Flikr
Rusiya ilə Qərb ölkələri arasında konstruktiv əməkdaşlıq dövrü geri dönüş nöqtəsini keçib - Ukrayna böhranının nəticəsindən asılı olmayaraq, əməkdaşlığın əvvəlki səviyyəsinə qayıtmaq mümkün deyil.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xarici siyasətin planlaşdırılması şöbəsinin müdiri Aleksey Drobinin “International Affairs” jurnalı üçün yazdığı məqalədə bildirilib.
“Xüsusi Əməliyyatın (Rusiya Federasiyasının Ukraynadakı müharibəsi - red.) müddətindən və nəticəsindən asılı olmayaraq, artıq demək olar ki, Qərblə problemli olsa da, ümumən konstruktiv olan münüasibətlər sağalmaz şəkildə sona çatıb”, - Drobinin yazıb.
https://toplum.tv/dunya/latviya-rusiyani-terrorizmi-destekleyen-olke-kimi-tanidi
Diplomat qeyd edib ki, hazırda Rusiya ABŞ və onun müttəfiqləri ilə hibrid qarşıdurmanın kəskin mərhələsindədir. Onun sözlərinə görə, düşmənin məqsədi “Moskvanı birdəfəlik geosiyasi rəqib kimi sıradan çıxarmaqdır”.
Xatırlatma
Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb.
Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.
Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları - "Donbas Xalq Respublikası"nı və Luqansk Xalq Respublikasını" rəsmən tanıyıb.
Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.
Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir.
Açıq mənbələrdən götürülüb
РИА Новости