ria.ru
"Rusiya nəinki Qarabağ münaqişəsində, ümumiyyətlə, post-sovet məkanındakı bütün konfiliktlərdə Qərbin, regiondan kənar dövlətlərin iştirakını, müdaxiləsini maksimum şəkildə dayandırmağa çalışır"
Bunu siyasi şərhçi Anar Məmmədli Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya səfərini şərh edərkən belə deyib.
Aprelin 19-da Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Novo-Oqoryovoda keçirdikləri görüşdə Cənubi Qafqaz ölkələri arasında münasibətlərin normallaşdırılması üçün Moskva, Yerevan və Bakı arasında əlaqələri aktivləşdirmək barədə razılığa gəliblər.
İki lider arasında imzalanmış sənəddə deyilir: “Tərəflər 26 noyabr 2021-ci il üçtərəfli razılaşmalarına uyğun olaraq və tərəflərin müraciəti əsasında Rusiya Federasiyasının məslətçi dəstəyi ilə delimitasiya və Ermənistan-Azərbaycan sərhədinin təhlükəsizliyi məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasının sürətləndirilməsi barədə razılığa gəliblər”.
“Azatutyun” yazır ki, iki lider ölkələri arasında hərbi və hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini qeyd ediblər.
Sənəddə deyilir ki, Putin və Paşinyan Rusiya və Ermənistan ərazisindən üçüncü ölkələrin Yerevan və ya Moskvanın maraqları əleyhinə istifadəsinə yol verilməyəcəyini təsdiqləyiblər.
Rusiya Qarabağ məsələsinin həllində Avropa Birliyinin təşəbbüskarlığından narahatdırmı?
Siyasi şərhçi Rauf Mirqədirov hesab edir ki, Rusiya Avropa Birliyinin təşşəbbüsündən narahatdır: "Rusiyanın narahat olmasının ciddi səbəbləri var. Biri odur ki, Minsk qurupunun həmsədrlər instutundakı Fransa və ABŞ açıq şəkildə bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində artıq Rusiya ilə hər hansı əməkdaşlıqdan imtina edirlər. Sözsüz, bu o deməkdir ki, Avropa Birliyi və ABŞ artıq fərdi olaraq bu məslənin həlli ilə məşğul olacaqlar. Kollektiv Qərb adlandırdığımız qrupun münasibətinin bu cür kəskin dəyişməsinin iki səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, Qərb Rusiya ilə beynəlxalq və diplomatik əməkdaşlıq formatlarından imtina etməyə çalışır. Bu, Rusiyanın imicinə çox böyük zərbədir. İkinci səbəb də ondan ibarətdir ki, Qərb Dağlıq Qarabağ münaqişəsi ətrafında Rusiya ilə birgə əməkdaşlıq illuziyasının yaradılmasında maraqlı deyil".
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edir ki, Qarabağ məsələsində Rusiya ilə Qərb arasında rəqabətə əsas yoxdur: "Avropada baş verən görüşləri tam şəkildə vasitəçilik, ya da təzə danışıqlar formatı adlandırmaq mümkün deyil. Yəni bu baxımdan rəqabətə əsas yoxdur. Çünki Rusiya bu bölgədə müharibədən sonra dominantdır. Bu vəziyyətin dəyişəcəyini düşünmürəm. Yeganə dəyişiklik o ola bilər ki, Ukraynadakı hadisələrə görə Rusiyanın rolu azalacaq. Amma Türkiyənin rolunun artması mümkün olan ssenaridir".
"Rusiya xarici ölkələrin cəhdlərinin müvəfəqqiyyətlə nəticələnəcəyindən qorxur"
R.Mirqədirov isə hesab edir ki, xarici ölkələrin cəhdləri müsbət nəticələrsə, regionda Rusiyanın təsiri minumuma enəcək: "Ukrayna münaqişəsi nəticəsində həm qlobal təhlükəsizlik sisteminin, həm də regional təhlükəsizlik sistemlərinin yenidən qurulması baş verəcək. Bu yeni nizamda Rusiyanın mövqe problemi var. Bütövlükdə Qarabağ münaqişəsindən söhbət gedirsə, Rusiya təəssüflər olsun ki, məsələnin tamamilə həllində heç vaxt maraqlı olmayıb. Çünki Rusiyanın Ukraynadakı fəaliyyəti buna bir daha sübutdur. Rusiyanın post-sovet məkanındakı dövlətləri nəzarət altında saxlamaq, onların xarici və daxili siyasətinə təsir göstərmək üçün yeganə aləti hərbi-siyasi təzyiqdir. Əgər münaqişə həll olunarsa, Rusiya bu təzyiq vasitəsindən tamamilə məhrum olacaq. Buna görə də Rusiya həmişə qaynar nöqtələrin qalmasında maraqlıdır".
"Rusiya Avropa Birliyini kənarda saxlaya bilməyəcək"
A.Məmmədlinin sözlərinə görə, proseslər elə bir şəkil alır ki, münaqişələrin həllində Rusiya da artıq çarəsizdir: "Rusiyanın münaqişələrin həllində çox ciddi resuslara malik ölkə hesab etmək olmaz. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionun, işğal olunmuş ərazilərin bərpası yenidən qurulması ilə bağlı bir sıra lahiyələr həyata keçirməyə çalışır. Amma hesablamalar göstərir ki, ciddi maliyyə dəstəyinə ehtiyac var. Məsələn, Rusiya Azərbaycana belə dəstək verəcək ölkə deyil. Elə bir ciddi maliyyə resusları yoxdur. Ona görə də Avropa Birliyinin bu regiona cəlb olunması həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. Çünki Ermənistanın da iqtisadi vəziyyəti elə bir durumdadır ki, Avropa Birliyi kimi donora ehtiyacı var. Ona görə də istər-istəməz mövcud durum AB-nin regionda təmsilçiliyini zəruri edir. Rusiyanın elə siyasi rıçaqları olmadığından inanmıram ki, maraqlı tərəfləri, o cümlədən Avropa Birliyini prosesdən kənarda qoya bilsin".
A.Məmmədli düşünür ki, əsas müzakirə mövzusu 10 noyabr Atəşkəs Bəyanatının icrası ilə bağlı məsələlərdir: "Kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin bərpası, nəqliyyat dəhlizlərinin yaradılması kimi məsələlər müzakirə olunurdu. Açıqlamada qeyd olunur ki, sərhədlərin delimitasiya ilə bağlı mövzular da müzakirə olunub və Rusiya bu prosesə dəstək verməyə hazırdır. Ümumilikdə münaqişənin həlli ilə bağlı hər hansı nailiyyətin əldə olunmasını düşünmək çətin olar. Çünki Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşması, hətta iki ölkə arasında sülhlə bağlı çərçivə sazişinin imzalanması belə münaqişənin tamamilə həll olunması demək deyil. Çünki ortada təkzib olunmaz bir fakt var ki, Rusiya hərbi kontingenti Qarabağda yerləşir. Bu hərbi kontingent münaqişə tam həllini tapmayınca, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayınca , eyni şəkildə ermənilərin torpaq iddiaları sülh yolu ilə öz həllini tapmayınca, Rusiya başda olmaqla bu kimi ölkələr regionu tərk etmək niyyətində deyillər".
"Rusiyanın Qarabağa marağının azalması Ermənistanı narahat edir"
T.Zülfüqarov Ermənistanı narahat edən bir çox məqamların olduğunu deyir. Onun sözlərinə görə, Rusiyanın silahları, sülhməramlıların bir qismi bölgəgən çıxarılır və Ermənistan da başa düşür ki, bu, Rusiyanın regionda tez və ya gec imkanlarının azalmasına gətirib çıxaracaq.
“Biz başa düşürük ki, Ermənistanın işğalçı siyasətində Rusiya əsas faktorlardan biridir. Buna görə də onlar yaxşı başa düşürlər ki, əgər Rusiya buradan zəifləyib çıxsa, Qərbin bura gəlişi sual altındadır. Çünki belə bir maraq görünmür. Qismən də olsa, Fransa maraqlıdır. Amma real nəticədə onun burada fəal olmasına heç bir imkan yoxdur. Ermənistanı narahat edən digər praktiki məsələlər də var. Azərbaycanın təzyiqi nəticəsində Ermənistan öz mövqelərində dəyişikliklər edib", - deyə T. Zülfüqarov bildirib.
Rusiya Ermənistanı Azərbaycanla sülh sazişindən çəkindirə bilərmi?
R.Mirqədirov deyir ki, Rusiya Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin bağlanmasını gecikdirir: "Rusiya sözdə bəyan edir ki, Azərbaycan və Ermənistan münasibətlərinin sülh yolu ilə nizamlanmasında, hətta sülh sazişinin imzalanmasında maraqlıdır. Amma söhbət Qarabağ separatçılarının və Rusiya qoşunlarının nəzarəti altında olan hissəsindən gedəndə bu məsələnin həllini təxirə salınmasını təklif edir. Bir müddət sonra situasiya dəyişdikdən sonra, hansısa beynəlxalq formatda bu məsələnin müzakirə edilərək həll olunacağını deyir. Çünki nə qədər ki, həmin məsələyə aydınlıq gətirilməyib istənilən vaxt münaqişəni yenidən qaynar mərhələyə keçirmək olar. Məsələyə aydınlıq gətirilmədiyi üçün bu alətin vasitəsilə həm Bakını, həm də Yerəvanı nəzarət altında saxlamaq imkanları qalır. Rusiya o vaxt sülh sazişinin imzalanmasını sürətləndirməyə çalışar ki, o zaman delimitasiya və demarkasiya məsələlərinin həlli Rusiyanın regiondakı hərbi təsirini gücləndirə bilər".
T.Zülfüqarovun fikrincə isə, Ermənistanın özü hazırda sülh sazişinin bağlanmasını istəmir: "Hesab etmirəm ki, Ermənistan özü indiki mərhələdə sülh sazişinə hazırdır. Daha doğrusu onun bəyan etdiyi siyasət buna imkan vermir. Paşinyanın açıq şəkildə bəyan edir ki, biz Qarabağ siyasətini yeni formatda davam etdirəcəyik. Bu, birmənalı şəkildə sülh sazişinin bağlamasına imkanın olmadığını göstərir. Çünki Qarabağ siyasətinin davamı faktiki olaraq o deməkdir ki, onlar 30 il ərzində həyata keçirdikləri siyasəti davam etdirmək istəyirlər. Yəni, istəyirlər ki, ərazi iddiaları siyasətini malalayıb təzədən davam etdirsinlər. Söhbət yenə də hansısa statusdan gedəcək, yənə də deyəcəklər ki, biz bu məsələdə iştirak etmirik. Amma öz qoşunları bizim ərazilərdə saxlamaq niyətindədirlər. Mən onların səmimiyyətinə inanmıram".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
Neft gəlirləri doğrudanmı ədalətli bölüşdürülüb? - Natiq Cəfərliylə müzakirə