İqtisadiyyat

Avropa Bakıdan əlavə qaz istəyir – Azərbaycanın ixrac imkanları nə qədərdir?

Məzahir Abdurahmanov
31 Yanvar, 2022
1065

Açıq mənbələrdən götürülüb

"Azərbaycan ən yaxşı halda 10 milyard kubmetr Avropaya, 10 milyard kubmetrə yaxın isə Gürcüstan və Türkiyəyə qaz ixrac edə bilər".

İqtisadçı Natiq Cəfərli Azərbaycanın qaz ixracı potensialını "Toplum TV"-yə şərh edərkən belə deyib.

"Financial Times"  nəşrinin yanvarın 29-da verdiyi məlumata görə, Transadriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz tədarükünün artırılması mümkünlüyünün müzakirəsi məqsədilə Avropa birliyi bu həftə Azərbaycanla danışıqlar aparacaq.

Energetika məsələləri üzrə Avropa komissarı Kadri Simson Bakıya səfər etmək niyyətindədir. Burada o, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcək.

Hazırda Azərbaycan təxminən 16 milyard kubmetr qaz ixrac edir, bunun 10 milyard kubmetri Türkiyəyə, qalan hissəsi isə İtaliya, Bolqarıstan və Yunanıstana gedir.

"Azərbaycanın infrastrukturu Avropaya daha çox qaz ixrac etmək potensialına malik deyil"

Natiq Cəfərli  söyləyir ki, Avropaya qaz tədarükünü bir qədər artırmaq mümkündür: "Azərbaycanın çəkdiyi boru xətlərini götürsək, TAP və TANAP layihələrinin ikisinin buraxılış qabiliyyəti 32-34 milyard kubmetrdir. Yəni 30 milyarddan yuxarı qaz həcmini rahatlıqla ixrac etmək mümkündür. Sadəcə Azərbaycanın hasilat potensialı o qədər də böyük deyil. Ümumilikdə 20 milyarddan yuxarı qaz ixrac etmək mümkün deyil. Amma başqa variantlar, müqavilələr vardır ki, onların üzərində iş gedir. Məsələn, Türkmənistan, İran və Azərbaycan anlaşma imzalayıblar. Bu anlaşmaya görə, Türkmənistan öz qazını İranın şimal hissəsinə verəcək. Çünki orda İranın infrastrukturu yoxdur, çoxlu qazlaşdırılmamış yaşayış məntəqələri var. İranla Azərbaycan arasında boru kəmərinin olduğunu nəzərə alsaq, eyni həcmdə qazı Azərbaycan İrandan alacaq. Həcm zamanla artarsa, o qazı da ixrac etmək imkanları var".

Natiq Cəfərli - Sosial Media

Öz növbəsində iqtisadçı ekspert Nazim Baydəmirli söyləyir ki, qaz ixracını artırmaq üçün əlavə xərclər çəkilməlidir:

"Mövcud yataqların, infrasutrukturun imkan verdiyi hasilat hələ çox da yüksək deyil. Çünki vaxtilə “Nabukko” layihəsi hazırlanan zaman rəsmilərin açıqlamasına görə, Azərbaycan bura əlavə olaraq 10 milyard kub metr qaz ixrac edə bilərdi. Yəni beləliklə, Azərbaycanın qaz ixrac kəmərinin imkanı çox deyil. Əlavə boru xətti çəkilməklə ixracı maksimum 25 milyard kubmetrə çatdırmaq olar”.

Azərbaycanın qazancı nə olacaq?

Yanvarın 30-da Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Josep Borrel də bildirib ki, AB Azərbaycandan əlavə qaz almaq üçün danışıqlar aparır.

Hazırda Ukrayna böhranına görə, Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar hazırlayır. Borrel deyib ki, Rusiyadan qaz ixracına təhdid yarana biləcəyi təqdirdə Avropa digər partnyorlara üz tutacaq.

"Avropa Birliyi Rusiya ilə diplomatik danışıqların uğursuzluğuna hazır olmalıdır. Ona görə də biz bütün variantları və ssenariləri nəzərdən keçiririk. Rusiya qaz təchizatını məhdudlaşdıracağı və ya dayandıracağı halda biz ABŞ, Qətər və Azərbaycan kimi partnyorlarımızla işləyəcəyik”, - deyə AB rəsmisi vurğulayıb.

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycan Avropaya verdiyi qazın həcmini artırsa, ilk öncə maddi dividentlər qazanacaq: "Avropada qaz bazarı aktualdır. Qazın qiymətləri də xeyli artıb. Düzdür, Azərbaycan öz qazını birja qiymətləri ilə satmır, 6 aydan bir yenilənən müqavilələrlə satır. Qazın qiyməti artığı üçün bu yaxınlarda müqavilələrdə də qazın qiyməti uyğunlaşdırılacaq. İkinci qazanc isə Azərbaycanın geosiyasi önəminin Avropa üçün artmasıdır".

N.Baydəmirli isə məsələyə belə münasibət bildirib: "Avropa Birliyi ölkələrinin qaz istehlak həcminin təqribən 2 faizini təmin edə bilirik. Mövcud infrastruktur,qaz kəmərləri bundan artığına imkan vermir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rola malik olmasaq da, Avropa ölkələri maraqlıdır ki, Avropaya təbii qazın ixracının Rusiyadan asılılığını azaltsınlar".

Nazim Baydəmirli - Açıq mənbələrdən götürülüb

Rusiyanın reaksiyası

Rusiya hazırda Avropanı qazla təmin edən əsas ölkədir. Hazırda Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayacağı ehtimalları fonunda Avropanın da enerji problemi ilə üzləşməsi təhlükəsi mövcuddur. Azərbaycanın Avropaya qaz hasilatı artdığı halda Rusiyanın reaksiyası necə ola bilər?

N.Cəfərli bu suala cavabında bildirib:  "Təqribən 10 il öncə “Nabukko” lahiyəsi müzakirə olunarkən Rusiya bundan ciddi narahat olurdu. Çünki həcm olaraq çox böyük layihə olmalı idi.  O zaman Rusiyanın ciddi maneçiliyi oldu. Layihənin həyata keçməməsinin əsas səbəblərindən biri də məhz bu idi. Ancaq indiki şəraitdə Azərbaycanın Avropaya qaz ixracının artmasına razı olmasalar da, ciddi narazılıq edəcəkləri də güman olunmur”.

Məsələylə bağlı açıqlamasında Nazim Bəydəmirli qeyd edir ki, Azərbaycan Rusiyadan qorxmalı deyil: "Rusiya həm ticarət baxımından, həm də siyasət baxımdan yaxşı tərafdaş deyil. Bizim kimi müstəqil dövlətlərə yuxarıdan aşağı baxır, dövlət kimi qəbul etmək istəmir. Təbii ki, hər bir ölkə kimi Rusiya ilə ikitərəfli  münasibətimizi inkişaf etdirməliyik. Ancaq bu o demək deyil ki, biz onun hansısa siyasi və ya iqtisadi tələblərini yerinə yetirməliyik". 

Xatırlatma

2021-ci ildə Azərbaycan 5 milyard 534 milyon 398,34 min ABŞ dolları dəyərində 20 milyard 046 milyon 650,21 min kubmetr təbii qaz ixrac edib.

Bunu yanvarın 28-də Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən il təbii qaz Azərbaycanın ümumi ixracının 24,92 %-ni təşkil edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Çin necə avtomobil sənayesinin lideri oldu?

Yadigar Sadıqlı
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Keçən il Çin Almaniyanı qabaqladı və dünyada ikinci ən böyük avtomobil ixracçısı oldu. Bu il isə lideri də – Yaponiyanı – ötdü. Çinin dünya avtomobil bazarında hökmranlığı proqnozdan reallığa çevrilir. Qərb bütün dünyanın alman, fransız, yapon və amerikan maşınlarında gəzdiyi dövrü qaytarmaq üçün təcili yollar axtarır. “Çində hazırlanıb” damğası vurulan əsas ixrac markası hələ ki, “Tesla”dır. Amma tədricən təkcə batareyalar deyil, Çinin özünün hazırladığı avtomobillər də daxildə istehlakçı tapır və dünya bazarına çıxır. Çin cəmi 10 il ərzində gələcəyin avtomobil sənayesini yaratdı və ixracda liderliyə yiyələndi. Bunu necə bacardı?   Partiyaya, Putinə və böhrana təşəkkür Sənayenin işə salınmasında Çin hakimiyyətinin...
İqtisadiyyat

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

21 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

2024-cü ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 6,42 milyard manat təşkil edəcəyi gözlənilir. Bu, əvvəlki dövrlə müqayisədə 6% çoxdur.  Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 21-də Maliyyə Nazirliyi məlumat yayıb.  Nazirlik 2024-cü il üzrə dövlət büdcəsinin xərclərini ümumən 36.3 mlrd. manat həcmində proqnozlaşdırıb. https://toplum.tv/iqtisadiyyat/pstatistika-komitesi-illik-inflyasiya-12-den-asagi-duumlsuumlbp Bildirilir ki, dövlət büdcəsinin neft-qaz gəlirləri gələn il 17 mlrd. manata yaxın olacaq. Dövlət Neft Fondundan büdcəyə transfertlər isə 9%-ə yaxın artırılacaq. Belə ki, transfertin məbləği 12 milyard 781 milyon manat proqnozlaşdırılıb. Maliyyə Nazirliyi manatın məzənnəsinin gələn il də sabit qalacağını qeyd edib.

Seçilmiş Videolar

Toplum TV loqo