İqtisadiyyat

Ekspert: “Cinayət işi açılmalı olan şirkətlərə dövlət bonus verir”

Nigar Səmədli
6 İyul, 2021
194

Açıq mənbələrdən götürülüb

“Tenderlər vasitəsilə milyardlarla vəsait şirkətlər tərəfindən mənimsənilir, bu azmış kimi, cinayət işi açılmalı olan şirkətlərə dövlət üstəlik bonus da verir”.

İqtisadçı-ekspert Nazim Bəydəmirli “Toplum TV”-yə belə deyib.

Dövlət Neft Şirkəti (SOCAR) son bir ildə 1,7 milyard manat zərər edib. Şirkətin prezidentinə və 12 vitse-prezidentinə isə ötən il maaş və mükafatlardan başqa ümumilikdə 1 milyon 376 min manatlıq bonus ödənişi edilib.

Bu barədə şirkətin 2020-ci ilə dair illik hesabatında qeyd olunub.

“Hesabat ilində şirkətin ümumi dövriyyəsi 49,6 milyard manat təşkil edib. dövriyyənin azalmasına dünya bazarında neft və təbii qazın qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, həmçinin neft və neft-kimya məhsullarının gəlir marjalarının əhəmiyyətli dərəcədə azalması təsir göstərib.

SOCAR - Rəsmi səhifə

2020-ci il, əsasən, apstrim seqmenti, yəni neft və qaz yataqlarının işlənməsi üçün çətin dövr olsa da, SOCAR bu sahədə əsaslı optimallaşdırma tədbirləri həyata keçirməklə, 1,4 milyard manat, ticarət, paylanma və satış seqmentində isə 0,3 milyard manat mənfəət əldə edib. Bu isə hətta 2019-cu ildə bu iki seqment üzrə əldə olunan 1,6 milyard manat cəmi xalis mənfəətdən çoxdur.

Bununla belə, şirkət fəaliyyət göstərdiyi digər sahələrdə və bəzi xarici ölkələrdə, o cümlədən, xarici sərmayələrinin daha çox olduğu Türkiyə bazarında pandemiyanın iqtisadi təsirlərinə məruz qalaraq, həmçinin valyuta məzənnəsində yaranan fərq səbəbindən itkilərlə üzləşib. Bu itkilərin miqdarı digər seqmentlərdə əldə olunmuş müsbət nəticələri üstələyərək ümumi nəticədə zərərə səbəb olub. Belə ki, il ərzində SOCAR-ın xalis zərəri 1,7 milyard manat olub. Bu, şirkətin konsolidə olunmuş maliyyə hesabatlarını təqdim etməyə başladığı 2008-ci ildən 2020-ci il hesabat ilinədək baş vermiş ikinci belə haldır. 2015-ci ildə şirkət hesabat ilini devalvasiya nəticəsində xalis zərərlə, 2008-2019-cu illər arasında bütün başqa illəri isə mənfəətlə başa vurub.

2020-ci ildə SOCAR-ın ümumi aktivlərinin dəyəri 64,2 milyard manat, cari aktivlərin dəyəri 18,3 milyard manat, uzunmüddətli aktivlərin dəyəri isə 45,9 milyard manat həcmində qiymətləndirilib, cari öhdəlikləri 20,6 milyard manat, uzunmüddətli öhdəlikləri isə 21,6 milyard manat olub. Hesabat ilində SOCAR-ın cəmi kapitalı 21,9 milyard manat, nağd pul vəsaitləri 6,2 milyard manat, ümumi öhdəliklərin ümumi aktivlərə nisbəti isə 66% təşkil edib” (“Report”).

Nazim Bəydəmirli - Sosial Media

Nazim Bəydəmirli deyir ki, dövlət şirkətlərinə böyük həcmdə bonuslar ayrılması doğru deyil:

“Səhmdar cəmiyyətlərdə bonus ödənişləri koorporativ idarəetmə növlərindən biri olaraq təşviqedici addımlardır. Təbii ki, SOCAR dövlət şirkəti olduğu üçün onun belə böyük həcmdə bonuslar alması, ümumiyyətlə bonus sistemi ilə işləməsi vətəndaşlarda qıcıq oyadır. Eyni zamanda, bu cür addımların atılması bazar iqtisadiyyatının SOCAR kimi müəssisəyə calaq edilməsindən başqa bir şey deyil. Digər ölkələrdə də bonus sistemi mövcuddur, amma orada bonuslar yığılan mənfəətdən verilir. Yəni istər özəl şirkətlərdə olsun, istərsə də səhmdar cəmiyyətlərdə, hər yerdə bonus mənfətə bağlıdır”. “Azərbaycanda isə analoqsuz idarəetmə mövcuddur. Dövlət şirkətlərinin rəhbərləri idarə etdikləri qurumları öz şirkətləri hesab edirlər və zərərlə işləsələr belə, nəticəyə yönəlmş mənfəətdən deyil, daha çox “cari fəaliyyət”dən qazanırlar. Tenderlər vasitəsilə milyardlarla vəsait şirkətlər tərəfindən mənimsənilir və şirkət rəhbərləri səmərəsiz xərcləmələrə yol verirlər. Bu azmış kimi, cinayət işi açılmalı olan şirkətlərə dövlət bonus da verir. Azərbaycanda dövlət şirkətlərində vəzifələrdə oturanların əksəriyyəti həbsə atılmalı şəxslərdir, amma çox təəssüf ki, onlar xalqın malından öz faydaları və qohum-əqrəbaları üçün yararlanırlar”, - deyə ekspert əlavə edir.

Elman Fəttah - Sosial Media

Müsavat Partiyasının üzvü Elman Fəttah da düşünür ki, SOCAR-ın ili zərərlə başa vurması absurd hadisədir:

“Belə çıxır ki, ölkə iqtisadiyyatı çöküb, çünki Azərbaycan iqtisadiyyatı birbaşa neft gəlirləri üzərində qurulub. Büdcə belə Neft Fondu hesabına formalaşıb. Bu halda SOCAR-ın zərərlə işləməsi ölkədə korrupsiya tüğyan etməsinin ən aydın nümunəsidir. Əslində, SOCAR gəlirlə işləməli və dövlət büdcəsinə fayda gətirməlidir. Çünki bütün karbohidrogen ehtiyatları və enerji resurslarının istismarıyla məşğul olan əsas dövlət şirkətidir, beynəlxalq konsorsiumda müqavilə ortağıdır. Eyni məntiqlə gərək BP, yaxud digər şirkətlər də Azərbacanda ziyanla işləmiş olardı. Bu qurumların heç biri ili ziyanla başa vurmadığı halda, SOCAR-ın zərərlə işləməsi ölkədə korrupsiyanın hansı həddə çatdığını aydın göstərir. Ölkə iqtisadiyyatının əsas sütunu sayılan neft şirkəti ili ziyanla başa vurduğunu utanmadan və çəkinmədən elan edə bilir”.

 

İqtisadiyyat

İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açıldı

29 İyul 2021

Rəsmi səhifə

İqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri çərçivəsində Azərbaycanın bu ölkədə Ticarət Nümayəndəliyinin açılışı olub. Bu barədə iyulun 29-da İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilir ki, açılış mərasimində İsraildən olan nazir Yoel Razvozov da iştirak edib və Ticarət Nümayəndəliyinin lentini kəsiblər.
İqtisadiyyat

Ekspert: “Məmurlar bizneslərini gəlinlərinin və qızlarının adından idarə edirlər”

Nigar Səmədli
27 İyul 2021

Açıq mənbələrdən götürülüb

“Məmurlar dövlət vəzifələrində oturaraq öz bizneslərini gəlinlərinin, qızlarının və ya digər ailə üzvlərinin adından idarə edirlər. Əminliklə deyə bilərəm ki, göstərilən qadın sahibkarların 90 faizi real sahibkar deyil”.   İqtisadçı-ekspert Nazim Bəydəmirli “Toplum TV”-yə belə deyir.   Azərbaycanda fərdi sahibkarların 20-i faizindən çoxu qadındır. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndə heyəti ilə görüşdə bildirib. Vüsal Qasımlı - Açıq mənbələrdən götürülüb V.Qasımlı qeyd edib ki, İlham Əliyevin qəbul etdiyi Strateji Yol Xəritələrinin icrası çərçivəsində yaradılan assosiasiya qadın sahibkarlığının inkişafında, qadın sahibkarlığı sahəsində təşəbbüskarlığın artırılmasında, sahibkar qadınların maraqlarının qorunmasında, şəffaflıq...
Seçilmiş Videolar