Dünya

Rejimlər dəyişəndə niyə heykəllər yıxılır?

19 Sentyabr, 2022
851

Açıq mənbələrdən götürülüb

Heykəllər yıxılmaqda davam edir. Ukrayna müharibəsi heykəllərlə mübarizənin yeni dalğasını yaratdı. Ukraynanın özündə, Baltikyanı ölkələrdə, Polşa və Finlandiyada sovet və Rusiya epoxası (məsələn, Puşkinin abidələri) ilə bağlı bir sıra abidələr sökülür. Ola bilər ki, bu dalğa 2020-ci ildə Avropa və Amerikada irqçilik əleyhinə kütləvi çıxışlar zamanı onlarla abidənin yıxıldığı, rəng atıldığı, ədəbsiz sözlər yazıldığı dalğa qədər irimiqyaslı deyil. Amma bəzilərinin “tarixlə hesabın çürüdülməsi”, bəzilərinin İ üzərində nöqtənin qoyulduğu ədalətli və çoxdan vaxtı çatmış hal hesab etdikləri proses hələ davam edir. Bu, yəqin ki, axırıncı belə hadisə deyil. Bəlkə tamamilə heykəlsiz keçinmək daha yaxşıdır?

Britaniya tarixçisi və jurnalisti Aleks fon Tunzelmanın (bu təxəllüs deyil, o, çoxdan İngiltərəyə köçmüş sakson zadəgan ailəsindəndir) bu yaxınlarda çapdan çıxan “Yıxılan bütlər” (Fallen İdols) kitabı müxtəlif dövrlərdə və müxtəlif ölkələrdə “heykəl tökümü”nə həsr olunub. Cari siyasi vəziyyət baxımından bu kitabın yaxın vaxtlarda Rusiyada çap olunmaq şansı yoxdur. Hərçənd, xeyli faydalı olardı, ən azı hazırda Rusiyada “tarixə hörmət” şəklində dominantlıq edən guya yeganə doğru və hakimiyyətin verdiyi interpretasiyaya alternativ baxışın mövcudluğunu göstərmək üçün.

Aleks fon Tunzelmanın tarixi fiqurlara aid 12 abidənin tarixini təsvir edir: Britaniya kralı III Corcdan Stalinə qədər və Dominikan diktatoru Rafael Truxilyodan tutmuş iraqlı “həmkarı” Səddam Hüseynə qədər. Bütün bu abidələri bir şey bağlayır: onlar yıxılıblar, bir zamanlar ucaldıqları yerlərdə daha yoxdurlar. Bəziləri uzun müddət duruş gətirib, məsələn, ABŞ-da Vətəndaş müharibəsi zamanı Konfederasiya ordusuna komandanlıq edən general Robert Linin heykəli 1884-cü ildə Nyu Orleanda ucaldılıb və vətəndaşların kütləvi etirazlarından sonra şəhər hakimiyyətinin qərarı ilə 2017-ci ildə sökülüb. Digərləri isə tarixin qısa anı ərzində postament üzərində ucalıblar: Nyu Yorkda III Corcun at üzərində abidəsi 1770-ci ildə peyda oldu, cəmi 6 il sonra isə Amerika inqilabı iştirakçıları tərəfindən uçurulub.

https://toplum.tv/dunya/muharibede-en-cox-itki-veren-tuvalilar-putin-cingizxan-soyqu-sabutay-dir

12 abidənin “ölüm”dən sonrakı taleləri də müxtəlifdir. Bəzi abidələri sözün həqiqi mənasında suvenirlərə parçalayıblar, digərlər daha az gözəçarpan yerlərə aparılıb, məsələn, muzeylərə. XVII əsr biznesmeni, xeyriyyəçisi və eyni zamanda qul ticarətçisi Edvard Kolstonun Britaniyanın Bristol şəhərindəki heykəli “Black Lives Matter” hərəkatının tərəfdarları tərəfindən təkcə yıxılmayıb, həm də dənizə atılıb. Onu bir neçə gün sonra çıxardılar və müvəqqəti olaraq yerli muzeyin anbarına yerləşdirdilər.  “Kalloden qəssabı” hersoq Kamberlendin at üzərində heykəli ilə daha maraqlı vəziyyət alınıb. XVIII əsrə aid birinci heykəli hələ 1868-ci ildə götürüblər, amma postament qalıb. 2012-ci ildə də burada heykəlin... sabundan düzəldilmiş dəqiq surəti peyda olub. Bu, “dünya şah-şöhrətinin faniliyini” göstərən bədii aksiya idi. London yağışının altında sabun heykəl tədricən əriyib, eybəcər bir şeyə çevrilib, axırda da xırda tikələrə bölünüb. Onları yığışdırıb, postamenti yuyublar. İndi o, yenə də boşdur.

“Yıxılan bütlər”in müəllifi sabun hersoqu yaradan sənətkarın mövqeyini özünəməxsus şəkildə bölüşür. Heykəl qədər müvəqqəti heç nə yoxdur, axı o, abidə yüksələn zamankı dövrün, bəzən də konkret siyasi rejimin görüşlərini və prioritetlərini əks etdirir. Rejim çökür, prioritetlər dəyişir və heykəl naqolay, utandırıcı və ya ikrah doğuran bir şeyə çevrilir. Çox vaxt o elə bir şeydir ki, həsr edildiyi xadimin fəal əleyhdarları rəsmi qərar gözləmirlər və abidəni özbaşına uçururlar. Belə ki, macarların 1956-cı ildə Budapeştdə yıxdıqları Stalin heykəlindən postamentdə yalnız çəkmələr qalmışdı və bunun özü müəyyən müddət milli-azadlıq üsyanının abidəsinə çevrilmişdi. Bəzən “bütlər”i ədəb-ərkanla, hakimiyyətin qərarı ilə - hərçənd, ictimaiyyətin təzyiqi altında – yığışdırırlar, necə ki, Britaniya müstəmləkəçiliyinin xadimi olan Sesil Rodsun Cənubi Afrikanın Keyptaun universitetindəki heykəli götürüldü.

Əlbəttə, abidələr təkcə insanlara deyil, hadisələrə və hətta ideoloji təlimatlara da qoyulur. Amma onları da çox vaxt eyni aqibət gözləyir, məsələn, bu il qismən demontaj olunan “Ukrayna xalqının azadlıq tağı” və ya Nyu Orleanda bir neçə il əvvəl götürülən “Azadlıq meydanında döyüş” abidəsi kimi. Birincisi indi sovet-rus imperiya əsarətinin simvolu sayılır, ikincisi isə ultrasağçıların və irqçi qrupların sevimli yeri idi. Dünən fəxarət predmeti olan bu gün rüsvayçılığın təzahürü və yaxud cəmiyyəti parçalayan hal kimi qəbul olunur.  Digər təzə nümunələr Riqada sovet əsgərlərinə abidə və ya Narvada postament üzərindəki T-34 tankıdır.

Belə növ abidələr çox vaxt xüsusi bədii dəyərə malik olmurlar, bu isə onların saxlanılması lehinə arqument ola bilərdi. Hərçənd, dəyərin olub-olmaması barədə mülahizəni acıqlı kütlədənsə mütəxəssislərin səsləndirməsi daha yaxşı olardı. Heykəl məsələsində onların müdafiəçiləri bədii dəyərdən daha tez-tez tarixi yaddaş barədə arqumentlər səsləndirirlər: “Axı bu, bizim tariximizdir”. Aleks fon Tunzelman buna sərt cavab verir: “Məsələn, sifilis də bizim tariximizin bir hissəsidir. Amma nəyə görəsə heç kəs ona abidə qoymaq istəmir”. Və daha ciddi tərzdə davam edir: “Abidələrin uçurulması tarixin məhv edilməsi deyil. Bu, onun davamıdır”. Həqiqətən də, tutalım, Leninə heykəllərin qoyulması onun tərəfindən yaradılan sovet rejiminin əlamətidirsə, həmin heykəllərin yıxılması da sovet rejiminin çöküşünün, ideologiyasının isə antihumanist elan olunmasının göstəricisidir.

Bugünkü Rusiyada II Nikolayların, III Aleksandrların və ya Kolçakların yanında Leninin də minlərlə heykəlini tapmağın mümkünlüyü hansısa xüsusi tolerantlığın deyil, indiki rejimin ölkənin tarixinə spesifik yanaşmasının nəticəsidir. Hansı bayraq altında yaşamasından və hansı ideologiya yürütməsindən asılı olmayaraq dövlətlə, imperiya ilə bağlı nə varsa, müqəddəsləşdirilir. Etiraz etmək olar ki, Londonun mərkəzində də həm I Çarlza, həm də onu eşafota göndərən Oliver Kromvelə heykəl qoyulub.  Amma bu, daha çox keçmiş tarixi konfliktləri adlamağın əlamətidir: bugünkü İngiltərə parlament monarxiyasıdır, yəni kralın tərəfdarları eyni zamanda parlament tərəfdarlarıdır, Stüart və Kromvel zamanında olduğu kimi qarşı tərəflər deyillər. İngiltərədən fərqli olaraq Rusiya cəmiyyətinin yaxın və uzaq tarixindən doğan konfliktləri arxada qoyduğunu demək aşkar tələskənlikdir.

https://toplum.tv/dunya/rusiya-qoyulan-sanksiyalarin-dogrudanmi-tesiri-yoxdur

Öz dövrünün siyasi və mədəni mesajından əlavə, “personalaşdırılmış” abidələr daha bir məna yükü daşıyırlar. Onlar tarixi idarə etdikləri xalqları bu və ya digər məqsədlərə doğru yönəldən “böyük insanlar”ın fəaliyyət sahəsi kimi təqdim edirlər. Bu, tarixlə bağlı çox arxaik qavrama tərzidir. Çoxdan və faktlarla sübut edilib ki, “böyük insanlar” talelərini həll etdikləri adamlardan heç də daha bəsirətli deyillər, onların qərarları çox vaxt əhval-ruhiyyənin, ehtirasın, xəstəliyin və ya sadəcə yanlış informasiyanın təsiri altında qəbul olunur. Buna görə də növbəti rəhbər və dahi tərəfindən qaldırılan toz yatışanda və irsi sakit şəkildə təhlil ediləndə, onun üçün heç xoş olmayan şeylər ortaya çıxır. Bəzən o qədər xoşagəməz şeylər ki, həmin rəhbərin və dahinin heykəlini yerində saxlamaq mümkün olmur.

Tarix qarşısında növbəti bütü yıxmaqdan daha ciddi cinayət arxivlərin məhv edilməsi, ya da tarixçilərin və ictimaiyyətin əlinin çatmadığı yerdə qıfıl altında saxlanılmasıdır. Hazırda Rusiyada sovet dövrünün arxivlərinin çox hissəsi ilə belə davranılır, ilk növbədə KQB və digər xüsusi xidmətlərlə bağlı. Heykəllər isə... “Yıxılan bütlər” kitabının son cümlələrindən biri belədir: “Ola bilər ki, gələcəkdə heykəllər bizə ümumiyyətlə lazım olmasınlar”. Düzünü desək, pis olmazdı: gələcək nəsillər yeni-yeni abidələrin quraşdırılmasına və sonra uçurulmasına qüvvə və pul, bundan əlavə, əvvəlcə quraşdırılmasını və sonra da uçurulmasını əsaslandırmaq üçün əqli səylərini və əsəblərini xərcləməyəcəklər.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Rusiya donanmasına ikinci raket hücumu xəbərdarlığı edilib

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın Qara dəniz donanmasının qərargahına ola biləcək ikinci raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Toplum TV APA-ya istinadən bildirir ki, xəbərdarlığı sentyabrın 22-si Sevastopol qubernatoru Mixail Razojayev bildirib. O, donanmanın qərargahına ikinci hücum təhlükəsinin ola biləcəyini xəbər verib. https://toplum.tv/dunya/pukraynada-kiccedilik-herfle-ldquorusiyardquo-yazilmasina-icaze-verilibp Bildirək ki, Ukrayna ordusu bu gün - 22 sentyabr Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbəsi endirib. Hücum nəticəsində, mərmilərdən biri Lunaçarski Teatrının yaxınlığına düşüb. Şəhər qubernatoru hadisə nəticəsində xəsarət alanların dəqiqləşdirildiyini qeyd edir.
Dünya

Ukraynada kiçik hərflə “Rusiya” yazılmasına icazə verilib

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Ukraynada “Rusiya Federasiyası”, “Rusiya”, “Moskva””, “Rusiya İmperiyası”, “Rusiya Federasiyasının Dövlət Duması” və oxşarlar ifadələrin kiçik hərflərlə yazılmasına icazə verilib. Toplum Tv xəbər verir ki, bu haqda qərarı sentyabrın 22-si Ukraynanın Dövlət Dil Standartları üzrə Milli Komissiyası bəyan edib. Belə ki, rəsmi mətnlər və yazışmalar istisna olmaqla, digər hallarda “Rusiya”-nın kiçik hərflə yazılması dilinin normalarından kənara çıxma hesab edilməyəcək. https://toplum.tv/dunya/pbayden-ukraynaya-325-milyon-dollarliq-yeni-herbi-yardim-elan-edibp Komissiya bu qərarı Ukrayna baş nazirinin müavini İrina Vereşçukun sentyabrın 8-də bu mövzuda orfoqrafiyada rəsmi dəyişikliyə çağırmasından sonra verib. Bildirək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra bir çox ukraynalı siyasətçilər, rəsmilər və jurnalistlər kiçik hərflə “Rusiya”, “Rusiya...

Seçilmiş Videolar

Toplum TV loqo