İqtisadiyyat

“Azərbaycanlı həkimlərin tətbiq etdiyi metodlar ən az 30-40 il əvvələ aiddir”

Roza Məmmədova
5 Yanvar, 2022
336

Açıq mənbələrdən götürülüb

Mircavad Əliyev 2016-cı ildə Azərbaycan Tibb Universitetinə qəbul olub. Burada bir il oxuduqdan sonra yerli tibb təhsilinin keyfiyyəti onu qane etmədiyindən təhsilini Türkiyə Uludağ Universitetində Tibb fakültəsində davam etdirib.

“Universitetdə öyrədilən nəzəriyyə kitablarının əksəriyyəti köhnə nəşrlərdir, ya da Sovet ənənəsi ilə yazılıb. Sovet ədəbiyyatında həddən artıq söz yığınına və  nəzəri bilgilərə yer ayrıldığından tələbələrin oxuma sevdasının üstündən xətt çəkir”, - 6-cı kursda oxuyan Mircavad belə söyləyir.

Onun sözlərinə görə, praktika mərhələsində tələbələrlə xəstələr arasında təmas sadəcə vərəq üzərindədir: “Tələbələrin nə qədər xəstə gördüyü, təcrübə apardığı, müayinə etdiyi sual altındadır. Amma Türkiyə və digər xarici ölkələrdə tibb təhsili müəsisələrində praktika fərqlidir. 4-cü, 5-ci təhsil ilində tələbələr xəstələrlə ünsiyyətə girir, həm psixoloji olaraq xəstəyə yanaşmanı öyrənir, həm də ilk 3 ildə öyrəndiyi bilikləri tətbiq edirlər. Nəticədə məzun olub iş həyatına atıldıqda tələbə xəstələrlə həm psixoloji, həm də tətbiqi baxımdan  heç bir problem yaşamır”.

Qərarından məmnun qalan Mircavad Türkiyədə məzun olduqdan sonra işləməyin daha perspektivli olduğu qənaətindədir.

“Təhsil sistemi elmi araşdırmalar aparmağa imkan verir, öz məqalələrimi beynalxalq dərgilərdə yaya bilərəm, bir həkim kimi dünyaya çıxış imkanım genişdir və s. Akademik formada özünü inkişaf etdirmək istəyən həkim buradakı şəraiti gördükdən sonra niyə Azərbaycan kimi səhiyyəsi az inkşaf etmiş ölkəyə qayıtmağı düşünsün?”

Həkimlər hara və niyə gedir?

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əhalinin hər 10 min nəfərinə 31 həkim düşür, 2011-ci ildəsə hər 10 min insana daha çox - 36 həkim düşürdü.

Eyni zamanda 10 il əvvəl bütün ixtisaslar üzrə fəaliyyət göstərən həkimlərin ümumi sayı 33 100 idisə, 2021-ci ildə bu göstərici 31 800 olub, yəni 1300 nəfər azalma var.

Tibb Universitetini bitirən tələbələr arasında oxumaq və işləmək üçün Almaniya, Ukrayna, Rusiya, Türkiyə kimi ölkələri seçənlərin sayı az deyil.

Məsələn, ötən il alman mediasında dərc edilən bir araşdırmaya görə, Almaniyada 1028 nəfər azərbaycanlı həkim çalışır. 2019-cu ildə bu ölkədə çalışan həkimlərin sayı 877 nəfər olub. Yəni bir ildə artım 100 nəfərdən yuxarıdır.

“Həkim rezidentura dövründə ölkəni tərk edirsə, bu, 1 milyon avroya yaxın itki deməkdir”

ATU məzunu Rəşad Səfərov 2011-ci ildə Azərbaycanda rezidenturaya daxil olub, 3 il sonra təhsilini yarımçıq qoyaraq Almaniyada psixatiriya rezidenturasına başlayıb. 

İndi Lüksemburqda psixiatr işləyən R. Səfərov deyir ki, o da daxil olmaqla bir sıra azərbaycanlı həkimlərin xaricə üz tutmalarının səbəbi ölkədəki şərtlərlə bağlıdır: “İnkişaf etmiş ölkələrdə də həkimlərin miqrasiya prosesi gedir. Elə Almaniyanın özündə də. Həkimlər iş saatı, sosial şərtləri uyğun, özünü inkişaf etdirmək proqramları olan yerlərə üstünlük verirlər. Məsələn, Almaniyada özəl ya dövlət müəssisəsindən, iş saatından  asılı olaraq maaşlar 4000-5000 avrodan başlayır. Həkim olduqdan sonra isə 3 ildən bir maaşlar 100-200 avro artır. İş saatı adi klinikalarda həftəlik 40-42 saat arasında dəyişir”.

Rəşad Səfər - Sosial Media

Azərbaycanda yüksək ixtisaslı həkim hazırlamaq məqsədilə 2011-ci ildən ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı forması -rezidentura tətbiq olunur.

Tibb Universitetini bitirən həkim ailə həkimi, dietoloq, təcili yardımda işləyə bilir, amma cərrah, kardioloq və digər həkim-mütəxəssis kimi işləmək üçün rezidentura təhsili tələb olunur.

Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədərdir. Rezidenturada həkim-mütəxəssis hazırlığı Səhiyyə Nazirliyinin müəyyən etdiyi klinik bazalarda aparılır.

İlk rezidentlərdən biri Rəşad deyir ki, bu, müsbət dəyişiklik olsa da, Azərbaycan yeni sistemə hazırlıqsız və sistemsiz formada keçdiyindən ölkədən həkimlərin köçünə ciddi bir töhfə vermədi.

Türkiyədə çalışan Mircavad Əliyevin sözlərinə görə, Azərbaycanda təməl tətbiqi təhsilini başa vuran kadr rezidentura oxuduğu müddətdə aldığı maaş onun ehtiyaclarını ödəmir.

“Rezident həkimin sosial xərcləri olduğundan ya illeqal yollarla növbələr alacaq, ya da fərqli xəstəxanalarda işləyib təminatını qarşılamağa çalışacaq. Xaricdə isə rezidentura təhsilinə başlayan həkimlərin ən azından bir ailə saxlayacaq qədər həm maddi, həm də sosial təminatı ödənilir. Bu isə rezdentlər üçün çox böyük bir avantajdır”.

Mircavad Əliyev - Sosial Media

Onun dediyinə görə, Türkiyədə xarici rezidentlərə yüksək maaş verilmir, amma bununla belə həmin məbləğ Azərbaycandakından yüksəkdir.

M.Əliyevin fikrincə, həkimlərin xaricə üz tutmasının digər səbəbi yerli təhslin uğurlu karyera vəd etməməsi ilə əlaqədardır: “Azərbaycanda 10-11 ilini boşuna itirmiş həkimin apardığı müalicə beynalxalq standartlara ən yaxşı halda 30-40% cavab verir. Çünki azərbaycanlı həkimlərin tətbiq etdiyi metodlar, yazdığı dərmanlar, müalicə protokolları ən az 30-40 il əvvələ aiddir”.

Deputat: “Xaricə həkim axını yoxdur”

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Kamilə Əliyeva istər dövlət, istərsə də özəl tibb müəssisələrində kifayət qədər xaricdə təhsil almış bilikli, savadlı, təcrübəli həkimlərin çalışdığını söyləyir. O bildirir ki, xaricə təhsil almağa gedən tibb tələbələrinin əksəriyyəti ölkəyə geri döndüyündən bu, səhiyyə sistemi üçün itki deyil. Deputat həmçinin xaricə həkim axını olması ilə razılaşmır.

Kamilə Əliyeva - Açıq mənbələrdən götürülüb

“Ola bilsin, ötən əsrin 90 cı illərində belə hallar yaşanırdı. Yüksək əmək haqqı almaq məqsədilə həkimlərimiz xaricə işləmək üçün üz tuturdular. Artıq indi belə hallara rast gəlinmir. Çünki bu gün savadlı, peşəkar həkimlər kifayət qədər yüksək məvacib alırlar. Bu gün Azərbaycan səhiyyəsi inkişaf edir. Dövlət başçımız cənab İlham Əliyev hər zaman vətəndaşların sağlamlığının dövlətin əsas prioriteti olduğunu qeyd edir. Respublikamızda yüksək maddi texniki bazası olan xəstəxana və klinikalar fəaliyyət göstərir. Ümüd edirəm ki, yaxın gələcəkdə Azərbaycan səhiyyəsi daha da inkişaf edəcək və səhiyyəsi yüksək inkişaf etmiş ölkələrlə rəqabət aparacaq”, - Kəmalə Əliyeva belə söyləyir.

“Yerli səhiyyə və sığorta sistemi dünya standartları səviyyəsinə  çatmadığı halda qayıtmağı düşünmürəm”

İndilik Azərbaycana qayıtmaqla bağlı plan qurmadığını deyən Mircavadın fikrincə, ölkənin səhiyyə sistemində dəyişikliklərə təhsildən başlamaq lazımdır, bu yöndə ciddi islahatlar aparılmasına ehtiyac var.

“Tələbələrin əksəriyyəti 6-cı kursda sadəcə  nəzəri təhsil alır. Bu isə zaman itkisidir. İlk 5 ldə təhsili tamamlamaq imkanı varkən niyə son 6-cı ildə keçdiyin ya da  keçmədiyin təhsili yenidən alasan? Bunun düzəldilməsi gözəl olardı. Bakalavr müddətində istifadə olunan köhnə tibb ədəbiyyatı dərs proqramından çıxarılmalı, yeniləri salınmalıdır. Tələbələrə maddi-texniki bazası olan labaratoriyalarda ilk 3 ildə təməl tətbiqi təhsil verilməli, daha sonra kliniki fənlər xəstəxanada praktiki şəkildə öyrədilməlidir”, - Mircavad Əliyev vurğulayır.

O əlavə edir ki, köhnə tibbi bilgiyə malik yaşlı kadrların səhiyyə sistemindəki dominantlığı da aradan qaldırılmalıdır.

“Yaşlı nəsil yenilərin işləməyinə təyziq göstərdiyindən gənc həkimlər dövlət tibb müəsisələrində çalışa bilmir və birbaşa özəl tibb müəssisələrinə keçirlər. Özəl xəstəxanaların maddi texniki bazası yetərli olduğundan, eyni zamanda burada sosial və maddi təminat qorunduğundan xaricdə təhsil almış həkim ölkəyə qayıtsa belə, dövlət xəstəxanasında çalışmağı ikinci plana atır, özəl müəssisələri seçir. Bu fərqin aradan qaldırılması məncə, Azərbaycandakı səhiyyə sisteminin inkşafına töhfə verə bilər. Xüsusən də regionlar başda olmaqla paytaxtın özündə belə fərqli tibb sahələrində həkim çatışmır. Düşünürəm ki, xaricdə təhsil almış həkimlərin hesabına bu problemi həll etmək olar”.

Sözügedən problemlərlə bağlı Səhiyyə Nazirliyindən açıqlama almaq mümkün olmayıb.

İqtisadiyyat

"Azeri Light" markalı neftin qiyməti 94 dollara yaxınlaşır

27 Yanvar 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanın dünya bazarlarına çıxararaq satdığı "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. "Oilprice.com"-un yanvarın 27-də verdiyi məlumata görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,68 ABŞ dolları (2,94%) artaraq 93,84 dollar olub.  Azərbaycanın 2022-ci il dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dollarından götürülüb.
İqtisadiyyat

MDB-də ən az əməkhaqqı artımı Azərbaycanda olub

22 Yanvar 2022
“Orta aylıq əməkhaqqı göstəricisi inflyasiyadan aşağıdır” 2021-ci ildə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində ən az əməkhaqqı artımı Azərbaycanda olub. Ötən ilin yanvar-noyabr aylarında iqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqı Azərbaycanda 2,9 faiz, Ermənistanda 7 faiz, Rusiyada 9,2 faiz, Qırığızıstanda 9,4 faiz, Moldovada 11,3 faiz, Tacikistanda 11,6 faiz, Belarusda 14,4 faiz, Özbəkistanda 15,3 faiz, Qazaxıstanda 16,7 faiz, Ukraynada 20,4 faiz artıb. Bununla da Azərbaycan iqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqının artım tempinə görə MDB dövlətləri arasında sonuncu yeri tutub. İqtisadçı Qubad İbadoğlu deyir ki, hətta ölkələr arasında ərzaq və s. məhsulların artım tempinə görə Azərbaycan ön sıralardadır: “Azərbaycan MDB dövlərtləri arasında orta aylıq...
Seçilmiş Videolar