Sanksiyaların Rusiya kitab bazarına təsiri – “Mədəni mühit deqredasiyaya uğrayacaq”
Açıq mənbələrdən götürülüb
Rusdilli media resursu "Meduza.io" Ukrayna müharibəsi başlayandan sonra Rusiya kitab bazarına, nəşriyyatlarına qoyulan sanksiyaların rus mədəniyyətinə təsiri barədə yazı dərc edib. “Toplum TV” aktuallığını nəzərə alaraq yazını azərbaycan dilinə tərcümədə təqdim edir:
“Martın 5-də Stiven Kinq detektiv əsərlər müəllifi Linvud Barklinin Rusiya nəşriyyatları ilə bütün əməkdaşlığını dayandırması barədə “tvitter”dəki yazısını təkrar paylaşdı və özünün də eyni cür davranacağını əlavə etdi.
Yazıçının kitablarını Rusiyada buraxan AST nəşriyyatı martın 23-də, Ukraynada müharibənin başlamasından bir ay sonra xəbərdarlıq aldı ki, Kinqin “Billi Sammers”i rus oxucusunun oxuya biləcəyi son kitabdır. Köhnə əsərlərin müqavilələri uzadılmayacaq, yeni müqavilələr isə imzalanmayacaq.
Tezliklə Nil Geyman Stiven Kinqdən nümunə götürərək analoji bəyanatla çıxış etdi və başqa yazçıları da buna çağırdı, çox populyar “Tiryək trilogiyası”nın müəllifi Rebekka Kuanq da eyni addımı atdı.
https://toplum.tv/dunya/vladimir-putinin-qaz-oyunlari
Bir neçə həftədən sonra məlum oldu ki, Coan Roulinqin kitabları da Rusiya bazarından gedəcək. “Harri Potter”in elektron versiyalarına olan lisenziya, demək olar, dərhal alındı, kağız məmulatlar isə hələlik satışda qalır, amma müqavilələr uzadılmayacaq. Eləcə də Roulinqin dərci payıza planlaşdırılan, Kormoran Strayk haqqındakı detektivlər silsiləsindən yeni kitabını da görə bilməyəcəyik.
Yazıçıların bütöv bir ölkə ilə əməkdaşlıqdan imtinası fevralın 24-ə kimi daha çox ekzotika idi. Deyəsən, təkcə irland Salli Runi ərəb-İsrail konfliktinə etiraz əlaməti olaraq öz kitablarının ivrit dilinə tərcüməsini qadağan etmişdi, Stiven Kinq və Coan Roulinqə isə İsraildə, Çində, hətta İranda nəşr edilməyə heç nə mane olmurdu.
Ukrayna müharibəsi başlayandan belə təcrübəyə tez-tez rast gəlinir və hətta normaya çevrilir. Belə ki, “Eksmo” nəşriyyatı tərəfindən ilin birinci yarısı üzrə hazırlanan siyahıda Rusiya ilə münasibətlərini donduran onlarla Qərb nəşriyyatı və agentliyi yer alır. Bu zaman bəziləri artıq imzalanmış müqavilələrə əməl edir, çoxu isə hətta bunu da etmir və ümumiyyətlə, əlaqə saxlamırlar. Kitab nəşrində dəmir pərdə aşağı enir, özü də, gözləntilərin əksinə, təşəbbüs Rusiyadan gəlmir.
Baş verənlər, ən azı, qismən Ukrayna kitab institutunun, Lvov kitab forumunun və Ukrayna PEN-Mərkəzinin martın əvvəllərində hazırladığı açıq məktubun nəticəsidir. Müəlliflər beynəlxalq kitab cameəsini Rusiya kitab nəşri sənayesini, yazıçılarını və qurumlarını tam boykot etməyə çağırırdılar.
Bir çox qərbli naşirlər üçün əməkdaşlığı dayandırmaq qərarı Rusiyanın Ukraynaya təcavüzünə qarşı səmimi emosional cavab idi. “Skandinaviya naşirlərinin Rusiya bazarından getmələri isə əsasən, bəlkə də müstəsna olaraq, əqidə məsələsidir. Bu, heç də düşmənçilik aktı deyil, Rusiyanın kitab biznesinə ünvanlı zərər vurmaq istəyi heç deyil, sivil dünyada yolverilməz olan dəhşətli vəziyyətə necəsə təsir göstərmək cəhdidir”, - əsasən İsveç və Norveçdə işləyən ədəbiyyat agenti Nataşa Banke belə düşünür.
Müəllif hüquqlarına malik olanların Rusiyadan getməsinə səbəb olan əlavə faktor isə ödənişlərlə bağlı çətinliklər oldu, özü də xaricə göndərilməsindən çox onların alınması ilə bağlı. “Fantom-Press” agentliyinin Baş direktoru Alla Şteynman izah edir:
“Biz başqa, sanksiya altnda olmayan bankda valyuta hesabı açmağa məcbur olduq, bizim tərəfimizdən xarici müəlliflərə ödənişlər hələ ki, gedir. Düzdür, çoxlu sayda kağız doldurmaq lazım gəlir və pulun köçürülməsi prosesi bir az ləng gedir, amma gedir. Əlbəttə, bu imkan istənilən anda qapana bilər, amma hələ ki, mövcuddur. Sərhədin o tərəfində isə işlər daha çətindir – alıcı çox vaxt komplaens prosesini keçməli olur. Məsələn, Rusiya naşirlərinin göndərdiyi pullar xüsusi hesaba köçürülür və alıcı sövdələşmənin fevralın 24-ə kimi bağlandığını sübut edən sənədlər paketini təqdim etməlidir, əks halda vəsaitlər qeyri-müəyyən müddətə dondurulur”.
Məhdudiyyətlər Rusiya ilə əməkdaşlıq edən təkcə hüquqi şəxslərə deyil, fiziki şəxslərə də şamil olunur.
Qonşu ölkələrin birində yaşayan və həmişə Rusiya nəşriyyatları ilə işləyən tərcüməçi qadın (öz adını bildirmək istəmədi) deyir: “Mən AST üçün etdiyim tərcümənin qonorarını almaqdan ötrü əsl sınaqdan keçdim. Bank əvvəlcə hər iki tərəfin imzaladığı müqavilənin orijinalını istədi. Sonra firmanın mövcudluğunun sübutu lazım oldu – qeydiyyat sertifikatının kopyası, ya da buna bənzər bir şey. Bütün suallarıma cavab olaraq Milli Bankın tələblərinə istinad edirdilər və çox sərt danışırdılar, nəhayət, rəhmə gəldilər və üç həftədən sonra pulu verdilər. Yaxşı ki, həmin vaxt bu qonorardan asılı olan mühüm bir işim yox idi”.
“Müəllif hüquqlarını almış Qərb nəşriyyatları üçün reputasiya mühümdür, onlar toksik dövlətlə assosiasiyalarının olmasını istəmirlər. Qeyd edim ki, Rusiya nəşriyyatları ilə əməkdaşlıqda “pauza”nı ilk növbədə “Pinqvin – Rendom Haus”, “Saymon və Şuster” kimi nəhəng nəşriyyat evləri götürüblər. Bu da izah olunandır: nəşr korporasiyası nə qədər iridirsə, təcavüzkar ölkə ilə mümkün əməkdaşlıqdan doğan risk bir o qədər böyükdür. Həm də ingilisdilli, ispandilli və ya Çin bazarı ilə müqayisədə Rusiyanın kitab bazarı böyük olmadığından kommersiya baxımından imic qərarı bu nəhənglərə ucuz başa gəlir”, - Anna Şteynman belə hesab edir.
Amma daha şəxsi bağlar da, təəssüf ki, qopur. “Corpus” nəşriyyatının direktoru Varya Qornostayeva danışır:
“Mən Frankfurt yarmarkasına getməyi planlaşdırırdım və daim əməkdaşlıq etdiyimiz nəşriyyatlara və agentlərə məktublar göndərdim. Bir məktub sevimli partnyorumuza, ruhən bizə çox yaxın olan kiçik ingilis nəşriyyata ünvanlanmışdı. Onun əməkdaşları sadəcə həmkarlarımız yox, həm də dostlarımız idilər: bir-birimizin ailələrini tanıyırdıq, mən Londonda olanda mütləq birlikdə şam edirdik, bir sözlə çox isti və qeyri-rəsmi münasibətimiz vardı.
Onların hüquqlar üzrə yeni mütəxəssisindən iltifatlı məktub aldım, orada yazılırdı ki, bizim haqqımızda öz sələfindən xoş sözlər çox eşidib, amma təəssüf ki, onlar Rusiya ilə bütün əlaqələri kəsmək qərarına gəliblər və nəinki daha bizə öz kataloqlarını göndərməyəcəklər, həm də yarmarkada görüşməyəcəklər. Əsəbləşmək üçün özümdə haqq tapmıram, onların emosiyasını müəyyən qədər anlayıram, amma hiss etdiyim acı bununla azalmır”.
Qornostayeva naşirə göndərdiyi məktubunda Ukraynadakı müharibənin əleyhinə olduğunu ətraflı və aydın şəkildə bəyan etdi, amma vəziyyət dəyişməz qaldı. Alla Şteynnman deyir ki, belə iş “Fantom Press”in də başına gəlib:
“Cavablar çox vaxt standart və olduqca mədənidir. Təklifə görə təşəkkür edirlər, nəşriyyat haqqında xoş sözlər yazırlar və Moskvanın indiki Ukrayna siyasəti ilə əlaqədar olaraq Rusiya nəşriyyatları ilə işləyə bilməyəcəklərini üzrxahlıqla yazırlar. Xoşbəxtlikdən, işlədiyimiz agent və müəlliflərin heç biri qapını bərk çırparaq getməyib. Kitabların bəzilərinə hüququmuz bitib, onları uzatmaq istəyirdik, amma ərizələrimizə cavab almadıq.
Ədalət naminə etiraf etmək lazımdır ki, Rusiya ilə əməkdaşlığı dayandırmaq qərarı Qərbdə, demək olar, heç kəsə asan başa gəlməyib və çətin ki, kimdəsə həqiqi entuziazm doğurub”.
“Kitab biznesində aydın anlayış var ki, qəbul olunan qərarlar ilk növbədə söz azadlığı uğrunda mübarizə aparan insanlara və nəşriyyatlara zərbə vuracaq, amma naşirlər öz mövqelərini necəsə müəyyən etməlidirlər”. – Nataşa Banke belə hesab edir.
“İllərlə işlədiyimiz insanların çoxu bizə yazırdılar ki, onlar qətiyyən razı deyillər, onlar əleyhinədirlər, amma yuxarıda kimsə onlara qulaq asmır, baş verənlərə təsir edə bilmirlər”, - Varya Qornostayeva deyir. Bundan əlavə, demək olar, hamı əməkdaşlıqdan imtinaya müvəqqəti hal kimi baxır və vəziyyət dəyişəndə Rusiyaya dönməyə hazırdırlar.
Rusiyanı tərk edənlərlə yanaşı işləməyi davam etməyə hazır olanlar da var. Alla Şteynman danışır:
“Sadə insani münasibətlərimizin olduğu agentlərlə işlər əsasən başqa cürdür. Onlar mədəni təcridin Rusiya hakimiyyətinin xeyrinə olacağını tam anlayırlar. Üstəlik, həmin agentlər indi nəinki öz müəlliflərinin hüquqlarını Rusiyada satmağa hazırdırlar, həm də belə sövdələşmələri daha tez bağlamağa çalışırlar.
Ola bilər, 24 fevraldan dərhal sonra dost agentlərimizə yazdığımız məktubda Ukraynaya təcavüz əleyhinə mövqeyimizi çox aydın şəkildə ifadə etməyimizin rolu var. Cavab olaraq çoxlarından dəstək sözləri olan mehriban məktublar aldıq, özü də həm agentlər, həm müəlliflər yazırdılar. Belə məktublar çox qiymətlidirlər. Onları yadigar saxlayacağıq”.
Hələlik xarici kitablarla bağlı vəziyyət fəlakətdən uzaqdır: hüquqları artıq əldə olunanlar nəşriyyatlara ilyarım, iki il çatar, beləcə, bir neçə tanınmış fiqurun getməsinə baxmayaraq, tərcümə kitabları satışdan yox olmayacaq, onların payı azalacaq, ancaq bu, tədricən baş verəcək, birdən yox. Amma artıq indidən aydındır ki, uzunmüddətli perspektivdə nikbinlik üçün əsas azdır.
“Əgər baş verənlər çox və çox uzansa, hətta dost müəlliflərin və agentliklərin Rusiyadan və rus oxucusundan uzaqlaşmaq istəmələri ehtimalı, əlbəttə, böyükdür. Amma indi planlar qurmaq, ümid etmək və hər şeyin normal getməsi görüntüsünü yaratmaq cəfəng olardı. Hər şey tamamilə qeyri-normaldır, bizim indi işləməyimiz, kitabların çıxması, oxucuların isə onları gözləməsi və oxuması bəzən əsl möcüzə kimi görünür”, - Alla Şteynman bu fikirdədir.
Ümumrusiya kitab reytinqinin iri onlayn-platformaların və parakəndə satış şəbəkələrinin 2022-ci ilin birinci yarısındakı göstəricilərinə əsaslanan məlumatına görə, Rusiya ən çox oxunan kitabların 72 faizi xarici müəlliflərin əsərləridir.
Aydındır ki, belə vəziyyətdə kəskin “idxal əvəzi” ehtiyacı yaranır və bir çox naşirlər əlimyandıda xairci bestsellerlərə yerli əvəz axtarmağa başlayıblar. Amma “Eksmo”nun baş direktoru Yevgeni Kapyevin doğru qeyd etdiyi kimi, qərbli müəlliflər gedəndən sonra insanların yerli müəllifləri daha çox oxuyacağına ümid tamamilə əsassızdır: “Kitab bazarının əsas fərqi budur ki, əgər insanlardan bir şeyi alsan, başqa şey oxumağa başlamayacaqlar. Onlar ümumiyyətlə oxumayacaqlar”.
Başqa sözlə, tərcümə ədəbiyyatının xüsusi çəkisinin azalması, vətənpərvər əhvallı müşahidəçilərin ümid etdiyi kimi, Rusiya ədəbiyyatının çiçəklənməsinə səbəb olmayacaq. Rusiya bazarından xarici müəlliflərin rusdilli oxucunun təcridi, qiraətə marağın azalması, tirajların düşməsiylə nəticələnəcək, eləcə də kitab mühiti, daha geniş götürsək, Rusiya mədəni mühiti deqredasiyaya uğrayacaq.
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür