Əhaliyə 190 manat veriləcəkdi, hökumət niyə imtina etdi?
Açıq mənbələrdən götürülüb
"Azərbaycan hökuməti kredit almaqla "başını ağrıtmaq" istəmir".
İqtisadçı Natiq Cəfərli Azərbaycanın Dünya Bankının təklif etdiyi kreditdən imtina etməsinin səbəbini "Toplum TV"-yə şərh edərkən belə deyib.
İyunun 22-də Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev bildirib ki, Azərbaycan Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə ölkələrə təqdim olunan güzəştli krediti almaqdan imtina edib.
O deyib ki, kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycanı qane etmədiyindən danışıqlar dayandırılıb və bu barədə Dünya Bankına da məlumat verilib.
"Hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil", - deyə M. Piriyev əlavə edib.
Layihə çərçivəsində atılacaq əsas addımlardan biri əhalinin həssas və aztəminatlı təbəqəsinə – ailələlər və ayrı-ayrı şəxslərə müvəqqəti dəstək vermək və onlara ödənişlər etməklə bağlı idi. Burada işsizliyə görə ayrıca 190 manatın ödənilməsi nəzərdə tutulurdu.
Natiq Cəfərli hesab edir ki, Azərbaycan hökuməti ayrılan vəsaiti şəffaf xərcləyə bilməyəcəyi üçün təklifdən imtina edib: "Dünya Bankının əsas şərtlərindən biri ayrılan vəsaitin şəffaf və doğru istiqamətlər üzrə xərclənməsidir. Aydındır ki, Azərbaycan bu məlumatları təqdim edə bilməyəcək. Ona görə də təklifdən imtina edib. Bunun başqa səbəbi ola bilməz, çünki bütün dünya ölkələri pandemiya ilə mübarizə üçün çox aşağı faizli kredit verən Dünya Bankına müraciət edirlər".
İqtisadçı danışıqların bundan sonra da davam edəcəyini istisna etməyib: " Ola bilər ki, bəzi şərtlər çərçivəsində müqavilə bağlansın, təklifdən tamamilə imtina olunmasın".
Vahid Əhmədov: "Azərbaycanın maliyyə yardımına ehtiyacı yoxdur"
İqtisadçı, deputat Vahid Əhmədov isə bu qərarı düzgün sayır.
Onun sözlərinə görə, Azərbaycanın maliyyə yardımına ehtiyacı yoxdur: "Koronavirusla mübarizəyə dövlət büdcəsindən 2,2 milyarda yaxın vəsait xərclənib. Yəqin ki, Maliyyə Nazirliyi də bunu hesablayıb və kreditin sərf etməyəcəyini düşünərək təklifdən imtina edib. Azərbaycan pandemiya ilə mübarizə apara bilir, yoluxma sayında ciddi azalmalar var. Kreditə ehtiyac olsaydı, götürərdik".
Qadir İbrahimli: "Hökumətin əhaliyə 190 manat vermək fikri yoxdur"
İqtisadçı Qadir İbrahimli deyir ki, hökumət əhaliyə 190 manat yardım ayırmaq istəmir: "Azərbaycan hökumətinin əhaliyə 190 manat vermək fikri yoxdur. Digər tərəfdən də Azərbaycan nefti dünya bazarında kifayət qədər yaxşı qiymətə satılır. Ona görə də Azərbaycan əlavə borc altına girmək istəmir".
Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb