İqtisadiyyat

Azərbaycan dövləti niyə borclanır? – “Əslində bizim borcumuz daha yüksəkdir”

Məzahir Abdurahmanov
11 Noyabr, 2021
1035

Açıq mənbələrdən götürülüb

“Yeni iş yerlərinin açılmasını, “Azərbaycan brendi” adı altında xarici ölkələrə məhsulların çıxarılmasını borclar stimullaşdırmış olsaydı, bununla iki əlli razılaşmaq olardı. Ancaq alınan borc daşa, divara xərclənirsə, gələcək nəsillər o borcları necə qaytaracaq?”

Bunu iqtisadçı ekspert Nazim Baydəmirli Azərbaycan Respublikasının 2022-ci il üçün dövlət büdcəsində nəzərdə tutulan borclanmanın həcmini “Toplum TV”-yə şərh edərkən  deyib.

"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapan məlumatlara görə, ortamüddətli dövr ərzində dövlət büdcəsinin gəlir və xərclərinin ahəngdarlığının təmin edilməsi, büdcə qaydası çərçivəsində müəyyən olunmuş meyarların gözlənilməsi, Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyi təmin edən səviyyədə qorunması, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin, habelə dövlətin əsas funksiyalarının (sosial təminat, səhiyyə, müdafiə, dovlət borcuna xidmət və s.) maliyyələşdirilməsi məqsədilə dövlət borclanmasından daha aktiv istifadə edilməsi nəzərdə tutulur.

Azərbaycan 2022-ci il üçün dövlət borcunun (daxili və xarici) xidmətlərinə xərclərin yuxarı həddini 1,792 mlrd. manat səviyyəsində müəyyən edib. Daxili dövlət borcu üzrə bu hədd 232 mln. manat səviyyəsində, xarici dövlət borcu üzrə isə sözügedən hədd 1,560 mlrd. manat səviyyəsində müəyyən edilib.

N.Baydəmirli deyir ki, daha çox borclanmaya gedirik və bunun aqibəti heç də yaxşı olmayacaq: “Qarabağ məsələsinə görə borcların götürülməsinin doğru yanaşma olduğunu hesab etmirəm. Mənim araşdırmama görə, 2015-ci ilədək işğal nəticəsində Azərbaycan iqtisadiyyatına 250 milyard dollar zərər dəyib. Biz bunların hamısını Ermənistana bağışladıqmı? İlk növbədə biz işğalın səbəbkarı olan Ermənistanı dəymiş zərərlərin ödənilməsinə görə beynəlxalq məhkəmələrə verməli və vəsaitin əhəmiyyətli hissəsini ondan almalıyıq. Amma Azərbaycan həmişə olduğu kimi özünü daha varlı ölkə kimi göstərir və tez bir zamanda bəyanat verildi ki, Qarabağ öz vasitimizlə bərpa olunacaq”.

İqtisadçının sözlərinə görə, Azərbaycan hökuməti uzun illər vətəndaş müharibələrinə, işğal və təbii fəlakətlərə görə xarici ölkələrə ianə və borc qismində külli miqdarda vəsaitlər verib. “Azərbaycan da işğaldan azad olunmuş torpaqlarında məruz qaldığı maddi və mənəvi zərərin bərpa olunması üçün xarici dövlətlərdən ianələr almaq üçün  BMT-ə müraciət etməli idi”, - deyə N.Baydəmirli qeyd edib.

Nazim Baydəmirli - Açıq mənbələrdən götürülüb

İqtisadçı ekspert Rəşad Həsənov “Toplum TV”-yə söyləyib ki, gələn il xərclər artacağı üçün dövlət alternativ yollardan istifadə edir: “Hökumət çalışır ki, büdcə xərclərinin bir qismini alternativ mənbələrdən formalaşdırsın. O cümlədən dövlət borclanması, xüsusilə də daxili borclanma əsas istiqamət olaraq görülməkdədir. Növbəti illərdə Qarabağda minalardan təmizləmə prosesinin sürətlənəcəyini nəzərə alsaq, xərclər artacaq. Hökumət hansısa formada bu xərcləri maliyyələşdirməlidir. Görünən odur ki, indiki şərtlər Neft Fondundan xərcləməyə üstünlük verir”.

 “Xarici borclanma bizim üçün iqtisadi cəhətdən səmərəsizdir”, - bunu isə iqtisadçı ekspert Elşad Məmmədov deyir.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunan ərazilərində bərpa və quruculuq işləri ilk növbədə daxili resurslara əsaslanmalıdır.

“Bunun üçün pul emisiyasına ehtiyac var və eyni zamanda biz xaricdən texnologiyalar cəlb etməliyik. Lakin burda da ən önəmli məsələlərdən biri odur ki, ölkə iqtisadiyyatına investiyaların qoyuluşunda xarici borclanmaya deyil, Neft Fondunun aktivlərinə daha çox üstünlük verməliyik. Bəzi hallarda Neft Fondunun aktivləri hansısa xarici banklarda dövriyyə edir və onu çıxartmaqla bağlı hansısa problemlər ola bilər”,- deyə E.Məmmədov qeyd edib.

“SOCAR-ın və digər böyük dövlət şirkətlərinin aldığı borclar qeyd olunmur”

2021-ci il 1 iyul tarixinə Azərbaycan ümumi dövlət borcu (xarici və daxili) 17,352 mlrd. manat və ya ÜDM-in 21,6%-ni təşkil edib. Xarici dövlət borcu isə 8,603 mlrd. ABŞ dolları (14,626 mlrd. manat) və ya ÜDM-in 18,2%-ini təşkil edib.

N.Baydəmirli hesab edir ki, Azərbaycanın bu qədər borcu olması yaxşı hal deyil: “Əslində bizim borcumuz daha yüksəkdir. Ən azı ÜDM-nin 35-40%-nə yaxındır. Bu heç də yaxşı hal deyil. Düzdür, elə ölkələr var ki, borcları ÜDM-nin yarsından da çoxdur. Ancaq o ölkələrdə bu borc idarə olunan borclardır”.

E.Məmmədov isə borclanma məsələsiylə bağlı digər ölkələrdən nümunə gətirir: “Məsələn, Yaponiya, Rusiya, ABŞ inkişaf etmiş ölkələrdir. Ancaq onların yüksək, hətta bəzilərinin ÜDM-i də ötüb keçən xarici borcları var. Bu, həmin ölkələrə kəskin mənfi təsirlər göstərmir, çünki dayanıqlı və yüksək səviyyəli ixrac imkanları var. Amma Azərbaycanda vəziyyət fəqlidir. Biz manatla xaricdən vəsait əldə edə bilmirik. Biz dollarla götürdüyümüz krediti yenidən dollarla qaytarmalı olacağıq”.

Elşad Məmmədov - Açıq mənbələrdən götürülüb

“Regionumuzu müqayisə etdikdə, Azərbaycanın xarici borc yükü aşağıdır”, - bunu Rəşad Həsənov deyir.

Onun sözlərinə görə, dünya üzrə ortalama borclanma göstəricisi ÜDM-nin 60%-dən yuxarıdır. Ancaq ekspert metodologiyaya da nəzər salmağın zəruriliyini qeyd edir: “Dövlətin borcu aşağı olsa da, dövlət müəsissələri üzərindən təminat verdiyi borcun həcmi yüksəkdir. Və yaxud dövlət müəsissələrinin özünün borc yükü çoxdur. Məsələn, sabah SOCAR öz borc öhdəliyini yerinə yetirə bilməsə, yük dövlət büdcəsinə düşəcək”.

Xarici borclanmanın Azərbaycan dövləti üçün nə kimi təhlükələri var?

Bu suala cavabında N.Baydəmirli qeyd  edir ki, Azərbaycan üçün istənilən borc təhlükəlidir:

“Azərbaycanın ödəniş qabiliyyəti olmasa, xaricdəki əmlaklarımız həbs oluna, borc sahiblərinə mülkiyyət kimi verilə bilər. Bu təcrübəni Ermənistan vaxtilə yaşayıb. Rusiyaya olan borclara görə Ermənistanın dəmir yolları, müxtəlif böyük dövlət müəsissələri Rusiyanın mülkiyyətinə keçib. Düzdür, bütün ölkələr borclanırlar. Ancaq bizim iqtisadiyyatımız şaxələndirilməyib. Xarici ölkələrə neft, qazdan başqa heç nə sata bilmirik. Böyük ixrac potensialımız yoxdur. Neft və qaz tükənən sərvətlərdir”.

"Xarici borclanmanın əsas problemlərindən biri valyutada borclanmadır", - R. Həsənov belə deyir. Onun sözlərinə görə, faktiki olaraq manatın məzənnəsi bu istiqamətdə ciddi risk hesab olunur: "Əgər məzənnəni stabil saxlamaq mümkün olmazsa, kəskin devalvasiyalar baş verərsə, onda dövlət borcu anidən artacaq”.

Rəşad Həsənov - Sosial Media

Öz növbəsində E.Məmmədov dünya bazarlarında olan təhlükələrə diqqət yetirir: “Dünya bazarında qeyri-müəyyənlik günü-gündən artır. Dünya iqtisadiyyatı böhranla üz-üzədir. Digər tərəfdən, bizim 50 milyard dollara yaxın qızıl valyuta aktivlərimiz varsa, xarici borclanmaya niyə üstünlük verməliyik?” – deyə iqtisadçı ekspert ritorik sual verir.

Alınan borclar şəffaf və effektiv xərclənirmi?

“Ən böyük risk götürülən borcların korrupsiya predmentinə çevrilməsidir. Borclanma əsasən dövlət müəsissələrinin fəaliyyətini əhatə edir, - Rəşad Həsənov deyir və əlavə edir: Məsələn, yolların çəkilməsi, enerji və digər sosial infrastrukturun qurulması və başqa istiqamətlərdə faəliyyət göstərən müəsissələrin böyük əksəriyyətinin fəaliyyəti demək olar ki, şəffaf deyil. Həmin sahələrdə korrupsiyanın yüksək səviyyəsi hər kəsə məlumdur. Ona görə də bu çox ciddi problemdir”.

N.Baydəmirli isə deyir ki, kifayət qədər borclanma olsa da, problemlər hələ də mövcuddur: “Effektiv xərclənmə olsaydı, SOCAR kimi böyük şirkət Azərbaycanın daxilində 95-98 markalı benzin istehsal etmək qabiliyyətinə malik olardı. Elektrik sahəsində də kifayət qədər borc alınıb. Ancaq biz Bakıda belə enerji kəsintilərinin şahidi oluruq. Eyni zamanda “Azərsu”  üçün də Asiya İnkişaf Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından, Dünya Bankından külli miqdarda vəasitlər alınıb. Ancaq Azərbaycanda ekoloji su baxımından problemlər hələ də mövcuddur”.

“Təssüflər olsun ki, prezident də bildirmişdi ki, dövlət qurumlarının bir çoxu xərclərində kifayət qədər şəffaf deyillər. Bunu vətandaşlar özləri də rahatlıqla görə bilirlər”, - E.Məmmədov deyib.

“Mən Azərbaycan dövlət qurumlarının dövlət hesabına yüz milyonlarla dəyəri olan ofislər tikməsinin, orta miqyaslı məmurlar üçün bahalı avtomobillər alınmasının qəti əleyhinəyəm”,- deyə o, fikirlərinə nöqtə qoyub.    

İqtisadiyyat

Avtomobil bazarından reportaj: “İnsanlar maşın bazarına yox, elə bil muzeyə gəlirlər”

Roza Məmmədova
Vüsalə Mikayıl
30 Noyabr 2021
Badamdarda yerləşən, ucu-bucağı görünməyən avtomobil bazarını maşın muzeyi də adlandırmaq olar: rəngli, növbənöv, hər keyfiyyətdə və hər zövqə uyğun maşınlar sıraya düzülüb. Ancaq bazarda tək-tük adam gözə dəyir, gözə dəyənlər də elə satıcılardır. Onların dediyinə görə, maşın bazarı SSRİ dövründən mövcuddur, ancaq indi burada avtosalonlar da fəaliyyət göstərir. Avtosalonlar onlayn satış, əlaqələndirmə, lizinq kimi xidmətlər göstərir, bir sıra hallarda xidməti keyfiyyətinə görə ənənəvi maşın bazarını qabaqlayır. Xidmət sahəsinə uyğun olaraq bazar iki hissəyə bölünüb, giriş hissəsində nisbətən daha səliqəli görünən avtosalonlar, bazarın qurtaracağında isə köhnə Badamdar avtomobil bazarı fəaliyyət göstərir. Bunu da oxu: Piyadaları əzən avtomobillər: “Yollardakı qəzaların səbəbi...” Bu müxtəliflik...
İqtisadiyyat

“Ölkədə həyata keçirilən sosial mənzil siyasəti “azərbaycanlaşdırılıb””

Vüsalə Mikayıl
30 Noyabr 2021

Açıq mənbələrdən götürülüb

2016-cı ildə dövlətin güzəştli evlər vasitəsilə aztəminatlı ailələrin ev sahibi olacağını elan etməsi çoxlarını sevindirsə də, bir çox aztəminatlı ailələrin layihədən kənar qalması, evlərin satışında şəffaflığın olmaması, mənzillərin təyinatı üzrə istifadə edilməməsi kimi iddalar səslənməyə başladı. Sosial şəbəkələrdə bu haqda yazanlarsa güzəşt sözünün ancaq layihənin adında olduğunu vurğulayırlar. Məsələn, Natıq Nuriyev adlı şəxs “Facebook”da yazır: “Azərbaycanda sosial evlər adına görə ehtiyacı olan, maddi imkanı az olub ev ala bilməyən adamlara uzun müddətli güzəştlərlə satılır. Bu binaların birinə təsadüfi gedişimdə gördüyümü deyim. Bəziləri evi alıb veriblər kirayə. Bu necə olur? Bunu aidiyyatı qurumlar görmürmü?” Bu gün bəzi mütəxəssislər də layihənin özünü...
Seçilmiş Videolar