Dünya

Rusiyaya müharibə nə üçün lazımdır?

20 İyul, 2022
1629

Açıq mənbələrdən götürülüb

Toplum TV müəllif Sergey Medvedevin Rusiyanın Ukraynadakı işğalçılığı müharibəsi haqqında “Müharibə milli ideya kimi” adlı məqaləsini azərbaycan dilində təqdim edir. Yazının orijinalı “Radio Svoboda”da rus dilində yayımlanıb.

1.

Rusiyada ən sevimli idman növlərindən biri milli ideya axtarışıdır. Son otuz ildə bu rola demokratiya və bazar iqtisadiyyatı, “sivil millətlər cəmiyyətinə üzv olmaq”, ÜDM-nin artımı və adambaşına düşən gəlirə görə Portuqaliyaya çatmaq, suveren demokratiya quruculuğu, enerji fövqəldövləti, Krımın ilhaqı və “Rus dünyası”nın bərpası iddia edib. 2022-ci ildə otuz illik axtarışlar başa çatdı, postsovet tranzitinin quraq səhrasında sərgərdanlıq sonrası Rusiya özünün milli ideyasını tapdı və bu ideya müharibədir.

O qədər sadə və aydın fikirdir ki, Vladimir Putinə buna görə xüsusi dövlət mükafatı və ya orden vermək lazımdır, eləsini ki, hələ yoxudur. Sanki bütün ictimai ziddiyyətlər və elita çəkişmələri birdən ortadan qalxdı və Rusiya asudə nəfəs alaraq özünün ənənəvi anatomik formasını aldı, tarixin onun üçün müəyyən etdiyi ekoloji dəliyi tutdu. Müharibə televizor ekranlarından və teleqram-kanallarından sel kimi axır, şəhər bilbordlarını və avtobus dayanacaqlarındakı “siti-format”ları doldurur, burada dezodarant reklamı əvəzinə Ukraynaya təcavüzün naməlum “qəhrəman”ları yer alır, siniflərdəki uşaqlar əsgərlərə məktub yazır və cəbhəyə bağlamalar göndərirlər, məzunların həlak olduqları məktəblərdə “qəhrəmanlar partası” qoyulur.  Əyalətlərə (itkilər xəritəsində Moskva və Peterburq demək olar ki, yoxdur) ənənə üzrə qara kağızlar, ardınca “yük 200” ilə sink yeşiklər yollanır, dəfnlərdə qadınlar dəsmallarını isladır, kişilər kənarda siqaret çəkir, hərbi komissar isə əzbərlədiyi ifadələri deyir və sıraları doldurmağa çağırır. Hər şey hərbi filmlərdə, ailə rəvayətlərində olduğu kimidir: babalar döyüşüb, atalar döyüşüb, biz də döyüşəcəyik. Sanki bütün bu illər ərzində Rusiya əzabla özünün ənənəvi mövcudiyyət üsulunu axtarırdı və nəhayət, tapdı.  Hakimiyyətlə cəmiyyətin harmoniyası baş verdi və uzaq Buryatiya sakini beş min kilometr məsafədə yerləşən Ukraynada həlak olan desantçı qohumunun cəsədini ona gətirdiyinə görə ağlaya-ağlaya dövlətə minnətdarlıq edir: “Nahaq yerə demirlər ki, biz özümüzünküləri atmırıq”.

https://toplum.tv/dunya/ruslarin-ukraynalilara-yazigi-gelmek-huququ-yoxdur

Ümumiyyətlə götürsək, müharibə Rusiya cəmiyyətinin baza ontologiyasıdır, rus insanının optikasıdır. Repressiv mütəmləkəçi dövlətin tükənməz təbii resurs kimi baxdığı əhali ilə çoxəsrlik müharibəsi və insanın dövlətlə cavab müharibəsi, aldatmaq və oğurlamaq cəhdi, Yuri Levadaya görə “hiyləgər insan”ın yaranması. Bölünmüş, atomlaşmış və acıqlı cəmiyyətdə insanlar arasında müharibə. Sosiumun bütün institutlarında müharibə, polisdə və həbsxanada, məktəbdə və ailədə, kişinin qadına və böyüklərin uşaqlara qarşı patriarxal müharibəsi; mərkəzin ucqarlarla müharibəsi və İmperiyanın müstəmləkələrlə müharibəsi. Rus cəmiyyətinin ən yaxşı metaforası – özündə fasiləsiz müharibələri ehtiva edən Rusiya yollarıdır. Rusiya trafiki avtomobilin A nöqtəsindən B nöqtəsinə hərəkəti deyil, fasiləsiz şəkildə statusunu müəyyənləşdirilməsi və “sən kimsən?” əbədi rus sualına cavab axtarışıdır.

Təntənəli paradlarla (2008-ci il mayın 9-da son 20 il ərzində hərbi texnika ilk dəfə Qırmızı meydana qayıtdı və üç ay sonra tanklar Gürcüstana girdilər), Georgi lentləri və iyrənc “Təkrar edə bilərik” stikerli isterik Qələbə kultu ilə, gimnastyorkada və raket qurğuları şəklində kolyaskalardakı uşaqlarla, tank biatlonu ilə, Mixail Kalaşnikova (daha doğrusu, Rusiyanın dünya sivilizasiyasına az qala yeganə töhfəsi kimi tanınan avtomatına) təmtəraqlı abidə ilə, Adolf Hitlerin furajkasının yadigar kimi saxlanıldığı Hərbi qüvvələr məbədi ilə yadda qalan Putin hakimiyyəti boyu Rusiya müharibəyə doğru gedirdi. Vladimir Medinskinin və onun Hərbi-tarix cəmiyyətinin səyləri nəticəsndə hərb tarixi əsas tarixi janra çevrilib. Militarizm dövlət ideologiyasına çevrilib, müharibə millətin təxəyyülünü zəbt edib, Çexov tüfəngi bütün divarlardan asılıb, biz isə bütün bunları postmodern oyun və siyasi teatr hesab edərək ciddi qəbul etməkdən israrla boyun qaçırırıq.

Əslində isə Kreml ən azı 15 ildir, 2007-ci ildən böyük müharibəyə hazırlaşır. Həmin il Təhlükəsizlik üzrə Münhen konfransında Putin dünya düzənini dəyişmək üçün Rusiyanın planlarını açıqladı və bu, Qərb üçün soyuq duş oldu. Bu gün müharibə Putin rejimi üçün əsas siyasi texnologiyadır, 2020-2024-cü illər hakimiyyət tranziti dövründə legitimlik əsasıdır, iqtisadiyyatın mobilizasiyası və azalan resursların bölüşdürülməsi vasitəsidir.  Demokratiyanı və Konstitusiyanı qətlə yetirəndən sonra o, yalnız Şmitt “fövqəladə vəziyyəti”nin köməyi ilə idarə etməyə qadirdir, bu da “rəngli inqilablar”la mübarizə, Krımın ilhaqı, kovidlə savaş və ya Ukraynada müharibə ola bilər.

2.

Fevralın 24-də, kinayə ilə Vətən müdafiəçisi günü adlanan Qırmızı/Sovet ordusu günündən sonra Rusiya Ukrayna ərazisinə təcavüzə başladı, tezliklə bu təcavüz istifadə edilən hərbi qüvvələrin miqdarına, əhatə dairəsinə və qaçqınların sayına görə İkinci dünya müharibəsindən sonra Avropada ən böyük hərbi konfliktə çevrildi. Ukraynada müharibə Rusiyanın postsovet otuzilliklə, dünya bazarı və beynəlxalq institutlarla qəti üzlüşməsi oldu, ölkəni misli görünməyən sanksiyalara məruz qoydu, qlobal izqoya çevirdi, amma daxildə heyrətamiz şəkildə  ictimai və siyasi təbəddülatlar yaratmadı. Əhalinin əksəriyyəti müharibəni təbii qarşıladı, bıçaq yağa girən kimi ona daxil oldu, köhnə ata şineli kimi əyninə keçirdi.

Təbliğat dəyirmanı effektlə işə düşdü, dünya, adəti üzrə “doğma” və “yad”lara bölündü, əhalinin əzici çoxluğu ritorik bəraət sistemi qurdu, özü üçün komfortlu psixoloji kontur – bir növ, yaşamaq və fəaliyyət göstərməyin mümkün olduğu qabıq – yaratdı. Müharibə normallaşdı, gündəlik həyata, gündəlik xəbərlər məcmusuna çevrildi və əhali ona dövlət tələbatı kimi yanaşır, bunu isə Rusiyada tənqid etmirlər, rəhbərlik bilir, nə edir. Müharibənin əleyhinə çıxan azlıq isə parakəndə və səssizdir, narazıları ölkədən sıxışdırıb çıxarmaq siyasəti ilə öz etirazını bildirməyə cəsarət edənlərə qarşı şiddətli repressiyalar öz nəticələri göstərir: müharibə əleyhinə etiraz marginallaşıb, boğulub və ən azı indiki dövrdə siyasi sabitliyi pozmağa qadir deyil.

Bundan əlavə, müharibə, qısa müddətli də olsa, Putin rejiminin, elitaların və əhalinin toplanış yeri, “həqiqət anı”, Rusiya identikliyinin yeni lövbəri sayılır. Xarici məhsulların və komplektləşdiricilərin çatışmamasına, qiymətlərin artmasına və istehsalın dayanmasına baxmayaraq, əhalinin xeyli hissəsi xarici aləmlə qarşıdurma şəraitində milli həmrəylik duyğusu yaşayır, siyasi və biznes elitanın bir hissəsi isə idarəçilik problemləri qarşısında entuziazm hiss edir. Aydındır ki, bu, uzunmüddətli trendlər deyil, pisləşən iqtisadi konyunktura gec-tez narazılıqları artıracaq, amma hazırkı məqamda belə vəziyyət Kremlə siyasi dəstək, hakimiyyət tranziti üçün legitimlik və savadı davam etdirməyə mandat verir.

Ermitajın müdiri Mixail Piotrovskini bu yaxınlardakı qalmaqallı müsahibəsi bu yöndə səciyyəvidir. Həmin müsahibədə açıq-aşkar faşist müddəalar yer alır: “Bir tərəfdən müharibə qan və qətllərdir, digər tərəfdən isə insanların özünütəsdiqidir, millətlərin özünütəsdiqidir. Hər kəs özünü təsdiq etmək istəyir və müharibəyə münasibətində də, şübhəsiz, özünü təsdiq edir”. Deməli, Kremlin Ukrayna ilə və az qala bütün dünya ilə müharibəsi Rusiya xalqının özünütəsdiqidir. Bu, Rusiyanın həm bədbəxtliyi, həm də acısıdır: 2022-ci ildə kollektiv özünütəsdiq üçün başqa platdorma tapılmayıb. Ukrayna müharibəsi haqlı tərəfin bütün atributları ilə bəzədilib: kütləvi şüurda intiqam aktı kimi (səkkiz il idi siz harada idiniz?), qlobal ədalətsizliyin və Rusiya ilə dünya arasında fundamental disbalansın aradan qaldırılması, Qərbə çoxdan gözlənilən cavab kimi qəbul olunur. O, “müqəddəs müharibə”yə, əsl rus cihadına çevrilib, hətta elə tabu altına düşüb ki, “müharibə” sözünü ucadan demək qadağandır, buna görə həbs düşür.

3.

Blitskriqin baş tutmaması və müharibənin plan üzrə getməməsi Kreml üçün elə də mühüm deyil. Rusiya həmişə bacarıqsız, əsgərləri və dinc əhali arasında böyük itkilərlə döyüşüb, vasitələrdə həssas olmayıb. Bu müharibənin məqsədi təcili qələbə və Ukraynanın işğalı deyil, müharibənin özüdür. Politoloq Vladimir Pastuxov müsahibəsində dediyi kimi: “Bu müharibənin məqsədi müharibədir. Rusiya rəhbərliyinin tamamilə rasional olan, bizim texnokrat adlandırdıqlarımızda belə bir konsepsiya formalaşıb ki, Rusiya üçün müharibə normal, sağlam və faydalı vəziyyətdir”.

https://toplum.tv/dunya/rusiya-imperiya-cigirinda

Ukrayna məqsəd deyil, bəhanədir, permanent dünya müharibəsi üçün, Rusiyanın həqiqi təyinatı və öz dirçəlişi üçün yeganə ümidi olan “qan içində dünya yanğını”ndan ötrü prelüdiyadır. Özünün əyilmiş komanı düzəltməyəcəksən, bütün kəndi yandıracaqsan ki, küllüyün içində hökmranlıq iddiasında olasan. Həqiqətən də Putin Rusiyası 2022-ci ildə dünyaya müharibədən başqa heç nə təklif edə bilmir. Moskvanın aqressiyası və təcridi ilə son onilliklərin bütün nailiyyətləri sıfırlanıb: aparıcı teatrlar buraxılıb, rejissorlar və rəssamlar ölkədən çıxarılıb,  idman dopinqlə və sanksiyalarla məhv edilib, indi də rusiyalı atletlərə ümumdünya banı qoyulub, XXI əsr dünyasından kənarda qalan elm və texnika deqredasiyaya, primitivləşməyə və piratçılığa məhkumdur, İT və maliyyə texnologiyaları sahəsində yaxşı nə yaradılmışdısa (Yandeks, Sber, Tinkoff), güc strukturlarının nəzarətinə keçir, dövlət tərəfindən mənimsənilir, ya da ölkədən gedir. Əvvəllər Belarusda olduğu kimi son aylarda Rusiyanı onminlərlə proqramçı tərk edir. Bircə atom bombası, qocalan sovet silahı, yoxsullaşan və pul müqabilində döyüşməyə hazır əhali və dünya arenasında Rusiyanın unikal ixtisası kimi təhlükə istehsalı qalır.

Tarix bütöv dövrə vurdu və Putin Rusiyası öz retro-arzusuna çataraq 1980-ci illərin Sovet İttifaqından, sanksiyalar qoyulmuş, tənbəl-tənbəl ətraf aləmə dişlərini qıcayan, müstəmləkə müharibəsində batıb qalan, dostlarını, müttəfiqlərini və nüfuzunun son qalıqlarını itirən qoca imperiyadan heç nə ilə fərqlənmir. Həmin SSRİ artıq yeni bir şey yaratmağa və dünyanı dəyişməyə qadir deyildi, amma korlamaq, təhdid etmək və dağıtmaq üçün yetərincə resursa malik idi və onilliyin sonunda şah-şöhrətsiz öldü.  Bugünkü Rusiya onun qəbirdən xortlamış zombi-kopyasıdır, Reyqanın dediyi, dünyaya müharibədən başqa heç nə verə bilməyən həmin Şər imperiyasıdır. O, bəşəriyyət üçün ölümcül təhlükədir, amma həm də özünü dağıtmaq xüsusiyyətinə malikdir, 40 il əvvəl olduğu o, dünyanı məhv eməmiş özünü məhv edəcək. Karfagen dağıdılmalıdır və o, özünü içəridən dağıdacaq.

Tərcümə: Yadigar Sadıqlı
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo