Schroders
Artıq altı aydır ki, Rusiya ən çox sanksiyaya məruz qalmış dövlətlərin siyahısına başçılıq edir. Müharibənin başlamasından dərhal sonra bir çox nüfuzlu iqtisadçılar deyirdilər ki, qoyulan məhdudiyyətlər artıq yaxın aylarda Rusiya iqtisadiyyatının dərin böhranına və hətta çöküşünə səbəb olacaq. Amma, ən azı, bu, baş verməyib. “Meduza” sanksiyaların təsiri və gələcəkdə rusiyalıları nə gözləməsi barədə ekspertlərlə danışıb.
Toplum TV materialı təqdim edir:
Ruben Yenikolopov - Rusiya İqtisadiyyat Məktəbinin keçmiş rektoru, professor
Prezident Administrasiyası və hökumət gizlətməyə çalışsa da, sanksiyalar ağrılı zərbə endirib. Onların bir çoxunun uzunmüddətli effekti var. Düşünürəm ki, sanksiyaların təsiri gələn ilin əvvəlində daha gözəçarpan olacaq və bu, bir neçə il davam edəcək.
İndi Rusiyada iqtisadiyyatın bəsitləşməsi prosesi gedir, hər şeyin – xidmətin, əmtəənin, istehsalın – keyfiyyəti aşağı düşür. Bunun necə aradan qaldırılacağı yaxın illərin üfüqündə görünmür.
İdxalın Çin, Hindistan və bu kimi ölkələrdən gələcəyinə ümid var, əlbəttə, amma anlamaq lazımdır ki, bu, bizi keyfiyyətcə xeyli geriyə atır. Həlledici olan istehsal vasitələrinin idxalıdır. Zavoda ehtiyat hissələr lazımdır, onları almaq isə çətindir. İndi, nə qədər ki, kütləvi xarakter almayıb, bu həlli mümkün problemdir. Hələ ki, zavodlar işləyir, avadanlıqlar sınmayıb. Amma korlanma səbəbindən - bu da nomal haldır – bir çox avadanlıqlar sıradan çıxanda, bunu kompensasiya etmək, çox güman, mümkün olmayacaq. Onları Çin alternativləri ilə dəyişmək olmaz, çünki başqa texnologiyalardır.
Bu kontekstdə müzakirə edilən ən qabarıq mövzu yəqin ki, təyyarələrdir. Onları hələlik ehtiyat hissələrinə parçalamırlar, amma hazırlaşırlar. Bu, ayfonların yoxa çıxması kimi nəzərəçarpacaq hal deyil, amma effekti daha güclü olacaq.
Buna görə bəzi istehsallar dayanacaq, mal istehsalı azalacaq. Müvafiq olaraq, təklif baxımından bəzi problemlər yaranacaq. Əgər biz istehlak mallarından danışırıqsa, keyfiyyətin və seçimin azalması artıq baş verir.
Şübhələnirəm ki, əhalinin çox hissəsi bunu heç dərk etməyəcək. Sovet İttifaqında olduğu kimi: hamı kolbasanın iki-üç növü ilə yaşayırdı və yalnız xarici səfərlərə gedəndə anlayırdı ki, 50 növ ola bilər. Elə bil, hər şey normaldır, amma başqalarının malik olduqlarına baxanda anlayırsan ki, digər ölkələr üçün norma olan şeylərdən məhrumsan.
Kim ki dünya iqtisadiyyatına daha çox inteqrasiya edib, sanksiyalardan zərəri də daha çox o görür. Başqa sözlə, Rusiyanın ən qabaqcıl sahələri və ən zəngin vətəndaşları. Əgər siz Rusiyanın əyalətində yaşayırsınızsa, həmin xarici məhsullar sizdə, çox güman, heç olmayıb, çünki onu özünüzə rəva görə bilməzsiniz. Ona görə də siz heç nə hiss etmirsiniz, hə, qiymətlər qalxıb, olsun. Əgər Moskvada və ya Piterdə yaşayırsınızsa, siz yaxşı seçimə, smartfonlara, geyimə, yeməyə və s. alışmısınız, burada insanlar sanksiyaların effektini hiss edirlər.
Sanksiyaların effekti qurbağanı suda qaynatmaq kimidir: elə görünə bilər ki, hər şey normaldır, amma uzun prosesdir. Dəyişikliklər asta-asta həyata keçəndə insanlar onlara elə də kəskin reaksiya vermirlər, hərçənd planlaşdırmanın daha uzaq üfüqündə dəyişikliklərin dəhşətli olduğunu və Rusiya iqtisadiyyatının aparıcı ölkələrdən nə qədər ümidsizcə geri qalmasını görürük.
Müharibə başlayandan sonra hesab edirdik ki, gürzə ilə rastlaşmışıq və Rusiya iqtisadiyyatı zəhərdən tezliklə öləcək, əslində isə boanın qucağına düşmüşük və o, bizi asta-asta boğur. Sonu oxşardır, amma proses fərqlidir.
Aydındır, bu vəziyyətdə də yaşamaq olar, hətta Venesuela da birtəhər yaşayır. Biz, əlbəttə, Venesuela deyilik, İrana yaxınıq. Ortabab, heç nə əvvəl olduğu qədər yaxşı olmayacaq. Amma həyatda qalmaq, özü də yetərincə uzun müddət qalmaq, əlbəttə, mümkündür.
Aleksandr İsakov - “Bloomberg Economics”in Rusiya, Mərkəzi və Şərqi Avropa üzrə iqtisadçısı
Sanksiyaların effekti 2014-2015-ci ildəki ilk böyük məhdudiyyətlər dalğasındakı kimi oldu. Həm də Cənubi Afrika və ya İran kimi başqa ölkələrə tətbiq edilən maliyyə sanksiyaları kimi. Bunlar struktur inkişafı ləngidir, amma sağlam balansı, az borcu və müsbət cari hesabı olan dövlət üçün prinsipcə gözlənilməzlik effekti yaratmırlar.
Publikanın tanıdığı iqtisadçıların çoxu böyük bank böhranı gözləyirdilər, çünki onlar peşəkar cəhətdən 1990-cı illərdə - 2000-ci illərin əvvəllərində formalaşıblar. Onlar banklar arasında etimadın itəcəyini, banklararası bazarın və kreditləşmənin dayanacağını gözləyirdilər. Onların əsas hipotezi ondan ibarət idi ki, maliyyə sektoru dayanacaq və bu fonda bütün qalan iqtisadiyyat çökəcək.
Aydın oldu ki, bu ehtimal doğru deyil: bank sektorunun təmizlənməsi və Mərkəzi Bankın maliyyə sabitliyi adlandırdığı şey – fiziki şəxslər üçün üzən faiz dərəcələri ilə kreditləşmənin məhdudlaşdırılması – etimadın itməməsinə səbəb oldu.
Biz 2013-2019-cu illərdə çox düzgün addımlar atdıq: bu dövrdə zəif oyunçular bank sektorundan getdilər, elə onların bank biznes-modelləri də. Bundan əlavə, biz 2018-ci ildə eksrou hesab sisteminə keçdik.
Bank sektorunun sabitliyi üçün bu böyük şeydir. O, bir müddət öz kapitalını bərpa etməli olacaq, amma banklar üçün ən pis olanı arxada qalıb.
Yevgeni Nadorşin - “PF Kapital” konsaltinq şirkətinin əsas iqtisadçısı, RF-nın iqtisadi inkişaf nazirinin keçmiş müşaviri
Neft və və neft məhsullarına aid sanksiyalar, ola bilər, 2022-2023-cü illər kəsişməsində öz sözünü desin. Buna görə də mən istehlakın azalmasının əsas nöqtəsinin arxada qalması və ÜMD azalmasının bu il üç faiz təşkil edəcəyi barədə nikbin şərhlərini bölüşmürəm.
Zənnimcə, hadisələrin inkişaf ssenrailərinin heç birində 2023 artım ili ola bilməz. Azalma da cüzi olmayacaq, əgər ÜDM azalması bu il üç faiz olacaqsa, 2023-cü ildə daha çox olacaq.
İndiki məqamda xarici biznesin Rusiyadan gedişi ilə bağlı işsizlik reallaşdırılmayıb. Məsələn, “Ericsson” və “Nokia” gedişlərini ilin sonuna qədər uzatmaq fikrindədirlər, üstəlik, gedişin nə qədər tam olacağı da aydın deyil. Gedən şirkətlərin əməkdaşlarının çoxu ya yarımçıq məşğuldurlar, ya da haqqı ödənilən məzuniyyətdədirlər.
Bundan əlavə, artmayan işsizliyin bir hissəsi “xüsusi əməliyyat”a cəlb olunan könüllülərlə bağlıdır. Bu adamlar Müdafiə Nazirliyi ilə müqavilə imzalayır və məşğul sayılırlar. Covid ölümləri də heç yerə getməyib. Bu insanların əksəriyyəti əmək qabiliyyətlidir, bu da da işsizliyi ixtisara salır, çünki onların yerinə başqasını işə götürürlər.
Mən malların ixracı ilə bağlı vəziyyətin pisləşəcəyini görürəm. İdxal gözlənildiyindən pis bərpa olunur, daxili bazarda malların çeşidi ilə bağlı problem var. Lokal qiymətlər olduqca yüksəkdir.
İkinci məqam: əgər məmulatın içində alıcının özünün istehsal etmədiyi və necə rəftar edəcəyini bilmədiyi komponentlər varsa, heç kəs də təminat verməyibsə, problemlər ola bilər. Nə isə sıradan çıxacaq, sən də bilməyəcəksən hansı səbəbdən.
İdxalın əvəzlənməsinə gəldikdə isə bu sahədə prosesi Mərkəzi Bank təsvir edib. Bankın 2015-ci ilə, ya da 2016-cı ilə aid sənədlərinin birində təxminən belə deyilirdi: idxalın əvəzlənməsinin getmədiyini söyləmək olmaz, amma onun Rusiya iqtisadiyyatında işgüzar fəallığa önəmli təsir göstərdiyini də söyləmək olmaz.
İdxalın əvəzlənməsi ilə bağlı layihələrin əksəriyyətinin çox da inamlı irəliləmədiyini nəzərə alsaq, keçən altı ay ərzində nəyisə gerçəkdən dəyişəcək qədər sürətlənməsini gözləmək, mənə elə gəlir, ağlabatan deyildi. Bu dövr ərzində idxalı əvəzləmək üçün hər hansı layihə ilə bağlı mənə heç nə məlum deyil.
Bəzi şeyləri bilirik, məsələn car çəkiblər ki, Bauman universitetində neon qazı – onun idxalı “xüsusi əməliyyat” üzündən dayandırılıb, bu da lojistik və istehsal zəncirini darmadağın edib - hasilatını təşkil edə biliblər. Ümumən isə mən inanmıram ki, yarımil ərzində mürəkkəb məsələlər, hətta orta səviyyəli texnologiyalar istiqamətində nəsə etmək mümkündür.
Oleq İtshoki - Kaliforniya Universitetinin iqtisadiyyat professsoru
Kədərlidir, amma görünən odur ki, həqiqi iqtisadi sanksiyalar tətbiq etməkdənsə, Uraynaya hərbi yardım göstərmək daha asandır. ABŞ Avropanın neft və qazdan imtinası üçün ciddi basqı etməməyi qərara aldı. Qorxdular ki, əgər Rusiya neftindən birdən imtina edilərsə, neftin qiyməti barrelə görə 200 dollara qalxa bilər. Orada Avropa iqtisadiyyatının hansısa sarsıntılar yaşamasını istəmirdilər.
İqtisadçıların nöqteyi-nəzərinə görə, bu, böyük səhvdir. İlk növbədə Fransa və Almaniya iqtisadçıları arasında az-çox yekdil bir rəy var idi ki, neft və qaz sanksiyaları dərhal, martda tətbiq edilməli idi. Bu, Rusiyadakı iqtisadi vəziyyəti kökündən dəyişərdi.
Enerji sanksiyalarının martda tətbiqi Avropa ölkələri üçün problemlər yaradacaqdı, amma iqtisadçıların fikrincə, bu problemlər altı aydır davam edən savaşın yaratdığı problemlərdən daha az olardı. Lakin Avropadakı sənaye lobbisi iqtisadçıların fikrindən güclü çıxdı. Buna görə də belə alındı ki, tam iqtisadi sanksiyalar tətbiq edilmədi, əksinə, Rusiya mart-apreldə neft və qaz ixracından rekord gəlirlər əldə etdi. Bu da qızıl-valyuta ehtiyatlarının dondurulmasına baxmayaraq, büdcə üçün maliyyə yastığı yaratdı.
İndiki məqamda sanksiyaların mahiyyəti Rusiyanın dövlət büdcəsinin müharibəni maliyyələşdirməsini qeyri-mümkün etməkdir. Artıq indi ilin yekunlarında büdcə defisitinin yaşanacağı və bunun Milli Rifah Fondundan tərəfindən kompensasiya ediləcəyi proqnoz verilir. Həmin defisitin miqyası və MRF-dan artıq nə qədər istifadə olunduğu sona qədər aydın deyil.
https://toplum.tv/dunya/ukraynalilar-kiyev-ugrunda-doyusde-nece-qalib-geldiler
Əhalinin nominal gəlirləri 1% aşağı düşüb. Bu, elə də çox deyil, amma həyat səviyyəsi 14% bahalaşıb. Bu mənada iqtisadiyyatın birinci yarımildə tənəzzülünün 5 faizdən bir qədər az olduğunu nəzərə alanda belə, həyat səviyyəsinin düşməsi xeyli daha çoxdur – 14-15% həddində.
Rusiya iqtisadiyyatının 10 il ərzində böyüməsi altı ay ərzində itirildi. Burada iki ssenaridən hərəkət etmək olar. Birincisi, Rusiyanın yaxın gələcək üçün resursları var, bu zaman staqnasiya ssenarisi reallaşır. İkinci variant – resurslar müharibənin ilk altı ayı ərzində gördüklərimizdən xeyli azdır. O zaman sual yaranır: əgər dövlət iqtisadiyyatı dəstəkləmirsə, bu, işsizliyin böhran həddində artmasına səbəb olurmu?
Yaxın gələcəkdə kimsə kəskin böhranın birdən baş verəcəyini gözləmir. Hətta Avropa Rusiya neftinin və qazının alışından imtina etsə, Moskva onları Hindistana, Çinə, İndoneziyaya satacaq. Yəqin, təchizat həcmlərində itkilər olacaq, amma əvəzləmə əsasən baş verəcək.
ABŞ-ın maliyyə nazirliyinin məqsədi belə idi ki, dünya bazarında enerji təchizatı kəskin azalmasın, enerjidaşıyıcıları dünyanın başqa yerlərində başqa müştərilər tərəfindən alınsın (bu da Rusiyaya az sərfəli olsun). Məsələn, Hindistan Rusiya neftini endirimlə alır, təxminən bir barrel 25-30 dollara. Əsas sual: endirimlər dünya qiymətləri ilə müqayisədə nə qədər əhəmiyyətli olacaq.
Ekspertlərin fikrincə, müharibənin bir günü Rusiyaya 500 milyon dollara başa gəlir, bu da həmin dövrdə Rusiyanın Avropaya enerji ixracından hər gün qazandığı məbləğdir. Belə çıxır ki, Avropa Rusiyanın müharibə xərclərini ödəyirdi. Bunun daha baş verməyəcəyi aydındır: həmin gəlirlər aşağı düşür və həmin miqyasda müharibəni maliyyələşdirmək sadəcə mümkün olmayacaq.
Rus dilindən tərcümə etdi: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial media
Açıq mənbələrdən götürülüb