Dünya

Ukrayna müharibəsinin 12 önəmli epizodu – II Hissə

Yadigar Sadıqlı
6 Mart, 2023
376

Açıq mənbələrdən götürüüb

Ukrauna əsgərləri

Qərb ekspertlərinin və siyasətçilərinin çoxu Rusiyanın sürətli qələbəsini proqnozlaşdırırdılar; onların fikrincə, Kiyev bir neçə gün ərzində tutulacaqdı.

Amma hər şey başqa cür oldu. Ukrayna Silahlı Qüvvələri (USQ) ən təhlükəli istiqamətlərdəki hücumları dəf etdi, bəzi sahələrdə isə əks-hücuma keçdi. Üstündən bir il keçəndən sonra Ukraynadakı qarşıdurma davam edir və sonu da görünmür.

BBC Rusiya-Ukrayna müharibəsinin 12 ən önəmli epizodu haqqında material hazırlayıb.

Toplum TV materialın ikinci hissəsini təqdim edir:

I Hissəni buradan oxuyun

7. Ukrayna Silahlı Qüvvələrinin (USQ) Balakleya və İzyum ətrafında əks-hücumu

Sentyabrın 6-da səhər Ukrayna qoşunları Xarkovdan cənub-şərqdə yerləşən Balakleya ətrafında möhkəm zərbə endirdilər. Həmlə üç istiqamətdən edilirdi – biri Balakleyanın cənubundan, ikisi də şimaldan. Rus müdafiəsi tezliklə yarıldı, USQ şəhəri yarımühasirəyə aldı, əsas yolları bağladı və hücuma vaxt itirməyərək sürətlə şərqə irəlilədi.

Cənub qrupu Balakleyadan cənub-şərqdə mövqe tutdu və mümkün əks-hücumu dəf etmək üçün dayandı; şimal qrupu bir qədər çox irəlilədi, lap şimaldakı isə şose boyunca Şevçenkove və Kupyansk istiqamətində şütüdü.

https://toplum.tv/dunya/prusiyanin-ne-qeder-rezervi-var-ve-ne-vaxta-qeder-kifayet-edecekp

Balakleyadan şimaldakı Ukrayna qüvvələri bir sutka ərzində Şevçenkoveni -  yolların kəsişməsində mühüm yaşayış məntəqəsini əhatəyə aldılar, sentyabrın 8-də isə artıq Kupyanskın həndəvərində idilər. Bu şəhərin itirilməsi İzyum ətrafındakı rus qoşunlarının təchizatının kəsilməsi demək idi.

Sonrakı hadisələr sürətlə cərəyan etdi. Rusiyalı hərbi müxbirlər düşmənin qarşısını kəsmək üçün Kupyansk və İzyum ətrafına ehtiyat qüvvələrin göndərildiyini xəbər verdilər. Bu zaman ukraynalılar Kupyanskın şərq və qərb hissələrini birləşdirən körpünü partlatdılar, şəhəri mühasirəyə aldılar və cənuba, Oskil su anbarı boyunca İzyuma tərəf döndülər.

USQ-nin daha bir həmlə qrupu şimala döndü və eyni sürətlə şose boyu Dvureçnoye qəsəbəsinə doğru irəlilədi. Aydın oldu ki, ruslar təchizat xəttini saxlaya bilməyəcəklər.

Ukrayna qoşunları eyni zamanda cənubdan Liman üzərinə hücuma keçdilər (ya da hücum edirmiş kimi göstərdilər). Əgər ruslar bu şəhəri də itirsəydilər, İzyum qruplaşması tam mühasirəyə alınacaqdı.

Ehtimal ki, İzyum qruplaşmasının şəxsi heyətinin geri çəkilməsi barədə qərar artıq sentyabrın 10-a keçən gecə qəbul olundu. Onlar Luqansk vilayəti tərəfə gedirdilər, bu zaman xarab texnikanı və sursatları özləri ilə götürmədilər. Heç nəyi partlatmadıqları nəzərə alınsa, çox sürətlə çəkilməli olublar. 

Beləcə, Ukrayna qoşunları Rusiya ilə dövlət sərhədinə çıxdılar. Rusların isə Xarkovun şimalında işğal etdikləri əraziləri saxlamalarının mənası qalmadı.

Sentyabrın 12-də yeni cəbhə xətti Xarkov vilayətinin şərqindəki Oskil çayından keçirdi, amma tezliklə ukraynalılar onu daha da şərqə köçürdülər.

8. Limanın azad edilməsi əməliyyatı

Liman rus qoşunları tərəfindən 2022-ci il mayın 27-də işğal olunmuşdu. Şəhərin böyük strateji əhəmiyyəti var: o, rus qoşunlarına Slavyansk və sonra Kramatorska, eləcə də USQ-nin cinahında Severskə hücum imkanı yaradırdı.

Ukrayna ordusu üçün Limanın və yaxınlıqdakı yaşayış məntəqələrinin azad edilməsi həm bu təhlükələri aradan qaldırır, həm də özünün Luqansk vilayətinin içərilərinə doğru irəliləməsinə fürsət verirdi.

Xarkov vilayətindəki Rusiya qruplaşmasını məğlubiyyətə uğradan USQ bütün cəbhələrdə təşəbbüsü ələ aldı və sentyabrın 10-da Liman üzərinə hücuma keçdi. Əsas məqsəd Torskoye və Zareçnoye yaşayış məntəqələri rayonunda Jerebets çayı üzərindəki su anbarlarına çıxmaq idi. Bu Limanın və onu müdafiə edən rus qüvvələrinin mühasirəsi demək olacaqdı.

Ukrayna ordusunun hücumu müxtəlif istiqamətlərdə inkişaf edirdi. Limanı müdafiə edən RF qüvvələrinin əl-qolunu frontal hücumla bağlayan və şəhərin ucqarlarına çatan USQ-nin cinah qrupları onu dolanmağa başladılar. Sentyabrın 12-də şimal-qərbdə Svyatoqorsku tutdular və şimala hücumu genişləndirdilər. Şərqdə Beloqorovka qaytarıldı, Severski Donetsin sahilində daha bir platsdarm yaradıldı və Yampol uğrunda döyüşlər başladı.

Növbəli zərbələr endirən USQ Limanı şimal və qərbdən dərin əhatəyə aldı, şərqdən isə Rusiya müdafiə xəttini yararaq Limandan çəkilmək üçün yeganə istiqamət olan Zareçnoye yolunu atəş nəzarətinə götürdü. Ukrayna komandanlığının nümayəndəsi Sergey Çerevatı oktyabrın 1-də bildirdi ki, şəhər və onu müdafiə edən Rusiya qarnizonu mühasirəyə alınıb. Amma rus hərbi müxbirlər bildirirdilər ki, Rusiya qoşunları bir gün əvvəl Limandan çıxıblar. Elə həmin gün Ukrayna ordusu şəhərə daxil oldu.

Rusiya Müdafiə Nazirliyi bəyan etdi ki, qoşunlar “daha əlverişli hüduda” çəkiliblər. 

Liman uğrunda döyüşlərin qısa yekunları

Limanın azad etməyin ardından USQ Luqansk vilayətinin şimalındakı Svatovo şəhərinə və cənuba, Kremennoy istiqamətinə hücuma keçdi.

Rusiya komandanlığı cəbhənin başqa istiqamətlərində istifadə etməyi planlaşdırdığı iri ehtiyat qüvvələrini Luqansk vilayətinə göndərməli oldu.

Sentyabrın 21-də, Liman uğrunda döyüşlərin nəticəsinin artıq bəlli olduğu zaman Vladimir Putin Rusiyada qismən səfərbərlik elan etdi. Bundan sonra ehtiyatda olan 100 mindən çox insan hərbi xidmətə çağrıldı və döyüş zonasına göndərildi.  

Növbəti uğursuzluq Z-patriotlarda ruh düşkünlüyü yaratdı və onların arasında parçalanmaya rəvac verdi. Çeçenistan rəhbəri Ramzan Kadırov “Mərkəz”  qruplaşmasının komandanı general Lapini “fərasətsiz” adlandıraraq Limanın itirilməsində günahlandırdı.

Oktyabrın ortalarında məlum oldu ki, Priqojinin ÇVK “Vaqner”dən olan muzdluları Luqansk vilayətində müdafiə istehkamları tikirlər. Analoji işlər hətta Rusiya ərazisində - Belqorod vilayətində də görülürdü.

9. Xersonun azad edilməsi

Ukraynaya təcavüz zamanı Rusiyanın nəzarət altına ala bildiyi yeganə vilayət mərkəzi Xerson idi. Rusiya komandanlığı Xersonun tutulmasına ilkin məqsəd kimi baxırdı: buradan Nikolayevə, Odessaya, Krivoy Roqa irəliləmək planlaşdırılırdı. Amma hücum dayandırıldı, Dneprin sağ sahilindəki iri qruplaşma əlverişsiz vəziyyətə düşdü: böyük bir çay üzərində cəmi üç körpü var ikən təchizat bazalarından çox uzaqda müdafiə mövqeləri tutdu.

Ukrayna artilleriyası birinci növbədə məhz bu körpüləri hədəfə götürdü. İyulda Amerikanın HİMARS sistemlərindən zərbələr gündəlik şəkil aldı. Körpüləri dağıtmaq mümkün olmasa da, sıradan çıxarıldılar. Ruslar bərə və panton keçidlər təşkil etdilər, amma onlar da mütəmadi atəşə tutuldular. Logistika problemi günbəgün böyüyürdü. Dneprin digər, sol sahilindəki Rusiya bazalarına da raket zərbələri endirilirdi.

Sonra isə Ukrayna ordusunun yerüstü hücumu başladı. İlk həmlələr avqustun 29-da şimaldan, Krivoy Roq tərəfdən edildi. USQ bir neçə kilometr irəliləyərək bəzi kəndləri tutdu, amma uğuru inkişaf etdirməyi ya bacarmadılar, ya da istəmədilər. Bir çox hərbi ekspertlər bu zərbənin Xarkov vilayətində nəzərdə tutulan iri hücum əməliyyatından yayındırmaq cəhdi kimi qiymətləndirirlər.

Bütün sentyabr boyu Xerson cəbhəsində mövqe döyüşləri getdi, sonra isə Ukrayna ordusu müxtəlif istiqamətlərdə növbəli zərbələr endirərək yenidən hücuma keçdi. Bu dəfə irəliləyiş daha əhəmiyyətli oldu – oktyabrın əvvəlində və ortalarında iki hücum dalğası ilə USQ İnqulets çayı üzərində Davıdov Broddan Dudçanı kəndinə qədər nəhəng ərazini qaytardı. Ukrayna komandanlığının niyyəti aydın oldu: Berislava çıxmaq, Kaxovka SES-in bəndini tutmaq və Xersondakı bütün Rusiya qruplaşmasını əhatəyə almaq.

Təzyiq Nikolayev tərəfdən də gəlirdi, bu üzdən Rusiya komandanlığı Xersonda və yaxınlığında böyük qüvvələr saxlamağa məcbur idi.

Ukraynadakı birləşmiş Rusiya qoşunlarına yenicə komandan təyin olunan general Surovikin oktyabrın 19-da bildirdi ki, Xersonla bağlı “asan olmayan qərarlar” qəbul oluna bilər.

Komandanın bəyanatından sonra Rusiya işğal hakimiyyəti loyal əhalini Ukraynanın cəza tədbirləri və Kaxovka bəndinin partladılması ilə qorxudaraq dərhal Dneprin sol sahilinə daşımağa başladı. Maddi dəyəri olan əşyalar, hətta abidələr də daşınırdı. Bu zaman Rusiyanın dövlət təbliğatı ictimai rəyi fəal surətdə “asan olmayan qərarlar”ın qəbuluna hazırlayırdı.

Noyabrın 8-9-da Ukrayna ordusu Xersonun özünə doğru hücuma keçdi və sürətlə irəliləməsi barədə xəbərlər yayıldı. Amma, hər şeydən göründüyünə görə, Rusiya komandanlığı artıq şəhəri təslim etmək barədə qərar qəbul etmişdi. Noyabrın 11-də RF Müdafiə Nazirliyi rus qoşunlarının Xersondan Dneprin sol sahilinə köçürülməsi əməliyyatının başa çatdığını bildirdi. Ukrayna kəşfiyyatı elə həmin gün USQ-nin ön hissələrinin Xersona daxil olmasını xəbər verdi.

3,5 ay davam edən əməliyyatın nəticəsi Dneprin sağ sahilinin işğalçılardan tamamilə təmizlənməsi oldu.

10. Ukraynanın infrastrukturuna zərbələr

Sentyabrın 12-də Rusiya Xarkovun enerji infrastrukturuna məqsədyönlü zərbə endirdi. O zaman beş vilayət bir müddət elektriksiz qaldı.

Oktyabrın 10-da, Krım körpüsündə partlayışdan iki gün sonra – Rusiya bu partlayışda Ukrayna xüsusi xidmətlərini günahlandırdı, - Vladimir Putin “Ukraynanın enerji, hərbi idarə və rabitə obyektlərinə kütləvi zərbələr” endirilməsini anons etdi. 

Həmin gün və sabahısı Ukraynaya yüzlərlə qanadlı raket və dronlar buraxıldı. Ölkənin bütün ərazisi hücuma məruz qaldı, özü də təkcə hərbi obyektlər yox, xeyli mülki tikililər xəsarət aldı, onlarla dinc sakinin həlak olması xəbər verildi.

Belə hücumlar müntəzəm şəkil aldı. Rusiya bunun üçün gəmilərdən və təyyarələrdən atılan qanadlı raketlərdən, eləcə də, Qərb kəşfiyyatının məlumatlarına görə, İrandan alınan kamikadze-dronlardan istifadə etdi.

Ukrayna ərazisinə raket zərbələri əvvəllər də, müharibənin ilk günlərindən endirilirdi, amma məhz payızda onların əsas hədəfi enerji obyektləri oldu. Ən çox iri transformator yarımstansiyalarına zərbələr endirilirdi.  Noyabrın 23-də baş verən raket hücumu ən güclülərindən idi və faktiki, blekauta səbəb oldu.

Noyabrda Ukrayna şəhərlərinə kütləvi hücumdan sonra prezident Volodimir Zelenski ölkənin enerji infrastrukturunun yarısının sıradan çıxdığını və 10 milyon insanın elektriksiz qaldığını bildirdi. Rəsmi Kiyev infrastruktura endirilən raket zərbələrini ukraynalıların mübarizə əzminə qırmağa yönələn enerji terroru adlandırdı.

Ukraynanı tamamilə qaranlığa qərq etməyə HHM və dağılan transformatorları sürətlə dəyişən, yüksək voltlu elektrik xətlərini təmir edən energetiklər imkan vermirlər. Rusiyada raket çatışmazlığı, eləcə də onları buraxmaq üçün xeyli müddətin lazım gəlməsi də öz sözünü deyir.

Son zamanlar Rusiyanın raket zərbələrinin həm intensivliyi, həm də effektliyi azalmaqdadır. Ukrayna komandanlığı raketlərin və dronların əksəriyyətinin vurulduğunu bildirir.

11. Rusiya ərazisində və Krımda partlayışlar

Ukrayna Rusiya ərazisində və ilhaq olunmuş Krımda partlayışlara görə məsuliyyəti qəbul etmir, amma fakt faktlığında qalır: müharibə başlayandan Rusiyanın nəinki Ukrayna ilə həmsərhəd Belqorod, Kursk, Bryansk vilayətlərində, həm də ərazisinin içərilərində daim müxtəlif insidentlər baş verir.

Belqorod vilayətinin ərazisində və vilayət mərkəzinin özündə daha çox partlayışlar gurlayır. Hərbi əməliyyatlar başlayandan burada zaman-zaman neft bazaları və sursat anbarları partlayır. Yerli əhali mərmilərin müxtəlif sənaye obyektlərinə və yaşayış evlərinə düşdüyünü bildirirlər. Belqorod üzərində müntəzəm HHM raketləri uçur. Kursk və Bryansk vilayətlərinin administrasiyası da belə tez-tez olmasa da, eyni insidentlər barədə məlumat verirlər.

2022-ci ilin yayında Krımı silsilə partlayışlar silkələdi. Əvvəlcə iyulun 31-də Qara dəniz donanması qərargahının həyətində dron partladı – bu aksiyanın arxasında kimin durduğu bilinmədi.

Avqustun 9-da RF Müdafiə Nazirliyi Novofyodrovka kəndi yaxınlığındakı Saki hərbi aerodromunun ərazisində bir neçə aviasiya sursatının detonasiya etdiyini xəbər verdi. Hadisənin səbəbi kimi yanğın təhlükəsizliyi qaydalarının pozulması göstərildi.

Avqustun 16-da Canköydən 20 km aralıda yerləşən Mayskoye kəndində sursat anbarı partladı. Bu dəfə RF Müdafiə Nazirliyi hadisəni diversiya adlandırdı. Rusiya hərbçilərinin məlumatına görə, elektrik stansiyası və xətləri, dəmiryol xətti və bir neçə yaşayış evi zərər görüb. İki minə qədər insan təxliyə olundu. Şahidlərin sözlərinə görə, partlayış iki müxtəlif yerdə olubmuş.

Avqustun 18-də Sevastopol yaxınlığında Belbek hərbi aerodromu ərazisində partlayışlar haqqında məlumat yayıldı. Rusiya təmsilçiləri həmin gün Kerç rayonunda HHM sisteminin işə düşdüyünü bildirdilər.

Oktyabrın 8-də ilhaq olunmuş Krım yarımadasını Rusiyanın Krasnodar vilayəti ilə birləşdirən körpüdə güclü partlayış baş verdi. Avtomobil yolu örtüyünün bir hissəsi dağıldı, körpü qismən istifadədən çıxdı. Moskva hadisəyə görə məsuliyyəti Ukrayna xüsusi xidmət orqanlarının üzərinə qoydu.

Oktyabrın 29-da Rusiya hakimiyyəti USQ-nin PUA-lardan istifadə etməklə Sevastopoldakı Qara dəniz donanması gəmilərinə böyük hücumu barədə xəbər verdi. Hücumda 9 PUA və 7 pilotsuz dəniz aparatının iştirak etdiyi deyilirdi. RF Müdafiə Nazirliyi hücumun dəf edildiyini, bir gəminin əhəmiyyətsiz xəsarət aldığını iddia etdi.

Ukrayna təmsilçiləri dronların Qara dəniz donanmasına hücumu barədə informasiyanı nə təsdiq, nə təkzib etdilər. Amma USQ-nin rəsmi teleqram kanallarının birində belə bir ehtimal irəli sürüldü ki, xəsarət alan gəmilər daha çoxdur, onların arasında donanmanın yeni flaqmanı “Admiral Makarov” gəmisi də var.

Dekabrın 5-də Ukraynadakı cəbhə xəttindən 500 və 700 kilometr uzaqlıqda yerləşən iki hərbi aerodrom dron hücumuna məruz qaldı. Ukraynaya hücum edən strateji bombardmançıların yerləşdiyi Engels-2 aerodromunda (Saratov yaxınlığında) iki təyyarə zərər gördü, KİV onların Tu-95 olduğunu yazırdı. Ryazan yaxınlığındakı Dyaqilov aerodromunda, RF Müdafiə Nazirliyinin məlumatına görə, üç hərbçi öldü.

Dekabrın 26-da Engels-2 strateji aviabazasına hücum təkrar edildi. RF Müdafiə Nazirliyi bildirdi ki, aerdrom üzərində vurulan dronun qalıqları yerdə üç hərbçini öldürüb. Ukrayna hərbçiləri Engelsdəki partlayışları “Rusiya təcavüzünün fəsadı” adlandırdılar.

Hərbi teleqram kanallarının fikrincə, Rusiya ərazisinin dərinliklərində yerləşən aerodromlara zərbələr üçün sovet istehsalı olan, amma Ukrayna tərəfindən təkmilləşdirilən Tu-141 “Strij” pilotsuz kəşfiyyat aparatlarından istifadə olunub.

12. Donbasda Rusiya hücumlarının bərpası

Donetsk vilayətindəki Baxmut və Uqledar Rusiya ordusunun 2022-ci ilin payızındakı ağır məğlubiyyətlərə baxmayaraq, hücum əməliyyatlarını davam etdirdiyi iki rayondur.

https://toplum.tv/dunya/pukrayna-muumlharibesinde-doumlnuumls-noumlqtesi-ndash-nikolayevin-muumldafiesip

Baxmutu götürmək cəhdləri hələ iyulda başlanıb. Onlar uğursuz olsalar da, müəyyən məntiqdən xali deyildilər. Ruslar ondan əvvəl Severodonetsk və Lisiçanskı tutmuşdular, növbəti önəmli şəhər Baxmut olmalı idi, sonra isə iki tərəfdən Kramatorsk və Slavyanska hücum edərək Ukrayna qüvvələrini mühasirəyə almaq perspektivi vardı.

Amma bu, ukraynalıların Xarkov vilayətində sentyabr hücumlarına qədər idi. Orada ruslar məğlub oldular, İzyum qruplaşması xeyli şərqə çəkildi, daha şimaldan Kramatorsk və Slavyanska təhdid yoxdur, Rusiyanın adi artilleriyası üçün əlçatan deyillər.

Payızdan etibarən səfərbər olunan yüz min Rusiya ordusuna gəlməyə başladı. Donbasda fəaliyyət göstərən ÇVK “Vaqner” də xeyli əlavə qüvvələr aldı - onun rəhbəri Yevgeni Priqojinə minlərlə dustağı səfərbər etmək icazəsi verildi.

Soyuqların düşməsi ilə Rusiya ordusu Ukraynanın Donetsk və Luqansk vilaytlərində bütün cəbhə boyu nəzərəçarpacaq dərəcədə fəallaşdı. Baxmut üzərinə güclənən hücumlar həm frontal, həm də cinahlardan edilirdi. Nəhəng itkilər hesabına Rusiya ordusu asta-asta irəliləyir. Yanvarda Soledarı – USQ-nin Baxmutdan şimal-şərqdə güclü dayaq məntəqəsini tutdular.

Hazırda Baxmutu müdafiə edən qarnizonun təchizat üçün bir böyük yol qalıb. 70 minlik əhalinin çoxu qaçıb. Əsasən qocalar qalıb. Şəhərdə nə su var, nə elektrik enerjisi.

Donetskdən cənub-qərbdə yerləşən Uqledarda da şiddətli döyüşlər gedir. Noyabrda ruslar ən azı iki həftə sürən hücumdan sonra kiçik Pavlovka kəndini tutdular. Amma bu, Pirr qələbəsi oldu, itkilər o qədər böyük idi ki, onları hətta Rusiya KİV-i və hərbi müxbirləri də təsdiqlədilər.

Vəziyyət fevralda Uqledar ətrafında təkrar olundu – darmadağın edilmiş Rusiya zirehli texnikasının görüntüləri və çoxsaylı itkilər barədə xəbərlər sosial şəbəkələri dolaşdı.  Amma Uqledarı almaq yenə qismət olmadı.

Rusiya ordusu heç nəyə baxmayaraq, Donbasda fəal hərbi əməliyyatları davam etdirir. Donetskdən şimalda və qərbdə Ukraynanın nəzarət etdiyi Avdeyevka və Maryinka kəndləri uğrunda döyüşlər başlayıb. Vilayət mərkəzindən cənub-qərbdəki Novomixaylovkaya təzyiq davam edir. Ruslar Luqansk vilayətində də  - Svatovo və Kremennoy rayonlarında - əks-zərbələr endirməyə çalışırlar. Təxminən yanvarın ortalarından Rusiyanın Donbasda növbəti irimiqyaslı hücuma keçəcəyi barədə söhbətlər gəzir.

Rusiya ordusunun indiki hücum əməliyyatlarını strateji təşəbbüsü əldən verməmək, payızdakı kimi bütün addımlarının məcburi olduğu vəziyyətə düşməmək istəyi ilə izah etmək olar.

Hərbi analitiklər qeyd edirlər ki, hətta Baxmutla Uqledarı tutduğu və Xarkov vilayətinin şərqindəki Oskil çayına hipotetik çıxış əldə etdiyi halda da Rusiya ordusu USQ-nin yeni istehkamları ilə qarşılaşacaq və onun sonrakı irəliləyiş perspektivi dumanlı görünür.

“Bizim birinci vəzifəmiz ilk növbədə öz mövqelərimizi qorumaq və daha ərazilər itirməməkdir. Çünki ərazini azad etmək onu qorumaqdan 10-15 dəfə çətindir”, - USQ komandanı general Valeri Zalujnı belə hesab edir.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Kiyevin özünü müdafiə etmək hüququ var" Toplum TV xəbər verir ki, bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.  Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.   “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.  Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.  "Vaşinqton Ukraynaya...
Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.  Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub.  https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1...

Seçilmiş Videolar

Toplum TV loqo