İqtisadiyyat

Ekspert: "Qarabağdakı bərpa işləri Bakıda inşaatın miqyasını kiçildəcək"

Nigar Səmədli
4 İyun, 2021
132

Sputnik

“Dövlətin investisiya layihələrinə külli miqdarda vəsait ayırması korrupsiya hallarının baş verməsinə və tikinti bazarında qiymətlərin avtomatik şişirdilməsinə səbəb olur”.

Bunu “Toplum TV”-yə iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

May ayının 28-i Respublika günündə Ağdam şəhərinə səfər edən Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərək rayonun, eləcə də Ağdam şəhərinin bərpası ilə bağlı nəzərdə tutulan genişmiqyaslı işlərdən danışıb. 

İlham Əliyev qeyd edib ki, hazırda Şuşa şəhərinin Baş Planı hazırlanıb, Füzuli, Cəbrayıl şəhərlərinin Baş Planları üzrə iş gedir, amma birinci Baş Plan Ağdamda təsdiqlənəcək.

Səfər zamanı 140 illik tarixə malik 1 saylı məktəbin, gələcəkdə Ağdamda iş yerlərinin yaradılması üçün ərazisi təqribən 200 hektara yaxın olan Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməli qoyulub. Həmçinin İmarət kompleksinin bərpası ilə əlaqədar işlərə start verilib. 

Ölkə başçısı bildirib ki, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi də nəzərdə tutulub.

Təmir-bərpa prosesi zamanı Ağdamda hansı işlər görüləcək?

"Fed.az" saytının məlumatına görə, vaxtilə 36 min əhalisi olan Ağdamın mərkəzi 100 min əhali üçün planlaşdırılıb. 

İlham Əliyev Qarabağda təməqoyma mərasimində - Sosial Media

Ağdamın mərkəzinin sahəsi işğaldan əvvəlki 700-800 hektardan 1700 hektara qaldırılacaq və bununla da Ağdam şəhəri sahəsinə görə Sumqayıtdan böyük olacaq. 

Rayon mərkəzi ilə sərhəd olan 8 kənd şəhərə, rayonun 71 kəndi isə 33 kənddə birləşdiriləcək.

Ağdamda adambaşına 25 sot əkin sahəsi, kəndlərdə isə ailə başına 18 sot həyətyanı sahə ayrılacaq.  

Əhalinin 70%-inin çoxmərtəbəli binalarda yaşayacağı planlaşdırırlır, bunun üçün 23 min mənzil tikiləcək. Əhalinin 30%-i isə fərdi evlərdə yaşayacaq və 1750 fərdi ev tikiləcək. 
Şəhər daxilində uzunluğu 2 km olan park (125 hektar) və kanal salınacaq, Ağdamın ərazisinin 23%-i yaşıllıq olacaq. 

Küçələrin eni 20-60 metr olacaq, 60 metrlik yollarda tramvaylar da hərəkət edəcək. Bütün küçələrdə velosiped yolları olacaq, istənilən evdən məktəbə qədər məsafə 300-350 metri keçməyəcək.

Ağdamda taksi, "Carsharing" və elektrik skuterləri olacaq, şəhər ətrafında 8-20 yerli mini otellər qurulacaq.

Natiq Cəfərli - Sosial Media

Bəs Ağdam daxil olmaqla işğaldan azad edilmiş digər ərazilərdə aparılan təmir-bərpa işləri ikinti sektoruna necə təsir göstərəcək?

Natiq Cəfərli deyir ki, aparılan bərpa işləri Azərbaycanda tikinti materialları bazarında canlanmaya səbəb ola bilər: “Bunun mənfi tərəfi isə ondan ibarətdir ki, investisiyaların böyük əksəriyyəti dövlət tərəfindən qoyulur, hələ ki özəl şirkətlərin iştirakı haqqında ciddi layihələr nəzərdə tutulmayıb. Dövlətin investisiya layihələrinə külli miqdarda vəsait ayırması korrupsiya hallarının baş verməsinə və tikinti bazarında qiymətlərin avtomatik şişirdilməsinə səbəb olur. Yəni dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsində qeyri-şəffaflığın olması qiymətlərin artması ilə nəticələnir. Ümumilikdə isə bu işlər tikinti bazarına, yeni iş yerlərinin yaranmasına pozitiv təsir göstərməlidir, amma hələ ki investisiyaların böyük hissəsinin - bu il üçün 2,2 milyard manata yaxın vəsaitin məhz dövlət tərəfindən nəzərdə tutulması tikinti bazarında materialların bahalaşmasına gətirib çıxara bilər. Bu da həmin layihələrin qeyri-şəffaf olması ilə də əlaqəlidir”. 

İqtisadçının sözlərinə görə, Qarabağdakı bərpa işləri Bakıda aparılan tikinti işlərinin miqyasının azalmasına səbəb olacaq: “Bakıda hətta özəl sektorda belə tikintinin böyük həcminin genişlənməsi dövlət investisiyaları hesabına idi. Yəni dövlət investisiyaları hesabına tikinti bazarı canlanırdı, bu sahədə fəaliyyət götərən şirkətlər, o cümlədən məmurlara bağlı tikinti şirkətləri də dövlət layihələrində podratçı və ya subpodratçı kimi çıxış edirdilər. Buradan qazandıqları vəsait özəl sektor kimi binaların və digər tikinti obyektlərinin inşasında istifadə olunurdu. Bu baxımdan tikinti sahəsində Bakıya ayrılan dövlət investisiyalarının azalması həm dövlət hesabına, həm də özəl sektorda tikintinin həcminin azalması ilə nəticələnəcək”.

Rəşad Həsənov - Açıq mənbələrdən götürülüb

Rəşad Həsənov da hesab edir ki, tikinti sektoru Qarabağdakı təmir-bərpa prosesi nəticəsində böyüyəcək: “2005-2010-cu illərdə bu sektorun iqtisadiyyatda payı 10 faizin üzərinə qalxmışdı, amma son illər əhalinin alıcılıq gücünün azalması, həm də dövlətin əsaslı yatırımlarının azalması tikinti sektrunun payının 3 faiz azalaraq təxminən 7 faiz civarına enməsinə səbəb olub. İndi isə Qarabağın bərpa planı növbəti illərdə tikinti sektorunu yenidən iqtisadi artımın lokomativinə çevirəcək”. 

Ekspert bildirib ki, əhalinin işğaldan azad edilmiş ərazilərə köçünün də bu sektora təsiri gözlənilir: “Burada dövlət əsaslı vəsait yatırımlarının əhəmiyyətli hissəsinin növbəti 10 ildə Qarabağa yönəldilməsi müşahidə ediləcək. Bu da müəyyən qədər regionlar üzrə tikinti sektorunun xüsusi çəkisinin dəyişməsinə gətirib çıxaracaq. Yəni Bakıdan Qarabağa doğru dəyişiklik baş verəcək. Bakıya qoyulan dövlət yatırımlarının azalması və əhalinin müəyyən bir qisminin Qarabağa doğru köçü prosesinin başlaması Bakıda tələbatı aşağı salacaq. Həm istehlakın azalması, həm də dövlətin investisiyalarının Qarabağa yatırılması Bakıda tikinti sektorunun azalmasına gətirib çıxaracaq”.
 

İqtisadiyyat

İqtisadçı: “Hökumət özü “Büdcə sistemi haqqında” Qanunun bir çox müddəalarını pozur”

Nigar Səmədli
19 İyun 2021
 “Hökumət “Büdcə sistemi haqqında” Qanunun bir çox müddəalarını özü pozur, ya da büdcə qəbul olunan zaman daxildən və ya xaricdən borclanmanın hədlərini artıraraq dəyişikliklər edir”. “Toplum TV”-yə açıqlamasında iqtisadçı Nazim Bəydəmirli belə deyib. Nazim Baydəmirli-wikiwand.com Beynəlxalq Valyuta Fondunun yenilənmiş proqnozuna əsasən, 2021-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsiri ÜDM-in 5,6%-nə bərabər olacaq. Keçənilki proqnoz 5,2% təşkil edib. Bu barədə fondun Azərbaycandakı virtual missiyasının yekunlarına dair müvafiq bəyanatında bildirilir. Proqnozlardakı dəyişiklik azad olunmuş torpaqlarda başlanmış rekonstruksiya işlərinin artırdığı xərclərlə və pandemiyayla əsaslandırılır. 2022-ci il üçün gözləntilərsə 2,3%-lik defisitdən 3%-lik defisitə qədər pisləşdirilib. Nazim Bəydəmirli deyir ki, ÜDM-ə münasibətdə Beynəlxalq Valyuta Fondunun tövsiyələrindəki...
İqtisadiyyat

Azərbaycan hökuməti “rəqəmsal qızıl”a niyə maraq göstərmir?

Aytac Məmmədli
19 İyun 2021

Ferra.ru

Müasir dövrün mübadilə vasitəsi - rəqəmsal kriptovalyuta investisiya olaraq son 10 ilin, demək olar ki, ən gəlirli, həm də ən riskli maliyyə aktivinə çevrilib. Hazırda rəqəmsal aktivlər arasında “Ethereum”, “Ripple”, “Cardano”, “Litecoin”, “NEM”, “Bitcoin Cash” kimi kriptovalyutalar mövcud olsa da, ən çox tanınanı bitkoin (bitcoin) hesab edilir. Bitkoinin simvolu ฿, qısaltması isə BTC-dir. Bitcoini kim, niyə yaratdı? Bitkoini ilk dəfə 2008-ci ildə Satoshi Nakamoto icad edib - “Bitcoin: A Peer-to-Peer Electronic Cash System” adlı sənədi  internetdə dərc etməklə kriptovalyutanın tarixini başladıb. Maraqlıdır ki, Nakamotonun kimliyi və ilk kriptovalyutanın yaradılmasının əsl səbəbi hələ də bəlli deyil. İddialar var ki, o, 2008-ci...
Seçilmiş Videolar