Azərbaycan və Türkiyə arasında 1 milyardlıq valyuta mübadiləsi – İqtisadi, yoxsa siyasi qərar?
FT
Azərbaycan və Türkiyənin gələn həftə 1 milyard avroluq svop əməliyyatı həyata keçirəcəyi gözlənilir. Hələ bununla bağlı ötən ilin sonunda “Reuters” agentliyi xəbər vermişdi. “Middle East Eye” resursusun yanvarın 20-də verdiyi məlumata görə isə, artıq tərəflər razılığa gəliblər: “Yaxın həftələrdə Türkiyənin Azərbaycanla 1 milyard avroluq svop əməliyyatı müqaviləsi imzalayacağı irəli sürülüb. Müqavilə artıq hazırdır. Əvvəllər Türkiyə Çin, Qətər, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri ilə də müqavilələr bağlayıb”.
Svop nədir?
Svop mübadilə əməliyyatı deməkdir. Bu, iki tərəfin müəyyən bir faiz dərəcəsi ilə razılaşdırılmış müddətə fərqli valyuta mübadiləsi aparmasıdır. Ödəmə başa çatdıqda, əməliyyat ləğv edilir və pul aid olduqları ölkələrin mərkəzi banklarına qaytarılır.
İqtisadçı Natiq Cəfərli svopun məğzini ölkələrin xarici və milli valyutalar arasında olan əməliyyatlarda Mərkəzi Bankın əməliyyat sistemindən istifadə etməsi kimi izah edir: “Daha sadə dillə desək, hər hansı bir ölkə Türkiyənin Mərkəzi Bankına svop müqaviləsilə valyuta yatırır. Həmin ölkə Türkiyə ərazisində biznes müqavilələr bağlayıb ödənişlər edəndə onun əvəzində türk lirəsi ilə əməliyyatlar edilməsi üçün Mərkəzi Bank maliyyə xətti açır”.
Ekspert deyir ki, bu, bir çox ölkələrin fəaliyyətində görünən təcrübədir. O, Türkiyənin bunu əvvəllər də birjalar vasitəsilə həyata keçirdiyini bildirir:
“Türkiyə Mərkəzi Bankı bunları Sinqapur, London, Tokio, Nyu-York birjalarındakı svop əməliyyatları vasitəsilə həyata keçirirdi. İndi lirənin məzənnəsinin oynaq olmasına görə, sözügedən əməliyyat faizləri yüksək başa gəlir. Ona görə də, dost ölkələrdən belə xahişlər edilir”.
İqtisadçı Türkiyənin ciddi valyuta sıxıntılarının olduğunu və hətta ehtiyatların demək olar ki, qalmadığını deyir. “Təkcə Türkiyənin özəl banklarının Mərkəzi Bankda saxladığı valyuta və xarici ölkələrlə bağlanılan svop müqavilələrdən gələn məbləğ qalıb. Türk lirəsinin vəziyyəti isə məlumdur, sabit deyil, onun kifayət qədər dəyər itirdiyini düşünsək, lirənin dayanıqlığınının artırılması üçün bu vacib amildir” - deyə ekspert “Toplum TV”-yə açıqlamasında bildirib.
Türk lirəsi 2021-ci ilin sonundan dollar qarşısında ciddi dəyər itkisinə məruz qalıb. Rekord ucuzlaşma isə ötən ilin dekabrın 20-də qeydə alınmışdı. 1 dollar 18 lirəyə qədər bahalaşmışdı. Türkiyə prezidenti R.T.Ərdoğanın xalqa müraciəti və yeni maliyyə alternativləri təklif etməsindən sonra lirə dollar qarşısında 26%-ə qədər dəyər qazanmışdı.
Hələ 2018-ci ildən Türkiyədə başlanan iqtisadi böhrandan sonra rəsmi Ankara dollara olan ehtiyacını ödəmək üçün bu yola baş vurmuş və bir sıra ölkələrlə mübadilə müqaviləsi imzalamaq üçün müraciət etmişdi. Ən son Türkiyə Mərkəzi Bankı Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) ilə təxminən 5 milyard dollarlıq svop müqaviləsi imzalayıb.
İqtisadi, yoxsa siyasi qərar?
İqtisadçı Rəşad Həsənov “Toplum TV”-yə bunun birmənalı şəkildə siyasi qərar kimi qiymətləndirdiyini bildirib: “Bu indiki şərtlərdə daha çox Türkiyə iqtisadiyyatı üçün əhəmiyyətlidir. İki ölkə arasında böyük ticarət dövriyyəsi var və hər iki tərəfin müəyyən mənada bir-birinin valyutasını saxlaması ehtiyacı yaranır. Amma burda söhbət avrodan gedir. Bu kontektsdən baxanda bunu birmənalı olaraq, Türkiyəyə yardım kimi qiymətləndirmək olar. Müqavilənin üçillik olması deyilir. Svop məqsədilə verildiyi üçün üç ildən sonra bənzər formada geri istənilməlidir. Buna görə də burda ciddi itkidən söhbət getmir. Avronun məzənnəsi digər valyutalara nisbətdə daha dayanıqlıdır. Buna görə də bu, dəstək xarakterli addımdır”.
Türkiyə Mərkəzi Bankının xalis beynəlxalq ehtiyatları keçən ay mənfi 56 milyard dollara düşüb ki, bu da bankın lirəni sabitləşdirmək üçün bir sıra valyuta satışlarından sonra 2002-ci ildən bəri ən aşağı göstəricisidir.
R.Həsənov da Türkiyə Mərkəzi Bankının resurslarının tükəndiyini bildirir.
“Türk lirəsinin mövcud şərtlər daxilində qorunub saxlanması mümkün görünmür. Bu səbəbdən Türkiyə Mərkəzi Bankı alternativ mənbələrdən valyuta cəlb etməklə bazarda manevr etmək imkanını artırmağa çalışır”, -deyə iqtisadçı vurğulayıb.
Ekspertə görə, hər hansı fors-major situasiyalar və ya Azərbaycan Mərkəzi Bankının bazara intervensiya etmək üçün sıxıntıları olmasa, bunun ölkə iqtisadiyyatına ciddi problemlər yaşadacağı gözlənilmir.
açıq mənbədən götürülüb
azal.az
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır