İqtisadiyyat

“Ağıllı kənd” layihəsi – milli brend, yoxsa korrupsiya tələsi?    

1 Oktyabr, 2021
2835

Açıq mənbələrdən götürülüb

“Ağıllı kənd” layihəsi həyata keçirməkdənsə “şəffaf kənd” və ya “hesabatlı bələdiyyələr”  kimi layihələr həyata keçirmək daha doğru olardı. Onda layihəyə ayrılan pulların mənimsənilməyəcəyinə dair əhalidə etimad, inam yaranardı. Quldur məmurlar, oğru sahibkarlar birləşib belə adlar altında ayrılmış vəsaitləri mənimsəyəcəklər. Gördükləri iş isə görüntü xarakteri daşıyacaq. Sonra bəlli olacaq ki, “ağıllı kəndi” idarə etmək üçün ağıllı adamlar və ya ağıllı hakimiyyət yoxdur”.

İqtisadçı Qubad İbadoğlu işğaldan azad edilən bölgələrdə hökumətin gerçəkləşdirmək istədiyi “ağıllı kənd” layihələri ilə bağlı fikirlərini bölüşərkən “Toplum TV”-yə belə deyir.

Layihənin icrasına Zəngilan rayonunun İkinci Ağalı kəndindən başlanılıb və “ağıllı kənd”-in icrasına 10,8 milyon manat vəsait ayrılıb.  

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov deyir ki, Azərbaycanda bütün "ağıllı kənd"ləri özündə birləşdirən yeni model formalaşdırılır: “Biz bunu milli brend adlandıra bilərik”.

“Ağıllı kənd” və ya “ağıllı şəhər” layihəsi nədir?

“Forbes” jurnalı “ağıllı şəhərlər” barədə yazır ki, smart şəhərlər qurularkən əsas məqsəd bir şəhərin və ya bölgənin problemlərini həll etmək üçün rəqəmsal həllərdən istifadə etməkdir. Bura səmərəli kommunal xidmətlər göstərərək vətəndaşların rifah halının yaxşılaşdırılması da daxildir. Bu zaman potensial təhlükələrin proqnozlaşdırılması və qabaqlayıcı tədbirlər görülməsi (təbii fəlakətlər, enerji çatışmazlığı, kanalizasiya sızması və s.), vətəndaşların səhiyyə və ya sosial xidmətlərə cəlb olunmasını yaxşılaşdırmaq üçün rəqəmsal platformalardan istifadə və bölgəyə uyğun alternativ enerji mənbələrindən istifadə nəzərdə tutulur. 

Bundan əlavə, “ağıllı şəhər” təşəbbüslərinə başlamaq üçün əvvəlcə bölgənin ehtiyaclarını öyrənmək, sakinlər arasından rəy toplamaq lazımdır. 

“Ağıllı şəhər” layihələri bu günə kimi Fransa, Sinqapur, Hindistanda pilot layihələr şəklində həyata keçirilib. Fransada Dijon şəhərində qurulan layihədə xüsusi böhran məntəqələri yaradılıb. Belə layihələrin təşkilində “Microsoft” kimi iri şirkətlərin də maraqlı olduğu görünür.

Azərbaycana “ağıllı kənd” lazımdırmı?

İqtisadçı Elmir Səfərli hesab edir ki, “ağıllı şəhər” və “ağıllı kənd” layihəsi vasitəsilə regiondakı bütün xidmət və obyektlər vahid sistemdə birləşdirilib idarə olunacaq: “Bu isə öz növbəsində regionda ən güclü texnoloji layihələrin tətbiqinə imkan yaradacaq. Təbii ki, istər yerli, istərsə də, xarici investorlar üçün ən mühüm göstəricilərdən biri də regionun texnoloji inkişaf perspektivinin olmasıdır. Qısacası deyə bilərəm ki, ağıllı şəhər və ağıllı kənd layihələrinin tətbiqi gələcəkdə Qarabağa investisiya axını üçün xüsusi təşviq rolunu oynayacaq”. 

Elmir Səfərli - Açıq mənbələrdən götürülüb

Qubad İbadoğlu da sözügedən layihənin cəlbedici göründüyünü, bu yolla beynəlxalq qurumlardan vəsaitlər cəlb olunacağını düşünür: “Hətta belə təqdim edərək Dünya Bankından, Avopa Yenidənqurma və İnkişaf Bankından, Asiya İnkişaf Bankından vəsaitlər almaq, mənimsəmələrə yol açmaq da olar. Yaşıl iqtisadiyyata kredit ayrılır, qrant verilir. Dövlət orqanları bundan əvvəl də bundan bəhrələniblər və bundan sonra da hesab edirəm ki, “ağıllı kənd” layihəsini də korrupsiya proyektinə çevirə bilərlər”. 

“Şəffaflıq və hesabatlılıq vacib amildir” 

Azərbaycanda “ağıllı kənd” layihəsi haqqında ümidsiz danışan Qubad İbadoğlunun sözlərinə görə, öncə işğaldan azad olunmuş ərazilərə qayıdış planı hazırlanmalı, sürətli məskunlaşma imkanı yaradan yol xəritəsi işlənməli və yalnız bundan sonra müxtəlif pilot layihələr reallaşdırılmalıdır. 

“Amma bütövlükdə işğaldan azad olunmuş ərazilərdə  “ağıllı kənd” adı altında məskunlaşma baş verməyəcək. Əvvəla, bunun üçün lazım olan resurslar yoxdur. Bu layihə yaşayış, istehsalat, kənd təsərrüfatı və sosial xidmətlərin innovativ, elektron və yaşıl iqtisadiyyat əsasında qurulmasını tələb edir. Bu isə Qarabağ ərazisində tətbiqi mümkün olmayan layihə ola bilər. Bu həm də prosesi ləngidə bilər”.

Q.İbadoğlu layihənin həyata keçirilməsi zamanı ən vacib məsələnin hesabatlılıq və şəffaflığın olduğunu deyir. 

“Bu gün bizim ağıllı bələdiyyəmiz varmı, həmin kəndlərdə işləyəcək ağıllı kadrlarımız varmı? Müasir texnologiyalarla işləməyi bacaran kadrlara nə qədər məvacib veriləcək? 300-500 manata heç kəs bu işi görmək istəməz. Orada kimlər yaşayacaq, nə ilə dolanacaqlar? Məşğulluq proqramları necə həyata keçiriləcək?”, - iqtisadçı sual edir. 

Qubad İbadoğlu - Sosial Media

O daha bir sual səsləndirir: “Deyirlər ki, bu layihəyə Çin, Türkiyə, İtaliya, Rusiya şirkətləri cəlb olunub.  Bunlar hansı şirkətlərdir? Bəs onlar arasında iş bölgüsü necə aparılıb?” 

Azərbaycanda “ağıllı” layihə üçün potensial varmı?

İqtisadçı Rəşad Həsənov “ağıllı” layihələrin icrasında infrastrukturun vacibliyindən danışır: “Məsələn, internetin əlçatanlığı məsələsi buna aiddir. Azərbaycanda regionların əhəmiyyətli hissəsində hələ də internet təminatı yalnız bir provayder üzərindən həyata keçirilir”. 

Ekspert ölkədə əhalinin çoxunun hələ də rəqəmsal texnologiyalardan istifadə bacarıqlarının çox aşağı olduğunu vurğulayır. 

“Təsəvvür edin, ölkədə 11 milyondan artıq bank kartı olsa da, 90%-i nağdlaşma üçün istifadə edilir. Bu gün Azərbaycan vətəndaşı öz müavinətini bu kartlar vasitəsilə nağdlaşdırır və sonra da həmin vəsaitlə gedib hansısa banklarda ödənişlər üçün növbələrdə gözləyir. Pandemiya dövründə bu istiqamətdə dəyişiklik olsa da, əhalinin xüsusilə orta yaşlı təbəqəsi müasir və rəqəmsal texnologiyaya o qədər də meyilli deyil”. 

Elmir Səfərli də layihənin uğurlu olması üçün ilkin olaraq fundamental infrastrukturun düzgün qurulmasının vacib olmasına toxunur. Eyni zamanda texnoloji avadanlıqların ən müasir standardlara uyğun təşkili, vahid mərkəzi idarəetmə sistemlərinin proqramlaşdırılmasının çox önəmli olduğunu da qeyd edir. 

“İkincisi, ərazi üzrə fəaliyyət göstərən xidmət və obyektlərin vahid reyestrdə sistemləşdirilməsi əsas və vacib məsələlərdəndir. Düşünürəm ki, digərlərindən fərqli olaraq Qarabağda “ağıllı kənd” idarəetmə sistemi uğurlu olacaq. Çünki hər şey sıfırdan qurulur və bütün gələcək perspektivlər indidən nəzərə alınır”.

Rəşad Həsənov bu layihənin işğaldan azad edilmiş bölgədə gerçəkləşdirilməsinin ölkənin müsbət imicinə xidmət edəcəyini düşünür, amma bir məqamı da nəzərə almağı zəruri sayır, söhbət “ağıllı kənd” kimi layihələri qurmaq üçün mövcud infrastruktur üzərində hərəkət etməyin bəzən çətin və bahalı olmasından gedir. 

Rəşad Həsənov - Açıq mənbələrdən götürülüb

“Biz XXI əsrdə yeni yaşayış məskənləri salırıqsa, müasir çağırışları layihələndirmədə nəzərə almaq vacibdir.  Bu gün həmin ərazilərdə rəqamsallaşmaya ola bilsin ki, tam nail olmaya bilərik. Amma 20 il sonra həmin ərazilərdə rəqamsallaşmanı qurmalıyıqsa, bunun üçün artıq bu gündən addımlar atılmalıdır ki, sonra böyük xərclərə gətirib çıxarmasın. Fundamentin bu konsepsiyalar üzərində qurulmasına etiraz etmirəm”. 

Ölkədə bu günə qədər tətbiq edilən intellektual layihələrin uğursuz taleyi... 

Rəşad Həsənova görə, uğursuzluğa yol açacaq səbəblərdən biri bəzən infrastruktur imkanlarının tam nəzərə alınmamasıdır: “Nəqliyyatın intellektual idarə edilməsi sistemi qurularkən Bakıda yolun ötürücülük qabiliyyəti, mövcud kütləvi sərnişin daşımaları, tıxac problemləri və onların həlli nəzərə alnmamışdı. Bu daha çox layihənin icrasından müəyyən qədər vəsaitlərin mənimsənilməsinə hədəflənmiş subyektiv bir mövqenin nəticəsi idi”. 

O bildirir ki, sözügedən layihələrin icrası zamanı real məsələlər gündəmə gətirilməmişdi. 

“Bu da müvafiq şəxslərin bəzən maraq dairəsində olmur. Buna görə də bir sıra hallarda "smart" layihələrin uğursuzluğu ilə rastlaşmış oluruq. Bu kifayət qədər mürəkkəb prosesdir. Həm icmanın özünün inkişaf səviyyəsi, rəqəmsal bacarıqları, həm də idarəedici strukturların özünün də bu istiqamətdə təklif ediyi xidmətlərin keyfiyyəti və inkişaf bacarıqları çox vacib məsələlərdir”. 

Q.İbadoğlunun qənaətincə, məcburi köçkünlərə “ağıllı kənd”lərdə yaşamaq lazım deyil, onlara müharibədən əvvəl yaşadıqları kəndin simasını saxlayan yeni yaşayış məntəqəsinə qayıtmaq lazımdır: “Onda insanları ora bağlamaq mümkün olacaq”.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət çıxışında deyib ki, Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. O, Azərbaycanı bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində vəsait ayrıldığını qeyd edib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo