İqtisadiyyat

Azərbaycan hökuməti “rəqəmsal qızıl”a niyə maraq göstərmir?

Aytac Məmmədli
19 İyun, 2021
241

Ferra.ru

Müasir dövrün mübadilə vasitəsi - rəqəmsal kriptovalyuta investisiya olaraq son 10 ilin, demək olar ki, ən gəlirli, həm də ən riskli maliyyə aktivinə çevrilib.

Hazırda rəqəmsal aktivlər arasında “Ethereum”, “Ripple”, “Cardano”, “Litecoin”, “NEM”, “Bitcoin Cash” kimi kriptovalyutalar mövcud olsa da, ən çox tanınanı bitkoin (bitcoin) hesab edilir. Bitkoinin simvolu ฿, qısaltması isə BTC-dir.

Bitcoini kim, niyə yaratdı?

Bitkoini ilk dəfə 2008-ci ildə Satoshi Nakamoto icad edib - “Bitcoin: A Peer-to-Peer Electronic Cash System” adlı sənədi  internetdə dərc etməklə kriptovalyutanın tarixini başladıb. Maraqlıdır ki, Nakamotonun kimliyi və ilk kriptovalyutanın yaradılmasının əsl səbəbi hələ də bəlli deyil. İddialar var ki, o, 2008-ci il maliyyə böhranına görə rəqəmsal valyuta yaratmaq qərarına gəlib.

Satoshi Nakamoto- CoinDesk

Bitkoini bəzən “rəqəmsal qızıl” da adlandırırlar. Mərkəzləşdirilmiş nəzarət mexanizminin və saxta emissiyanın olmaması, inflasiyaya məruz qalmaması bitkoinin əsas xüsusiyyətlərindəndir. Bu şəbəkədə insanlar bir-biri ilə bank və ya hər hansı üçüncü tərəf olmadan, qısa zamanda və cüzi komissiya xərci ilə valyuta mübadiləsi edir.

Bitkoin necə “istehsal edilir”?

BTC “istehsalına” mayninq” (“mining”) deyilir. Virtual mayninq üsulu ilə verilmiş 16 simvolu kodlaşdıra bilən kompüterlər bitkoin qazanır. İstifadəçi ilkin olaraq heç bir məbləğ ödəmədən bitkoin hesabı açır. Virtual pul qabını yaratdıqdan sonra bitkoin şəbəkəsinin əməliyyatlarını təsdiqləmək üçün kompüterdə riyazi əməliyyatlar həyata keçirir.

Rəqəmsal valyuta əldə etmək istəyən istifadəçi həm biliyinə, həm də kompüterinə güvənməlidir, çünki texnika nə qədər güclüdürsə, performans da o qədər yaxşı olur.

BTC əməliyyatları üçün xüsusi hazırlanmış sistemləri almaq və ya icarəyə götürmək olar. İstifadəçi bu barədə məlumatsızdırsa, mövcud “mayninq hovuzlarına” qoşulmaqla gəlirini artıra bilər.

“Mayninq hovuzları” olduqca çoxdur. Bir blokdan daxil olan ümumi gəlirlər hovuz iştirakçıları arasında xüsusi formula əsasında paylanılır. Bir növ istifadəçilər kompüterlərinin gücünü birləşdirərək qazanırlar.

Al Jazeera

BTC əldə etmək üçün mövcud pulu müəyyən bir valyuta məzənnəsinə dəyişmək və ya bitkoin satan sistemlərdən birbaşa əldə etmək olar. Bitkoin almağın və onu sonradan nağd pula çevirməyin 4 əsas üsulu var: kriptovalyuta birjalarından, mübadilə servislərindən, bitkoin ATM-lərindən və fiziki şəxlərdən satın almaq.

Digər valyutalar kimi, bitkoinin də mənfi və müsbət tərəfləri var. “Rəqəmsal qızılı” alanda 3 əsas risk faktoru diqqətə alınmalıdır:

1. yüksək volatillik (qeyri-sabitlik) riski - tənzimlənməyən kriptovalyuta bazarında qiymətlər gün ərzində sürətlə qalxa və ya enə bilər, buna psixoloji hazır olmaq lazımdır;

2. hüquqi risk - kriptovalyutalar üzrə hələ də vahid beynəlxalq hüquqi tənzimləmə mexnizmi olmadığından investorlar istədikləri vaxt bitkoini nağdlaşdıra və ya ödəniş vasitəsi kimi istifadə edə bilmirlər;

3. 3. elektron pulqabının ələ keçirilməsi və ya parolun itirilməsi - BTC vahid mərkəzdən idarə olunmadığı üçün itirildiyi və ya oğurlandığı zaman geri qalytarılması üçün müraciət ediləcək ünvan, imkan yoxdur.

Bitkoinin üstünlükləri isə bunlardır:

1. maliyyə senzurasının olmaması - bitkoin şəbəkəsində e-cüzdan sayı, köçürmə məbləği və balansda vəsait limitləri ilə bağlı heç bir məhdudiyyət yoxdur, bank köçürmələrindən fərqli olaraq bitkoin tranzaksiyaları dəyişdirilə, dondurula və ya ləğv edilə bilməz, həmçinin şəbəkə sahibinin razılığı olmadan vəsaitlərinin istifadəsi mümkün deyil.

2. blokçeyn texnologiyası - bitkoin bu texnologiyanın ilk məhsuludur, tək kriptovalyuta seqmenti üçün deyil maliyyə-bank, səhiyyə, təhsil, loqistika, media, turizm sektorlarında da tətbiq edilir və güclü potensiala malikdir;

3. mərkəzi idarəetmənin olmaması - BTC hər hansı bir dövlətin siyasi və iqtisadi vəziyyətindən, Mərkəzi Bankların monetar siyasətindən asılı deyil;

4. istifadə rahatlığı - bitkoin almaq və ya göndər mək üçün elektron pulqabının mobil tətbiqini yükləmək kifayət edir.

Bitkoini qadağan edən də var, qanuni sayan da

Kriptovalyuta qaydaları ölkələrə görə dəyişir. Bir çox ölkələr bitkoindən mübadiə vasitəsi kimi istifadəyə icazə verdiyi halda, bəzi ölkələrdə ona sahib olmaq belə həbs cəzası üçün əsas sayıla bilər.

İnvestopediya” saytının məlumatına görə, ABŞ, Yaponiya, Böyük Britaniya və digər inkişaf etmiş ölkələrdə BTC qanuni hesab olunur. İnkişaf etməkdə olan bazarlarda isə bitkoinin hüquqi statusu tez-tez dəyişir.

Çin bitkoindən istifadəni məhdudlaşdırıb, Hindistansa bankların bitkoinlə əməliyyatlarını qadağan edib və kriptovalyutaların hüquqi statusunu aydınlaşdırmayıb.

Bu ilin iyun ayında Salvador bitkoini qanuni ödəniş vasitəsi kimi tanıyan ilk ölkə olub.

Açıq mənbələrdən götürülüb

Bitkoin Azərbaycanda

2018-ci ilin yanvar ayında xəbər yayıldı ki, Azərbaycanda “Kriptovalyuta ticarətinin tənzimlənməsi” haqqında qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılacaq, qrupa prezidentin iqtisadi siyasət və istehsalat məsələləri üzrə baş məsləhətçisi Fərəh Məmmədova rəhbərlik edəcək. Ancaq 3 ildən çoxdur ki, bu qrupun fəaliyyəti haqqında heç bir xəbər yoxdur.

Həmin ilin aprel ayında ölkədə kriptovalyuta və blokçeyn sahəsi ilə əlaqəli yeni bir qurum – Blokçeyn Azərbaycan Mərkəzi (BAM) yaradılıb. Qurumun əsas məqsədi blokçeyn və kriptovalyutalarla bağlı təkliflərin hazırlanması, onun tətbiqi sahələrinin təyin edilməsi, mövzuya aid təlim-tədrisin təşkili, konsultasiya və digər tədbirlərin təşkil olunmasıdır.

“Toplum TV” ölkədə kriptovalyuta sahəsinin inkişafı ilə bağlı BAM-ın həmtəsisçisi, “Crypto Consulting” şirkətinin, “Kriptoinvest.az” saytının rəhbəri Elnur Quliyevlə danışıb.

Elnur Quliyev-Fins.az

Quliyev deyir ki, İşçi Qrupu 2018-ci ilin avqust ayında fəaliyyətini dayandırıb:

“Bu qurumun işçiləri dövlət idarələrində çalışan adamlar idi, onlar bu sahədə kifayət qədər bilgili deyildilər. Kriptodünyadan uzaq adamlar nə qərar verə bilərdilər ki? Ən yaxşı halda Özbəkistan, Qazaxıstan, Belarus təcrübələrini öyrənəcəkdilər. Amma ən azı üzərlərinə öhdəlik götürüb məlumat verəydilər ki, bu qrupun axırı nə oldu”.

Elnur Quliyev hökumətin məsələyə bir qədər ehtiyatla yanaşdığını düşünür:

“Bilirsiniz, yeni texnologiyalar həmişə daha risklidir. Gözləyirik ki, qonşular onları tətbiq etsin, biz nəticələrinə baxaq və buna uyğun qərar verək. Biz hələlik Rusiyanın təcrübəsini gözləyirik. Rusiya rəqəmsal aktivlər haqqında qanun qəbul edəndən 3-6 ay sonra Azərbaycanda da bunu görəcəyik. Türkiyədə Mərkəzi Bank aprelin 30-da bir çox şirkətlərin kriptovalyuta əməliyyatı aparmasına qadağa qoyub. Bizim Mərkəzi Bankın sədri Elman Rüstəmovsa deyir ki, biz hələ bu sahəni öyrənirik, kriptovalyutayla ödəniş etmək fikrimiz yoxdur. Əslində, Mərkəzi Bank bu məsələyə konservativ yanaşır. Gözləyirik ki, dünya nəsə etsin, biz də pulunu verək, bahalı ekspertlər gətirək, işimizi gördürək”.

Quliyev kriptovalyuta mayninqində Gürcüstan və Ermənistanın Azərbaycandan daha qabaqda olduğunu, bu ölkələrdə buna icazə verdiyini söyləyir:

“Azərbaycanda mayninq avadanlığı gətirmək üçün 50 yerdən icazə almalı olursan. Hər üç ölkədə kriptovalyutanın rəsmi statusu yoxdur, amma qonşular ölkəyə investisiya gəlməsinə şərait yaradır”.

Azərbaycanda vətəndaşların kriptovalyutaya marağı varmı?

Elnur Quıiyevin sözlərinə görə, Azərbaycanda bitkoinə yox, başqa kriptovalyutalara maraq var və bu maraq yeni-yeni yaranmaqdadır:

“2021-ci ildən Azərbaycanda dəyəri 1 dollardan aşağı olan kriptovalyutalara daha çox maraq yaranıb. Niyə bitkoinə yox? Çünki bitkoin bahadır, insanların maddi durumu daha çox aşağı dəyərli kriptolara bəs edir, məsələn, Cardano, ADA, ALGO və sairə”.

Coincolik.com

Quliyev bu sahənin inkişafına mənfi təsir edən əsas səbəb kimi qanunvericilik bazasının olmamasını göstərir:

“Bitkoini alan adam onu qanuni formada xərcləyə, nəğdləşdirə bilmir. Nə vaxt ölkədə rəqəmsal aktivlər haqqında qanun qəbul olunsa, ona maraq artacaq. Bundan başqa, bitkoindən qazanmaq istəyənlər yüksək vergi faizləri ödəməli olurlar. Məsələn, bitkoin almaq istəyən 18 faiz vergi ödəməlidir. Halbuki o hələ bilmir, bitkoini ala biləcəkmi, onun dəyəri qalxacaqmı, sonda onu nağdlaşdıra biləcəkmi? Üstəlik, bitkoini nağdlaşdıranda da faiz tutulur. Lap axırda da Vergi Məcəlləsinə uyğun olaraq əldə etdiyin gəlirdən 14 faiz gəlir vergisi ödənilməlidir”.

İqtisadiyyat

Türkmən neftinin BTC ilə nəqli Azərbaycana nə qazandıracaq?

Roza Məmmədova
16 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycan oktyabrın əvvəlindən 1 milyon ton Türkmənistan neftini Avropaya daşıyacaq. Bu barədə avqustun 13-də Azərbaycan Dövlət Neft Şirkəti SOCAR və İsveçrə-Hollandiya şirkəti "Vitol" arasında razılıq əldə olunub. Məlumata görə, neftin Bakı-Tbilisi-Ceyhan neft magistral boru kəməri (BTC) ilə ixrac edilməsi planlaşdırılır.  Belə ki, SOCAR Türkmənistan neftini tankerlərlə Xəzər dənizi üzərindən  Avropaya nəql edəcək. Qeyd edək ki, Tükmən neftinin BTC ilə nəql edilməsinə, 2010-cu ildən başlanılıb. Bəs türkmən neftinin BTC ilə nəqli tranzit ölkə kimi Azərbaycana nə qazandıracaq? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Toplum TV”-yə açıqlamasında deyir ki, Tükmən neftinin BTC ilə nəql edilməsi iqtisadi cəhətdən...
İqtisadiyyat

SOCAR-dan benzinin bahalaşması ilə bağlı açıqlama 

16 Sentyabr 2021

SOCAR Trading

““Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti ildə bir neçə dəfə dəyişir. Başqa ölkələrdə isə qiymət həftədə bir neçə dəfə dəyişir. Qiymətlər həm qalxır, həm də düşür. Ötən il "Aİ-95" markalı benzinin qiyməti 1.50 qəpikdən 1.10-a qədər düşmüşdü.  Sonra isə tədricən artmağa başladı. Qiymətin düşməsinin və artmasının səbəbi əsasən dünya bazarlarında neftin və neft məhsullarına bağlıdır”. Bunu sentyabrın 16-da SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "İctimai TV"-nin efirində benzin qiymətlərinin bahalaşmasını şərh edərkən bildirib. "Qafqazinfo"-nun məlumatında bildirilir.  İbrahim Əhmədovun sözlərinə görə, Azərbaycanda ümumi yanacaq istehlakına baxanda, 2020-ci ildə ölkə daxilində istehlak edilmiş yanacağın təxminən 98 faizi...
Seçilmiş Videolar