Açıq mənbələrdən götürülüb
“Azadlıq radiosu”nun rus redaksiyanın müəllifi Andrey Malqin Rusiya Prezidenti Vladimir Putinin qaz siyasətinə dair “Qış qazı” adlı məqalə yazıb. “Toplum TV” aktuallığını nəzərə alaraq məqaləni azərbaycan dilinə tərcümədə təqdim edir:
“2010-cu ilin noyabrında Berlin iqtisadi forumuna Rusiyanın Baş naziri qismində gələn Vladimir Putin almanlara Rusiya qazı olmadan keçinə bilməyəcəklərini təlqin edirdi: “Anlamıram, nə ilə isinəcəksiniz? Qaz istəmirsiniz, atom enerjisini inkişaf etdirmirsiniz. Odunlamı isinəcəksiniz? Odun dalınca da Sibirə getmək lazımdır. Sizdə axı odun yoxdur”. Zaldakılar rusiyalı qonağın uğurlu zarafatına qəhqəhə çəkdilər. Budur, indi, qış qabağı Almaniya ciddi sual qarşısındadır: əgər Rusiya qazla təchiz etməsə, nə ilə isinəcəklər? Həqiqətən də “Qazprom” müxtəlif bəhanələrlə (yəqin ki, müqavilə şərtlərinin pozulmasına görə cərimələrdən yayınmaq üçün) Avropa ölkələrinin çoxuna qaz verilməsini kəskin azaldıb, bəzilərinə isə tamamilə kəsib. Hər həftə bir bəhanə tapılır.
Kansler Olaf Şolts “Şimal axını - 1” üçün nəzərdə tutulan məşhur turbini öz gözləri ilə görmək üçün avqustun 3-də “Siemens Energy” şirkətinin Mülhaym şəhərindəki zavoduna baş çəkdi. “Qazprom” başbilənlərinin sözlərinə görə, həmin turbinin olmamasına görə qaz kəməri ilə təchizat normadan 20% aşağı düşüb. Aydın olub ki, turbin iyulun ortalarından hazırdır, amma “Qazprom” onu almaq istəmir. Gah sənədlər düz deyil. Gah ünvan səhvdir. Gah ehtiyacı olan digər turbinlərin təmirinin yubadılmayacağı barədə əlavə təminatlar lazımdır. Gah da başqa nə isə. Kansler qeyd etdi: “AB Rusiya qazı ilə bağlı sanksiya tətbiq etməyib və turbinin nəqlini qadağan etmək üçün əsas yoxdur”.
https://toplum.tv/dunya/rusiyaya-muharibe-ne-ucun-lazimdir
Almaniyada yazırlar: elə təəssürat yaranır ki, “Qazprom”a pul lazım deyil. Bəs ona nə lazımdır? Bugünlərdə alman dalğasında bir diskussiyaya maraqla qulaq asdım, “Almaniya üçün alternativ” Partiyasından Bundestaqın putinpərəst deputatına qaz bazarının rusiyalı analitiki Mixail Krutixin opponentlik edirdi. Rusdilli deputat tutuquşu kimi iki tezisi təkrar edirdi:
1. Rusiya qazı olmadan qışda Almaniya sənayesini və əhalisini fəlakət gözləyir.
2. Fəlakətdən qurtulmaq üçün Rusiya üzərindən iqtisadi sanksiyaları götürmək lazımdır.
Diskussiyaya aparıcılıq edən jurnalistin sanksiyaların özbaşına ortaya çıxmadığını, Rusiyanın Ukraynaya təcavüzünə cavab olduğunu və onların götürülməsi üçün Rusiyanın ən azı hərbi əməliyyatları dayandırmalı olduğunu xatırlatması bihudə idi. Deputat qaya kimi idi: sanksiyalardan Almaniyaya yalnız zərər gəlir.
Putin də tıxacı bağlamaqla avropalılara elə bunu sübut etməyə çalışır. Avropadakı çoxsaylı Putin agentləri, bəyanatlarını fərasətli Rusiya təbliğatının gen-bol sitat gətirdiyi Qərb siyasətçiləri və ictimai xadimləri arasındakı “faydalı əbləhlər” də xorla məhz bunu təkrar edirlər. Problemdən yaxşı başı çıxan Krutixin isə həmin diskussiyanın gedişində həyəcanın əsassız olduğunu sübut etməyə çalışırdı. Həmin turbinin qoyulacağı kompressor stansiyasında belə turbinlər səkkiz ədəddir, onlar həmişə növbə ilə işləyirlər, gah biri, gah digəri, bəzən də ikisi təmirə göndərilir. Hətta səkkizi də sıradan çıxsa belə, qonşuluqda “Şimal axını – 2” borusunun işləməyən stansiyası yerləşir, orada belə Simens turbinlərindən 10 dənə var. İstədiyini götür və qısa müddət ərzində “Şimal axını – 1” borusuna qoy. Amma putinpərəst deputat güzəştə getmirdi: “Sanksiyaları götürmək lazımdır, yoxsa Almaniya məhv olacaq”.
Bəs təhlükə eləmi böyükdür? Həqiqətənmi Putin və agentlərinin təsəvvür etdikləri kimi, AB iqtisadiyyatı dərin tənəzzülə yuvarlanacaq, donmuş əhali isə küçələrə çıxaraq hökumətdən Rusiya ilə barışmağı tələb edəcək? Avropa Komissiyasının dərhal 15 faizlik qaz qənaətinə keçdiyini nəzərə alsaq, Brüsseldə təhlükəni dərk edirlər. Amma birincisi, qənaət martın 1-ə kimi elan olunub, bundan sonra isə mütəxəssislər hesab edirlər ki, belə tədbirlərə ehtiyac qalmayacaq, çünki qazın istehlakı da azalacaq. İkincisi və ən əsası: bir çox hallarda Rusiya qazı ya alternativ enerji mənbələri ilə, ya da başqa ölkələrdən təchizatla əvəz olunacaq.
Mən Polşa qəzetlərini oxuyuram. Oradakı müəlliflər məəttəl qalıblar: biz ardıcıl şəkildə, bir neçə il ərzində problemi həll etmişik, Rysiya yanacağından imtinaya hazırlaşmışıq, maye qazın qəbulu və emalı üçün terminallar tikintisinə vəsait qoymuşuq, indi isə, qoyulan hədəflərə nail olduqda (elə də uzaq olmayan keçmişdə Rusiya qazından 100% asılı olan Polşa indi bu asılılıqdan tam qurtulub), Putinin qəfil yaxaladığı sadəlövh Almaniyaya görə niyə qənaət etməliyik? Boru qazından tam imtina edən və qazı dəniz yolu ilə alan Portuqaliya və İspaniyada da bunu anlamırlar.
İtaliyanı götürək. Baş nazir Mario Draqi (heyf ki, öz postunu tərk edir, Avropanın ən yaxşı iqtisadçı-praktiklərindən biridir) Rusiyanın Ukraynaya hücumundan bir neçə gün sonra təcili tədbirlər görməli olduğunu anladı. Artıq martın əvvəllərində o, alternativ marşrutlarla İtaliyaya qaz göndərə biləcək ölkələrin rəhbərləri ilə görüşdü. Onun səyləri nəticəsində “TransMed” borusu vasitəsilə təbii qaz təchizatının artırılması barədə Əlcəzairin “Sonatrach” şirkəti ilə ilk sövdələşmə imzalanıb. Həmin müqavilə ildə əlavə 9 milyard kubmetr qaz təchizatını nəzərdə tutur. İyunun ortasında Draqi yenə Əlcəzairə getdi və daha 4 milyard Əlcəzair qazı alınacağı barədə razılaşma əldə olunduğunu elan etdi. Üstəlik, bu yeganə yeni marşrut deyil. “Eni” rəhbəri Klaudio Deskaltsi bildirdi ki, İtaliya Rusiyadan qaz təchizatının kəsilməsinə hələ hazır deyil, amma qarşıdan gələn qış problemini həll etmək mümkün olub, oktyabr üçün İtaliyanın qaz anbarları həmişəki kimi 70-80% dolu olacaqlar. Onun sözlərinə görə, ölkəsi növbəti qışa qədər Rusiya qazından tam intina edə bilər.
Yəni İtaliya cəmi bir qış davam gətirməlidir, sonra isə rus qazı lazım olmayacaq, halbuki cəmi bir il əvvəl Rusiya qazından asılılıq 40% idi. İtaliya-Əlcəzair danışıqlarının uğurundan xəbər tutan “Qazprom” təchizatı 34 milyon kubmetrdən 27 milyona endirdiyini açıqladı. Amma gecdir: necə deyərlər, qatar yola düşdü, “Qazprom” isə özünün əsas alıcılarından birini itirdi.
Bununla belə, Avropa ölkələri asan olmayacaq qışa hazırlaşırlar. Kimdəsə yaxşı alınır, kimdəsə pis. Amma satışları aşağı düşən və buna uyğun hasilatı azalan (artıq qazı neyləyəcəklər?) “Qazprom”da sanki məmnundurlar: gəlirlərin ciddi azalmasını hiss etmirlər. Axı bazarda qaz nə qədər az olarsa, qiymət o qədər yüksək olur. Qaz dəfələrlə bahalaşıb, belə baxanda, niyə kədərlənsinlər? Amma sabaha baxanda kədərlənmək lazımdır: bazar itirilib, onu bərpa etmək üçün onilliklər lazımdır, əgər ümumiyyətlə mümkün olsa. Qiymətlərin düşməsi isə qaçılmazdır, zatən düşməyə başlayıb. İqtisadiyyatdakı ciddi problemlər üzündən Çində və ümumiyyətlə, Asiyada qaza tələbat kəskin azalıb, qaz tankerləri üzlərini Avropaya çevirib. Boru kəməri ilə Şimali Afrikadan, Türkiyədən, Azərbaycandan gələn qazın həcmi artacaq, üstəlik, enerji istehlakında qazın ümumi çəkisi aşağı düşür. “Qazprom”un hoqqaları “yaşıl keçid”i daha da sürətləndirdi.
Amma Putin baltanı dibindən vura və Avropanın öz islahatlarını yekunlaşdıraraq daha ona ehtiyacı olmamasını gözləmədən qazı tam kəsə bilərmi? Yox, edə bilməz. Təkcə ona görə yox ki, bu, “milli sərvət” “Qazprom” üçün ölüm hökmü olardı. Nə qədər ki, Avropaya qaz verilir və Putin klapanı sağa-sola fırladır, şantaj imkanına malikdir. Hər halda ona elə gəlir. Əgər qaz tamam kəsilsə, qitəni daha nə ilə şantaj etmək olar ki? Avropa dekabrda Rusiya neftindən və neft məhsullarından imtina edəcək. Bircə atom bombası qalır...
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb