Dünya

Ukraynanın yeni müdafiə naziri Rüstəm Umerov kimdir?

8 Sentyabr, 2023
599

Açıq mənbələrdən götürülüb

Rustem Umerov

“Krım lobbi”sinin nümayəndəsi

Rüstəm Umerovun 41 yaşı var. O, Özbəkistanda, 1944-cü ildə Aluştadan deportasiya edilmiş müsəlman Krım tatarları ailəsində doğulub və Krıma yalnız 1980-ci illərin sonunda qayıdıb.

Umerov iqtisadi təhsil alıb. 2004-cü ildə Ukraynanın “Lifecell” mobil rabitə operatorunun menecmentində karyerasına başlayıb, 2010-cu ildə investisiya biznesinə keçib. Əvvəlcə “ICG Investments” və “iCapital” şirkətlərində icraçı direktor işləyib, sonra isə qardaşı Aslan Ömər Kırımlı ilə “Astem” investisiya şirkətini yaradıblar. Şirkət kommunikasiya, informasiya texnologiyaları və infrastrukturu sahəsində investisiyalarla məşğuldur.

Qardaşlar həm də “Astem Foundation” fondunu yaradıblar. Fond Stenford universitetinin “Ukrainian Emerging Leaders” proqramının donorlarından biridir. “New Voice” nəşri qeyd edir ki, proqram Ukraynanın ictimai və siyasi xadimlərini, hüquqşünaslarını, biznesmenlərini və sosial sahibkarlarını hazırlayır.

2007-ci ildə Umerov “Krım tatarları cəmiyyəti” ictimai təşkilatının yaradıcılarından biri kimi çıxış etdi. Təşkilat Ukraynada tatar xalqının maraqlarını təmsil edir. 2007-2019-cu illərdə isə Mustafa Cəmilevin müşaviri işlədi.

Umerov 2012-ci ildə Krım beynəlxalq biznes assosiasiyasının həmtəsisçisi və idarə heyətinin üzvü oldu, 2021-ci ilin yayında isə “Krım platforması” birliyinin həmsədri seçildi. “Biz “Krım platforması”nı – çərçivələri daxilində Ukrayna Krımının taleyinin müzakirə edəcəyimiz beynəlxalq formatı təsis etdik”, - Umerovla tanış olan Ukrayna hakimiyyətindəki mənbə “Meduza”ya “Rüstəm Krım tatar elitasının gənc nəslinin nümayəndəsidir” söyləyir: “Ukrayna hakimiyyətində və biznesindəki bu uşaqların ataları və babaları öz xalqının hüquqları uğrunda mübarizə aparıblar. Məsələn, Mustafa Cəmilev kimi”.

https://toplum.tv/dunya/pfransanin-afrikada-ccediloumlken-nuumlfuzup

Mənbə Ukraynanın xarici işlər nazirinin birinci müavini Əminə Caparovanı, Ukrayna prezidentinin Krım nümayəndəsi Tamila Taşevanı, Müdafiə nazirliyində  bir neçə nəfəri həmin nəslə aid edir: “Bu, bir növ Krımın və “Krım platforması”nın lobbisidir – onlar Krımın həmişə Ukraynanın tərkibində qalması üçün mübarizə aparırlar. Bu, Rüstəmin həyatının və fəaliyyətinin mühüm hissəsidir”.

Türkiyə və ərəb ölkələri ilə danışıqlarda nümayəndə

Böyük müharibənin başlamasından sonra, 2022-ci ilin yazında Umerov Rusiya-Ukrayna danışıqlarında iştirak edib – Belarusda və Türkiyədə. Məsələn, İstanbulda martın 29-da keçirilən görüşdə vardı və sülh müqaviləsində Krım üzrə mövqenin əks olunmasını Moskvaya təklif etdi.

Ukraynanın güc strukturlarına yaxın mənbə “Meduza”ya deyir ki, türkcəni yaxşı bilməsi və Türkiyə ilə əlaqələri Ankaranın tez-tez vasitəçi olduğu Rusiya-Ukrayna danışıqlarında Umerova faydalı olub. Onun sözlərinə görə, Umerov Türkiyə XİN başçısı (bu yaxınlara qədər kəşfiyyata rəhbərlik edən) Hakan Fidanla yaxşı əlaqələr qura bilib.

“Meduza”nın Ukrayna hakimiyyətindəki həmsöhbəti də Rüstəmin türk siyasətçilərlə əlaqəsi haqqında eşidib. O deyir ki, siyasətə gələnə qədər Umerov “Türkcell” şirkətində investisiya müşaviri işləyib (“Türkcell” Türkiyədə ən böyük mobil rabitə operatorudur, Umerovun öz karyerasına başladığı “Lifecell” şirkəti də ona məxsusdur).

Zelenski və Umerov - babel.ua/

Rusiya nümayəndələri ilə danışıqların birində Umerovun zəhərləndiyi ehtimal olunur. “Bellingcat” araşdırma layihəsinin məlumatına görə, söhbət 2022-ci il martın 3-də gecəyarı keçirilən danışıq raundundan gedir. Ehtimal olunur ki, həmin vaxt danışıqlarda qeyri-rəsmi iştirak edən Rusiya oliqarxı Roman Abramoviç və danışıq prosesinin adı naməlum qalan daha bir iştirakçısı zəhərlənib.

Eskpertlər simptomların qeyri-müəyyən kimyəvi maddə ilə zəhərlənmənin nəticəsi olması qənaətinə gəldilər. Amma həmin yerdə ixtisaslaşmış laboratoriya avadanlığının olmamasına görə səbəbi birmənalı müəyyən etmək olmadı. “Ekspertlər bildirdilər ki, istifadə olunan toksinin dozası, güman ki, həyat üçün təhlükəli zərər vurmaqdan ötrü yetərli deyildi. Daha çox qurbanı qorxutmaq üçün idi, nəinki bərpa olunmaz xəsarət yetirmək”, - “Bellingcat” yazır.

Umerov zəhərlənməsi faktını əvvəlcə inkar, sonra dolayısı ilə etiraf etdi. “Hazırda hər şey artıq yaxşıdır, daha işləyirəm. Müəyyən vaxtda nə isə vardı, mən özümə diaqnoz qoya, ya da şəxsi fikrimi deyə bilmərəm, həssas mövzudur”, - o, Ukraynanın “New Voice” nəşrinə 2022-ci ilin aprelində söyləyib.

Bundan əlavə, Umerov 2023-cü ilin martında birinci ledi Yelena Zelenskayanı Birləşmiş Ərəb Əmirliklərinə, mayda isə artıq Volodimir Zelenskini Səudiyyə Ərəbistanına səfərdə müşayiət edib. Ukrayna güc strukturlarına yaxın mənbə “Meduza”ya deyib ki, Rüstəm 2023-cü ilin iyulunda Zelenskinin Səudiyyə Ərəbistanı hakimiyyəti ilə danışıqlarının təşkilində də iştirak edib.

Bütün bu əlaqələr Umerova Yaxın Şərq və Qlobal Cənubla iş strategiyasını qurmaqda prezident ofisinə və onun başçısı Andrey Yermak kömək etmək imkanı verir. “Umerov sayəsində Ukrayna üçün əlamətdar hadisələr baş verir. Bu, həm əsirlərin mübadiləsidir, həm bizim “azov”çuların taleyilə maraqlanmaqdır, prezident Zelenskinin Ukrayna tarixində ilk dəfə Ərəb Ölkələri Liqasının sammitində iştirakıdır (19 may 2023). Özü də biz Rusiyanın bu ölkələrə təsir səviyyəsini yaxşı anlayırıq, bununla belə prezidentin iştirakı baş tutdu”, - Umerovla tanışlığı olan Ukrayna məmuru deyir. O vurğulayır ki, Ukraynanın müsəlman dünyası ilə ikitərəfli əlaqələr qurmasında məhz Umerov mühüm rol oynayıb.

Ukraynanın “Babel” nəşri yazırdı ki, Umerovun “taxıl sövdələşməsi” üzrə danışıqlara da təsiri var.

“Meduza”nın Ukrayna güc strukturlarına yaxın həmsöhbəti iddia edir ki, böyük sentyabr mübadiləsi zamanı Umerov şəxsən Səudiyyə Ərəbistanına uçub. O zaman vasitəçi rolunda Səudiyyə Ərəbistanı və Türkiyə çıxış edirdilər.

Ukraynanın “Korrupsiyaya müqavimət mərkəzi” ictimai təşkilatının rəhbəri Vitali Şabunin də Umerovun mübadilə prosesində iştirakı haqqında öz feysbukunda yazmışdı: “Umerov hərbi əsirlərin azad edilməsi üçün bütün qapalı danışıqları aparan qrupun 2022-ci ilin fevralından mühüm üzvüdür. Onlar “Azovstal” döyüşçülüəri də daxil olmaqla iki mindən çox bizimkiləri azad ediblər”.

“Meduza”nın Ukrayna hökumətindəki həmsöhbəti deyir ki, Umerovun təyinatı Kiyevin müharibəyə bugünkü yanaşması haqqında çox şey deyir. Bir tərəfdən Ukrayna üçün Krımın nə qədər vacib olduğunu göstərir. Digər tərəfdən, Umerov Zelenskinin “sülh formulu”nun beynəlxalq müstəvidə ən fəal promouterlərindən biridir.

Zelenski G20 liderlərinə “sülh formulu”nu 2022-ci ilin noyabrında təqdim edib. O, 10 prinsipdən ibarətdir: nüvə, ərzaq və enerji təhlükəsizliyi; “hamının hamıya” prinsipi ilə əsirlərin mübadiləsi; 1991-ci il sərhədləri daxilində Ukraynanın ərazi bütövlüyünün bərpası; Rusiya qoşunlarının çıxarılması və hərbi əməliyyatların dayandırılması; Rusiya üzrə tribunalın yaradılması; təbiətin mühafizəsi və sonrakı eskalasiyasının yolverilməzliyi, nəhayət, müharibənin bitməsi haqqında sənədin imzalanması. “Sülh formulu”nu XİN iştirakı ilə Prezident Ofisi hazırlayıb. Umerov onu beynəlxalq səviyyədə təşviq edir.

“Ukraynanın yeni müdafiə naziri yaxşı diplomatdır. O. başqa dövlətləri Ukraynanın “sülh formulu”na fəal cəlb edəcək. İlk növbədə müharibə ilə bağlı mövqeyini hələ müəyyənləşdirməyənləri – bu, Qlobal Cənub, ərəb dünyası, Afrika və Asiyadır”, - “Meduza”nın danışdığı ukraynalı siyasətçi davam edir. “Bunun heç birini Rusiya üçün yaxşı xəbərlər siyahısına aid etməzdim”, - deyir.

 “Kassa yaradan güclü idarəçi”

Umerov hələ 2019-cu ildə “Qolos” Partiyasından Ali radanın deputatı seçilib. O, parlamentdə iqtisadi və milli azlıqlar məsələsi ilə fəal məşğul olub, onlarla qanun layihəsinin hazırlanmasında iştirak edib.

2022-ci il sentyabrın 7-də Rada Umerovu Dövlət əmlakı fondunun – dövlət əmlakının özəlləşdirilməsi, arendası və istifadəsinə cavabdeh olan icraedici orqanın rəhbəri təyin edib. “Təklif hərbi əsrilər və silahlar üzrə hesabatların biri zamanı prezidentdən gəldi”, - Umerov 2022-ci ilin oktyabrında “Forbes”a müsahibəsində deyib.

Rüstəm Umerov özünün əsas məqsədlərindən birinin savaşan Ukraynaya xarici investisiyaların cəlbi olduğunu deyib. “Umerov güclü idarəçidir, sistemlərin necə işlədiyini və həmin sistemləri necə qurmağı bilir. Dövlət əmlak fondunun başında olduğu bir il ərzində böyük nəticələrə nail olub, orada əvvəlki onilliklər boyu olmayan kassa yaradıb, - əsasən də özünün biznes yanaşması sayəsində. Yaxşı investorlar tapdı, Ukrayna aktivlərini satmağa başladı”, - Ukrayna hökumətindəki həmsöhbət sadalayır.

 Onun fikrincə, bütün bu keyfiyyətlər yeni müdafiə nazirinə başlanan islahatları davam etdirməkdə yardımçı olacaq. Bu yaxınlarda yaranan Hərbi tədarüklər agentliyinin işinin yoluna qoyulması və Müdafiə nazirliyinin rəqəmsallaşdırılması həmin işlərə aiddir.

Müdafiə nazirliyi üçün yeni adam

Güc strukturlarına yaxın həmsöhbət hesab edir ki, Ukrayna Prezidenti Ofisinin başçısı Andrey Yermakla “yaxşı münasibətlər” olmadan Umerovun müdafiə naziri postuna təyinatı mümkünsüz olardı. Ukraynanın beynəlxalq partnyorlarının dəstəyi də az rol oynamayıb. Mənbə davam edir ki, Umerovun namizədliyini korrupsiya əleyhinə fəallar və ictimai təşkilatlar da dəstəkləyib və bu barədə həm də qərb partnyorları ilə danışıblar.

“Umerov Müdafiə nazirliyi üçün yeni adamdır. Hərbi təhsili və Müdafi nazirliyi xətti ilə təcrübəsi yoxdur. Amma baxarıq. Başı işləyir, qalan şeylər düzələr”, - “Meduza”nın həmsöhbəti deyir.

O əmindir ki, Rüstəmin təyinatı hərbi əməliyyatların gedişinə bilavasitə təsir göstərməyəcək: “Hər halda, 2018-ci ildə qəbul olunan qanuna görə, Ukraynanın müdafiə naziri yalnız mülki şəxs ola bilər”.

https://toplum.tv/dunya/pduumlnyani-sakitlesdiren-siqnal-quotqirmizi-telefonquotp

Müdafiə naziri ordunun büdcəsi və logistikası, mükafatlar, strateji məsələlərə görə cavabdehdir. Bilavasitə müharibə ilə isə Ukrayna silahlı qüvvələrinin baş komandanı məşğul olur – indi bu vəzifəni Valeri Zalujnı tutur. Ordunun resurs ehtiyacına gəldikdə isə onları Baş qərargah müəyyən edir.

“Buna görə də Umerov hərbi əməliyyatlarla məşğul olmayacaq, hərbi-sənaye kompleksi ilə, Ramştayn üzrə danışıqlarla və başqa işlərlə məşğul olacaq”, - güc strukturlarına yaxın mənbə yekunlaşdırır.

Əvvəlki müdafiə naziri Aleksey Reznikov istefa ərizəsində Ukrayna üçün prioritetlərdən birinin gerçək təhlükəsizlik təminatı və müdafiə imkanı əldə etmək üçün aparıcı müttəfiqlərlə uzunmüddətli partnyorluq olduğunu vurğulayıb.

Umerov da, deyəsən, bununla məşğul olacaq, ya da Vitali Şabuninə inansaq, davam edəcək. Onun sözlərinə görə, Umerov müharibənin ilk günlərindən adları ictimailəşməyən ölkələrdən ağır silahların alınması ilə məşğuldur.

“Ümid edək ki, o, Müdafiə nazirliyini gücləndirəcək. Çünki uzun müddət elə təəssürat yaranırdı ki, bu idarəyə təyinatlar cəhətdən bəxtimz gətirmir”, - mənbələrdən biri etiraf edir.

Onun sözlərinə görə, Reznikovun istefasının səbəbi Müdafiə nazirliyi ilə bağlı çoxsaylı korrupsiya qalmaqalları oldu: “Müdafiə naziri müqavilələrdə buna yol verir və iddia edir ki, nəzarət etmir, paralel olaraq da bütün dünya Ukraynaya dronlar almaq üçün ianələr toplayır, könüllülər kömək etməyə, qələbəni yaxınlaşdırmağa çalışırlar... Əlbəttə, Reznikova olan etimad sarsılmışdı”.

Mənbə: Meduza.io

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo