təşkil edirdilər.

Druzlar 2011 nümayişlərində iştirak etmirdilər, Suveyda hökumət qüvvələrinin əlində qaldı, druz icması isə ümumilikdə rejimə loyallıq göstərdi, sadəcə gəncləri hökumət ordusunda hərbi xidmətə göndərməkdən imtina etdi. Bunun müqabilində hökumət də druzların nisbi muxtariyyətinə icazə verdi.

Narazılığın ilk əlamətləri hələ 2019-cu ildə təzahür etdi. O vaxtlar nadir olan etiraz nümayişləri məhz Suveydada keçirildi.

Bu dəfə tələblər daha sərt, hərəkətlər daha qətiyyətlidir. Sosial şəbəkələrdə yayılan videoların birində Əsədin şəkli olan bilbordun yanmasını, digərində isə insanların “Əsəd, istefa” qışqırdıqlarını görmək olar.

Dağıntı və səfalət

Suriya müharibə illəri ərzində dağılıb. Əhalinin 90 faizi yoxsul yaşayır, həm də bu, hələ mühafizəkar qiymətləndirmədir. BMT məlumatlarına görə, əhalinin 70 faizinin təcili humanitar yardıma ehtiyacı var. Onsuz da acınacaqlı olan vəziyyəti bu ilin baharındakı güclü zəlzələ lap ağırlaşdırdı. Həyat şəraitinin azacıq pisləşməsi insanları aclıq astanasına aparır. 

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenin bu yaxınlarda dediyi kimi: “Çox pis iqtisadi vəziyyət lap pisləşib”.

Son üç ay ərzində Suriya lirası dəyərinin 80 faizini itirərək kəskin ucuzlaşıb. Milli valyuta 1 dollara 15500 kimi rekord səviyyədə ucuzlaşıb. Bəzi kiçik dövlət qulluqçularının maaşı isə 20 dollardan çox deyil. Müqayisə üçün: üç il əvvəl qara bazarda 1 dollara 3500 lirə verilirdi, 12 il əvvəl müharibənin başlanğıcında isə 47 lirə.

Bəşər Əsəd və tərəfdarları bütün bəlalarda xarici qüvvələri günahlandırır və ABŞ-ın 2020-ci ilin iyunundan tətbiq etdiyi boğucu sanksiyalara işarə edirlər. 

Etirazların yeni dalğası

Hazırkı etiraz dalğasına druzlar rəhbərlik edir - GETTY IMAGES

Yeni etiraz dalğasının xüsusiyyəti ondadır ki, əsasən bu yaxınlara qədər hakimiyyəti dəstəkləməsə də, bitərəf yanaşanları əhatə edib. Söhbət ilk növbədə dini azlıqlardan - ələvilər və druzlardan gedir.

Əsəd özü də ələvidir və daim özünü dini azlıqların radikal islamçılardan əsas müdafiəçisi kimi qələmə verib.

“Druzlar nümayişə çıxmaqdan qorxmurlar, çünki, birincisi, özləri silahlıdırlar, ikincisi də bilirlər ki, rejim onlara güllə atmayacaq. Maşınla bir saatlıq məsafədə yerləşən Dəradakı sünnilərlə bütün fərq budur”, - Vaşinqton universitetinin eksperti Fabris Balanş deyir.

Əsəd indi çətin vəziyyətə düşüb və seçim etməlidir: etirazlara fikir verməmək və beləcə, onların bütün ölkəyə yayılmasına fürsət yaratmaq, ya da onları yatıraraq insanları bir az da öz əleyhinə kökləmək. 

“Bu narrativ [azlıqlara qayğı] indi sökülür. O, həm də Əsədin əl-qolunu bağlayır”, - Oklahoma universitetinin Yaxın Şərqin tədqiqi mərkəzinin rəhbəri Coşua Lendis deyir.

Müşahidəçilər indiki etiraz dalğasının daha bir xüsusiyyətinə diqqət ayırırlar. İnsanlar əvvəlki məzhəb bölgüsündən uzaqlaşmağa çalışırlar və milli mənsubiyyəti qabardırlar.

“İslamçı ekstremistlərdən ehtiyat edən və rejimin azlıqları dəstəkləmək haqda narrativinə inanan druzlar əvvəllər passiv idilər, - Fransada yaşayan suveydalı müxalif Firas Kontar deyir. – İndi etirazçılar icma mənsubiyyətini kənara atırlar. Etiraz aksiyalarında “Vahid Suriya xalqı var” deyirlər”.

Etirazlarda druzlarla yanaşı yerli bədəvilər (sünni ərəblər) və xristian ərəblər də iştirak edirlər. Onların da tərkibi rəngarəngdir: təkcə siyasi fəallar deyil, ziyalılar və din xadimləri də etirazlara qoşulublar.

Etirazları qan içində boğmaq Əsəd üçün həm də diplomatik baxımdan yolverilməzdir.

Əsəd 12 illik fasilədən sonra bu ilin mayında təntənəli şəkildə Ərəb dövlətləri liqasına qayıtdı. Suriya prezidentini oradan məhz 2011-ci ilin noyabrında etirazları qanlı yatırması səbəbindən qovmuşdular.

Sonra nə olacaq

Vaşinqtondakı Yaxın Şərq institutundan Suriya üzrə ekspert Çarlz Lister yeni etirazları rejim üçün artan təhlükə adlandırır: “Narazılığın Əsəd tərəfdarlarını əhatə etməsi onun hakimiyyətinin nə qədər kövrək və səbatsız olduğunu göstərir”.

Öz növbəsində Fabris Balanş Əsədin qüdrətli müttəfiqlərini – Rusiya və İranı xatırladaraq bildirir ki, onu köməksiz qoymayacaqlar.

Etirazların taleyini Əsədin yaxın aylarda özünü necə aparacağı həll edəcək.

Noyabrın sonunda Əsədi Dubayda, COP28 iqlim konfransında gözləyirlər. Sammit Suriya prezidentinin 2011-ci ildən bəri cəmiyyətə ilk çıxışı olacaq.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Ermənistan XİN: Qarabağ erməniləri Azərbaycanın nəzarəti altında yaşaya bilər

Toplum TV
20 Sentyabr 2023

armedia.am

Ermənistan Xarici İşlər Nazirliyi Qarabağ ermənilərinin Bakı ilə danışıqlara hazır olduğunu açıqlayıb. Toplum TV "Reuters"ə istinadən bildirir ki, bu haqda sentyabrın 20-si Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib. Nazir müavini Qarabağ ermənilərin nəzəri olaraq Azərbaycanın nəzarəti altında yaşaya biləcəyini, lakin dialoq qurulmalı olduğunu vurğulayıb. “İki gün davam edən gərgin döyüşlər zamanı "Artsax" bölmələri canlı qüvvə və hərbi texnika baxımından bir neçə dəfə üstün olan düşmənə qarşı qəhrəmancasına müdafiə olunub, ona ən böyük itkiləri verib. Təəssüf ki, "Artsax" tərəfi də itkilər və yaralılar verib və bəzi ərazilərdə düşmən müdafiə qüvvələrinin döyüş mövqelərini yarıb bir sıra yüksəklikləri və strateji yol...
Dünya

Putin: Problemi sülh yolu ilə həll edə bilərik

Toplum TV
20 Sentyabr 2023

en.kremlin.ru

Rusiya prezidenti Vladimir Putin Qarabağda baş verən son hərbi əməliyyatlara dair şərh verib. Toplum TV TASS-a istinadən bildirir ki, bu barədə sentyabrın 20-si Vladimir Putin Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdə bildirib. Kreml rəhbəri Yerevan, Xankəndi və Bakı ilə sıx əlaqədə olduqlarını açıqlayıb. “Biz münaqişənin bütün tərəfləri və Yerevan, Xankəndi və Bakı ilə çox sıx əlaqə saxlayırıq. Ümid edirəm ki, biz gərginliyin azaldılmasına nail olaraq bu problemi sülh yolu ilə həll edə bilərik. Sülhməramlılarımız münaqişədə iştirak edən bütün tərəflərlə olduqca fəal işləyirlər. Onlar mülki insanları qorumaq üçün hər şeyi edirlər”, - Rusiya prezidenti vurğulayıb. https://toplum.tv/siyaset/ppasinyan-ermenistan-danisiqlarda-istirak-etmeyibp Bildirək ki, sentyabrın...

Seçilmiş Videolar

Toplum TV loqo