Dünya

Rus müxalif lider: Həbs nə vaxtsa bitəcək, özünə hörmət isə qalacaq

28 Noyabr, 2022
507

Açıq mənbələrdən götürülüb

İlya Yaşin

Moskvanın Meşanski məhkəməsi müxalifətçi İlya Yaşinin cinayət işinin araşdırmasına başlayır. Özünün “Youtube” kanalında Buçada dinc sakinlərin öldürülməsindən danışan keçmiş bələdiyyə deputatını Rusiya ordusu haqqında “feyk” xəbərlər yaymaq ittihamı ilə 10 ilə qədər həbs gözləyir.

Toplum TV “Meduza” saytının İlya Yaşindən müsahibəsini ixtisarla təqdim edir.

Xaricə getmədiyinə görə indi peşmansanmı?

Əksinə, hər şeyi doğru etdiyimə əmin oldum. Hərçənd, gizlətməyəcəyəm: həbsdəki ilk ayda şübhələr əzab verirdi. Zindana adaptasiya heç kəs üçün asan deyil. Səhər oyanırsan,  barmaqlıqları, boz divarları görürsən və deyirsən ki, mənim burada nə işim var? Kimə və nəyi sübut etməyə çalışıram?

Bilet alıb təyyarəyə oturmağım və Rusiyanı tərk etməyim kimi alternativ reallığı xəyalımda dəfələrlə canlandırmışam. İçimdəki duyğularıma səs verib anlamışam ki, xaricdə mənəvi cəhətdən sınardım. Hər gün özümə bəraət axtarardım, əsəbləşərdim, öz qorxaqlığıma nifrət edərdim və psixoloji cəhətdən tamamilə darmadağın olardım. Axırda mənə aydın oldu ki, həmin alternativ reallıq mənim üçün mövcud deyil.

https://toplum.tv/dunya/qorxmaq-ucun-artiq-gecdir-rusiyada-qadinlar-muharibeye-qarsi-teskilatlanir

Əlbəttə, zindandakı təcrid və məişət şəraiti gərginlik doğurur. Kurort deyil. Amma bu sınağın öhdəsindən gəlmək üçün özümdə güc tapmaq mənim üçün daha asandır, nəinki mühacirətdə özünə yazığın gəlmək və haqq qazandırmaq. Zərbəyə dözmək psixoloji cəhətdən daha rahatdır, nəinki davadan qaçmaq.

Həbsə hazırlaşmışdınmı? Etibarnamə hazırladın, mənzili satdınmı?

 Jutnalistlərin “hərbi senzura qanunu” dedikləri Cinayət Məcəlləsinə dəyişikliklər paketini Putin imzalayan günün sabahısı, əslində, həbsə hazırlaşdım. Dövlətin mesajı yetərincə aydın idi: ya ağzınızı yumun, ya rədd olun, ya da həbsə gedəcəksiniz. Susmaq və getmək fikrində deyildim, buna görə də rasional davranmaq qərarına gəldim: bir vərəq götürdüm və ardımca gələnə qədər etməli olduğum işlərin siyahısını tutdum. Notariusda etibarnamə tərtib etmək, krediti bağlamaq, vəkil komandası tutmaq... Edə-edə qarşılarına quş qoyurdum.

Məsələn, çox şadam ki, səhhətimi qaydaya saldım. Həbsxana stomataloquna hər gedişdən sonra kamera yoldaşımın necə əziyyət çəkdiyinə baxıram və deyirəm, nə yaxşı, dişlərimi əvvəlcədən müalicə etdirdim. Ən əsası, qohumlarımı və dostlarımı öz həbsimə mənəvi cəhətdən hazırladım (bunu bacarmaq nə qədər mümkünsə). Yaxınlarıma da çox minnətdaram ki, bu qərarımı qəbul etdilər. Başa düşürəm, bu həbs anam üçün daha ağırdır, nəinki mənim özüm üçün. Buna baxmayaraq, özünü dəyanətli aparır və atamla birlikdə məni dəstəkləyir. Valideynlərin səni sevmələri ilə yanaşı, həm də hörmət etmələri böyük xoşbəxtlikdir.

Mənzilə gəlincə, onu satmaq heç ağlıma da gəlməyib. Niyə satım? Axı mən heç yerə getməyə hazırlaşmıram. Həbsdən isə, ümid edirəm, nə vaxtsa çıxaram.

Təcridxanada hansı şəraitdə saxlanılırsan?

Butırka həbsxanasının spesifik reputasiyası var. Hələ çar dövründə burada qiyamçıları saxlayırdılar: kameralardan birini, məsələn, Yemelyan Puqaçov tuturdu. Sovet hökuməti buraya çoxsaylı dissidentləri, alimləri, yazıçıları göndərirdi. Sergey Maqnitski də burada həlak olub.

Mənim saxlanma şəraitim isə babatdır. Məhbuslara daha ciddi nəzarət olunan xüsusi blokda saxlayırlar. Kamera balacadır: doqquz kvadrat metri üç qonşu ilə bölüşürəm. Amma, heç olmasa, öz çarpayım var. Butırkanın ümumi bloklarında iyirmi yerlik kameralara otuz dustaq yerləşdirirlər, orada insanlar növbə ilə otururlar.

Günlər rutin keçir. Səhər yeddiyə yaxın bizi gəzintiyə çıxarırlar. Bəzi gəzinti yerlərində turnik var, idman etmək olar. Sonra kameraların yoxlanışı və səhər yeməyi. Həftədə iki-üç dəfə günün birinci yarısı vəkillərim gəlir. Qalan vaxtımı isə, bir qayda olaraq, qiraət və ya işləməklə keçirirəm. Əsasən yazıram: sosial şəbəkələr üçün mətnlər hazırlayıram, böyük həcmdə gələn məktublara cavab yazıram, jurnalistlərlə yazışıram.

Elə bil, həbsxanada vaxt çox tez keçir. Günlər bir-birinə oxşayır. Oyanırsan, dərindən nəfəs alırsan və artıq gecədir. Məişət isə... Şərait elə də komfortlu deyil, amma Rusiyada bəzi siyasi məhbusların necə ağır şəraitdə oturduqlarını bilirəm. Ona görə də şikayətlənmək günahdır.

İndi ən çox nəyə görə təəssüflənirsən?

Öz sadəlövhlüyümə görə təəssüflənirəm. Mən və silahdaşlarım bütün bu vaxt ərzində illüziyalarla yaşayırdıq və inanırdıq ki, sivil metodlarla Putin sistemini fundamental şəkildə dəyişmək mümkündür. Bu petisiyanın altında milyon imza toplayacağıq. Beş yüz bələdiyyə deputatı seçəcəyik. Mitinq, ya da təkadamlıq piketlər keçirəcəyik. Məqalə yazacağıq, çarx çəkəcəyik, hamıya aydın dillə hər şeyi izah edəcəyik. Bir qədər də sıxacağıq və Putin qaçacaq, “azadlıq bizi kandarda sevincək qarşılayacaq”.

Nemtsovun dediyi kimi, hər bir tarixi mərhələdə biz bu adamın dəliliyini anlamırdıq və ona görə uduzurduq. O, mitinqlərə adamları küçələrdə kötəkləməklə və həbslərlə cavab verirdi. Nemtsovun və Navalnının korrupsiya əleyhinə araşdırmalarının nəticəsi qətl və qəsdlər olurdu. Hakimiyyətin dəyişməsi tələbinə isə qanlı müharibə ilə cavab verdi.

Digər tərəfdən də özümdən soruşuram: biz başqa nə edə bilərdik ki? Ondan artıq dəli olmaq? Yandırmaq, partlatmaq, öldürmək? Amma bu, mümkün deyil, biz başqa xəmirdən yoğrulmuşuq.Onu bilirəm ki, get-gedə güclənən diktatura şəraitində edə biləcəyimi ləyaqətlə və ardıcıl etmişəm. Amma, doğrudan, çox təəssüf edirəm ki, etdiklərim istənilən nəticəni vermədi və mənim ölkəm qan və kirdən ibarət dəhşətli qatışığa yuvarlandı.

Bir çox politoloqlar və siyasətçilər deyirlər ki, rusiyalı siyasətçinin siyasətçi kimi qalması üçün Rusiyada qalması lazımdır. Həbsdə olmaq həbsdə olmamaqdan və hər hansı fəaliyyət göstərməkdən niyə yaxşıdır ki?

Zindanda olmaqda yaxşı bir şey yoxdur. Əmin ol ki, mən buna can atmırdım. Yəqin, Rusiyanın hüdudlarından kənarda da siyasətçi kimi qalmaq mümkündür. Kimdəsə alınır, hərçənd, bu, çox çətindir. Mən belə ola bilməzdim. Öz ölkəmi hiss etmək üçün bu torpağın üzərində dayanmalı və bu hava ilə nəfəs almalıyam. Bu, mənim tələbatımdır.

https://toplum.tv/dunya/duqin-onu-kremlin-beyni-adlandirirlar-putine-tesiri-ne-vaxtdan-baslayib

Amma açıq deyim, bəzi gedən həmkarlarıma baxırdım və özümü onların yerində təsəvvür edirdim. Avropanın hansısa studiyasında videolar çəkdirərdim, kafedə jurnalistlərlə görüşərdim və fransız bulkası xırçıldadardım, mühacir konfranslarında çıxış edərdim. Bunları düşünəndə ödüm ağzıma gəlirdi, çünki bilirəm: mənim yerim Rusiyadadır. Evim və yaxınlarım, tərəfdarlarım və seçicilərim, mənə əziz olan hər şey buradadır.

Mən öz ölkəmdə yaşamaq hüququmu müdafiə edirəm, həbsxana isə bunun üçün ödədiyim bədəldir. Anlayıram, çoxlarına mənim seçimim qəribə gəlir. Bunu heç kəsə də təlqin etmirəm. Amma doğrudan da Rusiyanı sevirəm. Qaçdığımı və geriyə dönə bilməyəcəyimi dərk etmək mənim üçün pis olardı.

*

İlya Yaşin 2012-2016-cı illərdə PARNAS partiyasına rəhbərlik edib. 2017-ci ildə Moskvanın Krasnoselski rayonunun bələdiyyə deputatı seçilib.

Yaşin 2005-ci ildə “Oborona” gənclər hərəkatını, daha sonra isə “Solidarnost” siyasi hərəkatını qurub və hələ də onun liderlərindən biridir. O, həmçinin "Müxaliflərin Yürüşləri"nin və 2011-2013 Rusiya etirazlarının fəal iştirakçısı olub.

2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra Yaşin, tənqidi fəaliyyətini davam etdirdiyinə görə həbs olunub. O, Rusiyanın yeni müharibə senzurası qanunlarına əsasən, Silahlı Qüvvələr haqqında saxta xəbərlər yaymaqda günahlandırılır.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Məhkəmə Donald Trampı dələduzluqda təqsirli bilib

Toplum TV
27 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Sentyabrın 26-da Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı və ailəsini dələduzluqda təqsirli bilib.  Toplum TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.  Məhkəmənin hakimi Artur Enqoron Trampın öz aktivlərinin dəyərini qanunsuz olaraq artırdığını bildirib.  2022-ci ilin sentyabrında Nyu-Yorkun baş prokuroru Letitiya Ceyms Trampa qarşı iddia qaldırarkən onu dələduzluqda ittiham etmişdi. Onun sözlərinə görə, Trampın əsas şirkəti olan "The Trump Organization" on il ərzində maliyyə orqanlarından bank müavinətləri almaq üçün öz aktivlərinin dəyəri barədə yalan informasiya verib. https://toplum.tv/dunya/pbayden-ukraynaya-325-milyon-dollarliq-yeni-herbi-yardim-elan-edibp Medianın məlumatına görə, sentyabrın 26-da çıxarılan məhkəmə qərarı dövlət vəkili Letitiya Ceymsin mülki iddiası üzrə yekun qərar deyil, işə baxılması oktyabrın...
Dünya

ABŞ Polşaya 2 milyard dollar kredit verəcək

Toplum TV
26 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

ABŞ Polşa ordusunun modernləşdirilməsinə dəstək olmaq üçün 2 milyard dollarlıq kredit verəcək. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 26-ı ABŞ Dövlət Departamenti bəyanat yayıb. Bəyanata əsasən, "Xarici Hərbi Maliyyələşdirmə" (FMF) proqramı çərçivəsində ABŞ və Polşa arasında NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün 2 milyard dollarlıq birbaşa kredit müqaviləsinin imzalandığı bildirilib. https://toplum.tv/dunya/ppolsanin-bas-naziri-ukrayna-ile-muumlnasibetler-ccediletin-veziyyetdedirp Departamentin açıqlamasına görə, müqavilə əsasında Polşa ordusunda istifadə olunan Rusiya istehsalı köhnə hərbi texnikaların sıradan çıxarılması planlaşdırlır. Bildirək ki, Varşava bu il müdafiə xərclərini ÜDM-nin 4%-dək artırmağı planlaşdırıb. Bu ötən illə müqayisədə 2 dəfə çoxdur.

Seçilmiş Videolar

Toplum TV loqo