İqtisadiyyat

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti özünü doğruldurmu? 

Vüsalə Mikayıl
24 Sentyabr, 2021
1016

Açıq mənbələrdən götürülüb

“Adı bu cür gurultulu səslənən holdinqin hesabatı olmalıdır. Amma nəyə görəsə yoxdur. Onlar ciddi işlərlə məşğul olsaydılar, ümidverici və ictimaiyyətə müsbət mesaj ötürən fəaliyyətləri olsaydı, yəqin ki, bunun açıqlamasını da verərdilər”.

Bu sözləri “Toplum TV”-yə iqtisadçı ekspert Nemət Əliyev Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaxın bir il ərzində fəaliyyətini dəyərləndirərkən deyib.

Ötən ilin avqust ayında ölkə prezidentinin fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Həmin ilin noyabrın 5-də isə növbəti fərmanla ilk dövrdə 17 dövlət şirkətinin daxil olduğu holdinqin tərkibinə Dövlət Neft Şirkəti, Azərbaycan Hava Yolları, Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Metropoliteni, "Azergold”, "Azərenerji”, "Azərişıq” və "Azərsu” kimi iri dövlət qurumları da daxil edilib.

AİH öz vəzifəsini yerinə yetirə bilirmi?

İqtisadçı ekspert Azər Mehtiyev bildirir ki, Azərbaycan İnvestisiya Holdinqi dövlət müəssisələrinin şəffaflığını və hesabatlılığının təmin edilməsi məqsədi ilə yaradılıb: “Demək olar ki, iri dövlət qurumlarının onun idarə etməsinə verilməsi nəzərdə tutulur. Amma hələlik bütün şirkətlər qurumun nəzarətində deyil və ötən il bir neçə müəssisə AİH-in nəzarətinə verilmiş və müşahidə şuraları yaradılmışıdı. Bu proses davam edir. Bu gün holdinqin fəaliyyətinin nəticəsini görə bilirikmi? Bu suala cavab vermək çətindir. Onlar bu dövrdə hansı fəaliyyəti həyata keçiriblər və nəyə nail olublar? Ortada hesabat olmadığını görə bilmirik”. 

Nemət Əliyev

İqtisadçı ekspert Nemət Əliyev isə qeyd edir ki, AİH-in əsas vəzifəsi həm də iri dövlət şirkətlərin investisiya tələbatını ödəmək idi: “Qurumların həm də öhdəliklərinin nəzarətə götürülməsi baxımından vəzifə qarşıya qoyulmuşdu. Açığı həmin qurumların fəaliyyətinə baxanda bəlli olur ki, AİH öz vəzifəsinin öhdəsindən gələ bilməyib. Bunun əsas səbəblərini AİH-də də axtarmağın tərəfdarı deyiləm. Açığı təsəvvür edə bilmirəm ki, AİH Neft Şirkətinə hansısa göstərişlər verə bilsin, hansısa qərarlarına təsir etmək gücündə olsun”.

Digər tərəfdən N.Əliyev holdinqin əsas vəzifəsi olan investisiya təminatının nə dərəcədə gerçəkləşməsini bilmək üçün bu ilin 6 aylıq statistikasına baxmağı yetərli hesab edir: “Məlum olur ki, Azərbaycana investisiya qoyuluşlarının həcmində 10-12% azalma var. Yəni AİH-in fəaliyyəti bu göstəricinin azalmasını deyil, artmını şərtləndirməli idi. 2020-ci ildə investisiya artımı məlum səbəblərdən ürəkaçan deyildi. Heç 2021-ci ildə də bu istiqamətdə inkişaf nəzərə çarpmadı. Bu kontekstdən baxanda AİH-in öz öhdəliklərini yerinə yetirdiyini düşünmürəm”.

Ekspert dövlətin özünün də investisya yatırımlarının olduğunu deyir. O, gələn ilin dövlət büdcəsində həmin yatırımlarla bağlı rəqəmlərə fikir verəndə 30-32% həcmində azalmanın müşahidə olunduğundan da danışır.

Hesabatlılığı təmin etməli olan holdinq öz fəaliyyətində nə qədər hesabatlıdır?

A. Mehtiyev şirkətlərin öz maliyyə hesabatlarını iyulun 1-dən gec olmayaraq dərc etməli olduğunu deyir: “Müşahidələr isə onu göstərir ki, şirkətlərin böyük əksəriyyəti bu tələbə də əməl etməyiblər. Bu baxımdan ən azından AİH-in bir növbəli vəzifələrindən biri qanunvericiliyin tələblərinə uyğun olaraq bu şirkətlərin vaxtlı-vaxtında hesabatların cəmiyyətə açıqlamasıdır ki, bu da təmin olunmur. Beləliklə, İnvestisiya Holdinqinin fəaliyyətini qiymətləndirmək hələ ki, ortada hesabat olmadığına görə mümkün deyil. Ya da bunun müəyyən qədər tez olduğunu demək olar”. 

İqtisadçı investisiya şirkətinin hansısa yol xəritəsinə malik olduğu qənaətindədir və bir qədər də gözləməyin tərəfdarıdır. Hərçənd, holdinqin bu şirkətlərin fəaliyyətini təmin edəcəyi ilə bağlı  qiymətləndirmə meyarı da ortada yoxdur. 

27 aprel 2021-ci il tarixində prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, “Azərkosmos” ASC, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (“Baktelecom”) MMC-lər holdinqin idarəetməsindən çıxarılıb.

İnvestisiya Holdinqinin nizamnaməsində o da göstərilir ki, qurumun fəaliyyət istiqamətləri arasında dövlət şirkətlərinin rəqabətlilik qabiliyyətinin artırılmasına nail olunmalıdır.  Sual olunur: holdinqdən ayrılmış “Azərkosmos”, “Aztelekom” kimi  şirkətlərdə beynəlxalq rəqabətlilik hansı səviyyədədir?

Azər Mehtiyev  - Açıq mənbələrdən götürülüb

A. Mehdiyevin sözlərinə görə, rəqabətliliyi təmin etmək bir ilin işi deyil: “Əslində, bu zaman tələb edir. Yol xəritələri hazırlanaraq rəqabətliliyin şərtləri və amilləri müəyyən edilməlidir. Bu qısa müddətli iş deyil. Holdinq bu istiqamətdə hansı addımları atıb? Hazırkı rəqabətliliyi hansı amillərlə şərtlənir və rəqabətliliyin artırılması üçün hansı addımlar atılacaq? Ən azı bu yol xəritəsi ictimaiyyətə təqdim olunmalıdır”.

Nemət Əliyevsə beynəlxalq rəqabət qabiliyətinin artırılması məsələsində ümumilikdə ölkə üzrə vəziyətin heç də ürəkaçan olmadığını deyir. 

Azərbaycan İnvestisiya Holdinqinin dominantlaşması mümkündür?

N.Əliyev AİH-in dominantlaşması fikri ilə razılaşmır və tərkibində olan şirkətləri monopoliya altına alacağını düşünmür. Ona görə burada monopoliyanı yaradan elə qurumun tərkibindəki şirkətlərdir. Dominantlığın da həmin şirkətlər üzərində qaldığını deyir. “AİH-in şirkətlərə investisiya tələbatını ödəməsində bir artım olsaydı, biz o zaman sözügüdən holdinqin şirkətlərə hansısa təsirindən danışa bilərdik. Amma yoxdur axı. Ümumiyyətlə, bu holdinq nəyə lazım olub? Onların qarşısına hansı vəzifə qoyulmuşdu, bunlar gətirib hara çıxardılar”, - ekspert vurğulayır.  

Prezident İlham Əliyevin 22 sentyabr 2021-ci il tarixli fərmanına əsasən, daha 3 şirkət -“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB), “Azər-Türk Bank” və “Azərsığorta”  Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 

İqtisadçı deputat Vüqar Bayramov “Feysbuk” hesabında yazır ki,  Beynəlxalq Bank aktivlərin həcminə görə hər zaman seçilən banklardan hesab olunur. Belə ki, bu ilin ilk yarısında aktivləri 8 milyard 856 milyon manat olan bankın öhdəlikləri 7 milyard 376 milyon manat, kapital isə 1 milyard 479 milyon manat olub. Bu isə ümumi bank aktivlərinin 27 faizə yaxınını formalaşdırır. Deputat hesab edir ki, bankların İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi həmin bankların idaredilməsi baxımdan yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. 

Vüqar Bayramov - Açıq mənbələrdən götürülüb

“Fərmana əsasən, beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azər-Türk Bank” hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının 4 ay müddətində diaqnostikası aparılacaq və bankın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Bu isə ondan xəbər verir ki, “Azər-Türk Bank”ın fəaliyyətinin təkmilləşdirilməsinə növbəti mərhələdə xüsusi diqqətin ayrılması nəzərdə tutulur”, - deyə deputat qeyd edib.

İqtisadiyyat

Azərbaycan İranla Naxçıvana kommunikasiyaların tikintisindən danışıb

19 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan baş nazirinin müavini, Azərbaycan və İran arasında İqtisadi, Ticari və Humanitar Məsələlər üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Tehranda İranın XİN başçısı Hüseyn Əmir Abdullahiyanla görüşüb.  “Turan”ın məlumatına görə, tərəflər Azərbaycanın Şərqi Zəngəzur iqtisadi bölgəsi və Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçən yeni kommunikasiyaların yaradılması haqqında razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Eyni zamanda iqtisadi, ticari sahələrdə, nəqliyyat sahəsində, humanitar sahədə və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Hər iki dövlət rəsmisi regional əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Bir müddət əvvəl, martın 11-də Azərbaycan baş nazirinin müavini Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qasımi...
İqtisadiyyat

AZAL-ın zərəri şirkətin aktivlərinin 90%-ni təşkil edir

18 May 2022

azal.az

“Azərbaycan Hava Yolları” dövlət aviaşirkəti maliyyə hesabatı açıqlayıb. "Turan”ın məlumatına görə, indiyədək 2019 və 2020-ci illər üzrə audit edilmiş hesabatlar (Deloitte & Tuoche) əlçatandır və bu hesabatlara əsasən, ötən ilin əvvəlində AZAL-ın zərəri (1 milyard 764 milyon manat) aviaşirkətin aktivlərinin 90%-ni təşkil edib. 2020-ci ildə COVID-19 koronavirus pandemiyası ilə əlaqədar AZAL-ın birbaşa gəlirləri 1 milyard 8,4 min manatdan (593,1 milyon dollar) 335,2 milyon manata (197,1 milyon dollar) qədər azalıb. Pandemiya ilə bağlı itkiləri kompensasiya etmək üçün hökumət il ərzində aviaşirkətə ümumilikdə 232 milyon manatdan çox subsidiya ödəyib. Bununla yanaşı, 2020-ci il üçün AZAL-ın əməliyyat xərcləri 540 milyon manatı (317,6 milyon...

Seçilmiş Videolar

Toplum TV loqo