Dünya

Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?

27 Noyabr, 2023
977

Filmdən kadr

Napoleon filmi

Tanınmış Britaniya rejissoru Ridli Skottun yeni filmi “Napoleon” hələ ekranlara çıxmamış qızğın mübahisələr doğurub.

Ustad sənətkarın (həm də “Yadplanetli”, “Ülgüc üzərində qaçan” və “Qladiator” kimi filmlərdən tanınan) əsəri daha çox tarixi yanlışlıqlar üzündən etirazlar doğurub. Üstəlik, müsahibələrinin birində Skottun Napoleonu Makedoniyalı İsgəndər, Stalin və Hitlerlə eyniləşdirilməsi faktı.

“Yüksək səviyyəli əyləncə”, yoxsa “karyeranın süqutu”?

Ondan başlayaq ki, bir çox fransızın gözündə ingilis Ridli Skott Fransa imperatorunu necə təsvir etməsinə görə deyil, ümumiyyətlə, onların milli qəhrəmanına müraciət etməsinə görə günahkardır.

ABŞ-ın “GQ” kişi jurnalının ingilis və fransız versiyasındakı iki məqaləni ən bariz nümunə kimi müqayisə etmək olar. 

İngilis məqaləsinin müəllifi Cek Kinq yazır: “Napoleonun həqiqi tarixçəsi sadəcə epik materialdır, ondan həyatınız boyu gördüyünüz ən heyrətamiz atəşfəşanlıq toxuya bilərsiniz. Bu film bizə ilk növbədə çoxlu böyük döyüşlər görmək imkanı verir... Məsələ onda deyil ki, film qəsdən tarixi reallığı inkar edir, ondadır ki, diqqətimizə yüksək səviyyədə əyləncəli səhnələr təqdim olunur... daha coşğun bioqrafiya yox”.

Fransız məqaləsinin müəllifi Adam Sançes ona qiyabi etiraz edir: “Skott özü Napoleonu anlamır. O, hadisələrin xronologiyasını köçürməyə çox aludədir. Ridli Skott artıq vəd edib ki, filmin 4,5 saatdan çox davamiyyəti olan tam versiyası tezliklə əlçatan olacaq (çəkilişi maliyyələşdirən Apple TV-nin platformasında). Əminliklə söyləmək olar ki, tam versiya da “Ülgüc üzərində qaçan”ın banisinin yaradıcılıq karyerasının çöküşündə sadəcə növbəti epizod olan layihənin yırtıqlarını yamaya bilməyəcək”.

https://toplum.tv/dunya/ptrampin-yeniden-prezident-olmaq-sanslari-ne-qederdirp

Sançes bu öldürücü xarakteristika ilə kifayətlənmir. O, Skottu həm də Fransa əsgərlərinin Tulonun mühasirəsi zamanı Amerika ləhcəsi ilə “Vive La France!” (Yaşasın Fransa!) qışqırmaqda, “Tahar Rahimi (Pol de Barrası oynayan Fransa aktyoru) Şekspirin dilində danışmağa məcbur etmək”də ittiham edir.

Napoleon rolunun ifaçısı Xoakin Feniksin  Skottun “Qladiator” filmində Roma imperatoru Kommodu oynayarkən də eynilə ingilis dilində danışmasına izafi diqqət ayırmayacağıq. Bildiyim qədərilə, bu, nə fransız, nə başqa tənqidçiləri karıxdırmamışdı.

“Bonapart” adlı monumental tarixi əsərin müəllifi olan Fransa tarixçisi Patris Qannifi də “ingilisdilli imperatoru” və onun “harada aş, orada baş” birinci arvadı Jozefinanı tənqid edib. “Le Point” jurnalına müsahibəsində deyib ki, film “tarixin çox antifransız və çox ingilisyönlü şəkildə yenidən yazılmasıdır”.

 “Filmin ən uğurlu epizodlarının Vaterloo döyüşü və Vellinqtonun intiqamı olması onun ingilis tərəfindən çəkilməsinin isbatıdır”, - Qaniffi söyləyib.

Vaterloo döyüşündə (18 iyun 1815-ci il) yeddi ölkə koalisiyasının qoşunları Napoleon ordusunu qəti darmadağın etdilər. Müttəfiq qoşunlarının əhəmiyyətli hissəsini hersoq Vellinqtonun başçılıq etdiyi Birləşmiş Krallığın, Niderlandın, Hannover krallığının, Braunşveyq və Nassau hersoqluqlarının birləşmiş qüvvələri təşkil edirdi. Onu elə Vellinqton ordusu adlandırırdılar.

Filmi “tutqun və imperiya melodramı” adlandıran Etyen Sorin “Le Figaro”ya deyib ki, Skott öz əsərini “Napoleon və Jozefina” (Jozefinanı Vanessa Kirbi oynayır) adlandırmağa cəsarət etməyib. Amma nahaq yerə, süjet məhz onların mürəkkəb münasibətləri üzərində qurulub, orada-burada da döyüş səhnələri əlavə olunub.

Skott belə tənqidə necə reaksiya verib? “Fransızlar hətta özlərini də sevmirlər. Mən bu filmi artıq Parisdə göstərmişəm, orada hamı heyran qaldı”, - rejissor  BBC-yə müsahibəsində deyib.

Bir sözlə, La-Manşın o tərəfində səslənən tənqidləri ingilis jurnalisti Conatan Millerin bir cümləsi ilə yekunlaşdırmaq olar: “Sanki fransızlar anqlosaksların onların milli qəhrəmanını necə təsvir etmələrini prinsipcə müsbət qiymətləndirə bilərdilər”.

Tarixi yanlışlıqlar: “Görünüşcə əla, tarixi baxımdan – ümidsiz”

Tarixi filmlər rejissorlarının və ssenaristlərinin gerçəkliyi gözləyib-gəzləməmələri haqda iki zidd fikir var.

 Biri: insanların böyük əksəriyyəti bilikləri tarixi əsərlərdən deyil, bədii filmlərdən əldə edirlər, deməli, onları yalan informasiya ilə doldurmaq lazım deyil. Digəri: xalq əsasən küt deyil və ssenaristlə rejissor bədii effekt xətrinə həqiqətdən uzaqlaşanda anlayırlar, dolayısı ilə, nə istəyirsiniz çəkin, xalq ayırd edər.

Ridli Skott özü Britaniyanın “The Sunday Times” qəzetinə müsahibəsində deyib ki, Napoleon haqqındakı filmində tarixi yanlışlıqlardan narahat olanların  “faydalı bir işlə” məşğul olmaları məsləhətdir.

“Tarixçilər mənə etiraz edəndə onlardan soruşuram: “Qulaq asın, uşaqlar, özünü orada olmusunuz? Olmamısınız? O zaman mumlayın”. Əslində sənətkar bir qədər başqa söz işlədib ki, onun yerinə nöqtələr qoymaq lazım gəlib.

Tarixi yanlışlıqları təkcə fransızlar deyil, ingilis mütəxəssilər də sevinclə təsbit edirlər:

Kraliça Mariya-Antuanettanın edamı zamanı Napoleon orada olmayıb. Kraliça eşafota dalğalanan saçlarla çıxmamışdı, çünki gilyotinin başqa qurbanları kimi onun da saçını qısa kəsmişdilər;

Napoleon öz əsgərlərinə Misir piramidalarına atəş açmağı əmr etməyib, məşhur sfinks isə üzünün əsas cizgilərini XIX əsrdən xeyli əvvəl itirib;

Napoleon müharibələrində ölənlərin sayı barədə filmin sonunda göstərilən rəqəmlər xeyli şişirdilib.

Vellinqtonla bağlı uyğunsuzluq

Əlahiddə problem: əslində Napoleon və Vellinqton Plimut limanında, imperatoru Müqəddəs Yelena adasına sonuncu sürgünə aparacaq “Bellerofon” gəmisinin göyərtəsində görüşməyiblər.

Ümumiyyətlə, iki sərkərdə heç vaxt üz-üzə görüşməyiblər və savaşan qoşunlara bircə dəfə Vaterloo döyüşündə bilavasitə komandanlıq ediblər. Özü də Vellinqton Napoleonu yüksək qiymətləndirir, “döyüş meydanında təkbaşına 40 min nəfərə bərabərdir” deyirdi.

https://toplum.tv/dunya/phavyer-mileyin-argentina-prezidenti-seccedililmesinin-uumlccedil-sebebip

İngilis tarixçi, iki hərbi liderin münasibətlərindən bəhs edən “Napoleon and Wellington” kitabının müəllifi Endrü Roberts Vaterloodan sonra məhz Vellinqtonun Napoleonu edamdan xilas etdiyini yazır. İmperator isə buna görə ona minnətdar deyildi və hətta Vellinqtonun həyatına qəsd edən adama öz vəsiyyətində pul ayırdı.

Hersoq da öz rəqibinə ona aid böyük memorabiliya toplamaqla və iki məşuqəsi ilə yatmaqla cavab verdi. Hərçənd, Vellinqton ümumən qadınları çox sevirdi (öz arvadından başqa) və eyş-işrət əhvalatlarında siyasi intiqamın nə qədər yer tutduğunu söyləmək çəindir. 

Napoleonun xidmətləri

“The Times”a müsahibəsində Endrü Roberts deyib ki, onu Ridli Skottun stereotiplərə geniş yer verməsindən daha çox, imperatorun Fransa cəmiyyətini tamamilə dəyişən şəksiz xidmətlərini rejissor və ssenaristin gözardı etməsi olub.

Napoleon həqiqətən fransız xalqı içində populyar idi, amma film bunun səbəbini izah etmir.

Roberts filmdə “Fransa qanunlarının yenidən təşkili, maliyyə islahatları, [inqilabdan sonra] asayişin bərpası, katolik kilsəsi ilə konkordat [katoliklik fransızlaın əksəriyyətinin dini hesab olunurdu, amma etiqad azadlığı saxlanılırdı, keşişlər dövlət tərəfindən təyin olunur və dövlətdən maaş alırdı, kilsə isə inqilab zamanı müsadirə olunan əmlakdan imtina etdi], böyük infrastruktur layihələri, yeni təhsil sitemi, meritokratik sosial inkişaf və Fransa bankının yaradılması” kimi işlərdən tamamilə yan keçilib.

“İmperator öz arvadına yemək tullayan, qulluqçuların yanında onunla stol altında sekslə məşğul olan və otaqda olarkən heç vaxt şlyapasını çıxarmayan kişi obrazına qədər düşürülüb”, - tarixçi əlavə edib.

Böyük İsgəndər, Napoleon, Hitler və Stalin

Ridli Skott həqiqətənmi Napoleonu monstr hesab edir, yoxsa publikann bir hissəsində qəzəb, digər hissəsində heyranlıq doğurmaqla sadəcə filminə əlavə reklam yaradır – söyləmək çətindir.

O, belə şeyləri əvvəllər də edib, təsadüfi deyil ki, bəzi jurnalistlər onu müsahibə götürən üçün sovqat hesab edirlər: sadəcə sula ver, sonra belini stula daya və həzz al. Britaniyanın “Guardian” qəzetinin kolumnisti Stüart Heritec deyir ki, iş həyatında ən çox həzz alması Skottdan müsahibə götürəndə olub.  

Skott hansı düşüncələri rəhbər tutmasından asılı olmayaraq, istisna deyil ki, hansısa xüsusi qəsdi olmadan öz fikrini səsləndirib, amma “Empire” jurnalına müsahibəsində çox sərt deyib. “Mən [Napoleonu] Böyük İsgəndərlə, Adolf Hitlerlə, Stalinlə müqayisə edirəm. Mənə baxın, onun üzərinə həqiqətən də xeyli nəcis yapışıb” – fransızların milli qəhrəmanı və qüruru haqqında belə deyib.

Birinci sual: Böyük İsgəndəri Hitler və Stalinlə birləşdirmək nə qədər doğrudur?

Mənim nəzərimdə sayıqlamadır, nəzərə alaq ki, İsgəndər, tarixçilərə məlum olduğu qədər, nə öz xalqının, nə başqasının genosidi törətməyib. Hərçənd, farsların paytaxtını yandırıb. Amma deyəsən, bunu bilərəkdən etmədiyini söyləyib.

Amma qədim tarixi Ridli Skottun vicdanına buraxaq və o qədər uzaq olmayan vaxtlara qayıdaq.

Napoleonun ölümdən sonrakı şöhrəti 1940-cı il iyunun 23-də xeyli zədələndi: həmin gün Adolf Hitler işğal etdiyi Parisə gəldi. O, imperatorun məzarı başında xeyli dayanaraq qırmızı sarkofaqına baxdı.

Yeri gəlmişkən, əgər tarixi paralellərdən danışırıqsa, həmin sarkofaqın tünd qırmızı Kareliya kvarsitindən hazırlandığını, Leninin mavzoleyinin də onunla işləndiyini xatırlamamaq günah olar. Görünür, bu fakt Skotta naməlum qalıb, yoxsa dünya qaniçənləri siyahısına daha bir ad da əlavə edilərdi.

Hər halda, fürerin ziyarətindən sonra ictimai şüurda XIX əsr Fransa imperatoru ilə XX əsr alman diktatorunun talelərini birləşdirən daha bir stereotip yarandı.

Onların hər ikisi idarə etdikləri ölkənin hüdudlarından kənarda doğulmuşdu, ikisi də bütün Avropanı fəth etməyə çalışırdı, ikisi də döyüş meydanlarında ilk qələbələrdən sonra Moskva yaxınlığında uğursuzluğa uğradılar, ikisi də Britaniya adalarını tutmağa hazırlaşırdı, amma hazırlaşıb qurtarmadılar. Nəhayət, hər ikisi onlara qarşı birləşən müttəfiq orduları tərəfindən darmadağın edildilər.

Hər halda monstr deyil, hərçənd, ola bilər, tirandır

Qeyd etmək lazımdır ki, Napoleonun Hitlerlə müqayisəsini La-Manşın hər iki tərəfindəki tarixçilərin və tənqidçilərin çoxu bəyənməyib.

“Hitler və Stalin heç nə yaratmırdılar, ancaq dağıdırdılar [Hitler və Stalinin öz ölkələrində apardıqları iri infrastruktur layihələrini nəzərə alsaq, doğru deyil]. Napoleonu qanlı diktator kimi təqdim etməklə, Skott onun əhəmiyyətli nailiyyətlərini inkar edib”, - Napoleon fondunun elmi direktoru Pyer Branda “Telegraph”a deyib.

“Napoleon nə Fransanı, nə Avropanı məhv etməyib. Sonralar isə onun irsi hətta rəqibi olan ölkələrdə qəbul edilib və təriflənib”, - Napoleon fondunun direktoru Tyerri Lents deyib.

BBC-nin mədəniyyət məsələləri üzrə şərhçisi Nil Armstroqla danışan fransız jurnalist Ann-Elizabet Mute də Napoleonun nə Hitlerlə, nə Stalinlə müqaayisəsini doğru saymır: “Onun həbs düşərgələri yox idi, bütöv xalqları ölümə məhkum etmirdi. Hə, onun dövründə siyasi polis vardı, amma sıravi insanların istədikləri kimi yaşaya və ağıllarına gələni danışa bilərdilər”.

Amma Liverpul universitetinin fəxri tarix professoru, Napoleon haqqında bir neçə kitabın müəllifi Çarlz Esdeyl Fransa imperatoruna bir qədər başqa mövqedən baxır.

https://toplum.tv/dunya/p50-il-evvelki-neft-embarqosu-ereb-oumllkeleri-tekrar-ede-bilermip

“Bu adam şəxsi ambisiyalarla hərəkət edirdi, tamamilə mərhəmətsiz idi. Onun xeyli çatışmazlıqları vardı, mənfur şəxsiyyət idi. Amma nasist rejiminin əsasını təşkil edən irqçi ideologiyaya malik deyildi. Onun Hitler və Stalinlə müqayisəsi tarixi cəfəngiyyatdır”, - professor BBC-yə deyib.

Tamaşaçılar, tənqidçilər və əlbəttə, tarixçilər Ridli Skottun filmi barədə son sözlərini, yəqin, hələ deməyiblər, amma onların vahid fikrə gələcəyi inandırıcı deyil.

Filmdə baş rolun ifaçısı Xoakin Feniksin sözlərinə görə, “əgər Napoleonu gerçəkdən anlamaq istəyirsinizsə, yəqin ki, özünüz bu mövzunu öyrənməklə məşğul olmalısınız”.

“Bu film – Ridlinin gözləri ilə görünən tarixdir. Bu isə olduqca mürəkkəb əhvaaltdır. Biz o adamın duyğularını göstərməyə çalışdıq”, - aktyor “Empire” jurnalına müsahibəsində deyib.

Amma tarixin təhrifinin əleyhdarlarının da öz həqiqəti var.

 “Əgər biz tarixi həqiqəti müdafiə etməsək, insanların İkinci dünya müharibəsini amerikalıların təkbaşına udduqlarını düşündükləri situasiyanın nəticələri ilə barışmalı olacağıq”, - britaniyalı yazıçı və jurnalist Alek Marş deyir.

“Onlar həqiqətən inanacaqlar ki, Napoleonun qoşunu piramidalara artilleriyadan atəş açıb və ya III Riçard psixopat qatil olub. Buna görə də tarixi dramda faktiki dəqiqlikdə israr etmək pedantlıq deyil, mütləq prinsipiallıqdır” – Marş əlavə edir. 

Əgər, hələ ekranlara çıxmayan bir filmin ətrafında belə polemika qaynayıbsa, görünür, onun prokatda uğur qazanacağı təmin olunub. 

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo