Qərb-Rusiya qarşıdurması - Putin Ukraynaya qarşı hücuma keçəcəkmi?
Açıq mənbələrdən götürülüb
"Putin daha çox blef etməklə, ictimai rəyi çaşdırmaqla, hədə-qorxu gəlməklə məşğuldur. Rusiyanın müharibəyə başlayacağına inanmıram".
Bu sözləri siyasi şərhçi Anar Məmmədli Rusiya ilə Ukrayna arasında müharibənin başlayacağı iddialarını "Toplum TV"-yə şərh edərkən deyib.
Rusiya və Ukrayna arasında müharibənin başlaması ehtimalı artır. ABŞ başda olmaqla bir çox Qərb ölkələrinin liderləri, həmçinin NATO rəhbərliyi Rusiya qoşunlarının istənilən an Ukraynaya daxil ola biləcəyi barədə açıqlamalar veriblər. Bəzi dövlətlər Kiyevdəki səfirlik əməkdaşlarının və diplomatların təxliyyəsinə belə start veriblər.
Ukrayna Prezidenti Volodimir Zelenski isə mətbuata açıqlamasında bildirib ki, ölkədə və onun ətrafında mövcud vəziyyət nəzarət altındadır, təlaşa səbəb yoxdur: "Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası yenicə başa çatıb. Bu görüşün nəticəsi media məkanı üçün səs-küylü qərarlar deyil, cəmiyyətimiz və vətəndaşlarımız üçün çox vacib nəticələrdir: hər şey nəzarətdədir, çaxnaşma üçün heç bir əsas yoxdur”.
ABŞ güzəştə getməkdən imtina edib
Bir neçə gün əvvəl ABŞ təhlükəsizlik məsələləri ilə əlaqədar Rusiyaya güzəştə getməkdən imtina etdiyini bildirmişdi.
Məsələ barəsində açıqlama verən ABŞ Dövlət departamentinin rəsmisi Ned Prays demişdi ki, ABŞ hökuməti NATO-nun “açıq qapı” siyasətində də güzəştə getməkdən imtina edir.
Praysın sözlərinə görə, burada açar məqam ondan ibarətdir ki, Vaşinqtonun istənilən addımı güzəşt xarakteri daşımamalıdır və qərarlar qarşılıqlı əsaslı olmalıdır. "Təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq Rusiya da nələrsə etməlidir", - deyə o bildirib.
Bununla belə, Department rəsmisi xatırladıb ki, ABŞ Prezidenti Co Bayden son həftələrdə Ukrayna məsələsi ətrafında diplomatiya yolunu tutub. O, ABŞ administrasiyasının diplomatiya xəttinə sadiq olduğunu, amma vəziyyətin gözlənilməz şəkildə dəyişməsinə də hazır olduğunu vurğulayıb.
"Birləşmiş Ştatlar istənilən addımı Ukrayna daxil olmaqla, müttəfiqlər və tərəfdaşlarla məsləhətləşdikdən sonra atacaq", -deyə Departament rəsmisi qeyd edib.
“Müharibənin çox ciddi iqtisadi və siyasi riskləri var”
Anar Məmmədli hesab edir ki, Rusiya Ukrayna arasında müharibə başlamayacaq: "Rusiyanın indi müharibəyə başlaması çox ciddi məsələdir. Müharibənin çox ciddi iqtisadi və siyasi riskləri var. Tutalım ki, siz bir həftəyə hansısa ərazini bombaladınız, sonra ora qoşun yeritdiniz, hətta işğal da etdiniz. Bəs bunun yaradacağı siyasi, iqtisadi risklər? Rusiya Ukraynanın ərazilərini asanlıqla zəbt edə bilməz. Orada ciddi müqavimətlə üzləşər. Eləcə də bu Rusiyanın itkilərinə səbəb olar. Belə olan halda Rusiya hakimiyyəti öz xalqına izah etməlidir ki, niyə görə rus əsgəri Ukraynada həlak oldu. Ona görə də mən inanmıram ki, Ukrayna ilə müharibə başlasın".
Rauf Mirqədirov isə əksini düşünür, onun fikrincə, Rusiya müharibəyə başlaya bilər: "2008-ci ildə də, 2014-cü ildə də heç kim Rusiyanın müharibəyə başlayacağını düşünmürdü. İndi də bəziləri müharibəni o qədər də real görmür. Ancaq mən düşünürəm ki, biraz qəribə səslənsə də Putin olimpiya oyunları dövrlərində müəyyən aqressiv davranışlar sərgiləyir. Bu, artıq ənənəyə çevrilib. Düşünürəm ki, onun idmana xüsusi bir məhəbbəti var. Lakin idman sahəsində özünü doğrulda bilmədiyi üçün məhz olimpiadalar zamanı siyasətdə özünün gücünü göstərməyə çalışır. Yarı zarafat, yarı ciddi olsa da mən düşünürəm ki, Putinin psixoloqa ehtiyacı var".
Bu arada Rusiya onun tələblərinə NATO-nun yazılı cavab verməsini tələb edirdi. NATO-nun Baş katibi Yens Stoltenberq yanvarın 26-da təşkilatın Rusiyanın təhlükəsizlik məsələləri ilə bağlı müraciətinə yazılı cavab verdiyini açıqlayıb.
Yens Stoltenberqin açıqlamasında Ukrayna böhranı ilə əlaqədar əsas müddəalar bunlar olub:
- NATO-nun təklifləri ABŞ-ın təklifləri ilə paraleldir.
- Rusiya Gürcüstan, Ukrayna və Moldovadan “qoşunlarını çıxarmalıdır”.
- NATO müdafiə ittifaqıdır və qarşıdurma axtarmayacaq.
- NATO “açıq qapı” prinsipindən əl çəkməyəcək.
- NATO hərbi qüvvələrinin hazırlığını artırıb.
- NATO Baltik və Qara dəniz regionlarında mövcudluğunu gücləndirir.
“Ukrayna gərginliyində ilk gülləni kim atsa, məğlub da o olacaq”
Siyasi şərhçi Turan Rzayev deyir ki, Ukrayna gərginliyində ilk gülləni kim atsa, məğlub da o olacaq: "Rusiyanın Ukrayna sərhədində hərbi texnika və canlı qüvvə sayını artırması, Qərbin və ABŞ-ın rəsmi Kiyevə silah-sursat və iqtisadi yardım etməsi tərəflər arasında gərginliyin hələ davam edəcəyini göstərir. Son günlər Qərb ölkələrinin Ukraynadakı diplomatlarını geri çağırması isə müharibə ehtimallarını gücləndirir".
T.Rzayev Kremlin indiki halda Ukrayna ilə, dolayı yolla da ona dəstək verən Qərb və ABŞ-la müharibə edəcəyini düşünmür.
“Düzdür, Rusiya dünyanın həm say tərkibinə, həm də hərbi texniki imkanlarına görə ən güclü ordularından birinə sahibdir. Digər tərəfdən, rəsmi Kremlin 10 mindən artıq nüvə başlığının olduğunu da unutmamaq lazımdır. Lakin bütün bunlara baxmayaraq danılmaz bir reallıq var ki, Rusiya iqtisadiyyatı indiki məqamda nəinki uzunmüddətli bir müharibəyə, heç qısa müddətli müharibəyə də hazır deyil. Pandemiya və Qərbin iqtisadi sanksiyaları ilə iqtisadiyyatı zəifləyən rəsmi Kreml anlayır ki, Ukrayna ilə və ya onu dəstəkləyən Qərb və ABŞ ilə ehtimal müharibə Rusiya üçün ikinci SSRİ parçalanmasına səbəb ola bilər. Məntiqlə yanaşsaq, SSRİ də bənzər formada parçalanmışdı. ABŞ və Qərbin sanksiyaları, ifrat dərəcə silahlanma SSRİ iqtisadiyyatını sonda çökdürdü. Əfqanıstana müdaxilə isə bu çöküşü süqutla nəticələndirdi. Kreml anlayır ki, Vaşinqton Rusiyanı da bənzər formada öncə çökdürmək, daha sonra isə parçalamaq niyyətindədir", - deyə siyasi şərhçi açıqlamasında qeyd edib.
A.Məmmədli deyir ki, Ukrayna böhranı ilə əlaqədar olaraq Qərb ilk günlər çox soyuq reaksiya verdi, çox susqun qaldı: “Amma sonradan gördülər ki, məsələ ciddiləşir, Qərb fəallaşdı. Düşünürəm ki, onlar ilk öncə diplomatiya yolu ilə çözməyə çalışdılar. Qərbin hazırki marağı əgər Ukraynada mümkün müharibə başlayarsa, Rusiyanın irəliləyişinin qarşısını almaqdır. Yəni ilk növbədə hazırda NATO-ya üzv olan Şərqi Avropa dövlətlərini qorumaq, Rusiyanın Ukrayna daxilində başlayacaq mümkün hərbi əməliyyatların qarşısını almaq. Bunun üçün də həm Ukrayna daxilində, həm də Ukraynaya qonşu olan ölkələrdə hərbi qüvvələri artırıblar".
R.Mirqədirov isə qeyd edir ki, beynəlxalq aləmin çox acı təcrübəsi var: “Yada salmaq istərdim ki, Gürcüstanda baş verən hadisələrdən sonra əslində Qərb dövlətləri Putini bağışladılar. Hətta o vaxtkı Gürcüstan Prezidenti Mixeil Sarkaşvilini Rusiyanı qıcıqlandırmaqda, təxribata çəkməkdə ittiham etdilər. Günahın bir hissəsini Sarkaşvilinin boynuna qoydular. Ancaq Ukrayna hadisələrindən sonra bunu etmədilər".
ABŞ Putinə sanksiyalar tətbiq edə bilər
Rusiya Ukraynaya müdaxilə edərsə, Vladimir Putinə qarşı sanksiyaların tətbiqi istisna edilmir.
Bu barədə ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonda jurnalistlərlə söhbətində bildirib.
Jurnalistin Baydendən Vladimir Putinə qarşı sanksiyaların mümkünlüyü barədə sualına ABŞ lideri "Bəli, mümkündür" deyib.
Prezidentin sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsi İkinci Dünya Müharibəsindən sonra baş verən ən böyük işğal ola bilər. Bayden belə bir işğalın Rusiya üçün böyük nəticələrə səbəb olacağını vurğulayıb.
ABŞ-ın demokrat senatorları Ukraynaya müdaxiləsi halında Rusiyanın ali rəhbərliyinə, o cümlədən prezidentə və yüksək rütbəli hərbi məmurlara, banklara və əmtəə şirkətlərinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi hazırlayıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür