Dünya

Türkiyə “Taliban”la razılığa gələ biləcəkmi?

Nigar Səmədli
22 İyul, 2021
355

Sputnik

“Türkiyə “Taliban”la razılığa gəlmədən Əfqanıstandakı hərbi mövcudluğunu davam etdirərsə, təşkilat Əfqanıstandakı Yunus Əmrə İnstitutuna, əfqan-türk məktəblərinə, TİKA-nın bu ölkədəki ofisinə hücum edəcək”.

Əfqanıstan və Orta Asiya üzrə mütəxəssis Əsədullah Oğuz Türkiyə ilə “Taliban”ın münasibətlərindən danışarkən “Toplum TV”-yə belə deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 20-də Şimali Kiprdəki çıxışı zamanı “Türkiyənin “Taliban”ın inancı ilə heç bir problemi yoxdur. Düşünürəm ki, daha yaxşı anlaşa bilərik" fikrini səsləndirib.

“Taliban”ın sözçüsü Zabihullah Mücahid buna cavab olaraq “TRT Ərəb” kanalına açıqlamasında konfliktin həlli üçün siyasi həll yolu istədiklərini, Əfqanıstandakı müharibəyə son qoyulması üçün müsəlman ölkələrindən dəstək gözlədiklərini və Türkiyə ilə yaxşı əlaqələr qurmaq fikrində olduqlarını deyib:

"Türkiyə bizim qardaşımızdır, inama əsaslanan bir çox ortaq nöqtəmiz var. Türkiyənin keçmişi bir kənara qoyub bu günə və gələcəyə baxmasını istəyirik. Bundan sonra dialoq da istəyə bilərik ".

“Taliban” sözçüsü Kabil hava limanının, diplomatik nümayəndəliklərin və səfirliklərin təhlükəsizliyinin Əfqanıstanın məsuliyyəti olduğunu, əks halda bunu ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirəcəklərini ifadə edib.

Əsədullah Oğuz - TRT World

Əsədullah Oğuz deyir ki, “Taliban” sözçüsünün açıqlaması sərt olsa da, mahiyyətcə Türkiyəyə müsbət mesajlar kimi qiymətləndirmək olar:

“”Taliban” Əfqanıstanda xarici bir gücün meydana çıxmasının əleyhinədir, amma Türkiyəyə müsbət mesajlar da göndərir. Əslində, “Taliban”ın problemi və Türkiyəyə dediyi budur ki, Əfqanıstanda fəaliyyət göstərməyə hazırlaşırsızsa, bizdən soruşun, bizimlə danışın. Çünki Əfqanıstandakı yeganə səlahiyyət sahibi bizik”.

Ekspertin sözlərinə görə, “Taliban”ın əsas məqsədi Türkiyə tərəfindən rəsmən tanınmaqdır: “Bunu əldə etdikdən sonra, təbii ki, başqa istəklər də olacaq. 

“Taliban” son vaxtlar diplomatik sahədə çox irəliləyib, ABŞ, İran və Rusiya ilə rəsmi danışıqlarda iştirak edir. Əgər Türkiyə ilə də razılığa gəlsə, beynəlxalq legitimliyini möhkəmləndirəcək. Buna baxmayaraq “Taliban” digər ölkələrin təzyiqi altındadır. Türkiyənin Əfqanıstandakı varlığından narahat olan bəzi qonşu ölkələr “Taliban”a təzyiq göstərə bilər ki, Türkiyəni Əfqanıstandan çıxarsın. ABŞ qoşunları buradan çıxdıqdan sonra bir çox ölkə Əfqanıstandakı boşluğu doldurmaq üçün bir-biri ilə yarışırlar”.

Türkiyə “Taliban”la razılığa gəlməsə, nə baş verə bilər?

Ə.Oğuzun fikrincə, Türkiyə “Taliban”la razılığa gəlmədən Əfqanıstandakı hərbi mövcudluğunu davam etdirərsə, təşkilat Əfqanıstandakı Yunus Əmrə İnstitutuna, əfqan-türk məktəblərinə, TİKA-nın bu ölkədəki ofisinə hücum edəcək: 

“ “Taliban”ın əlindəki ən böyük və əhəmiyyətli güc isə intihar hücumlarıdır. Onun kamikadzeləri ölümdən qorxmur, onlar bütün Əfqanıstan ərazisində hərəkətə keçə bilərlər. Bayram günü Kabildə prezident iqamətgahına raket hücumu bunun bariz nümunəsidir. Ölümdən qorxmayan birinə qalib gəlmək mümkün deyil, necə ki ABŞ qalib gələ bilmədi”.

“Ancaq ümid edirəm ki, “Taliban” bu nöqtəyə gəlmədən onunla razılaşma əldə ediləcək. Çünki Türkiyə yaxşı münasibətləri olan Pakistan vasitəsilə “Taliban”ı inandıra bilər. Bunu edə bilməsə, Əfqanıstandakı bütün Türkiyə qurumları böyük təhlükə altında olacaq”, - deyə ekspert əlavə edib.

Bundan öncə də “Taliban” türk hərbçilərindən Əfqanıstandan çıxmağı tələb etmişdi. Qurumun yaydığı bəyanatda bildirilirdi ki, BMT-nin və beynəlxalq ictimaiyyətin dəstəklədiyi Doha razılaşmasına əsasən bütün xarici dövlətlərin qüvvələri Əfqanıstandan çıxmalıdır:

“Türkiyə hökuməti ABŞ-la razılaşaraq öz hərbi qüvvələrini Əfqanıstanda saxlayır. Əfqanıstan İslam Əmirliyi və əfqan xalqı Türkiyə ilə tarixi, mədəni və dini əlaqələr saxlayır. Amma işğalın genişləndirilməsi ölkəmizin daxilində Türkiyə rəsmilərinə qarşı kin və düşmənçilik hisslərini oyadacaq, bu isə ikitərəfli əlaqələrə zərər verəcək”.

Eyni zamanda, “Taliban” Türkiyə rəsmilərini hər iki ölkə üçün zərərli olan qərarı ləğv etməyə çağırmışdı:

"Hər hansı xarici ölkənin qüvvələrinin istənilən bir bəhanə ilə vətənimizdə qalmasını işğal kimi qəbul edirik. Onlara fətva əsasında cavab veriləcək. Bu fətva əsasında son 20 ildə cihad edilib. Türk məmurlar qərarlarını yenidən nəzərdən keçirməsələr, İslam Əmirliyi və əfqan milləti dini, vicdani və vətənpərvərlik borclarına uyğun olaraq 20 illik işğala qarşı çıxdıqları kimi, onlara qarşı da mövqe tutacaqlar. Bu halda bütün məsuliyyət başqalarının işinə müdaxilə edənlərin və bu cür düşünülməmiş qərarlar verənlərin üzərinə düşəcək”.
 
 Türkiyə tərəfi isə Əfqanıstanda qalıb Kabil hava limanında fəaliyyətini davam etdirməkdə israrlıdır. "NATO-nun 360 dərəcə nəzəriyyəsi çərçivəsində fəaliyyətimiz davam etdiririk. Hər hansı çətinliyimiz yoxdur”, - deyə Türkiyənin müdafiə naziri Hülusi Akar jurnalistlərə açıqlamasında bildirib.

Dünya

KİV: Tunisin baş naziri döyülərək istefaya məcbur edilib

29 İyul 2021

Reuters

Tunisin baş naziri Hiçem Meçiçi məcburən istefa verməsi üçün prezident sarayında döyülüb.  Bu barədə iyulun 29-da "The Middle East Eye" nəşri xəbər verib.  Nəşrin məlumatına görə, Meçiçi prezident Kais Səidin iqamətgahına dəvət olunub, burada dövlət başçısı ondan könüllü surətdə istefa verməyi tələb edib. O, imtina edəndə isə naməlum şəxslər onu prezidentin tələb etdiyinə razı olanacan döyüblər.  Meçiçi rəsmi bəyanatında dövlət nizamına qarşı getməyəcəyini, səlahiyyətlərini növbəti baş nazirə ötürməyə hazır olduğunu və ona uğurlar arzuladığını bildirib.   İyulun 26-da Tunis prezidenti hökuməti istefaya göndərib, parlamentin fəaliyyətini dondurub, deputatların toxunulmazlığını ləğv edib və parlament spikerinin ölkədən çıxmasına qadağa qoyub. Bu qərar ölkəni...
Dünya

İran Bakı və Yerevana yardım təklif etdi

29 İyul 2021

Reuters

İran Bakı və Yerevan arasındakı münasibətlərin tənzimlənməsi üçün yardım etməyə hazırdır. "Sputnik Ermənistan"ın iyulun 29-da verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə açıqlama verib.  Xatibzadə Azərbaycan-Ermənistan sərhədində münaqişənin dərinləşməsindən narahat olduğunu, yaralanan əsgərlərə görə kədərləndiyini diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, gərginliyi və toqquşmaları bacardıqca tez aradan qaldırmaq və Cənubi Qafqazda əmin-amanlıq yaratmaq zəruridir. 
Seçilmiş Videolar