Dünya

Ukrayna müharibəsində dönüş nöqtəsi – Nikolayevin müdafiəsi

24 Fevral, 2023
1272

Açıq mənbələrdən götürülüb

Krımı keçən rus ordusu

Antonovski körpüsü uğrunda döyüş və Nikolayev yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin qələbəsi. Ukrayna 2022-ci ilin fevralında Rusiya ordusunu Krımdan necə və niyə buraxdı?

BBC-nin rus redaksiyası Ukrayna müharibəsinin gedişatında dönüş anlarından biriylə bağlı material dərc edib. Toplum TV materialı ixtisarla təqdim edir:

Rusiya təcavüzünün əvvəlində Ukrayna müdafiəsinin ən böyük uğursuzluğu, şübhəsiz, Xerson vilayətində baş verdi. Krım yarımadasını və ölkənin materik hissəsini birləşdirən Çonqar boğazı və dar bərzəx müdafiənin bacarıqlı təşkili halında keçilməz maneə sayılırdı. Bütün vilayəti əhatə edən suvarma kanalları şəbəkəsi isə hərbi texnikanın irəliləməsi qarşısında təbii səddə çevrilməli idi.

Amma Çonqar və kanallar üzərindəki körpülər partladılmadı. Fevralın 24-də Rusiya qoşunları rahatlıqla, xüsusi əngəllərlə qarşılaşmadan Krımın inzibati sərhədini keçdilər, avtomobill yolları ilə sürətlə irəlilədilər. Onlar bir neçə saat ərzində 100 kilometrdən çox qət etdilər və Novaya Kaxovkanı nəzarətə götürdülər. Günorta artıq Xerson yaxınlığındakı Antonov körpüsünə çatırdılar. Bir neçə gün ərzində İsveçrənin ərazisindən böyük ərazini tutdular.

Rusiya qoşunları Krımla sərhədi, demək olar, maneəsiz necə keçə bildilər? Xerson vilayətində sayılı saatlar ərzində nəhəng ərazini necə tuta bildilər? Bəs Ukrayna cənubdakı blitskriqi yekunda necə dayandırdı?

Hücum fevralın 22-də gözlənilirdi

Qərb ölkələrinin liderləri 2021-ci ilin sonlarında Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığması və irimiqyaslı hücuma hazırlaşması barədə xəbərdarlıq edəndə rəsmi Kiyev “manipulyasiya”lara uymamağa və sakitliyi qorumağa çağırırdı.

https://toplum.tv/dunya/prusiyanin-ne-qeder-rezervi-var-ve-ne-vaxta-qeder-kifayet-edecekp

Amma Ukraynanın Milli təhlükəsizlik və müdafiə şurasının (Ра́да націона́льної безпе́ки і оборо́ни Украї́ни - RNBO) katibi Aleksey Danilov iddia edir ki, ölkə rəhbərliyi hücum haqqında bütün detallardan, hətta tarixindən xəbərdar idi: “Biz təcavüzün fevralın 22-də başlayacağını gözləyirdik, onun belə planlaşdırılması haqqında hüquqi sübutlarımız var”.

Danilov Kiyev ətrafında Pskov desantçılarının qərargah rəisindən götürülən xəritəni açır. “Məxfi” qrifli xəritənin üzərində qələmlə “20.02.2022” yazılıb. Danilovun sözlərinə görə, xəritəni hücumdan iki gün əvvəl verməli idilər. Amma RNBO katibi iddia edir ki, hücumu fevralın 24-ə keçirdilər və xəritədəki tarixi silərək yanında yenisini yazdılar – 22.02.2022.

Danilov deyir ki, ölkə rəhbərliyi bu planları qabaqcadan bilirdi. Amma “həmin məqamda informasiya məkanını qapalı saxlamaq lazım idi. Əgər Qostomelə hücum olacağını, hər şeyin necə cərəyan edəcəyini bildiyimizi büruzə versəydik, onlar “B” planına keçə bilərdilər, biz isə “B” planını bilmirdik”.

Əgər Kremlin bütün planlarını təfərrüatlarla bilirdilərsə, bəs Xerson vilayəti niyə belə tez tutuldu? Niyə körpülər partladılmadı?

Həmin hadisələrin istintaqının getdiyinə istinad edən Danilov deyir ki, bu suallara mütləq cavab alınacaq: “Biz [uğursuzluğumuzu] gizlətmirik, onu yeşiyə qoyub qıfıllamırıq”.

Gecikmiş hazırlıq

Buna baxmayaraq, hakimiyyət ərazi müdafiə bölmələrini (“teroborona”) toplamadı. Amma daha əvvəl Donbasda döyüşən, indi ehtiyatda olanlar “nə isə” baş verəcəyini hiss edirdilər. O zaman Oleşki şəhəri üzrə “teroborona”da taqım komandiri olmuş Vasili danışır: “Fevralın 15-də məni hərbi komissar çağırdı və dedi ki, [bir halda, hakimiyyət heç nə etmir] özümüz yavaş-yavaş təşkilatlanmalıyıq. Heç olmasa bilək ki, bir şey baş versə, nə qədər qüvvəmiz var. Bu, bizim hərbi komissarın şəxsi təşəbbüsü idi, heç bir öhdəlik yaratmırdı”.

Amma Ukrayna hərbi qüvvələri də hazırlaşırdılar. Vinnitsada yerləşən 59-cu motoatıcı birqadanın bir hissəsi fevralda “Oleşki qumları” adlı milli parkın yanındakı poliqona göndərildi. Müharibənin başlamasına bir neçə gün qalmış briqadanın bir tank bölüyü Krıma yaxın əraziyə göndərildi.  

Lvov 80-ci desant briqadasının hərbçiləri də Nikolayev vilayətində təlim keçirdilər. Fevralın 24-də elə bu iki briqada rus qoşunlarının qarşısına göndərildi.

Amma onların heyəti tam komplektləşməmişdi. Hissələrdə canlı qüvvə çatışmırdı. Ali Radanın deputatı, parlamentin milli təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Roman Kostenko bunun səhvlərin nəticəsi olduğunu etiraf edir: “İlk növbədə ehtiyatda olanları çağırmadıq, hərbi hissələri tam komplektləşdirmədik, daha tez hərbi vəziyyət elan etmədik. Əgər təcavüz günü yox, daha əvvəl səfərbərlik etsəydik, hazırlıqsız adamları cəbhəyə göndərməzdik. Onları hazırlaya bilərdik”.

Ukrayna ordusunun geri çəkilməsi

Fevralın 24-də səhər tezdən Rusiya ordusu Ukraynanın hərbi bazalarına, anbarlarına və aerodromlarına zərbə endirməyə başladı. 59-cu briqadanın tank batalyonunun “Oleşki qumları”ndakı mövqeləri aviasiya atəşinə məruz qaldı. Bölük komandiri, baş leytenant Yevgeni Palçenko altı tankla Novaya Kaxovka kəndi yaxınlığındakı Sergeyevka kəndinə getmək və kanal üzərindəki körpünü müdafiə etmək əmri aldı.

“Bir Sergeyevkaya gedəndə yolboyu kolonlar əks istiqamətdə gedirdilər. Belə çıxır, bizim bütün hərbi qüvvələrimiz Antonov körpüsünə tərəf geri çəkilirdi. Biz isə başqa istiqamətə gedirdik və nə baş verdiyini kimsə anlamırdı”, - Palçenko deyir.

“Sergeyevkaya gəldik, tuşlayıcım mənə deyir: “Düşmənin texnikasını görürəm”. Mən ona: “Bizimkilərdir, yoxsa düşmən?” Cavab verir: “Bilmirəm, üzərində Z hərfi var”. “Dəqiq bizimki deyil” deyirəm və altı tankın hamısına atəş əmri verirəm.  Biz tank vururuq, PDM vururuq. Biz başqa texnika vururuq və körpünü kəsirik, düşmən geri çəkilir. Bu zaman qərargah rəisi zəng edir və təcili Oleşki yaşayış məntəqəsinə getməyi əmr edir, orada onları mühasirəyə alırlar”.

Palçenko izah edir ki, Sergeyevka yaxınlığında körpünü müdafiə etməyin daha əhəmiyyəti yox idi: düşmən Novaya Kaxovkaya irəliləmişdi və Dneprin sağ sahilinə desant çıxarmışdı.

Oleşkidə Palçenko yeni əmr alır – artıq rusların nəzarətində olan Antonov körpüsündən keçmək. Əgər körpü təmizlənməzdisə, Ukrayna qoşunları mühasirəyə düşə bilərdilər. Palçenkonun dəstəsi düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək bu tapşırığı da yerinə yetirir.

Tabor komandirinə körpünün tutulması barədə məlumat verilən kimi ukraynalılar Dneprin sağ sahilinə çəkilməyə başlayırlar. “Təxminən iki saat ərzində xeyli texnika keçirdi. Bu kolonda mülki şəxslər də vardı”, - Palçenko danışır.

Körpüdən keçişin iki saat çəkməsi Ukraynanın Xersonda ciddi qüvvələr topladığını sübut edir. Amma Kiyev, görünür, Krım tərəfdən belə sürətli sıçrayışa hazır deyildi.

“Əgər HHM yoxdursa, düşməni necə saxlamaq olar? – Palçenko sual verir. – Onların aviasiyası maneəsiz uçur, bombalar tökür və dağılışırdılar. Canlı qüvvənin və texnikanın xeyli hissəsi belə məhv edildi”.

Hər şeydən göründüyünə görə, ruslar sürətlə irəliləyəcəklərinə ümidli idlər. Onların taktikası böyük şəhərlərin yanından keçməkdən, onları mühasirəyə almaqdan və irəli getməkdən ibarət idi.

General-mayor Dmitri Marçenko 2022-ci ilin avqustunda BBC-yə verdiyi müsahibədə deyirdi ki, Rusiya hərbçilərinin planında Nikolayevin mühasirəsinə iki, Odessanın mühasirəsinə üç gün ayrılmışdı. Bu informasiyanı o, düşməndən götürülən xəritədən əldə edib.

Qərb Ukraynaya inanmırdı

Rusiya qoşunları Ukrayna sərhədini keçəndən sonra Prezident Zelenskinin zəng etdiyi ilk Qərb lideri Böyük Britaniyanın baş naziri Boris Conson oldu. Londonda həmin vaxt saat 4 idi.

 “Qərb ölkələri Ukraynanın müqavimət göstərəcəyinə inanmırdılar. Onlar bizim 3-5 gün duruş gətirəcəyimizi düşünürdülər” - Danilov danışır. Məhz buna görə də ABŞ və digər ölkələrdən olan partnyorlar ağır silahlar vermək istəmirdilər. Əfqanıstanda taliblərin qayıtması haqqında xatirə hələ təzə idi. Onlar öz silahlarının bu dəfə rusların əlinə keçməsini istəmirdilər. 

“Bəs müharibə başlayanda sonra Qərb liderləri nə məsləhət görürdülər?” - deyə soruşuram.

“Onlar bizə partizan müharibəsinə keçməyi təklif edirdilər”, - Danilov cavab verir.

 Xersonda vəziyyət sarsıdıcı idi. Polis şöbələri bağlanmışdı. Hərbi komissarlığın əməkdaşları mülki formada gəzirdilər Müdafiə ilə kimsə məşğul olmurdu.

Belə olduqda insanlar özləri təşkilatlanmağa başladılar. Hansısa adamlar məsuliyyəti üstlərinə götürdülər və yerli “teroborona” dəstələri yaratdılar. Onlar martın 1-də avtomatlarla və Molotov kokteylləri ilə şəhəri müdafiə etməyə çıxdılar. Yasəmən parkında  toplaşdıqda üzərlərinə düşmənin zirehli texnikası yeridi və demək olar, bütün müdafiəçilər həlak oldular.

Nikolayev də Xersonun taleyini yaşaya bilərdi. Amma möcüzə baş verdi, yerli sakinlərin sözlərinə görə, həmin möcüzənin adı general Marçenkodur.

“Fevralın 25-də səhər 4-də Nikolayevə girdim və yumşaq desək, çaş-baş qaldım. Nə yol üzərində post var, nə bir patrul, nə bir hərbçi, nə bir polis. Şəhər boşdur, tamamilə boşdur. Gəl və götür”, - Marçenko deyir.

Amma Nikolayev Xersonun malik olmadığı bir şeyə malik idi – vaxta. 59-cu və 80-ci briqadanın hərbçiləri düşmənlə qeyri-bərabər mübarizə aparırdılar, bununla da Nikolayevin müdafiəsinə, az da olsa, vaxt qazandırırdılar.

Antonov körpüsü uğrunda döyüş

Ukrayna qoşunlarının əsas hissəsi Antonov körpüsündən keçəndən sonra Yevgeni Palçenkonun taboru körpünü müdafiə etmək və rusların hücumunu ləngitmək üçün burada dayanır.

Tabor düşmənin üstün qüvvələrinə qarşı bir saatdan çox döyüşür və şiddətli atəş altında ağır itkilərlə Molodejnoye kəndinə doğru çəkilir. Palçenko deyir ki, tabordan bir bölük qalmışdı.

Amma onlar tezliklə Antonov körpüsünə qayıtmaq əmri alırlar. 80-ci briqadanın desantçıları burada hücuma keçərək rusları sıxışdırırdılar. Yola düşən yeddi tankdan dördü yolda dayandı – yanacaqları qurtardı. Palçenkonun olduğu tank və daha ikisi körpüyə yaxınlaşdılar. Onun tankını partlayışlar müşayiət edirdi, amma hər dəfə hansısa möcüzə nəticəsində zərər görmürdü.

Tabor komandirinin tankı vurulandan sonra Palçenko rütbəcə böyük zabit kimi Antonov körpüsünü müdafiə etdi. Həmin gecə o bir neçə dəfə geri çəkildi və desantçılara kömək etmək üçün körpüyə qayıtdı. Sonradan Ukrayna Qəhrəmanı adına layiq görüldü.

Nikolayevdə səfərbərlik

Nikolayevin müdafiəsi tarix dərsliklərinə düşəcək, çünki müharibənin dönüş nöqtəsidir. Rusiya qoşunlarının sürətli hücumu ilk dəfə məhz burada ilişdi.  Onlar burada qəzəbli müqavimətlə üzləşdilər və geri oturuldular.

Şəhərə gələn Marçenko əhalini tələsik səfərbər edir, arzulayanların hamısını müdafiəyə qoşulmağa çağırır. Şəhərdə yerləşən 79-cu briqadanın əsas hissələri Donbasda idi, 36-cı briqada Mariupolda şiddətli döyüşlər aparırdı. 79-cu briqadanın hərbi hissəsində 120 nəfər qalmışdı, amma iki gün ərzində ukraynalı hərbçilər 1500 nəfər toplaya bildilər. 

General Marçenko hamını – polis, milli qvardiya, “teroborona” – birləşdirərək müdafiəyə cəlb edə bildi. Nikolayev dörd yerə bölündü, məsul şəxslər təyin olundu. Hər bir hissədə tank əleyhinə qruplar yaradıldı – qumbaraatanla silahlanan bu qruplar şəhərə tanklar girdiyi halda işə başlamalı idilər.

Amma rusların hansı tərəfdən şəhərə girəcəyini necə bilmək olar? Bu yerdə Nikolayev vilayətinin qubernatoru Vitali Kim köməyə gəlir. Onun topladığı adamlar şəhərin girəcəyindəki hər yolayrıcında siqnal postları təşkil edirlər. Tanklar yaxınlaşan zaman təkərləri yandırmalı idilər, bu da tank əleyhinə qruplar üçün siqnal və istinad olacaqdı.

Sadə insanlar

Mülki və hərbi strukturların əməkdaşlığı müvəffəqiyyətin əsas faktoru oldu.

Yerli əhali administrasiyaya mütəmadi zəng edir və düşmənin hərəkəti barədə informasiya ötürürdülər Bütün məlumatlar xəritədə qeyd olunurdu və koordinatlar artilleriyaçılara ötürülürdü. Xersondan fərqli olaraq Nikolayevdə suvarma kanalları üzərindəki üç körpüdən ikisi partladıldı. Bunu edən qrupa Ali Radanın deputatı, Donetsk aeroportu uğrunda döyüşlərin veteranı Roman Kostenko başçılıq edirdi.

https://toplum.tv/dunya/pqerb-ukraynaya-tanklar-goumlnderir-amma-indi-basqa-problem-varp

Üçüncü körpü isə minalanmışdı və artilleriyanın atəşi altında idi. Nikolayevə can atan bütün rus texnikası həmin körpüyə yönəldi. Birinci tank körpüyə çıxanda o partladıldı, artilleriya isə ətrafdakı ərazini atəşlə örtdü.

Rusların avanqardı Voznesenkə çatanda general Marçenko bütün qüvvələrini onu əsas qrupdan ayrı salmağa yönləndirdi: “Artilleriyaçılar hər şeyi dağıtdılar. Xüsusi təyinatlılar çalışırdılar, 3-cü alay, 7-ci alay. Bu insanlar sadəcə öz entuziazmları ilə, öz çiyinləri ilə bütün yükü çəkirdilər. Biz telefon rejimində idik. Onlar soruşurdular: “Tapşırıq nədir?” “Kolon haradadırsa, ora gedin və vurun”. Onlar irəli atılırdılar, birinci, axırıncı və ortadakı maşını vururdular və çəkilirdilər. Ruslar geri dönməyə başlayırdılar. Biz onların döyüş sıralarını dağıdırdıq, bu da, prinsipcə, xilas etdi”.

Kiçik Mertvovod çayı üzərində körpü partladıldığından Voznesenskə hücum dayandı. Üçgünlük döyüşlərdən sonra 80-ci briqadanın desantçılarının təzyiqi altında rusların avanqardı geri çəkilməli oldu. Onları da Nikolayev tərəfdən qarşılayır və vururdular.

“Onları geri döndərəndə biz dönüş məqamını yaşadıq, biz özümüzə inandıq, gördük ki, müqavimət göstəririk, ruslar bizdən qorxurlar, qaçmağa başlayırlar. Həmin entuziazm dalğasında biz onları Xersonun inzibati sərhədinə sıxışdırdıq”, - Marçenko danışır.

“Əgər xalq müdafiəyə qalxmasaydı, buna nail olmaq mümkün deyildi, - general əlavə edir. – Sadə insanlar əsgərlərlə bir yerdə səngər qazırdılar. Ovçular tüfənglə postda dururdular. Baştanka şəhərini götürək – onlar haqqında film çəkmək lazımdır. Gün ərzində 30 əsir alırdılar, düşmənin texnikasını məhv edirdilər, qənimət götürürdülər”.

Nikolayevin uğurlu müdafiəsi sayəsində Rusiya desantı Odessaya çıxa bilmədi. Bu məntəqədəki nailiyyət eyni zamanda Xersonun azad edilməsi üçün platsdarm yaratdı.

Amma Nikolayev əhvalatı həm də Xersondakı fəlakətli uğursuzluqdan qaçmağın mümkünlüyünü sübut edir. Körpülərin partladılması, erkən səfərbərlik, qoşunların müdafiə mövqelərində yerləşdirilməsi, effektli kommunikasiya və şəhərlərin müdafiəsinin planlaşdırılması  - bütün bunlar Rusiyanın Ukraynanın cənubundan təcavüzünün nəticələrini tamam dəyişə bilərdi.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo