Dünya

Trampın yenidən prezident olmaq şansları nə qədərdir?

23 Noyabr, 2023
709

CNN

Donald Tramp

ABŞ-da prezident seçkilərinə düz bir il qalıb. Respublikaçılar partiyasından namizəd yəqin ki, Tramp olacaq.

O, öz çıxışlarında artıq rəqibləri ilə mübahisə etmir, qələbədən sonra baş verəcəklər haqda fantaziya qurur. Populyar demokratların həbsini, milyonlarla qeyri-leqalın deportasiyasını vəd edir, solçuları isə “soxulcan” adlandırır. “Meduza” Trampın qələbəsinin nə qədər mümkün olmasını və həmin ssenaridə Amerikanın necə dəyişə biləcəyini araşdırıb.

Toplum TV materialı təqdim edir.

Tramp məhz nə deyib?

“Veteranlar günündə [11 noyabr] bizim böyük veteranlar naminə and içirik ki, kommunistlərin, marksistlərin, faşistlərin və bizim ölkədə soxulcan kimi yaşayan, yalan danışan, oğurlayan, seçkilərdə aldadan, Amerikanı və Amerika arzusunu məhv etmək üçün qanuni və ya qeyri-qanuni mümkün olan hər şeyi edən solçu-banditlərin kökünü kəsəcəyik”.

Donald Tramp əvvəlcə “Truth Social” sosial şəbəkəsində belə yazı paylaşdı, sonra isə elə həmin gün Nyu Hempşir ştatındakı mitinqdə təkrarladı və əlavə etdi:

“Gerçək təhlükə radikal sağdan yox, radikal soldan gəlir və hər gün artır. Xarici qüvvələrdən gələn təhdid daxili təhdid qədər təhlükəli və ciddi deyil”.

Bu bəyanat aqressiv monoloqlar silsiləsinin bir hissəsi oldu. Kəskin ifadələri həmişə sevən keçmiş prezident son həftələr elə çıxışlar edir ki, jurnalistlər onu birbaşa Hitlerlə müqayisə edirlər. Məsələn, ispandilli “Univision” televiziyasına verdiyi müsahibədə prezident seçkilərindən sonra opponentlərini həbs edəcəyini deyib. Nyu Hempşirdəki mitinqdə həmin ideyanı daha təfsilatlı təsvir edib:

“ABŞ tarixində ilk dəfə mövcud administrasiya opponentinə qarşı cinayət ittihamları irəli sürür. Bu o deməkdir ki, mən də belə edə bilərəm. Ağ Evdə oturacam və mənə deyəcəklər: “Ser, reytinqi yüksələn demokrat var”. Cavab verəcəyəm: “Onlar mənimlə ediblər, mən də onlarla edə bilərəm – həmin adama qarşı yolu icazəsiz yerdə keçmək ittihamı irəli sürün!”

https://toplum.tv/dunya/phavyer-mileyin-argentina-prezidenti-seccedililmesinin-uumlccedil-sebebip

Nyu Hempşirdə Tramp həmçinin özünü Baydenin qələbəsinin “məğrur inkarçısı” adlandırıb və narkotacirlərin edam zərurətindən danışıb. Ayovada çıxışı zamanı qeyri-leqal miqrantların ABŞ tarixində ən iri deportasiyasını vəd edib, başqa mitinqdə isə bildirib ki, miqrantlar “ölkəmizin qanını zəhərləyirlər”.

“The Washington Post” Trampın qərargahının mətbuat katibi Stiven Çenqdən namizədin ritorikasının niyə bu qədər Hitler və Mussolinini xatırlatmasını soruşanda, o, bu müqayisəni lağa qoyub. Sonra da əlavə edib ki, “Tramp Ağ Evə qayıdanda bunu iddia edənlər darmadağın ediləcəklər”.

Bu sözləri niyə ciddi qəbul etmək lazımdır?

Tramp 2017-2021-ci illərdə prezident  olub və iqtidarından sonra öz planlarına üç əsas təhlükəni müəyyənləşdirib: məhkəmələr, konqres və bürokratiya. O vaxtdan özü və tərəfdarları bu problemlərin həlli yollarını axtarırlar.

Trampın hakimiyyət illərində Ağ Ev və prezidentin təyin etdiyi məmurlar 246 məhkəmə işindən 192-ni uduzublar. Məsələn, 2017-ci ildə məhkəmələr müsəlman ölkələri vətəndaşlarının ABŞ-a girişini qadağan edən fərmanı tələsik reallaşdırmağa mane oldular. Amma Tramp bu ixtilafları planlı şəkildə ən sadə üsulla həll etməyə nail oldu: dörd il ərzində o, Barak Obamanın səkkiz il ərzində etdiyi qədər federal hakimlər təyin etdi. Onun əsas uğuru isə Ali məhkəmənin yeni tərkibi oldu: seçkilərə iki ay qalmış liberal hakim Rut Beder Ginzburqun ölümündən istifadə edərək üç hakim keçirə bildi və mühafizəkar çoxluğu gücləndirdi. Bu, respublikaçılara bütün çəkişmələrdə qələbə vəd etmir, amma federal abort hüququnu ləğv etmək kimi bir çox islahatların keçirilməsini sadələşdirir.

Tramp hakimiyyətinin ilk iki ilində respublikaçılar konqresin hər iki palatasına nəzarət edirdilər, amma yalnız vergi islahatını keçirə bildilər. Belə ki, partiyada prezidentin platforması ilə razı olmayan güclü siyasətçilər vardı, məsələn, Ağ Evə Obamanın tibbi sığorta islahatını ləğv etməyə imkan verməyən senator Con Makkeyn. Amma Tramp o vaxtdan bəri partiyanı narazılardan təmizləyib: 2021-ci ilin yanvarında Kapitoliyə hücumu pisləyənləri səsdən məhrum etdilər, digər qeyri-loyalları isə praymerizin köməyi ilə devirdilər. Nümayəndələr palatasındakı fraksiyadaxili mübarizədə radikal trampçılar mülayim tarmpçılara qalib gəldilər. Əgər noyabr seçkilərində respublikaçılar hər iki palatada çoxluğu bərpa etsələr, parlament Ağ Evin təklif etdiyi istənilən islahatları ləngitmədən keçirəcək.

Nəhayət, Trampın müşavirləri məmurlarla mübarizə planından da həvəslə danışır, onları köhnə konspirolji nəzəriyyəyə istinad edərək “dərin dövlət” adlandırırlar.  Trampçıların əsas hədəfi Ədliyyə Nazirliyidir – prokurorluq funksiyalarını yerinə yetirən, FTB-ni idarə edən və ənənəvi şəkildə prezidentdən asılı olmayan qurum. Ağ ev nazirliyin işində istiqamətləri və prioritetləri müəyyən edə bilər, amma konkret işlərlə bağlı qərarlara təsir göstərə bilməz. Bu qayda Uotergeyt qalmaqalından dərhal sonra bərqərar olub. O zaman Konqres prezidentin siyasi sistemə təsirini məhdudlaşdıran bir sıra qanunlar qəbul etdi.

Tramp özünün ilk kadensiyası dövründə Ədliyyə Nazirliyinə təzyiq etməyə çalışdı və hətta prezidentin Rusiya ilə əlaqələrini araşdıran istintaqı dayandırmadığına görə onun rəhbərini vəzifədən çıxardı. Tramp hakimiyyətinin ilk illərində Ağ ev administrasiyasına başçılıq edən Con Kelli prezidentin tez-tez öz opponentlərinin təqib edilməsini təklif etdiyini, amma məmurların onun sözünü qulaqardı etdiklərini xatırlayır. Co Baydenin 2020-ci ildə qələbəsindən sonra Ədliyyə Nazirliyinin işçiləri Tramp tərəfdarlarının qəsdində iştirakdan boyun qaçırdılar. İndi keçmiş prezidentə qarşı hər iki federal işi Ədliyyə Nazirliyinin başçısı Merrik Qarlandın təyin etdiyi müstəqil prokuror Cek Smit aparır. Trampın qərargahı hesab edir ki, bunun arxasında Bayden dayanır və nazirliyi öz alətinə çevirmək istəyir.

Planın arxitektorlarından biri hüquqşünas Ceffri Klarkdır – 2020-ci il qəsdinin iştirakçısı, Corciyada cinayət işində ittiham olunanlardan biri. O, Trampın kampaniyasının sponsorları ilə görüşdə keçmiş prezidentin “dərs aldığını” və planla tam razı olan adamı baş prokuror təyin edəcəyini deyib (ABŞ-da Ədliyyə Nazirliyinə baş prokuror rəhbərlik edir – Toplum TV). Bundan sonra nazirlik müstəqillik prinsipindən imtina edəcək, onun və FTB-nin əməkdaşlarının çoxunu loyalistlər əvəzləyəcək. Tramp özəl söhbətlərində təkcə demokratları deyil, bir zamanlar özünün administrasiyasında işləyən, amma baxışlarını bölüşməyən respublikaçıları da təqib etməyə çağırır.

Trampçıların layihəsi təkcə Ədliyyə Nazirliyini əhatə etmir: adətən yeni prezident 4 minə yaxın məmur təyin edir, amma respublikaçılar federal hökumətdəki vəzifələrə 54 min tərəfdarlarını hazırlayırlar. Mühafizəkar “Heritage Foundation” analitik mərkəzi və 80 partnyor təşkilat artıq namizədlərin seçimi ilə məşğuldur. Anketdə onlardan “heyranlıq duyduqları bir indiki siyasətçi”nin adını çəkməyi istəyirlər. Plan həmçinin Trampın ikinci müddətinin ilk günündə hərbi vəziyyət elan etmək variantını da nəzərdə tutur – o zaman prezident etirazları yatırmaq üçün ordudan istifadə edə bilər.

Mühafizəkarlar arasında populyar olan unitar ica hakimiyyəti nəzəriyyəsi prezidentin federal bürokratiya üzərində indikindən daha tam nəzarətini ehtiva edir. Ceffri Klark kimi maksimalistlər inanırlar ki, heç bir dövlət agentliyi və ya tənzimləyicisi muxtar olmamalıdırlar. Trampçıların planına görə, antiinhisar idarə, kommunikasiya üzrə federal komissiya və miqrasiya siyasətinə məsul daxili təhlükəsizlik nazirliyi müstəqilliklərini itirməlidirlər.

Trampın müşavirləri liderlərinin məhz antimiqrasiya planını jurnalistlərə maksimum detalları ilə açıqlayırlar. Respublikaçılar qələbə çalarlarsa, miqrasiya ilə mübarizəni gücləndirəcəklər – həm leqal, həm qeyri-leqal yolla. Prezidentə ən aqressiv taktikanı təklif edən bu istiqamətə rəhbərlik edəcək. Müsəlman ölkələrinin vətəndaşları üçün ABŞ-a giriş qadağası bərpa ediləcək, konsulluqlar viza verməzdən əvvəl “ideoloji yoxlamalar” aparacaqlar, Siyasi sığınacaq verməyi “vərəmlə mübarizə” bəhanəsi ilə dayandıracaqlar. Hər il milyonlarla qeyri-leqal miqrantlar deportasiya olunacaq, prosedur da dəyişdiriləcək: deportasiya üçün məhkəmə qərarını gözləmək lazım gəlməyəcək. Əgər Konqres bu proqrama vəsait ayırmaqdan imtina etsə, Pentaqonun büdcəsindən götürəcəklər.

Tramp həqiqətən qalib gələ və planını həyata keçirməyə başlaya bilərmi?

Seçkilər 2024-cü il noyabrın 5-də keçiriləcək. İndi sosioloqlar Trampın kiçik üstünlüyünü görürlər, o cümlədən həlledici ştatlarda. Amma belə erkən mərhələdə istənilən sorğular, şübhəsiz, dəqiq deyillər. Əvəzində, keçmiş prezidentə yardım edəcək və mane olacaq amillər indidən məlumdur.

Respublikaçı rəqiblərdən çətin ki, kimsə Trampı dayandırsın: 60 faizlik reytinqlə nominasiya uğrunda mübarizənin aşkar favoritidir. Son həftələrdə bir neçə görkəmli opponentləri yarışdan çəkildilər və qalanlar onların səslərini konsolidasiya edə bildilər, amma yəqin ki, artıq martın əvvəllərində Tramp praymerizdə qalib gəldiyini elan edəcək.

Bundan dərhal sonra isə əsas təhlükə ilə üzləşəcək: ona qarşı açılmış cinayət işləri ilə bağlı üç məhkəmə prosesi keçiriləcək.

Onlardan birincisi, 2020-ci il seçkilərindən sonra qəsd haqqında federal iş 2024-cü il martın 4-də başlamalıdır, hərçənd, Trampın vəkilləri işi uzatmağa çalışırlar. İşin materiallarında 11 milyon səhifə var, Trampa qarşı onun administrasiyasının keçmiş rəhbəri Mark Medouz şahidlik edəcək. Günahkar bilindiyi halda keçmiş prezidentin həbs müddəti onilliklərlə ölçülə bilər.

İkinci işin – Nyu Yorkda biznes hesabatlılığın saxtalaşdırılması – baxılması martın sonuna təyin olunub. Ona görə Trampı çətin ki, həbs cəzası təhdid etsin. Üçüncü iş – məxfi materialların qanunsuz saxlanılması üzrə federal ittiham – plana görə, mayın sonunda Floridada baxılacaq. Məhkəməni aparacaq hakimi Tramp özü təyin edib. Hakim Kennon özünün mühafizəkar baxışları ilə tanınır və yəqin ki, müdafiə tərəfinə məhkəmənin başlamasını bir neçə ay uzatmağa imkan verəcək. Nəhayət, dördüncü işin – 2020-ci ildə Corciyada seçkilərin nəticələrinə təsir etmək cəhdi üzrə ittiham – baxılması avqustun 5-nə təyin olunub və ilin bütün ikinci yarısı boyu uzana bilər.

Hətta Tramp azadlıqda qalsa belə, məhkəmə iclasları onun ölkəni gəzib mitinqlərdə iştirak etməsinə əngəl olacaq. Digər tərəfdən, prosesləri yəqin ki, televiziyalar göstərəcək və bunun seçicilərə necə təsir edəcəyini öncədən söyləmək çətindir. Əgər Trampı həbsə göndərsələr belə, namizəd olmaq hüququnu itirməyəcək: əgər bəraət alsa, bu, onun siyasi təqib haqda bəyanatlarını gücləndirər.

https://toplum.tv/dunya/p50-il-evvelki-neft-embarqosu-ereb-oumllkeleri-tekrar-ede-bilermip

Daha bir amilin Trampa kömək etməsi mümkündür: görünür, seçkilərdə bir neçə tanınmış “üçüncü” namizəd iştirak edəcək. Kiçik Robert Kennedi namizəd olmaq istədiyini elan edib. O, demokratlardan nominasiya uğrunda yarışmağa cəhd edirdi, amma onun konspiroloji baxışları respublikaçılar arasında populyardır. “No Labels” partiyası da mərkəzçi namizəd irəli sürəcəyini vəd edir. “Xristian sosialist” Kornell Uest seçkilərdə müstəqil namizəd kimi iştirak etməyi planlaşdırır. Libertarianların və Yaşıl partiyanın namizədləri iştiraklarını anons ediblər. Baxışları demokratlara yaxın olan bu siyasətçilər daha çox Baydendən səs qoparacaqlar, nəinki Trampdan.

Seçkilərin nəticələrini öncədən söyləmək namizədlərin elektoratındakı tarixi dəyişikliklər baxımından da mümkünsüzdür. İsraili dəstəkləməsi Baydenin ərəb əsilli amerikalılar arasında reytinqini kəskin endirib; indiki prezidentin afroamerikalılar və gənclər arasındakı populyarlığı qiymət artımı üzündən azalıb. Digər tərəfdən, meqapolislərin ucqarlarında yaşayan sakinlər Baydenə rəğbət bəsləyirlər, 2020-ci ildə ona qələbə qazandıran da həmin sakinlər oldu. Seçicilərin bu qrupu üçün əsas amillərdən biri demokratların abort hüququnu dəstəkləməsidir. Mühafizəkar Ali məhkəmə hamiləliyin pozulması haqda federal hüququ ləğv edəndən sonra respublikaçılar bütün regional seçkilərdə Trampın 2020-ci ildə göstərdiyindən pis nəticələr əldə edirlər. Onlar abort hüququnun referenduma çıxarıldığı altı ştatın altısında da məğlub olublar.

Seçkilərin nəticələrinə təsir göstərəcək daha bir amil namizədlərin yaşıdır. Trampın 77, Baydenin 81 yaşı var. Sorğulardan birinə görə, amerikalıların 73 faizi prezidentin fiziki və psixoloji baxımdan etibarlı olmadığı qənaətindədir. Bu əndişə, çox güman, şişirdilib. Hakimiyyətinin üç ili ərzində Bayden öz sələflərindən bir qədər az mətbuat konfransı keçirib, xarici səfərlərinin sayı isə Trampın öz prezidentliyi dövründə etdiyindən çoxdur. Bununla belə, vaşinqtonlu jurnalistlərin yazdığına görə, seçki qərargahında Baydenin Ağ evdə çalışmalarla kampaniyada fəal iştirakı uzlaşdıra bilməyəcəyindən ehtiyat edirlər. Hətta Demokratlar partiyasının daxilində bəzən başqa namizəd tapmaqla bağlı çağırışlar səslənir.

Baydenin əsas ümidi iqtisadiyyatın yaxşı vəziyyətidir. Sorğulara görə, seçicilər onun bu sahədə işini çox da yüksək qiymətləndirmirlər, amma ÜDM-nin kəskin artımı və işsizliyin səviyyəsinin sabit azalması seçki gününə qədər situasiyanı dəyişə bilər. Fəaliyyətdə olan prezidentə Tramp qərargahının büdcə ilə bağlı problemləri də kömək edə bilər: indi onun kampaniyası aldığından çox xərcləyir, o cümlədən, hüquqşünas xərcləri üzündən. Baydenin qərargahı isə əksinə, rekord vəsait ehtiyatı toplayıb.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo