İqtisadiyyat

Dövlət şirkətləri niyə zərərlə işləyir: korrupsiya, yoxsa səriştəsizlik?

Nigar Səmədli
10 İyun, 2021
472

Açıq mənbələrdən götürülüb

2020-ci ildə 5 iri dövlət şirkəti büdcədən ödədiklərindən 19 dəfə çox maddi dəstək alıb. Bunlar “Azərsu” ASC, “Azərenerji”  ASC,  “Azəriqaz” İstehsalat Birliyi, “Azərbaycan Hava Yolları” QSC (AZAL), “Azərbaycan Dəmir Yolları” QSC-dir.

Hesablama Palatasının iyunun 9-da yayımladığı büdcə rəyində bildirilir ki, dövlət bu 5 şirkətin birgə ödədiyi təxminən 81 milyon manat vergi qarşılığında onlara 1.5 milyard manatdan artıq büdcə dəstəyi göstərib. 

İqtisadçı Rövşən Ağayev sosial media hesabında yazır ki, Hesablama Palatasının rəyində bir çox suallara aydınlıq gətirilməyib. Məsələn, iqtisadçı deyir ki, Palata 2020-ci ildə dövlət büdcəsinin sərbəst qalığından 201,9 mln. manat vergi orqanlarına və yerli icra hakmiyyəti qurumlarına ayrılıb və bu ayırma üçün 2 hüquqi əsas göstərilib:

1) Vergi Məcəlləsinin 22-1-ci maddəsinə əsasən vergi orqanlarına verilib (bu maddə vergi orqanlarının maliyyə sanksiyalarına görə daxilolmalardan özlərinə götürdüyü payla bağlıdır).

2) Yerli icra hakmiyyətlərinə köçürmə edilib - prezidentin 3 iyun 2019-cu ildə təsdiqlədiyi müvafiq qaydalara əsasən rayon və şəhərlərdə proqnozdan artıq toplanan vergi daxilolmalarının 50%-nin yerli icra başçılarının büdcədənkənar fəaliyyətlərinin maliyyələşdirilməsi üçün.

 

Rövşən Ağayev - Sosial Media

İqtisadçının sözlərinə görə, "Büdcə sistemi haqqında" Qanunun 19.5-ci maddəsi isə sərbəst qalığın istifadəsinin istiqamətlərini və təyinatını dəqiq göstərib. Bu iqtiqamətlərə isə daxildir:   

1. Büdcə kəsirinin maliyyələşdirilməsinə;

2. Müdafiə olunan xərc maddələrinin (əmək haqqı, pensiya, dövlət borcu) maliyyələşdirilməsinə - Qanunda bu həcm üçün limit göstərilib;

3.  Dövlət borcunun Təminat Fonduna - Qanunda bu həcm üçün limit göstərilib;

4. Bu istiqmətlər üzrə xərcləmələrdən sonra yerdə qalan vəsait idarəetməyə verilir və Dövlət Neft Fonduna köçürülür. 

O hesab edir ki, ayrılan 201.9 mln. manat qanunda qeyd olunan müddəalara uyğun gəlmir və Hesablama Palatası bu cür vacib məqamın üzərindən sükutla keçib. Onun fikrincə, Hesablama Palatası bu kimi suallara aydınlıq gətirməlidir. 

İqtisadçı Nazim Bəydəmirli deyir ki, bu cür hallar Hesablama Palatasının rəylərində hər il yer alır: “Bənzər halların təkrarlanması ilə bağlı ölkə başçısının da çıxışı var idi. Bildirirdi ki, dövlət büdcəsi və ya xaricdən cəlb olunmuş vəsaitlər hesabına bu şirkətlər qarşısına kifayət qədər missiyalar qoyulur, amma onlar dövlət qarşısındakı öhdəliklərini yerinə yetirə bilmirlər, hətta zərərlə işləyirlər. Biz illərdir bununla bağlı danışırıq ki, dövlət büdcəsindən milyardlarla investisiya layihələri alan şirkətlər necə olur ki, bu qədər vəsait xərcləyərək nizam-intizamsız vergi ödəyicilərinə çevrilirlər? Bu səriştəsizlikdən deyil, sadəcə olaraq şirkətlərin dövlət vəsaitlərini öz şəxsi vəsaitləri kimi istifadə etmələrindən qaynaqlanır”. 

Ekspert bu durumda dövlət qurumları üzərində nəzarət mexanizmlərindən danışıb: “Həmin qurumların üzərində müşahidə şurasının yaradılması ideyasını illər öncə təklif etmişdim. İstənilən menecerin üzərində nəzarət olmasa, o, izafi xərclərə gedəcək və bazar araştırması aparmadan müxtəlif layihələrə imza atacaq. Burada məqsəd o layihələrin Azərbaycan xalqına və büdcəsinə xeyir verməsindən daha çox korrupsiya sxemləri ilə vəsait mənimsənməsidir. Bütün bu layihələr “Dövlət satınalmaları haqqında” Qanuna zidd olaraq kağız üzərində tenderlerlə həyata keçirilir və vəzifədən kənarlaşdırılanda onların külli miqdarda vəsaitləri və əmlakları ortaya çıxır. Bu hal artıq Azərbaycanda tendensiyaya çevrilib, ölkədə dövlət vəsaitlərini mənimsəməyən qurum yoxdur.

Bəydəmirlinin fikrincə, bu sistem ölkədə qeyri-qanuni sahibkarlıq fəaliyyətinin artmasına səbəb olur: “"Antiinhisar fəaliyyəti haqqında"  Qanuna zidd olaraq dövlət orqanları öz yanlarında MMC-lər, ASC-lər yaradıb müxtəlif fəaliyyətlərlə məşğul olur, eyni zamanda digər sahibkarları sıxışdırıraq dövlət monopoliyaları yaradırlar. Dövlət monopoliyasının yaradılması isə qanunla birbaşa qadağandır. Yaradılan bu şirkətlər qeyd olunan qurumların rəhbərlərinin və ya onlara yaxın olan şəxslərin adınadır. Onlar yüz milyardlarla vəsaiti kağız üzərində tenderlərdən keçirərək mənimsəyirlər. Nəticədə Azərbaycanda sahibkarlıq yerlibazlıq, qohumbazlıq və dostluq münasibətləri əsasında həyata keçirilir. Yəni ölkədə qanunlar sistemi yox münasibətlər sistemi işləyir”.   

2020-ci ilin avqustunda yaradılan Azərbaycan İnvestisiya Holdinqinin (AİH) noyabrın 5-də Prezident İlham Əliyevin imzaladığı fərmanla idarəetməsinə verilən dövlət şirkətlərinin və müəssisələrinin siyahısı təsdiqlənib. 

Onların arasında sözügedən “Azərsu” ASC, “Azərenerji”  ASC,  “Azəriqaz” İstehsalat Birliyi, AZAL, “Azərbaycan Dəmir Yolları” QSC şirkətləri də yer alıb. 

Nazim Baydəmirli - Sosial Media

Bu dəyişiklik şirkətlərin zərərlə fəaliyyət göstərməsinin qarşısını ala biləcəkmi? 

Nazim Bəydəmirli hesab edir ki, bu, İnvestisiya Holdinqinin nə qədər şəffaf olmasında asılıdır: "Azərbaycanda dövlət qurumları üzərində yaradılmış müşahidə şuralarında təmsil olunanların bir qismi vətəndaş cəmiyyəti institutlarından olan və ictimai nüfuza sahib şəxslər olsaydı, düzələcəyinə inanmaq olardı. Uzun müddət eyni vəzifələrdə çalışan və tanışlığı olan şəxslərin bir-birini müşahidə etməsi ictmai güvən yaratmır. Azad media nümayəndələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri həmin müşahidə şuralarında olmalıdır. Yəni sadəcə ictimai qınaqla bu cür məsələlər yoluna düşə bilər. İndiki durumda bunun baş verəcəyinə isə inanmıram, çünki hər şey azad seçkidən keçir”. 

İqtisadçı Natiq Cəfərli isə holdinqin fəaliyyətini səmərəsiz hesab edir: “Əslində dövlət şirkətlərinin bərbad idarəçiliyinin olduğu artıq Prezident səviyyəsində də etiraf olunub. Dövlət şirkətlərinin ötən il yaradılan İnvestisiya Holdinqinə daxil edilməsinin səbəbi effektiv idarəetmənin təmin edilməsi və dövlət şirkətlərini büdcəyə yük olmaqdan çıxarmaqdan ibarət idi. Amma təəssüf ki, iki ay sonra bir ili tamam olacaq bu holdinqin ciddi bir yol xəritəsini görə bilməmişik. Sadəcə iri dövlət şirkətlərində müşahidə şuraları yaradılıb, lakin idarəetmənin hansı planla təmin ediləcəyi və şirkətlərin dövlətə yük olmaqdan hansı yollarla çıxarılacağı məlum deyil. Bu da ciddi suallar doğurur ki, İnvestisiya Holdinqi qarşıya qoyulan vəzifələrə çatmayacaqdısa, yaradılmasının məqsədi nə idi?” 

Ekspertlər nə tövsiyə edir? 

N.Bəydəmirli problemin çözülməsini azad seçki sistemində görür: “İlk növbədə dövlət düşünməlidir ki, ona xalqın rifahımı lazımdır, yoxsa bir qrup məmurun şəxsi maraqlarımı? Bu maraqlar isə Azərbaycan xalqının rifahı ilə uzlaşmır, sadəcə həmin məmurların varlanmasına, vəsaitlərin Azərbaycandan çıxarılmasına və daha çox mənimsənməsinə yönəlir. Dövlət bu prosesin qarşısını almaq üçün şəffaf idarəetmə sistemi qurmalı, proporsional seçki sistemi tətbiq etməklə rəqabətli mühitdə xalqın nümayəndələrinin parlamentdə təmsil olunmasına şərait yaratmalıdır. Daxildə iqtisadi-sosial siyasət xalqın nümayəndələrinin – deputatların nəzarəti altında həyata keçirilməlidir. Dövlətin siyasi iradəsi olmadıqca bütün bu işlər kosmetik dəyişikliklərə xidmət edir və burada köklü islahatlardan söhbət gedə bilməz”.

Natiq Cəfərli - Sosial Media

Natiq Cəfərli isə hesab edir ki, dövlətin yeni bir yol xəritəsinə ehtiyacı var: “Bu kimi problemləri aradan qaldırmağın müxtəlif yolları var; şirkətlərin tam və ya qismən özəlləşdirilməsi, dövlət şirkətlərinin bəzi bölmələrinin özəl şirkətlərə verilməsi, özəl şirkətlərlə dövlət şirkətlərinin birgə müəssisələr yaratması kimi. Lakin biz Azərbaycan hökumətinin hansı yolla getmək istədiyini hələ ki bilmirik, çünki ciddi qərarlar və açıqlamalar yoxdur. Nəticə etibarilə bu gün dövlət şirkətlərinin büdcəyə yük olması davam edir, onlara ayrılan vəsait artır, effektivlik isə aşağı düşür. Çox qəribədir ki, sözügedən şirkətlərə yüksək miqdarda vəsait ayrılmasına baxmayaraq onlar ziyanla işlədiklərini bəyan edirlər, hətta qiymət artımı müşahidə olur. Əsas problem isə ondan ibarətdir ki, bütün bunlara qarşı ümumi sözlərdən və yaradılmış İnvestisiya Holdinqindən başqa ciddi bir addım atılmayıb”.
 

İqtisadiyyat

Bakıda yeni metro-stansiyasının inşasına başlanıldı

21 Sentyabr 2021

Bakı metropoliteni

Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan stansiyanın inşasına başlanılıb. Bu barədə sentyabrın 21-də Bakı Metropolitenindən məlumat verilib.  Bildirilir ki, Bənövşəyi xəttin “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında olduğu kimi, burada da tikinti “Qruntda divar” üsulu ilə aparılıb. Bu üsul ekoloji cəhətdən daha təmiz olması ilə yanaşı, məhdud məkanda inşaatın effektiv aparılmasına, habelə qənaətə nail olmağa imkan verir. Stansiyanın 4 giriş-çıxışı yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək. Burada da səviyyədən səviyyəyə keçid məqsədilə eskalatorlar quraşdırlacaq və pilləkənlər inşa olunacaq. Xəttin...
İqtisadiyyat

"Əsrin Müqaviləsi"nin qazancları və itkiləri - Azərbaycan neftdən yenə böyük pullar qazana bilərmi?

Vüsalə Mikayıl
20 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

“Neft pulları daha çox hakimiyyətin avtoritar dayaqlarının möhkəmlənməsinə yönəldi. Beləliklə, Azərbaycanda artan neft gəlirləri fonunda kriminal kapitalın “demokratik” diktaturası hökm sürməkdə, korrupsiya çiçəklənməkdə, insan haqları pozulmaqda, azadlıqlar isə məhdudlaşdırılmaqdadır. Hesab edirəm ki, bu da "Əsrin Müqaviləsi"nin avtoritar rejimdə idarə olunmasının məntiqi nəticəsi kimi qəbul edilə bilər”. Bu sözləri “Toplum TV”-yə iqtisadçı ekspert Qubad İbadoğlu “Əsrin müqaviləsi”nin bərabərində gətirdiyi məsələləri şərh edərkən deyib. 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında “Əsrin müqaviləsi” imzalanıb. Müqavilə 7 ölkə - Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya,...
Seçilmiş Videolar